“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Allahşükür Ağanın şeirləri təqdim edilir.
Arzu
Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı qanadlar, qırıldı ki...
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu ki...
Fikir kimi şütüyən bir arı qədər
sevinmək istəyirəm,
Hanı, arılar şəkərlə aldadıldı ki...
Balıqlar dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək istəyirəm,
Hanı, bütün balıqlar tordadı ki...
Yarpaqlar çiçək olanda
Qırmızı bir alma kimi gülmək istəyirəm,
Hanı, bu il meyvələr olmadı ki...
Təzad
Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?
olum və ölüm kimi.
Və yaxud
Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.
Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan
həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.
Xatirəm
"Xatirə" parkında xatirəm qalıb,
Ağaclar içində ağlar bir uşaq.
Orada bir oğlan, bir qız qocalıb,
Gəl gedək, onların əlindən tutaq.
"Xatirə" parkında xatirəm qalıb,
Təklikdən darıxıb ağac olubdu.
Xatirəm daşların gözünə dolub,
Binaya hörülüb, uca olubdu.
"Xatirə" parkında xatirəm qalıb,
Yeriyir, yüyürür, yıxılır hələ.
Körpə dodağında lalələr solub,
Təzə sevgisindən sıxılır hələ.
"Xatirə" parkında xatirəm qalıb,
Özünə ev tutub, yurd salıb təzə.
Burda ürəyimiz yanaşı durub,
Bu parkı salıblar xatirəmizə.
Əgər...
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla.
Quşlar və mən
Quşlar darıxdığından
Uçdular,
Mən də darıxdım,
Şeir yazdım...
Quşlar qanadlarıyla
Göyü təmizlədi,
Mən də sevdim,
Qəlbimin
Aynasını sildim.
Quşlar lələklərini saldılar,
Mən də kitab çap elədim,
Sən oxuyasan deyə.
Quşlar yuva qurdular,
Mən də yuvalarının altında
Dərin bir nəfəs aldım,
Sən dincələsən deyə.
Səhərisi quşlar görünmədi,
Və mən də öldüm,
Məni axtarasan deyə.
Çəpəri yıxırsan
yaraşığınla
Gözü yuxudan bulaşıqlı,
Ayağı kol-kosdan sarmaşıqlı,
Haylı-küylü, qarmaqarışıqlı,
Ayağı səkilli it,
Üz-gözü şəkilli it,
Sən ölsən,
Kəndimiz öləcək, ölmə.
Kəndimizi sən oyadırsan səsinlə,
Çəpəri yıxırsan
Yaraşığınla.
Sən lap gözəl olursan
Zəncirin dolaşığıyla,
Ulamağınla Ayı
Yuxarı qaldırırsan,
Sən ölsən,
Ay yerə düşəcək, ölmə.
Qarın üstündəki ayaq izlərin,
Özündən qabaqda olur həmişə.
Yad kimi qoxlayırsan
Ayaq izini,
Bir az qayıdırsan,
Sanki keçmişə.
Ayaq izlərini gün əritmədi,
Vaxt əritdi,
Zəncir səni öldürmədi,
Zəncir səni diriltdi,
Zəncirini yaxşı qoru,
Heç vaxt onu itirmə,
İtim!
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)