Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə o, duasını dinləndirir.
Hamı bir dəryaya tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
-deyir şair. Necə də düzgün qeyd edir zavallı və aciz insanların istədiklərini.
Xoş mütaliələr!
Dua
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?-
Onsuz da bir azdan çıxıb gedəcək...
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı bir dəryaya tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
Bu yolu nə yaman uzun çəkiblər-
Yolun yarsında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya- qərib bir şəhər kimidi
Mən də bu "şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın,
Başladım adından həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı,dilim var dua etməyə!
O üzdə nə varsa, görə biləydim,
Bir gün açılaydı göyün yaxası.
İlahi, bir dəfə üzünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)