BİRİ İKİSİNDƏ - Anar Adilin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layhihəsində nəsr saatıdır, sizlərə Anar Adilin “Kloun Muğuş” hekayəsi təqdim edilir.

 

Uğurun iti can verirdi. O, itinin başını qucağına alıb acizliklə gah ətrafa baxır, dadına yetəcək bir adam axtarır, gah da itin başını tumarlayırdı. İt boğuq səslə zingildəyir, heydən düşmüş ayaqlarını asta-asta tərpədirdi. 

Günortaya yaxın it canını tapşırdı. 

Uğur bağın ayağında çala qazıb itini basdırdı. Alma ağacına söykəndi, göz yaşını saxlaya bilməyib doyunca ağladı. O qədər ağladı ki, evə gələndə anası onu görüb əlini dizinə çırpdı:

– Gözlərin şişib, qıpqırmızı olub, a bala, nolub, niyə ağlamısan?

– Topar öldü, – Uğur qəhərini boğub cavab verdi.

– Öldü, öldü də, qocalmışdı, elə ölmək vaxtı idi.

– Özü ölmədi, öldürdülər. Bilirəm kim öldürdü. Toparımı qonşumuz zəhərləyib öldürdü! 

– Qonşunun işi-peşəsi yoxdu, sənin itini zəhərləsin! – anası ona çəmkirdi, – get dərslərini oxu, atan məktəbə getmədiyini bilsə, canını alacaq.

Uğur otağa keçdi, çantasını açdı, kitablarından birini götürüb baxdısa da, fikri itinin yanında qaldığından hərflər gözünün qabağında oynaşdı. 

 

***

 

Uğurun atası Məğrur şəhərin əyləncə mərkəzlərindən birində kloun işləyirdi. Bir dəfə varlı bir məmurun oğlunun ad günündə klounluq edirmiş. Ərköyün uşaq gah Məğrurun belinə minib at kimi çapır, gah saçını yolur, gah da üzünə tort yaxırmış. Məğrur uşağın hoqqalarına dözməyə məcbur imiş, çünki uşağın məmur atası ona yaxşı pul təklif eibmiş. Uşaq otağın ortasında durub atasından klounun adının nə olduğunu soruşubmuş, atası “eləcə kloun de, oğlum, bunların adı olmur” desə də, oğlu razılaşmamış, kounun əsl adının nə olduğunu öyrənməkdə israr etmişdi. Məmur Məğrurdan adını soruşmuş, o da demişdi. Amma uşaq “Məğrur” sözünü deyə bilmədiyindən klouna belə çətin ad qoyanı söymüşdü. Məmur oğlunun könlünü almaq üçün demişdi:

– Oğlum, sən ona “Muğuş” de.

Beləcə, söhbət Uğurgilin məhəlləsinə qədər gəlib çıxmış, camaat onu “Muğuş” çağırmağa başlamışdı. Bu ad Məğrurun bərk acığına getsə də, dözməli olurdu. 

Məğrur əzəldən ağır xasiyyətli adam idi. Kloun işləyəndən sonra xasiyyəti lap sərtləşmişdi; arvadına və oğluna tapşırdığı işi azacıq gecikdirəndə, yaxud da ürəyi istəyən kimi yerinə yetirməyəndə onları danlayır, söyür, bəzən də əl qaldırırdı.

 

***

 

Topar öləndən sonra Uğur fikrini dərsə cəmləyə bilmirdi. Əlaçı Uğur indi ortabab şagirdə çevrilmişdi. Riyaziyyatdan yoxlama işindən “2” alanda müəllim ona acıqlanmış, atasına şikayət edəcəyini demişdi.

 

***

 

Şənbə günü idi. Məğrur əyləncə mərkəzində ad gününü yola verməli idi. Sifarişçi acıdıl adam idi, Məğrurun kostyumuna, ağır hərəkətlərinə, uşaqlarla oynadığı oyuna saysız iradlar bildirirdi. Ad günü olan uşaq bağça yoldaşları ilə onun başına itin oyununu açırdılar. Uşaqlar xorla “Muğuş, Muğuş, it kimi hür!” əmri verəndə Məğrur bir az düşündü, sonra hürməyə başladı. O xeyli hürdü və birdən ürəyini tutub döşəməyə sərildi. Uşaqları bunu oyunun bir hissəsi bilib, onun belinə mindilər: “Muğuş, sən bizim eşşəyimiz ol” deyib onun yanbızını şillələyir, durub onları zalın o biri başına aparmağı əmr edirdilər. 

Uşaqlar Məğrurun tərpənmədiyini görüb sakitləşdilər. Böyüklərdən kimsə onu qaldırdı, halını soruşdu, su verdi. Halının xarab olduğunu görüb təcili yardım çağırdılar. 

 

***

 

Məğrur ağır addımlarla evə tərəf gedirdi. O, özünü alçaldılmış, təhqir olunmuş hiss edirdi.

Yaşadığı məhəlləyə girəndə Uğurun riyaziyyat müəllimi ilə rastlaşdı. Müəllim Uğurun yoxlamadan “2” aldığını deyəndə, əsəbdən Məğrurun bütün bədəni titrədi.

Məğrur qapını zərblə açıb arvadına bağırdı:

– O it oğlu hardadı?! Tez tap, göndər yanıma!

Uğur başını sallayıb atasının qarşısında dayanmışdı. Atasının riyaziyyatdan niyə “2” almasının səbəbini izah edə bilmirdi. Bircə dəfə “Topar öldü” deyə bildi.

Atası milçəköldürəni qapıb var gücü ilə Uğura bir neçəsini çəkdi. Birdən nə fikirləşdisə, mizin üstünə qonmuş milçəyi öldürdü, ölü milçəyi Uğurun ovucuna basıb bağırdı:

– Ye!

Uğur gah ovcundakı milçək ölüsünə baxdı, gah atasına. Atasının onu belə bir işə məcbur edəcəyinə inanmaq istəmədi.

Atası Uğurun qolundan tutdu, ölü milçəyi onun ovcundan götürüb ağzına dürtdü.

Uğur öyüdü, milçəyi tüpürmək istəsə də, atası onun ağzını qapadı.

Uğur bir neçə gün yataqdan dura bilmədi. Nə qədər çalışsa da, ağzına bir tikə çörək qoya bilmədi; xörəyə baxan kimi öyüyürdü.

 

***

 

Məğrur yeni sifariş almışdı. Bu dəfə o, əyləncə mərkəzində deyil, uşağın yaşadığı evdə onu əyləndirməli idi. Uşağın atası sifarişi qəbul etdiyi üçün ona telefonda xeyli minnətdarlıq etmişdi.

Məğrur deyilən ünvana getdi. Onu uşağın atası mehribanlıqla qarşıladı. Tez də oğlunu səslədi:

Gözəl oğlum, bir bax, gör kim gəlib?! 

Otaqdan yeddi-səkkiz yaşında arıq bir oğlan boylandı. Onun xəstə olduğu dərhal bilinirdi. Oğlanın anası Məğrura çay gətirdi, yemək təklif etdi. 

Məğrur kloun kostyumunu geyib, oğlanın dərman qoxuyan otağına girdi, ona xeyli xoş sözlər dedi. O əvvəl bir neçə heyvanın hərəkətini yamsıladı, sonra da oğlanla birlikdə müxtəlif oyunlar oynadı. 

Oğlanın valideynləri Məğrurla övladlarının şənlənməsinə ləzzətlə tamaşa edirdilər.

Məğrur işini yekunlaşdırdı, kostyumunu dəyişib adi paltarlarını geydi. Oğlanın atası onu qucaqladı, razılaşdıqlarından da artıq pul verib dedi:

– Çox sağ olun, Məğrur müəllim! Sizə sonsuz minnətdaram. Oğlum keçən il xəstəlik tapandan bəri ilk dəfə idi ki gülürdü. Bilirsiniz necə ağıllı uşaqdır?! Onun yolunda canımızı qoymağa hazırıq! 

Məğrur dinmədi, eləcə başını tərpətdi.

Sizin uşaqlarınız dünyanın ən xoşbəxt uşaqlarıdır, – oğlanın atası dedi, – sizin kimi ataları var, yəqin, hər gün onları əyləndirirsiniz.

Söz Məğrura şillə kimi dəydi. Yadına oğlu Uğura yedizdirdiyi milçək düşdü. Yolboyu xəstə oğlanın valideynləri ilə özünün Uğura etdiklərini tutuşdurub utandı. 

Məğrur işlədiyi əyləncə mərkəzinə getdi. İş otağına keçib maskaları, kostyumları mizin üstünə tökdü. O, iki saat gərgin işlədikdən sonra Uğurun itinə çox oxşayan bir it kostyumu hazıladı. Kostyumu geyib güzgü qarşısında dayandı: 

Mən tərzini aldığım heyvanlar kimi vəhşiləşmişəm. Günahlarımı yumalıyam.  

O, arvadına zəng edib məsələni başa saldı. Arvadı son illər ərindən ilk dəfə idi ki, mehriban danışıq eşidirdi.

Məğrur xəlvətçə həyətə girdi, əl damında kostyumunu dəyişib, it kostyumu geydi.

Uğur gözünü kitaba zilləmişdi. Qapıda it zingiltisi eşidib sevindi, hövlnak qapıya boylandı. Möcüzə idi: Topar dirilmiş, həmişəki kimi astanada zingildəyib onu həyətdə oynamağa çağırırdı.

Uğur qapıya tərəf sıçradı. İtinin boynunu qucaqlayıb bağırdı:

Topar, hazır ol, bir azdan atam işdən gələcək, atam qapıdan girən kimi onu parçala! Did, parçala!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.