“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə başqa bir layihə - “Ulduz” jurnalı” ilə Xalq Qəzeti TV-nin “birgə layihəsi təqdim edilir. Layihədə Qulu Ağsəsin Hidayət Orucovla “ayrı söhbət”i yer alır.
– Salam, əziz dostlar, efirdə Xalq Qəzeti TV, studiyada Qulu Ağsəsdir. “Ayrı söhbət” proqramı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovla birgə səyimiz nəticəsində ərsəyə gəlir. Bizim verilişimiz – qəzet və jurnalın layihəsi Xalq Qəzeti TV-də yayımlanacaq, “Xalq qəzeti”ndə və “Ulduz” jurnalında isə söhbətin mətni çap olunacaq. İlk qonağımız şair, yazıçı, dramaturq, publisist, ictimai xadim, hamımızın sevimlisi, təqdimata ehtiyacı olmayan Hidayət Orucovdur.
– Hidayət müəllim, xoş gəlmisiniz! Biz Əflatun müəllimlə bu layihə haqqında danışanda təxmini siyahını nəzərdən keçirdik. İlk nömrədə sizi seçdik, ona görə ki, Hidayət Orucov ələ düşməyən adamdır. O efirləri sevmir və biz onu, adətən, kamera qarşısında görmürük. Baxmayaraq ki, 1968-ci ildə 24 yaşında cavan bir oğlan böyük bir teatrın rəhbəri olub və o vaxtdan da məsul vəzifələrdə işləyib. Bugünə qədər də heç bir qalmaqalda, o cümlədən məmura xas olan korrupsiyada, kimisə haqsız işdən çıxarmada və s. adı hallanmayıb. Bu təmizliyi, paklığı vəzifə adamı olaraq necə qorumusunuz? Şair, yazıçı, publisist, tərcüməçi kimi qorumağınız bəllidir. Bəs məmur olaraq necə oldu ki, siz bütün bu intriqalardan uzaq qaldınız?
– Təşəkkür edirəm mənim fəaliyyətimlə bağlı yüksək fikirləriniz üçün. Mən bu suala qısa cavab vermək istəyirəm. Birincisi, bu bizim ailəmizdən gələn ənənədir, həmdə mən Qərbi Azərbaycanda doğulmuşam, orda böyümüşəm, bizim ailəmiz orada yaşayıb. Mənim babam, nənəm, anam hələ 1918-ci ildə qaçqın düşüblər. Qonşu rayona – Zəngilana pənah aparıblar. Ermənistan sovetləşəndən sonra qayıtmaq imkanları olub və yenidən Zəngəzura – bizim doğma kəndimiz Maralzəmiyə qayıdıblar. Anam o vaxt 13 yaşındaymış. Sonralar uşaqlığındakı yaddaşından silinməyən acı xatirələri bizə danışardı. Bir sözünü heç unutmuram.
“Sovet hökumətinin bayrağı bir az aşağı düşən kimi erməninin yumruğu yenə bizim başımızdadır”. 1988-ci ildə məhz belə oldu. Qorbaçovsayağı “yenidənqurma” (o vaxtların özündə də mən mətbuatda onu “yenidənqırma” adlandırmışam) dövlətin sütunlarını sarsıtdı, mənəviyyatsızlıq baş alıb getdi.Anam ikinci dəfə, bu dəfə ömrünün ağbirçək çağında didərgin düşdü. Çox təəssüf ki, anam 44 günlük mücadilənin dəmir yumruğunu görmədi. Əlbəttə, erməni təqibləri də mənim formalaşmağımda, həyatımda ciddi rol oynayıb.
İkincisi, dediyiniz kimi mən çox gənc yaşlarımda yüksək vəzifəyə təyin olunmuşam. Hələ 20 yaşında məktəb müdiri idim. O vaxt ailə vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetində qiyabi şöbəyə dəyişildim. 6 illik qiyabi təhsili 5 ilə bitirdim. Birinci kursu bitirdikdən sonra ikinci kursun imtahanlarını eksternin yolu ilə verdim. Üçüncü kursa əmrim verildi. O vaxtlar Azərbaycan Dövlət Universitetində əyani şöbə 5 il, qiyabi şöbə 6 il idi.
Sonra rayona getdim və məktəb müdiri oldum. 20 yaşında Sovet Ermənistanı qəzetinin ədəbi işçisi, 24 yaşım tamam olmamış isə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin edildim. Məni sevməyənlər deyirdilər ki, onun pioner baş dəstə rəhbəri olmaq vaxtıdır, amma o böyük kollektivə, qədim teatra direktor təyin olundu. Görəsən, neçə həftə orada davam gətirə biləcək?
Amma o vaxt teatrda çox fədakar kollektiv yarada bildik. İncəsənət Universitetinin (o zaman institut adlanırdı) bir qrupu oraya göndərilmişdi. Ermənilər 1965-ci ildə – uydurma genosidin 50 illiyindən sonra daha da fəallaşmışdılar. Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı açıq mübarizə aparırdılar. Qardaş Türkiyəyə qarşı ağlasığmaz ittihamlar irəli sürürdülər. Amma Azərbaycan Teatrının tarixinə çox böyük səhifələr yazıldı.
Sizin sualınıza konkret cavab olaraq deyim ki, bu, bizim ailənin əxlaqı, cəmiyyətə münasibətindən irəli gəlir. İkinci isə –mən o vaxtdan indiyədək həmişə vəzifənin məsuliyyəti barədə düşünmüşəm, səlahiyyətləri barədə yox. Tutaq ki, mən dövlət teatrının direktoruyam, mənim məsuliyyətim nədir, hansı işləri görməliyəm? Nəşriyyatın baş redaktoruyam, ictimaiyyət, cəmiyyət məndən nə gözləyir? Yaxud, siyasi və ya diplomatik fəaliyyətdəyəm, yenə də həmin vəzifələrin məsuliyyəti haqqında düşünürəm. Bugün belə mən hər bir addımımda öz məsuliyyətim barədə düşünürəm.
– Bu görüş öncəsi sizin kitabınız haqqında yazdığım “Burdan min atlı keçdi” adlı essemi də oxudum. Maraqlı məlumatlarla yanaşı, fotoşəkillər də diqqətimi cəlb etdi. Mənə elə gəlir ki, siz indi cavanlaşırsınız. Həmişə ağsaqqal, müdrik olmusunuz. Bu, həddən artıq məsuliyyəti üzərinizə götürdüyünüz üçün, həmişə kostyumda, qalstukda, ciddi görünüşdə olduğunuz üçünmü bizə elə gəlib. Sanki, Hidayətin çoxdan 80 yaşı olub.
– Müxtəlif rəylər, fikirlər, yanaşmalar ola bilər. Dediyim kimi, mən keçdiyim yolların, daşıdığım vəzifələrin məsuliyyətini həmişə səlahiyyətlərimdən çox uca tutmuşam, yəni bununla bağlıdır. Həyatımda, yaşadığım illərdə yalnız Allahım hüzurunda və vicdanımın qarşısında hesabat vermişəm.
– 80 yaş və 41 kitab. Bu, çox böyük məsuliyyətdir. Dövlət vəzifəsində işləyib, öz şaxəli yaradıcılığınız, tərcümələrinizlə 2 ildən bir kitab çıxarmaq uzun gecələrin hesabına baş tutub?
– 41 kitab köhnə məlumatdır. Əslində indi ondan çoxdur. Bəli, zəhmətkeşlik mənim ailəmin, doğulduğum, böyüdüyüm bölgənin – Zəngəzurun ənənəsidir. Əgər mənim fəaliyyətimdə müsbət tərəflər varsa ailəmizə və Zəngəzurda gəncliyimdə gördüyüm köhnə kişilərə minnətdaram. Ancaq mən özümdən çox narazıyam. Məsələn, daha çox əsər, şeir, nəsr, publisist yazılar, esselər, pyeslər yaza bilərdim. Mən tutduğum vəzifələrdəki fəaliyyətimi şəxsi yaradıcılığıma görə məhdudlaşdırmamışam. Əksinə, bədii yaradıcılığımı tutduğum vəzifələrin qanunlarına görə müəyyən etmişəm.
– Sizin ilkin olmağınızın bir özəlliyi var. Siz 1967-ci ildə nəşr olunan və hazırda mənim çalışdığım “Ulduz” jurnalının 1 illiyi haqqında diplom işi yazmısınız. Biz istərdik onu təkrarən çap edək.
– Məmmuniyyətlə. O unudulmaz bir səhifədir həyatımda. Çünki mən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasından xahiş etmişdim ki, mənə Füzulidən, Nəsimidən, Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən diplom işi versinlər. Bu işləri koordinasiya edən müəllimdən dörd dahi fikir sahibi, yazıçı, yalnız Azərbaycan ədəbiyyatı deyil, Şərqdə, Qərbdə tanınan, sevilən sənətkarlar haqqında diplom işi verməyi xahiş etmişdim. Amma vəziyyət dəyişdi.
Böyük şairimiz Bəxtiyar Vahabzadə Bakı Dövlət Universitetinin professoru idi. İndi necədir – bilmirəm, o vaxt hər bir dosent, professorun dərs yükü vardı və o dərs yükünü çatdıra bilməmişdi. Beləliklə, kafedranın müdiri bizim böyük yazıçımız, mütəfəkkirimiz, fikir sahibimiz, alimimiz Mir Cəlal Paşayevdən xahiş etmişdi ki, ona bir iki nəfər yaxşı oxuyan diplomçu tələbə verilsin. Həmin tələbələrin diplom işi rəhbəri olsun və dərs yükünü yerinə yetirə bilsin.
1968-ci ilin may ayının əvvəlləri idi. Biz artıq sonuncu kursda idik, universiteti bitirirdik. Onu qeyd edim ki, mənim kafedradan xahiş etdiyim mövzular klassik ədəbiyyatdan, 20-ci əsr ədəbiyyatından idi. Bəxtiyar Vahabzadə isə Sovet dövrünün müəllimi idi və mövzusu bununla bağlı olmalı idi. Məni kafedraya çağırdılar. O vaxtlar Azərbaycan klassik ədəbiyyatı, sovet, xarici ədəbiyyat, ədəbiyyatşünaslıq və s. bir kafedrada – Azərbaycan ədəbiyyatı kafedrasında idi. İndiki Xalq Təsərrüfatı İnstitutunun binasında yerləşirdi. Bu kafedra əsas girişin ikinci mərtəbəsində idi.
Kafedraya daxil oldum və gözlədim. Mir Cəlal müəllim yer göstərdi, əyləşdim, geniş otaqda var-gəl edə-edə biraz fikirləşdi və məndən soruşdu ki, “Ulduz” jurnalı çap olunur, bilirsən? Dedim, əlbəttə. Dedi: “Hə, sən şairsən, diplom işinin mövzusu olsun “Ulduz” jurnalının poeziyası”. Jurnal o vaxtlar 1 il idi ki fəaliyyət göstərirdi. Mən jurnalın poeziyasını, nəsrini, tənqidini yenidən oxudum və “Ulduz” jurnalının 12 nömrəsindən ibarət diplom işi yazmalı oldum.
Əvvəla, onu deyim: müdafiədən öncə öz təşəbbüsümlə diplom işini “Ulduz” jurnalına təqdim etdim ki, oxusunlar. Məmməd Araz o vaxtlar “Ulduz”un məsul katibiydi, mənim işimin ilk baş rəyçisi oldu. Yüksək fikirlər dedi, onu da əlavə etdi ki, bizdə işi demək olar, hamı oxuyub. Bir məqam indiyədək gözlərimin önündədir: vərəqlərin kənarında neçə yerdə eyni məzmunlu qeydlər etmişdi: “Çox düzgün tutub” və bu qeydlərin demək olar ki, hamısı ayrı-ayrı müəlliflərin təngidinə aid idi.
“Ulduz” jurnalının yaranması Azərbaycan ədəbi mühitində böyük hadisə idi. Yalnız Azərbaycanda deyil, Sov. İKP MK-nın qərarı ilə bütün müttəfiq respublikalarda yaranmışdı. O zamanlar partiyanın mərkəzi komitəsinin qərarı olmadan ciddi bir tədbir keçirmək, jurnal yaratmaq mümkün deyildi. “Ulduz” jurnalı həmin illərdə çox böyük işlər gördü. Mənim İrəvanda çap olunan ilk kitabım “Məni səsləyəndə” haqqında gənc şair, publisist Səyavuş Sərxanlının böyük bir məqaləsi “Ulduz” jurnalında çap olundu.
Təvazökarlıqdan uzaq da olmasın, “Ulduz” jurnalı mövzusundakı diplom işi müdafiəm çox ciddi əks-səda verdi, tərifləndi. Professor Xalid Əlimirzəyev mənim diplom işimin rəyçisi idi. Çox yüksək qiymətləndirdi və dedi ki, bu universitetin elmi əsərlərində çap olunmalıdır. Bəxtiyar Vahabzadə də yüksək rəy yazdı və hazırda diplom işinin ön səhifəsindədir. Bir epizodu da qeyd edim, heç vaxt yadımdan çıxmır.
Titul vərəqəsində diplomçunun, mövzunun, kafedra müdirinin və elmi rəhbərin adları var idi. Elmi rəhbəri isə təbii ki, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə yazmışdım. Bəxtiyar Vahabzadə bu sözləri pozdu və dedi ki, mən şairəm. Qaldı: elmi rəhbər – Bəxtiyar Vahabzadə. Diplom işində yalnızca bu dəyişiklik olundu. Dövlət imtahanı komissiyasının rəhbəri məşhur dilçi Mirzə müəllim idi, akademiyadan gəlmişdi. Bütün komissiyanın tərkibi yüksək fikirlər səsləndirdilər. Və qərara gəldilər ki, diplom işi universitetin elmi əsərlərində çap olunsun. Amma mən dərhal İrəvana qayıtdım. Bir-iki ay sonra məni dövlət teatrına direktor təyin etdilər və mən bu işi davam etdirmədim.
– “Ulduz” jurnalında ilk dəfə şair kimi neçənci ildə çap olunmusunuz?
– Dəqiq yadımda olmasa da, 1969-70-ci illər idi. Şeirlərim mütəmadi çap olunmağa başladı. Allah rəhmət eləsin Cavid Novruz, Əhməd Cəmil, Yusif Səmədoğluna. Onların zamanında mən İrəvanda yaşayırdım. Yusif Səmədoğlu ilə həmişə xoş münasibətlərim olub, istedadlı nasir kimi ona çox hörmət edirdim. Mənim üçün həm görkəmli Azərbaycan nasiri, həm də Səməd Vurğunun oğlu idi. Bir epizodu da deyim ki, mən həmişə Yusif müəllimin yanına gedəndə o çətinliklə ayağa qalxardı. Mən düşünürdüm ki, görkəmli nasirdir, Səməd Vurğunun oğludur deyə, belə edir.
Səməd Vurğunun 80 illiyində mənim təhsil aldığım və qızıl medalla qurtardığım Mığrı rayonunun Aldərə kənd məktəbində Səməd Vurğunun büstünün açılma mərasimi idi. O məktəbə Səməd Vurğunun adının verilməsi prosesində mən də iştirak eləmişdim. Mən o vaxt maarif naziri (indikielm və təhsil naziri), mərkəzi komitənin müvafiq qurumları, şöbələri ilə, hətta mərkəzi komitənin ideologiya üzrə katibi ilə danışıqlar aparırdım ki, o məktəbə Səməd Vurğunun adı verilsin. Və verildi.
1986-cı ildə büst açılanda Azərbaycandan nümayəndə heyəti getdi oraya. Buradan Yusif Səmədoğlu, Aybəniz xanım və digər yazıçılar qrupu getdik ora. Açılış oldu və mən Azərbaycandan gələn nümayəndə heyətini öz kəndimizə, Maralzəmiyə – evimizə dəvət etdim. Süfrə ətrafında anam, qardaş-bacılarım da var idi. Yusif Səmədoğlu mənim haqqımda tostda dedi ki, “mənim belimdə radikulit var, incidir. Mən heç kəsin gəlişinə ayağa durmuram. Hidayət yeganə adamdır ki, o mənim yanıma gələndə mən ayağa dururam”.
Demə beli incidirmiş, ona görə çətinliklə ayağa qalxırmış. Bu həqiqəti biləndən sonra Yusif müəllim mənim gözlərimdə, ürəyimdə daha da ucaldı.
– Artıq vaxtınız var, bütün bunları yazmaq istərdinizmi?
– Bilirsiniz, siz bayaq xatırlatdığınız “Burdan min atlı keçdi”də mən müəyyən məqamları yazmışam. Və haqlısınız, əlbəttə, bunlar, bütövlüklə yazılmalıdır.
Amma illər keçdikcə, hadisələr zaman etibarilə uzaqlaşdıqca insan o xatirələrə, o keçmişə artıq başqa nəzərlərlə baxır. O illərdə şəxsən mənə adi görüş kimi görünən, maraqlı epizod təsiri bağışlamayan hadisələr, sonradan görürsən ki, çox qiymətli imiş.
– Vaxt müəyyən həyat faktorudur, deyirsiz o vaxtlar qohum-əqraba kəndə gəldilər, oturdular... bütün bunlar həmin vaxtlar üçün adi həyat faktoru idi. İllər keçdikcə onlar ədəbiyyat faktoruna çevirilir. Çünki Zəngəzur da, sizin kəndiniz də, valideynləriniz, qohumlarınız, orda açılan süfrə, bütün bunlar bizim üçün hazırda çox qiymətlidir. Biz bu il Qərbi Azərbaycanla bağlı “Ulduz”un xüsusi nömrəsini hazırladıq və bunun təqdimatı da Naxçıvanda keçirildi. Orada festival oldu və Qərbi Azərbaycanın bütün atrubutları ilə yanaşı, “Ulduz” jurnalı da o çadırlarda qoyulmuşdu. Sevə-sevə izlədim və Zəngəzurla bağlı bu layihəni davam etdirmək fikrimiz var.
Siz həmişə düşmən içində olmusunuz, orda çalışmısınız, yüksək vəzifələrdə olmusunuz, teatrda da çalışmısınız. Artıq ermənilərin iç üzünü də bilirdiz, sizə olan münasibəti də. Söhbətimizin əvvəlində dediniz ki, sizi formada saxlayan həm də düşmən içində olmağınız olub. Həmişə özünüzü qorumalı olmusunuz, çünki azərbaycanlı vəzifə adamı, xüsusilə düşmən ölkədə, o ölkənin bir atributuna çevrilir. O, mütləq formada olmalı, səlis danışığı, istedadı və zəhməti ilə seçilməlidir. Dili necə, bilirdiniz?
– Bilirsinizmi, onu yalnız mən yox, teatrın əsas rəhbərliyindəki digər adamlar, aktyorlar... Biz onu bir an unutmurduq, onları qabaqlayırdıq. Və ən çox ehtiyatlandığımız məqamlardan biri o idi. Məsələn, mən bilirdim ki, nə qədər gənc olsam da, bizim hər bir hərəkətimizə erməni millətçiləri təftiş baxımından, yoxlama eynəyi ilə baxırdılar. Bizdə istehza axtarmaq arzusunda idilər. Ona görə mən əvvəldə də teatrla bağlı bəzi məqamlar haqqında bir-iki cümlə dedim.
Biz işi elə qururduq ki, teatrda hər şey yüksək səviyyədə olsun. Məsələn, teatrın adi reklamı çox yüksək səviyyədə təşkil olunurdu. İrəvan şəhərindəki hər hansı tamaşanın reklamı nümunəyə çevrilirdi. Qastrol səfərlərində də erməni teatrlarına bunu nümunə kimi göstərirdilər. Əvvəla, hələ tamaşanın keyfiyyətini demirəm. Məsələn, erməni teatrı normal səviyyədə idi. Deyim ki, zəif idi, yox, deyildi. Amma biz çalışırdıq ki, erməni teatrından yüksək səviyyəda olaq. Bir epizodu deyim, o illərdə iki-üç ildən bir müxtəlif sahələr üzrə fəallar iclası keçirilirdi. Mədəniyyət sahəsinin iclaslarının birində Mərkəzi Komitənin katibi və Ali Sovetin Rəyasət Heyəti sədrinin birinci müavini iştirak edirdilər. Çaykovski adına musiqi məktəbinin 350 yerlik akt zalında mədəniyyət naziri erməni teatrlarını çox kəskin tənqid etdi – həm onların repertuar siyasətini, tamaşaların səviyyəsini, reklamlarını, qastrol səfərlərini...
Birdən heç kəsin gözləmədiyi halda dedi: “Kim teatrın repertuarını yüksək səviyyədə qura, qastrolları yaxşı təşkil edə bilmirsə, təşkilatçılıq qabiliyyəti yoxdursa, təbliğatı, reklamı yaxşı zinətləndirsə, onları Azərbaycan teatrına ezamiyyətə göndərək, gedib orada öyrənsinlər”. 350 ermənin hamısı – teatr direktorları, musiqi və mədəniyyət sahəsinin rəhbərləri, təhsil müəssisələrinin başçıları və s. elə bil şoka düşdülər. Azərbaycan teatrına? Bir anlıq zala tamamilə sükut çökdü. Hətta milçək uçsaydı belə səsi eşidilərdi. Nazir də bunu hiss etdi. Bir neçə saniyə ara verərək dedi: “Mən öz teatrımızı deyirəm, İrəvan – Azərbaycan Dövlət dram Teatrını deyirəm”. Zarafata salaraq əlavə etdi: “Ezamiyyət xərcləri lazım olmayacaq”. İştirakçılar rahat nəfəs aldıqdan sonra sürəkli alqışlamağa başladılar.
Mən yalnız bir epizod dedim. Bayaqkı fikrimin davamı olaraq onu da əlavə edim ki, orada iş elə qurulmuşdu ki, əməkdaşların hamısı – həm yaradıcı, həm texniki heyət elə bil, kamikadze idilər, yalnız irəli, yalnız uşuş, yalnız sənət! Orada elə aktyorlar var idi ki, gözəl tamaşa oynayıb elə səhnədə də həlak olmağa hazır idilər. Belə bir əhval-ruhiyyə yaranmışdı orada.
– Mədəniyyət naziri sizin repertuara qarışırdı?
– Yetmişinci illərin əvvəllərindən başlayaraq,vvəl müəyyən cəhdlər odu, amma teatrın adı çıxandan sonra, xüsusilə 1978-ci il, Bakı qastrolundan sonra, Bakıda Musiqili Komediya Teatrının binasında 14 gün İrəvan teatrı, çox vaxt gündə iki tamaşa olmaqla (gündüz uşaqlar, axşam böyüklər üçün) qastrol səfərindən sonra Mədəniyyət Nazirliyi bizim repertuarı redaktə etmirdi.
Ümumiyyətlə, Azərbaycana o illərin özündə də ünlü teatrlar – Moskva, Sankt-Peterburq, Tiflis və İrəvan teatrları gəlirdi. Və qastrolları 3-4 gündən artıq çəkmirdi. On dörd gün bütün tamaşalar anşlaq keçirdi.
Bir az sonra mən o vaxtkı mətbuat haqqında da münasibət bildirəcəyəm. İndiki “XQ TV” və “Xalq qəzeti”nin öncə uzun illər fəaliyyət göstərmiş, çap olunmuş “Kommunist” haqqında da müəyyən fikirlərimi deyəcəyəm.
– Hidayət müəllim, sosial mediadan istifadə edirsinizmi?
– Çox az istifadə edirəm. Çünki mən öz zəif tərəflərimi bilirəm. Bilirəm ki, istifadə etsəm vaxtımı çox aparacaq. Şahmat və futbol uzun illər vaxtımı çox apardıqları kimi, ancaq sosial mediada gedən vacib materiallar barədə mənə məlumat verirlər.
– Vaxtımıza çox az qalıb. Qısa suallarımıza qısa cavab verməyinizi xahiş edirik. Yazılarınızı özünüz yığırsınızmı? Yoxsa, əlyazmalarınızı yığdırırsınız?
– Xeyr, hər zaman qələmlə yazıram, yığırlar.
– Latınca yazırsınız, yoxsa kirilcə?
– Əlbəttə, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıram. Kirilcə asan olur yazmaq, amma latın əlifbası ilə yazıram.
– Əgər öz həyatınızı teatrlaşdırsaydınız, öz həyatınızdan pyes yazsaydınız adını nə qoyardınız?
– “Burdan min atlı keçdi”. Çünki o mənim əbədi mövzumdu. Bu gün bizim görüşümüz “Xalq TV”-dədir. “Xalq qəzeti”nin əvvəlki adı “Kommunist” qəzeti haqqında, ümumiyyətlə o vaxtkı mətbuat haqqında müxtəlif fikirlər deyirlər. Bəzən hər şeyi qara görmək istəyirdilər. O vaxt yalnız “Kommist”i yox, digər qəzetləri də, məsələn, “Vışka” da, “Bakinski raboçi” də... Mən o vaxt İrəvanda yaşayanda onların hamısında çap olunurdum. Onların xidmətlərini unutmaq olmaz. Onlara layiq olduğu qiyməti vermək lazımdı. Bir epizodu mən heç vaxt unutmaram. “Sovet Ermənistanı” qəzetinin 50 illiyi idi. Bu, 70-ci illərin əvvəllərinə təsadüf edirdi. Milli Akademik Dram Teatrının binasında formal da olsa çox möhtəşəm bir tədbir keçirdilər. Mərkəzi Komitənin Birinci katibi və büro üzvləri də iştirak edirdilər. Azərbaycandan nümayəndə heyəti gəlmişdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev, “Bakinski raboçi” qəzetinin baş redaktoru, hətta erməni qəzetinin baş redaktoru da vardı. Bu qəzetlər o vaxt Mərkəzi Komitənin orqanı idi. Sonra orada yeni açılmış “Yelkən” adlı möhtəşəm bir restoranda ziyafət verildi. Bu vaxt mənim dişim möhkəm ağrıyırdı. Dişimin keyiməsi üçün iki-üç qədəh konyak içdim. Birdən masabəyinin səsini eşitdim. O da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeologiya üzrə katibi Robert Xaçatryan idi. Dedi: “Mən gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm”. Ayağa durdum. Dedim, Rober Hraçik oğlu, mən sizinlə Azərbaycan dilində danışmaq istəyirəm. Dedi: “Danış”. Sonra bunu nə üçün istədiyimi izah etdim. Dedim: “Siz Bakı Dövlət Universitetini bitirmisiniz”. Dedi: “Bəli, bəli...” Bu sözləri Azərbaycan dilində dedi.
Əvvəlcə ümumi ənənəvi, “Sovet Ermənistanı” qəzetinin fəaliyyətindən bir neçə söz dedim. Tədbirə münasibətimi bildirdim. Amma Robert Xaçatryan deyəndə ki, gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm, o, mənim bədii yaradıcılığımı və əlbəttə, teatrın direktoru olmağımı nəzərdə tuturdu. Ona görə artıq bayaq dediyim kimi, 1965-ci ildən, o uydurma genosidin 50 illiyindən sonra bunların açıq və bəzən üstüörtülü şəkildə millətçilikləri, Qarabağ iddiaları, Naxçıvan iddiaları, Türkiyəyə böyük ərazi iddiaları, az qala, mətbuatda da özünə yer tapırdı. Ona görə mən Yeğişe Çarentsdən danışdım. Yeğişe Çarents bunlar üçün ideal bir şair olub. Böyük və əfsanəvi şair idi. 1937-ci ildə güllələnib. Amma o, açıq millətçilikdən uzaq və C.Cabbarlı, S.Vurğun və M.Müşfiqlə dostluq əlaqələri olub. C.Cabbarlının vəfat etdiyi günün sabahı o, bizim teatra gələrək bildirir ki, teatra C.Cabbarlının adını vermək lazımdır.
Mən bir nümunə kimi, Yeğişe Çarentsin adından istifadə edərək dedim ki, o, Sovet Azərbaycanının 15 illiyinə bir şeir yazıb və mən öz tərcüməm ilə bu şeiri oxudum:
Alqış, alqış qardaş elə,
Bir torpaqdan, bir Günəşdən,
Bircə hünər aldığımız
Çarın dustaqxanasında birgə fikrə daldığımız
qardaş elə...
(Şeirin sonrası yadımda deyil).
Bir də onun Qərbi Azərbaycanda ermənilərin az qala, himn olan bir şeiri var:
Hayastanım, Günəş dadlı sözlərinə vurğunam,
Adı qədim, qəlbi kövrək sazlarına vurğunam,
Qan dodaqlı çiçəklərin duyğusuna, ətrinə,
Nairimin oynaq rəqsli qızlarına vurğunam...
Əlbəttə, bir az hissi, emosional çıxışdan sonra sürəkli alqışlar qondu. Çox alqışladılar. Ziyafət bitdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev mənə yaxınlaşdı və qucaqladı. Türksayağı hər iki üzümdən öpdü. Dedi: “Siz mənim ürəyimdə ucaldınız, siz mənim ürəyimdə heykələ döndünüz...” Onu müşayiət edən “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarına mənim haqqımda çox yüksək fikirlər səsləndirərək deyib ki, mən onunla fəxr edirəm və Azərbaycana qayıdıb onu təbliğ edəcəyəm.
Yubileydən iki-üç gündən sonra o vaxtın məşhur jurnalist Rəfael Nağıyev mənə zəng elədi. Soruşdu: “Hidayət, sən ziyafətdə nə etmisən?” Mən də zarafatyana: “dişim ağrıyırdı, bir-iki qədəh konyak içdim ki, ağrı keçsin”. Dedi: “Baş redaktor gələndən səndən danışır...”
O vaxt “Kommunist” qəzetinin baş redaktorunun İrəvana gəlişi, orda bir gənc Azərbaycan şairinin çıxışı, onun milli keyfiyyətləri, milli düşüncəsi və s. və i. ona elə təsir eləmişdi.
Sonralar mənə zəng edərək yazı sifariş verirdilər. Teatrın hər il, hər mövsümdə görəcəyi işlər barədə müsahibələr alırdılar. Bayaq sizə dediyim Bakıya 14 günlük qastrol vaxtı Azərbaycanın bütün mətbuatı, başda “Kommunist” olmaqla bütün qəzetləri hər tamaşa haqqında rəylər verirdilər, fikirlər bildirirdilər. Elə bilin ki, Bakı 14 günlük qastrol səfərində mədəniyyət sahəsində İrəvan teatrının günlərinə çevrildi. Yəni “Kommunist” qəzetinə də belə yanaşmaq lazımdı.
Sonralar – yenidənqurma zamanı (mən o dövrün özündə də onu mətbuatda “yenidənqırma” saymışam) mən artıq Bakıda yaşayırdım. Erməni təcavüzü başlayandan sonra mənim ən kəskin yazılarımı “Kommunist” qəzeti çap elədi. Məsələn, “Didərginlərə məktub” “Kommunist” qəzetində çap olundu. O vaxtlar o böyük maraq doğurmuşdu və artıq Qərbi Azərbaycandan qaçqınlıq prosesi başlamışdı. Ona görə mən bu qəzetə minnətdaram.
Mənim fikrimcə, bu qəzet ən maraqlı, ən dəyərli günlərini indi yaşayır. Mən hər gün “Xalq qəzeti”ni oxuyuram. Mənə elə gəlir ki, bu günün qəzeti deyil, günün kitabıdır, çoxsəhifəlidir: həm siyasət, həm ictimai məsələlər, həm iqtisadiyyat, həm təhsl, həm mədəniyyət, lap başlıcası, milli özünüdərk, milli şüur, milli dəyərlər... Ona görə Əflatun Amaşov başda olmaqla, mən bu qəzetin bütün kollektivinə minnətdaram və bu qəzetdə çalışan bütün jurnalistləri uğurları üçün təbrik edirəm. Eyni zamanda, “Ulduz” jurnalını... Bu jurnalı indiki dövrdə saxlamaq böyük hadisədir. Mən bəzi nömrələrinə baxmışam, amma bundan sonra abunəçisi olacağam.
– Bütün məşhurlar – Xalq artistləri, Xalq yazıçıları, müəllimlər, akademiya, universitetlər hamısı jurnala abunədir. Çox sevinərdim ki, siz də abunə olasınız.
– Mütləq! Mən “Ədəbiyyat” qəzetinə də hər həftə baxıram, eyni zamanda da digər gündəlik qəzetlərə.
– Biz bunları sizin üçün çıxarırıq. Yəni ki, bizim oxucularımız var, bilirik ki, kimlər oxuyur. Biri var alıcı, biri var oxucu... Siz bizim çox dəyərli oxucumuzsunuz.
Mən sizə təşəkkür edirəm.
Sonda “Ayrı söhbət” proqramına gələn qonaqlar öz hədiyyələrini verirlər. Təbii ki, sizin də ən gözəl hədiyyəniz yeni çıxmış kitabınız olacaq. Oxuculara məmnuniyyətlə təqdim etmək istəyirəm. Bu, Hidayət müəllimin seçilmiş əsərlərinin birinci cildidir. İstəyirik ki, sizin imzanızla bu kitabı “Xalq qəzeti”nin kitabxanasına, birini isə ayrıca olaraq “Ayrı söhbət” proqramına hədiyyə edəsiniz.
– Təşəkkür edirəm. Mən indi avtoqraf yazacağam və bu mənim on cildliyimdir. Bir neçə il bundan əvvəl çap olunub. Bunun səkkiz cildi orijinaldır – poeziyadır, nəsrdir, esselərdir, dramaturgiyadır, bəzi publisist yazılardır. Siz məni tərcüməçi kimi təqdim də elədiniz, qalan iki cildi isə tərcümələrdir. Bu iki cildə özüm ad qoymuşam: “Özüm yazmaq istərdim”. Orada Ulyam Şekspirin “Sonu yaxşı olan hər iş yaxşı” pyesini, Harriyet Biçer Stounun “Tom dayının daxması” romanını, XIX əsr ingilis və island ədəbiyyatından nümunələri, rus ədəbiyyatından nseçmələri, qardaş türk ədəbiyyatından çevirmələr və i.a. Mən o əsərləri Azərbaycan dilinə tərcümə eləmişəm ki, onları özüm yazmaq istərdim. Amma məni qabaqlayıblar, yazıblar, özü də çox gözəl yaradıblar.
– Tərcüməçi ikinci müəllifdir, siz heç nə itirməmisiniz.
– Bu kitab “Xalq qəzeti”nə yadigar qalsın, verilişiniz uzunömürlü olsun.
– Çox təşəkkür edirəm sizə, Hidayət müəllim.
– Siz də kitabınızı mənə bağışladınız, təşəkkür edirəm. Mütləq oxuyacağam.
– İlk hədiyyə sizdən gəldi. Uğurlu olsun! Düşünürəm ki, tamaşaçıları yormadıq, inanıram ki, oxucular söhbəti çox maraqla izləyəcəklər.
Sizə bir daha təşəkkür edirəm. Tamaşaçılarla sağollaşıram. Sağ olun, “Ayrı söhbət” verilişində yenidən görüşənədək. Xatırladım ki, bugünkü ilk qonağımız şair, dramaturq, nasir, ictimai xadim, Hidayət Orucov idi. Sağ olun, sağlıqla qalın!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)