“Ədəbiyyat və incəsənət” portalı sizlərə yeni bir istedadlı gənci təqdim edir.
İlkin Fikrət oğlu Vəliyev 2003-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsidir. Azərbaycan Film Akademiyasında aktyorluq, rejissorluq, ssenaristlik üzrə təhsil alıb. Yaradıcılıq fəaliyyəti 16 yaşından başlayıb. “Hicran qapıları” kitabının müəllifidir.
İlkinin bir neçə şeiri ilə tanışlıqdan sonra onu bəyəndiyinizi və yaradıcılığını izləməyə başlayacağınızı söyləyəcəyinizə əminik.
Qələmlərin tərcüməsi
Yəqin unudulanda,
yüz ilin qadınısan.
Dünənin körpəsisən
xatırlayanda səni.
Çətinə düşsən əgər,
atanın kiçik qızı.
Asana qaçanda da,
sevincə uçanda da,
olma… Hərdən olsan da,
sən hər şeyin biləni.
Sevgi göz yaşlarının
ayrılıq dənizisən.
Elə fikirləşmə ki,
sən dünyanın, dünyamın
ən saf, ən təmizisən.
İndi uzaqdan yaxın,
həm yaxından uzaqsan.
Getmə…
Getdiyin yerə.
Ölüm xırıltıların,
səssiz fısıltıların,
hər vaxt yetdiyi yerə.
Sən yuxudan oyanan,
Allaha şükür edən,
müsəlmanın cüməsi.
Sən - çoxdan səsi batmış
qəmli bir ifaçının
həzin bir zümzüməsi.
Nə yalan deyim? Sənsən…
Aciz şeirlərimlə,
dilsiz duyğularımın
bir qələm tərcüməsi…
Kişi həyatı
Həyat məcəlləsinin qanununa əsasən kişilər ağlamaz.
And içirəm bir gəncin,
axıtmağa çəkindiyi
göz yaşı üçün,
ən qəddar kişinin ağlaması belə,
ən saf qadının ağlamasından daha ağrıvericidir...
Kişiyə dəmir, polad deyənlər,
əgər kişi bir materialdırsa,
o qızıl olar.
Canım üçün, burda qızılı torpaqdan çıxarmağı bacarmırlar,
tək bildikləri,
çıxarılmamış qızılı
basdırmaqdı.
Bu elə bir cinsdir ki,
Görməmişəm hansısa bir qadın,
ona kişi deyildiyi üçün dalaşsın.
Ancaq kişi qadın ola bilmir.
Qadın ola bilmir, qadını üçün.
Bəzənsə qadın ola bilir
qadınlar üçün.
Ani əzabla
Kədərin təpiyi dərdsizə dəyər.
Atdırar qırağa səni bir qədər.
Dağılar beynində dərdin hər səhər,
Bir gecə şərabla,
ani əzabla.
Özündə özünü özün sıxırsan.
Hər şeyi kiminsə üstə yıxırsan...
Bu gündən səhərə təmiz çıxırsan,
Kiçik bir savabla
ani əzabla.
Çaşma! Yolsuzların yolun izləmə...
Xoş gün üçün çalış, onu özləmə.
Həyatdan özünçün ümid gözləmə,
Yanlış bir hesabla,
ani əzabla.
Paytaxtın estetik dəyişikliyi
Yiyəsiz darvazalar, yiyəsi olan evə
Hərdən qarovul çəkir,
Keşikçitək qoruyur.
İndi susuz qalan yox,
Su içməkdən bezən də,
Ömürlük məhbus kimi canın verir, quruyur.
Görürəm atmosfer də, çatmayan oksigeni,
Əliaçıq insantək sağa-sola dağıdır.
Biz insanlıqdan nələr gözlədik vaxtlı, vaxtsız
Lakin son vaxtlar onun əli çox aşağıdır.
Pilləkənsiz zirvəyə dırmaşıb yıxılmışıq,
Ucaboy zirvələrə, ən hündür təpələrə.
Niyə biz dərdimizi hərdən dəyərsiz qılıb,
Axmaq kimi atmışıq axıcı ləpələrə?
Nədən sevincimizi, dostlarla, tanışlarla
Bir süfrə ətrafında yeyib-içib bölmüşük?
Nə üçün kədərindən yıxılan adamlara,
Biz gülməkdən yıxılıb arsız-arsız gülmüşük?
Kömək etmədiyimiz nə qədər qonşumuzun,
Saçımızı darayıb ehsanına getmişik.
Bir küncdə xatirədən imperiya quraraq,
Bakıda milyonlarla paytaxt inşa etmişik...
“Ədəbiyyat və incəsənət”
(06.02.2025)