“Bu da belə həyatdır...” - Xeyrəddin Qocanın 75 yaşına Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Xeyrəddin Qoca həm əsərləri, həm də ictimai-siyasi fəaliyyəti ilə xalqın ruhunu dərk edən və bunu öz yaradıcılığında təcalla etdirən sayğılı aydınlarımızdandır. Xeyrəddin Qocanın yaradıcılığı insanları həm düşündürür, həm güldürür, həm də onlara öz həyatlarına ayna tutmağa imkan yaradır.

 

Onun əsərlərindəki yumor tərzi təkcə quru ironiya ilə məhdudlaşmır, o, insanları gülüşə gətirərək öz problemlərini görməyə və çözüm yollarını dərk etməyə çağırır. Xeyrəddin Qocanın yumoru “tənə” deyil, “tərbiyə” xarakteri daşıyır. Bu xalis gülüş və düşüncə onun əsərlərində əsas xətt kimi keçir və oxucularını, tamaşaçılarını həyata sevgi və müsbət baxışla yaxınlaşdırır. 

Xeyrəddin Qoca (Xeyrəddin Sayəddin oğlu Qoca; 29.01.1950, Qulbəndə, Ağdaş) bir çoxlarından fərqli olaraq, (qüsura baxmayın) qurşaqdan aşağı enmədən güldürməyi bacaran aydınımızdır. - "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), "Bu dünyadan məktublar" (2002), "Gərək yazam…" (2003), "Hərənin öz payı" (2003), "Bu da belə həyatdır…" (2008), "Biz bizə bənzərik…" (2010), "Yazdıqlarım… Yazılanlar…" (2018) və b. yazdıqlarımıza sübutdur.

 

Təbiidir ki, belə bir yaradıcı və məhsuldar aydına ictimaiyyət də, dövlət də diqqət, sayğı göstərib. Xeyrəddin Qoca uzun illər dövlət vəzifələrində çalışaraq, mədəniyyətimizi və ədəbiyyatımızı layiqincə təmsil edib. Azərbaycanın İstanbuldakı Baş konsulu, Millət vəkili, hakim partiyanın mətbu orqanının baş redaktoru kimi xidmətləri onu, haqlı olaraq, nüfuzlu bir şəxsiyyət kimi tanıdıb.

 

Eyni zamanda, Xeyrəddin Qocanın topluma verdiyi töhfə yalnız əsərləri və görəvləri ilə sınırlanmır. Xeyrəddin Qoca, həmişə gənc ədəbi nəslin nümayəndələrinə qayğı göstərən, onların uğurlarına səmimi sevinən, onları dəstəkləyən bir aydınımız kimi də nüfuz qazanıb. Həqiqət, ədalət və insani dəyərlər onun yaşamının və yaradıcılığının ayrılmaz hissəsidir.

 

75 illik yubileylə bağlı Xeyrəddin Qocanı ürəkdən qutlayır, ona uzun ömür, yeni yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.