BİRİ İKİSİNDƏ – Həyat Şəminin publisistikası Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Həyat Şəminin “Tam Anlamıyla Anar” yazısını təqdim edəcəyik.

 

İstanbulda yazıçı Anarla qarşılaşdım. 18 oktyabr tarixində Hyatt Centric (Levent) otelində “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimat mərasimi keçirilirdi. Mən də dəvətli idim.  Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş, son nəfəsinədək vətənimizin istiqlalı amalına sadiq qalmış və bu yolda yorulmadan mücadilə etmiş azərbaycanlı mühacirlərin əziz xatirəsinə ithaf olunub. Bəndənizin adını da, redaktor kimi kiçik bir zəhmətini dəyərləndirərək, kitaba salmışlar. Sağ olsunlar dəyər verənlər.

Kitab Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun təşəbbüsü və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə nəşr edilib. Çox maraqlı və ağır zəhmətin nəticəsində araya-ərsəyə gəlmiş bir əsərdir. Kitabın müəllifi tədqiqatçı-yazar Dilqəm Əhməddir. Məzar yerlərinin təsbiti və fotoşəkillərin çəkilməsi də müəllifin gərgin əməyinin məhsuludur. Bu kitab qiymətli bir əsər kimi tarixi hadisədir. Yeri gəlmişkən, bir daha Dilqəm Əhmədi təbrik və təqdir edirəm.

Kitab Azərbaycanın Şuşa şəhərində doğulmuş və istiqlal tariximizdə önəmli rol oynamış Əhməd bəy Ağaoğlu və onun ailəsinin tanıtımı ilə başlayır. Bu ailənin üzvləri İstanbulda Feriköy İslam məzarlığında uyuyurlar. Kitabı redaktə etdikcə bir qarabağlı kimi həmvətənlərimin və Azərbaycanımın aydınları ilə qürur hissi keçirdim. Onu da deyim ki, Füzuli rayonunun Gecəgözlü kəndindənəm. Gecəgözlülər isə Qarabağ xanlığında mühüm yer tutan Cavanşirlər sülaləsinin Gecəgözlü tirəsinin davamçılarıdır. Bizim əslimiz-kökümüz, ulu əcdadlarımız Şuşadan, Qarabağ xanlığından gəlmədirlər. 

İstanbulun bütün məşhur məzarlıqlarında uyuyan azərbaycanlılar araşdırılmış və adları bir-bir kitaba daxil edilmişdir: Feriköy İslam məzarlığı, Karaca Ahmet məzarlığı, Seyit Ahmet, Zincirlikuyu, Edirnekapı, Sakızağacı məzarlıqları, Yehya Efendi Dərgahı, Büyükada, Bülbüldere, Eyüp, Fatih, İhlamurkuyu, Kartal, Dedeler və Bakırköy məzarlıqları. Azərbaycan xalqının istiqlal, azadlıq, kültür yolunda canlarını fəda etmiş aydınları və onların ailələri bu məzarlıqlarda uyuyurlar.

318-ci səhifədə məşhur Rəfibəylilər şəcərəsinin hərbçi nümayəndəsi və fəxri Səməd bəy Rəfibəylinin (Sayqın) adı keçir.

Tədbirin reallaşacağı salona daxil olanda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimi gördüm. Doğma bir adamımı görmüş kimi ona tərəf yeridim. Kübarcasna salam verib əl tutdum. Həyat yoldaşım Mehmet Sönməzə Anar müəllimi təqdim etdim. Onlar da isti görüşdülər (əslində, bu, onların ikinci görüşü idi. İlk görüşləri 08 noyabr 2023-cü ildə Pendikdə keçirilən Zəfər proqramında olmuşdu). Anar müəllim üzümə baxıb duruxdu, sanki kim olduğumu xatırlamağa çalışdı. Anlayan kimi hər zamankı tavrımla “Mən Həyatam” dedim. “Həyat Şəmi”. Elə bil Anar müəllimin gözlərinə işıq yayıldı, dodaqlarına gülüş qondu, gülümsədi… O anda 1999-cu ilin mart ayında gənc yazarlardan bir neçəsi ilə  Anar müəllimin AYB-dəki otağında baş tutan ilk şəxsi tanışlığımızı xatırladım. Mən o zaman da özümü təqdim edərkən Anar müəllim, indiki kimi gülüməsəyərək xoş bir ifadə ilə “Həə, adını eşitmişəm bu yaxınlarda. Həyat Şəmi sənsən? Bax, nə qədər simpatik bir gəncsiniz. Mən saçları dağınıq, üstü-başı səliqəsiz birini gözləyirdim” demiş, ardınca da gülərək “adətən, şair-yazarları belə görürük, təbii bir dağınıqlıqla” deyə əlavə etmişdi.  Həm mutlu olmuş, həm də tam anlamıyla anlamışdım Anar müəllimi. O zaman ilk dəfə idi ki, Anar müəllimi belə yaxından görürdüm. Gənclik hərarəti ilə çox sevinmişdim (Və o vaxt- 2000-ci ildə, 10 nəfər gənc yazara Prezident təqaüdü veriləndə mənim adım siyahıya yeganə xanım yazar olaraq salınmışdı. Heç xəbərim də olmamışdı, bunu hər kəs bilir. Qohumlarım adımı efirdən eşidib mənə zəng etmişdilər. Elə sevinmişdim ki, uçmağa qanadım olmamışdı. Məni dəyərləndirən Anar müəllim və Ayaz Vəfalı olmuşdu. Bu gün onlara bir daha dərin təşəkkürümü bildirirəm. Üstündən 25 il keçib o görüşün. Ondan sonra Anar müəllimi çox tədbirlərdə, AYB-nin pilləkənlərində, Natəvan klubunda lap yaxından görmüşdüm. Ötən 25 il ərzində onun otağının qapısını hər hansı bir xahiş və ya arzu-istəyimlə bağlı döymədim. Etiraf edək ki, bu cür hallar şair-yazarlar arasında çox yaşanır.

Anar müəllimə, mən Həyat Şəmiyəm deyəndə üzündəki işıq mənə də sirayət etdi. Əziz adamımı görmüş kimi üzümə nur doldu. “Bakıya gələndə bir AYB-də məni də ziyarət edərsən, yaxşımı?” – dedi. Son dəfə bu yaxınlarda  29 sentyabr-07 oktyabr arasında Bakıda olmuşdum, bir həftəlik. O zaman Anar müəllimlə görüşmədiyim üçün bu gün utandım onun qarşısında. Son səfərimdə Elçin Hüseynbəyli, Qulu Ağsəs, İlqar İlkinlə hal-əhval tutdum AYB-də. Amma Anar müəllimin otağına tərəf belə getmədim. Düşünürdüm ki, indi yanlış anlayan olacaq. Sanki ondan bir təmənnam var – filan deyə?! Hətta Bakıdaykən DGTYB-nin 25 illik yubiley tədbirinin keçirildiyini eşitdim və dəvət olunmasam da, o tədbirə qaça-qaça getdim. Yeri gəlmişkən DGTYB-nin yaradıcılarından olmuşam (1998). Türk dünyasının onlarla  yazar və şairlərinin əsərlərini (Ali Akbaş (şeirlər), Raisa Sarbi (Çuvaşiya: şeirlər kitabı), Robert Minnullin (Tatarıstan: şeirlər kitabı) Daniya Nağımullina (şeirlər), Elvira Hadıyeva (şeirlər),  İlya İkonnikov (Quzey Arxangelsk: şeirlər), Razil Vəliyev (Tatarıstan: şeirlər kitabı), Tuğrul Tanyol (Türkiyə: şeirlər kitabı), Əbdürrahim Karakoç (Türkiyə, şeirlər) və unutduğum daha kimlər…)  Azərbaycan dilinə çevirmişəm. Ən son tərcüməm isə Vyaçeslav Al-Serginin iki hekayəsi olub (“Üç general” və “Nənəmin əziz xatirəsinə” hekayələrini ruscadan Azərbaycan dilinə çevirmişəm). DGTYB də sağ olsun, daim olsun…

Yuxarıda qeyd etdiyim kimi, 318-ci səhifə Rəfibəylilər şəcərəsinin nümayəndəsi Səməd bəy Rəfibəyli ilə başlayırdı. Anar müəllimin anası Nigar Rəfibəylinin ailə şəcərəsindən olan şəxslə. Səməd Rəfibəyli Cümhuriyyət Ordusunun Qarabağdakı 1-ci Cavanşir piyada alayının komandiri kimi 1920-ci ilin mart və aprel aylarında Xankəndi və Əsgəranda milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnakları ilə döyüşlərdə şəxsi qəhrəmanlıq göstərənlərdən olub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) süqutuna kimi “podpolkovnik” hərbi rütbəsində 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayının komandiri olub. Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səməd bəy bununla barışmayıb, 1920-ci ilin iyun ayında rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Qarabağ üsyanında qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi vuruşub. Üsyan yatırıldıqdan sonra isə S.Rəfibəyli komandiri olduğu hərbi hissənin yerdə qalan bir qrup heyəti ilə birlikdə Türkiyəyə keçib. Orda hərbçi kimi fəaliyyətini şərəflə davam etdirib və 19 yanvar 1980-ci ildə, 88 yaşında İstanbulda vəfat edib. 

Anar müəllimin bu tədbirə xüsusi dəvətinin səbəbini də kitabdakı bu bölümlə əlaqələndirdim. Səməd bəy Rəfibəyli, Gəncədə “El atası” adlandırılan Ələkbər bəy Rəfibəylinin kiçik qardaşı Məşədi bəyin oğlu, Cümhuriyyət zamanında Gəncənin xalq qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin əmisi oğludur. Nigar Rəfibəylinin atasının, yəni Xudadat bəyin dostdoğma əmisinin oğludur.

Gəncənin böyük Rəfibəylilər ailəsinin, sülaləsinin çox parlaq nümayəndəsi idi Nigar Rəfibəyli. Ulu öndər Heydər Əliyev Gəncə səfəri zamanı Sərdar bağında Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimində iştirak edərkən çıxışında Gəncənin tarixi haqqında danışaraq Rəfibəylilərin xüsusi yerini qeyd edib. Nigar xanımın da bu şəcərənin davamçısı olaraq Azərbaycan xalqına sədaqətlə xidmət etdiyini və Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərdiyini bildirib: “Ancaq onun ailəsinin həyatı da faciəli olmuşdur. Gəncəlilərə həm qəhrəmanlıq qismət olmuşdur, həm də, təəssüflər olsun ki, faciələr, repressiyalar da qismət olmuşdur. İyirminci illərin repressiyalarında, otuzuncu illərin repressiyalarında çox dəyərli gəncəlilər – ziyalılar məhv edilmişdilər. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli – Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş bir insan repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır”.

Anar müəllimlə İstanbuldakı görüşümüz məni haradan-haraya apardı. Məmnun oldum, xatırladım və bu səmimi yazını yazdım. Siz də oxuyun, dedim. Bakıya gedən kimi ilk görüşəcəyim insan Anar müəllim olacaq, inşallah!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.