Aytac Yolçu, Bakı Qızlar Universitetinin tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün
Səməd Behrəngi 23 iyun 1939-cu ildə Təbrizin Çərəndab adlanan məhəlləsində yoxsul bir ailədə dünyaya göz açmışdır.
Onun atası fəhlə olur, Səməd bəy dünyaya gələndən bir gün öncə işdən çıxarılır, getdikcə daha da yoxsullaşırlar.
Səməd ilk təhsilini Təbrizdə alır, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan və Guqan bölgələrində ibtidai sinif müəllimi kimi çalışır. İşləyərkən eyni zamanda Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alır. 1961-ci ildə təhsilini başa vurur. Tələbəlik illərində "Xənde" (Gülüş) adında həftəlik divar qəzeti buraxır. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini təhsil aldığı dövrə aiddir.
Səməd Behrəngi və onun həmfikirləri, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərini gəzib dolaşıb folklor nümunələri toplayıblar. Bəzi tədqiqatçılar qeyd edir ki, onların topladıqları folklor nümunələri Azərbaycan dilində olduğundan İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmağa icazə verilmir. Sonradan bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirirlər. Yazdığı nağıllar türk dilində Sirus Mədədi vasitəsilə "Azərbaycan nağılları" adı ilə Tehranda çap olunur. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxır.
İlk əsərləri "Adət", "Binam" hekayələri olur. 1959-cu ildə dərc olunur. Bundan sonra "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllarını yazır. Səməd bir müddət qəzetlərdə məqalələrlə çıxış edib. Sonra, məqalələrini "Məcmueyi məqaleha" (Məqalələr məcmuəsi) adilə kitab şəklində çap etdirir.
Səməd Behrəngi İran uşaq ədəbiyyatının banisi sayılır. Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu "Azərbaycan kəndlilərinin canlı dili", "Milli mədəniyyətin oyaq vicdanı", "Xalqa üz tutan", "Səyyar müəllim" adlandırıblar.
Behrənginin yazdığı “Balaca qara balıq” əsəri həm də İran inqilabının manifesti hesab edilir. Məhz bu əsəri ilə İran tarixində böyük bir çevrilişin təməli qoyulduğunu deyə bilərik.
Onun “Balaca qara balıq” əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.
Sorağı aləmi bürüyən “Balaca Qara Balıq” əsərinin ideyası olduqca dərin mənalara sahibdir.
“Balaca Qara Balıq” Səməd Behrənginin yazdığı məşhur uşaq hekayəsidir. Hekayə 1968-ci ildə yazılıb və sosial-siyasi mesajları ilə tanınır. Əsas ideya kiçik balığın cəsarətli sərgüzəştləri vasitəsilə yeniliklərə açıq olmağın, azadlığı axtarmağın, öz cam tavanını aşaraq komfort zonadan uzaqlaşmağın və öz taleyini öz əlləri ilə yazmağın əhəmiyyətini vurğulamaqdır.
Hekayənin əsas ideya istiqamətlərini bölüşüm sizlərlə:
1. Azadlıq və kəşfiyyat:
Balaca Qara Balıq doğulduğu çayın sərhədlərini aşaraq, böyük okeanı kəşf etmək istəyir. Bu, azadlığı və bilinməyənləri araşdırma arzusunu simvollaşdırır.
2. Cəsarət və qətiyyət:
Balıq çətinliklərə və təhlükələrə baxmayaraq, qərarından dönmür. Onun cəsarəti və qətiyyəti oxuculara öz ideallarını izləməyin vacibliyini göstərir.
3. Ədalətsizlik və mübarizə:
Hekayə, balığın qarşılaşdığı çətinliklər və təzyiqlər vasitəsilə, ədalətsizliklə mübarizənin əhəmiyyətini vurğulayır.
4. Sosial dəyişikliklər:
Hekayə İran cəmiyyətindəki sosial və siyasi vəziyyətlərə dair tənqidi fikirləri əks etdirir və fərdin cəmiyyətdəki rolunu sorğulayır.
“Balaca Qara Balıq” təkcə uşaqlar üçün maraqlı bir hekayə deyil, eyni zamanda böyüklər üçün də dərin mənalı bir ibrət nağılıdır. Bu hekayə oxucuları həyatdakı sərhədləri aşmağa, yeniliklərə açıq olmağa və cəsarətli addımlar atmağa çağırır. Səməd Behrəngi qəlbinin dərinliklərində coşub-çağlayan azadlıq yanğısını dövrün tələblərindən irəli gələrək öz əsərlərində sətraltı şəkildə həmvətənlərinə çatdırır.
Əhməd Cəmilin Səməd Behrəngiyə həsr etdiyi o yanğılı şeir:
Sənmi gücsüz idin, Arazmı dərin?
Dərdi nə böyükmüş o sahillərin!
Dözdün zillətinə ağır illərin!
Alnında gəncliyin ümid çələngi,
Qəlbində arzular... Səməd Behrəngi!
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)