“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır. Sizlərə Sevinc Elsevərin “Gizlənpaç” hekayəsi təqdim edilir.
Gizlənməyə elə yer seçmişdi ki, heç kim onu orda axtarmağı ağlına gətirməzdi. Uşaq vaxtı da gizlənpaç oynayanda ən etibarlı sığınacaqları o tapırdı, uşaqlar əsir-yesir olurdular, heç kim oyunun axırına kimi onu tapa bilmirdi. O vaxtlar bütün həyatının bu cür oyunlarla keçəcəyini bilməzdi. Nə biləydi elə hey gizlənəcək, onu axtaracaqlar. Uşaqlıqdakı oyunlarda gizləndiyi yerdən çıxmağı faciəli nəticələnməzdi. İndisə gizli qalmaq həyat idi, yaşamaq idi, tapılmaq ölüm.
Gözünün qabağında dostu Fuadın bir qolunu dirsəkdən kəsdilər. Bunu nümayişkaranə şəkildə hamının gözü önündə elədilər ki, başqaları da “gözüçıxmış qurd qardaşından” dərs alsın.
Qoca anasının evini satsa, uduzduğu pulu ödəyə bilməzdi. Odur ki, yox olmağa qərar verdi, aradan çıxmalıydı. Amma hələlik uzağa gedə bilməzdi. Ölkədən də çıxa bilmirdi. O da ayrı söhbət idi. Fərariydi, qaçmışdı ordudan. Harda tutulsa, gedəcəkdi əlli-ayaqlı.
Kəndlərinə getməyi heç ağlına da gətirmədi. Axtarışdaydı. Həm hökumət axtarırdı, həm qumarbazlar. Şəhərdə yoxa çıxandan sonra onu əvvəlcə öz rayonlarında, öz kəndlərində axtaracaqdılar. Verilən vaxt daralırdı, zaman daraldıqca nəfəsi tıncıxırdı. Qəfildən gecə yarısı qan-tər içində yuxudan ayılaraq lüt-üryan kirayə yaşadığı birmərtəbəli həyət evinin pilləkənində oturub fikirli-fikirli siqaret sümürəndə, bədəninə daraşan ağcaqanadları könülsüz-könülsüz qovanda ağlına gəldi bu fikir.
Bir həftə qabaq əmisi oğlunun bacanağı müharibənin od-alovundan qorumaq üçün ailə-uşağını yığıb gətirib tökmüşdü kəndlərinə. Kənddən gizlicə ona dəyməyə gələn qardaşı xəbər vermişdi bunu. Əmioğlunun bacanağı deyirmiş ki, bu gün-sabahlıqdır, ola bilsin, kəndləri işğal olunsun. Gülləbaranın altında arvad-uşaq sarılığa tutulub. Axır yığışıb köçüblər kənddən. Ancaq kənddən hamı köçməyib hələ, qalanlar da çoxdur orda.
Qərara gəldi: o, kənddə, əmioğlunun bacanağının evində gizlənəcəkdi. “Ara sakitləşsin, sonrasına baxarıq” – təsəlli verdi öz-özünə. Uşaqlıqdakı kimi sevindi lap. Elə yerdə gizlənəcəkdi ki, heç kim onu tapmayacaqdı yenə. Bəlkə, ölüm belə!
Hamının qaçmağa üz qoyduğu kəndə gedib gizlənəcəyi kimin ağlına gələrdi? Əmioğlunun bacanağı Nailin maşınıyla yola düşdü. Nail kənddə qalan bəzi əşyaları götürməkçün gedirdi. Bacısıgilə də daşınmaqda kömək edəcəkdi.
Dağların döşündə, yaşıllığın içində gözəl bir kənd idi. Adam heç belə kənddən çıxmaq istəmirdi. Canını vətəndən çox istəməyinə baxmayaraq, qaçıb gizlənmişdi, ürəyi pis oldu, kövrəldi üzü dağlara baxanda. Dəhşətli təəssüf hissi bürüdü bütün düşüncələrini. “Kaş müharibə olmayaydı, iş bu yerə çatmayaydı” – dedi ürəyində.
Bu cür gözəl kəndi heç düşmənə vermək də rəvadırmı? Doğrudan da, uğrunda ölməli kənd idi!
Elə bilirdi hamı çıxıb gedib deyə, kənd kimsəsiz olacaq. Ancaq küçələr adamla dolu idi.
– Kənd boşalmayıb axı deyəsən?.. – sükan arxasından gözünü yola zilləyən Nailə sual elədi.
– Kim deyir ki, kənd boşalıb? Bizim elin adamları asanlıqla çıxmazlar kənddən. Qələt eləyir düşmən. Budey, bunu görərlər kənd yerinə, – sonuncu cümləni deyib, dirsəyini göstərdi gözünü yoldan çəkmədən.
Baxmayaraq, Nail hamıdan qabaq kənddən çıxmışdı, kəndin təəssübünü çəkirdi.
– Bizə baxma ey. Arvad başımı xarab elədi. Bacısıgil də o yandan. Əl çəkmədilər, dedilər, gətir tök bizə arvad-uşağı. Mən də başım dinc olsun deyə, apardım. Həm də şər deməsən, xeyir gəlməz. Gərək işini ehtiyatlı tutasan. Ancaq özümün bir ayağım kənddə olacaq. Ev-eşiyi başlı-başına buraxmaq olmaz ilin-günün bu vaxtı.
– Yaxşı eləmisən. Ağllı iş görmüsən, – deyib maşının şüşəsini aşağı endirdi. Sərin meh boynuna, boğazına doldu, elə bir həzz duydu ki, az qaldı sevincdən qışqıra. Amma ar elədi, yaylağa istirahətə gəlməmişdi.
Maşın kəndin içiylə irəlilədikcə yollarda qabaqlarına çıxan adamların üz-gözünə diqqətlə baxırdı. Qəribədir, bu kəndə ilk dəfə yolu düşməyinə baxmayaraq, adamları doğma gəlirdi, aralarında köhnə tanış axtarırdı gözü. Halbuki yeganə tanışı içində oturduğu maşının sürücüsüydü. Adamları həm də ona görə nəzərdən keçirirdi ki, əhvali-ruhiyyələrinin necə olduğunu öyrənə. Əlbəttə, narahatlığı var idi, kənddə gizlənmək qərarına gəlsə də, gülləbarandan da qorxurdu. “Görəsən, yağışdan çıxıb yağmura düşməmişəmmi?” – deyə götür-qoy edirdi ürəyində. Ancaq bir qərara da gələ bilmirdi. Düzmü eləyirəm, səhvmi eləyirəm deyə, özünə təskinlik verə, özünü sakitləşdirə bilmirdi.
Yol boyu qarşılarına xeyli qolunu, qıçını itirmiş cavan çıxdı. Onları görəndə qəribə hisslər keçirirdi. “Bu adamlar hamısı müharibənin od-alovundan keçiblər. Qollarını, qıçlarını torpaq, millət yolunda qoyublar. Ancaq mən qorxumdan qaçdım, vuruşmadım, gizləndim. Qaçdım, nə oldu? Başqa müharibələrin içinə düşdüm” – qara-qara düşündü.
Qolu gözünün qabağında kəsilən oğlan ağlına gəldi. O hadisə hər gecə yuxularında təkrarlanırdı. Dözə bilmirdi. Hər gecə yuxuda ödü ağzına gəlir, ürəyi qalxır, yediyi-içdiyi xirtdəyinəcən qalxır, boğazına dirənir, boğulhaboğulda güclə ayılır, eyvana qaçırdı. Hamilə arvadlardan betər olmuşdu. Qusub bulayır, sakitləşir, sonra sabahadək siqareti siqaretə calayırdı. Bundan böyük cəza ola bilməzdi onunçun. Bəlkə də, gedib-gəlib özünü gizlicə günahlandırdığına görə bütün bunlar başına gəlirdi.
Taledən hara qaçasan? İndi bu cəbhəyanı kənddə başına nələrin gələ biləcəyini düşünəndə əti ürpəşdi. Bir gecə yatdığı evə raket düşsə, tikəsi belə ələ gəlməyəcəkdi. Sonra özünə təsəlli verdi ki, onda hər şey anidən baş verəcək, heç nə hiss etməyə vaxtı olmayacaq, bəlkə, heç öldüyünü də başa düşməyəcək. Hər halda, göz görə-görə qolunu kəsməklərindən yaxşıdır. Hələ qolunu deyir, bəlkə, onlar qıçını kəsmək istədilər?! Bu daha pis! Daha böyük faciə!
Müharibənin yarım-yarımçıq qoyduğu cavanlara utancla baxıb köks ötürdü. Bəli, onlardan hansınınsa yerində ola bilərdi. Ancaq canının hayındaydı. Bütün həyatı alt-üst olub, gizlənpaçla keçib. Halbuki gedib bir qolunu, bir qıçını, lap elə bir gözünü itirib gəlsəydi, indiyə qalan həyatını rahat yaşamağındaydı. Üstəlik, qəhrəman kimi. Alnıaçıq, üzüağ. Daha belə qorxaq kimi yox! Əlbəttə, ölə də bilərdi, ancaq onsuz da bu da yaşamaq deyildi. Üstəlik, bu kənddə, kim bilir, necə öləcək deyə düşünəndə ürəyi elə sıxıldı ki, gözünə lap qaranlıq çökdü.
Başqa bir yandan fikir onu götürmüşdü. Bu müharibədən qayıdan oğlanlar soruşsalar ki, ilin-günün bu vaxtı kəndlərində nə iti azıb, onlara nə deyəcək, nə cavab verəcəkdi. Hər halda, qumarbazlardan qaçıb gizləndiyini deyə bilməzdi. Fərari olduğunu bilsələr, üzünə tüpürməzlərmi? “Biz gedib sənin kimilərin yolunda can qoymuşuq, əlimizi, qolumuzu, ayağımızı itirmişik. Sən də avara-avara gəzib qumar oynamısan? Üstəlik də, canının hayındasan!” – deyə?!
Nail onu düşürdüb qapı qonşusuyla tanış elədi, bacısıgili də yığıb geri qayıtdı. Nailin qonşusu Rauf yaxşı oğlan idi. Qonağın gəlişinin səbəbini öyrənmək istəsə də, sırtıqlıq eləyib soruşmadı, söz-zad da vurmadı. Qonağın gəldiyi günün axşamı öz həyətlərində yaxşı bir süfrə açdı, kənd çolpası, çəkmə arağıyla. Oturub vurdular, söhbətləşdilər, hətta mahnı da oxudular.
Kefi kökəlmişdi. Bir-birinin dalınca sağlıq deməyə başlamışdı. “Bunu da içək bu kəndin igid, düşmənə qan udduran oğlanlarının sağlığına! Biri elə sənin sağlığına!”... sağlığı eşidəndə Rauf tutuldu, qaralan kimi oldu. Gülüşü dodağında dondu, qaşlarını çataraq çımxırdı:
– Ələ salırsan məni?
– Niyə görə ələ salım ki? Başa düşmədim! – onun da gülüşü dodağında dondu.
– Özünü axmaqlığa qoyma! – Rauf əməlli-başlı sərxoş idi. Masanın arxasından durub tək qoluyla yaxasından yapışmışdı.
– Elə bilmə, təkqolam deyə, başını partlada bilmərəm! – Rauf daha da qızışırdı.
Raufun tək əlini birtəhər yaxasından ayırıb ayağa qalxdı. Burnunun bərabərində dayanıb xoruzlandı.
– Nə deyirsən e sən? Başın xarabdı? İçə bilmirsənsə, içmə də bu zibili. Pis söz dedim? Sənin sağlığına içdim də! Biz vaxtında avaralıq eləyəndə sən gedib vuruşmusan! Qolunu itirmisən! Sağ ol! – əməlli-başlı özündən çıxmışdı.
– Sənə kim deyib ki, mən döyüşdə olmuşam? – Rauf qəfil sakitləşib, gedib yerində oturdu. Sustalmışdı. Tək əliylə üzünü ta alnından çənəsinədək sığadı. Elə bil salavat çəkdi.
– Heç kim deməyib! Elə deyil ki? Yoxsa sən də qumarda itirmisən qolunu? – gözlərini bərəldərək soruşdu.
– Yox, əşi! Qumar nədir?! Bu kənddə qumar nə gəzir?! Bizimki ayrı söhbətdi. Biz kasıbçılıqdan bu gündəyik.
Sonra Rauf işin nə yerdə olduğunu açıb danışdı. Sən demə, kənddə gördüyü oğlanların hamısının başına eyni bəla gəlibmiş. Qıtlıq, çətin günlər başlayanda kənddən keçib gedən yad qatarları soyurmuş cavanlar, canlarını riskə ataraq. Qatar gedə-gedə vaqonların üstünə atlanır, əllərinə keçən malları aşağı tullayırlarmış. Bəzən bu işin axırı yaxşı qurtarmırmış, faciəylə nəticələnirmiş. Ani bir ehtiyatsızlıqdan cavanlardan hansısa biri qatarın altına düşür, ən yaxşı halda qolunu, qıçını, ən pis halda isə həyatını itirirmiş.
Raufu diqqətlə dinlədikdən sonra hər şey ona aydın oldu.
– Vallah, xəbərim yox idi. Bilsəm ki bu səni belə incidir, heç söhbət açmazdım ki! – deyə üzrxahlıq elədi.
– Yaxşı, başa düşdük. Uzatma! – Rauf əl atıb süfrədən iri, yaşıl bir almanı götürüb dişlərinə çəkdi. Oğlan almanı elə qəzəblə dişləyirdi ki, xartıltıdan qulaqları narahat oldu.
Alma xartıltısından əti ürpəşirdi. Onu tanıyanlar hamısı bu adətini bilirdi, bilməyənlərə də bildirirdi. Ancaq indi Raufdan almanı elə xartıltıyla yeməməyini istəyə bilmədi, ürək eləmədi. Rauf almanı yeyib qurtarana qədər qulaqları bu işgəncəyə dözdü.
Rauf qəzəbdən damağını da dişləyib qanatdı. Qanlı almanı masaya qoyub ağzındakı çeynəyib kənara tüpürdü. Ancaq onda ətinin ürpəşməyi dayandı.
Bir azdan yenə kefləri kökəldi. Kəndlərinə gələn qonağa olan maraqları Raufun dost-tanışını süfrə başına yığmışdı. Deyir-gülür, söhbətləşir, zarafatlaşırdılar. Cavanların içində biri vardı, hər iki qolunu itirmişdi. Ən çox diqqətini o oğlan çəkirdi. Hər iki qolunu dirsəkdən aşağı itirən cavan içkisini özü içirdi. Badəni dirsəyinin büküşüylə götürür, ağzına aparırdı. Oğlan maşın sürür, kənd içində sürücülük edirdi. Hamıdan çox o gülüb-danışırdı. Arada kürəyi qaşındı, oğlan üzünü Raufa tutub kürəyini qaşımağı xahiş elədi.
Lap yanında oturduğuna görə tez əlini həmin qəribə oğlanın kürəyinə atdı. Samir dedikləri oğlanın gözləri xoşbəxtliklə parladı:
– Eşitmisənmi, kürəyində qaşınan yeri ilk dəfədən tapan adam səni, həqiqətən, çox istəyir?! Nə əcəb tapdın sən? Durnanı gözündən vurdun e, qardaş!
Öyrəndi ki, hərənin bir yarası var. Birinin atası öldürülüb, birinin qardaşı vurulub, o birinin ən yaxın dostu. Evinə bomba düşəni var, əsir götürülən doğması olanı var. Bu cavanların hamısı lazım olan vaxt lazım olan yerdə ola bilmədiklərinə yanırlar. Kəndi tərk eləməməkləri də bu səbəbdəndir. Onlar gözləyirlər. Son nəfəslərinə qədər dayanmaq üçün, ürəklərinin atəşinə bir damla da olsa, su səpmək üçün gözləri yoldadır.
Gecənin bir aləminə qədər içdilər, mahnı oxudular. Şən mahnılar da oxudular, qəmli mahnılar da.
Yolun sonu idi, bəlkə də. Yəqin ki, bu kənddə öləcəkdi. Necə, hansı şəraitdə bilmirdi. Ancaq həyətdə paltar sərdiyi yerdə vurulan anasının dərdini ürəyində daşıyan Akifi, qardaşı cəbhədə itkin düşən Ramini, çay kənarında minaya düşüb doğulmayan körpəsiylə göyə sovrulan sevdiyinə ağlayan Fəridi, sürdüyü yük maşınında gülləbaran olunan atasına yanıb-yaxılan Raufu, bütün ailəsini bir gecədə, bir damın altında itirən Samiri qoyub heç yana getməyəcəkdi, buna artıq əmin idi. Onların meşə boyda yanğısını söndürməyə dimdiyində bir damla suyla gedəcəkdi boz, vəfalı sərçə kimi.
Adını xatırlamayacaqdılar. Dəftərlərə, kağızlara fərari kimi düşəcəkdi, bəlkə də. Ancaq bu onu qətiyyən narahat eləmirdi indi. Əsas odur ki, artıq nə istədiyini bilirdi, qalmağı özü seçirdi, onu buna heç kim məcbur eləmirdi.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)