“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Günel Ağazadənin şeirləri təqdim ediləcək.
YUXULU GERÇƏKLƏR
Mənim gerçəklərim yuxu kimidi,
Yalan səhərləri açmaz gözlərim.
Nə qaranlıq bitər, nə gecə, yarım...
Mənim işıqlarım yox yollarımda,
Bir ovuc ulduzu tutub ovcumda
Səmaya səpirəm günəş batanda,
Yumuq gözlərimdə kədər yox, qəm yox...
Biri gözlərimi açmaq istəsə,
Gözümə baxmağa cəsarəti yox.
Mənim səssizliyim səslə doludu,
Dinləmək istəsən, topla özünü.
Acı çəkdiyini görməyim deyə,
Məndən uzaqlara çevir üzünü...
MƏNƏVİ ÖLÜM
Məntiq adlı yola çıxdım,
Qısa zaman, qısa yolum.
Yorulduqca addım atdım
Və zamansız mən yoruldum...
Saatlarda qaldı gözüm,
Saat diliminə döndüm:
Parçalandım, bölündüm
Və mən öldüm...
Gözlərimi açıb gördüm:
Zaman, məkan boşluğunda
Yaşayıram...
Geriyə yolum yox,
Görünmür önüm.
Bu mənəm və yaşadığım
Mənəvi ölüm...
QATLANDIM
Bu dünyanın işi çətin:
Eniş-yoxuş, dərə-təpə...
Harda ki bitdi taqətim,
Bu dünyanı hamarladım.
Dörd qatladım, tumarladım,
Döş cibimdə saxladım...
Bu dünyanın işi çətin:
Harda ki bitdi taqətim,
Hamar yolda, düzdə qaldım...
Ətrafıma bənd bağladım,
Sərhəd qoydum, tikan əkdim.
Gül bitirdim,
Əllərimə zəncir vurdum,
Güllərə ümid yetirdim...
Bu dünyanın işi çətin:
Harda ki bitdi ümidim,
Çox yoruldum...
Mən bu dünya işlərinə
Elə də çox qatlanmadım,
Öncə Allaha bağlandım.
Sonra da bir övlad kimi
Bir az övlad payım üçün,
Bir azca da özüm üçün
Dörd qatlandım.
Sol döşdəki cibdə qaldım...
BİLSƏN...
Sən bir bilsən...
Ən ümidsiz zamanımın,
Ən qaranlıq yollarımın
Aydınlıq əllərisən –
Gözübağlı tutunduğum,
Xəyalıyla rəqs etdiyim,
Tənhalığımı sevdiyim...
Sən uzaqsan, sən yaxınsan -
Addım-addım yeridiyim,
Həsrətində böyüdüyüm.
Gözlərimi yumub-yumub
Səbəbsizcə sevindiyim...
Uzun-uzun gecələrdə
Pıçıltımı bölüşdüyüm.
Yuxudaykən sayıqlayıb,
Sevdiyimi söylədiyim;
Oyanıb sevgimi dandığım,
Sən atəşində yandığım;
Səssizliyinə dözməyib
Gizli-gizli ağladığım...
Sən yoxluğum, sən varlığım,
İllər öncəm cavanlığım.
İllər sonra... İllər sonra
Xatirəsində qaldığım.
Uzaqlara dalıb-dalıb
Saçlarının ağ telində
Həzin-həzin qocaldığım.
Sən bir bilsən...
Ən ümidsiz zamanımın,
Ən qaranlıq yollarımın
Aydınlıq əllərisən,
Gözübağlı tutunduğum...
İKİÜZLÜ SABAHLARIM
Yenə səssiz bir gecənin
Çiyninə yaslanıb qaldım.
Əlləri yox ki gecənin,
Pərişan qaldı saçlarım.
Həqiqətlər bir-bir gəlir,
Yuxu olur...
Yuxu tutmur gözlərimi,
Ruhum yanır, cismim donur.
Kim bilir, daha nə qədər
Yalan-yanlış sabahları
Gözüaçıq qarşıladım...
Səmalara aşiq olsam,
Günəş də, ulduz da, ay da
Elə mənim özümdədi...
Aşiq olduğum səmanın
Zülmətində aydınlandım.
Gündüzün zülmət üzündən
Qaranlıqlara qapandım.
Mənə bir gün vermədilər
İkiüzlü sabahlarım...
BİZDƏN BİRİ
Getməlidi bizdən biri –
Dayan bir az,
Dayansın bizdən birisi.
Havamda yağmur qoxusu,
Gözümdə kədər yuxusu,
Saçlarımda külək səsi...
Qoy getsin bizdən birisi,
O, mən olum.
Sevmək üçün qalmaq nə ki?
Qırmaq lazım
Sevgi adlı bu qəfəsi...
Bəlkə, elə mən gedərkən
Bu küçədən, bu şəhərdən,
İtirərkən izimizi
Sevəcək bizdən birisi...
”Ədəbiyyat və incəsənət”
(10.02.2024)