“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Gülsadənin şeirləri təqdim ediləcək.
Rəsmini gördüm,
Gülürdün... mənsizlik yaraşmışdı sənə.
Necə də tez unutmusan hər şeyi,
Necə də tez şəkil dəyişib şəkillərin.
Yalanların boylanırdı boyundan,
Özündən böyük yalanların,
Özündən yaraşıqlı yalanların.
Gülürdün...
Səni mən qədər tanımırdı yanındakı,
O mən qədər bilmirdi səni,
Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki.
Vəfalı ər,
Fədakar ata...
Nə qəşəng yaraşmışdın şəklə.
Səndən sonra çox şey dəyişdi oysa,
Mənim Allahım öldü,
Ürəyimə basdırdım özümü.
Sən gülürdün,
Mən matəmini tutarkən sənsizliyimin,
Belimi yerə vuranda yoxluğun,
Xəyanətin,
Sən boyundan böyük bir səadətlə gülürdün.
Tutmuşdun yerini... tuta bilmədiyin əllərim son dəfə üzülərkən səndən,
Sən özünü tamamlayırdın saxta gələcəyinlə.
Mənsizlik yaraşmışdı sənə...
Yalanların qədər,
Alçaqlığın qədər.
Sən gülürdün, ancaq qızının gözlərindən baxırdı mənim nakam taleyim...
***
Bir tək sənə yazmaq istəyirəm
Darıxanda əllərim,
Tıncıxanda ürəyim bir tək sənə yazmaq istəyirəm.
Uzun-uzun demək istəyirəm necəyəm,
Necəydim.
Axı sən həm də ən yaxın dostumdun
Çəkilirəm küncümə,
Kim deyir ki, güclüyəm, qalibəm?
Mən bir savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm.
Sən tanımışdın məni,
İlk dəfə ruhumun şifrələrinə toxunarkən bilirdin bir qızcığaz tapacaqsan
Dizləri çapılmış, üşümüş və yanılmış.
Səndən sonra dəyişmədi heç nə,
Gizli bir nifrət böyüyür içimdə, haçansa daşacaq.
Sahibsiz bir susqunluğun ətdən heykəli kimi qarışıram insanlara.
Axı sən də xaindin,
Öz ölkəsini satmışlar qədər,
Öz körpəsini atmışlar qədər,
Kimliyini danmışlar qədər xain.
Bəs niyə mən...bir tək sənə yazmaq istəyirəm ağlarkən?
Gülərkən,
Darıxarkən.
Hardansa gələcəksənmiş kimi gözləyirəm səni,
Duysan könül səsimi, getdiyin yerlər yuvan olmazdı.
Belə qalmazdı bu sevginin biçarə taleyi...
Nə bilim,
Bilirəm, yoxsan,
Yadsan,
Olmayacaqsan.
Və bilirəm ki, mən bir də sənə heç vaxt yazmayacam.
Ancaq...
***
Yuxun qarışsın bu gecə,
Adım gəlsin ağlına.
Sinəndə nəfəsin daralsın,
Biləsən ki, dardayam.
Bir şimşək çaxsın pəncərəndən
Xəyalım sürünsün divarlarından.
"Məni istə","məni sev"," məni gözlə" dediyin qadının gülüşləri şaqqıldasın ağlında.
Sevdiyim,
Gözlədiyim,
Yar dediyim,
Yarımadım bu həyatın kamından.
Göy gurlayır,
Yağış yağır,
Şəhər məsum…
Min yol gəlib döyürəm xəyalımda qapını.
Bir qadının səsi gəlir,
Şirin-şirin təkrarlayır adını.
***
Canımın ağrıyan yeri,
Həsrətimin üç hərfli nidası,
Atam mənim!
Kimsə bilməz içimdəki bu yası.
Bir zəng gələ, mən açam ki, səsindir,
İnan mənə, inan, atam, bəsimdir.
Sənsizliyim ağrılıdır, ağırdır,
Mən xırdayam, mən acizəm əlində.
Sarılıram məzarına, isinmirəm, ay Ata,
Çağırıram hər nəfəsdə adını.
Ayrılığın yaman oldu, sərt oldu,
Deyəmmədim salamat qal, hələlik.
Ay ata, dərdin mənə dərd üstündə dərd oldu!
Öpəmmədim əllərini doyunca,
Mən qayğına qalammadım, bağışla!
İndi mənə boylanırsan məzardan,
Bir həsrətli,
Bir nisgilli baxışla.
Vəfasızmış bu dünyanın o üzü,
Gedən dönmür, qalan ölmür...
gün keçir.
Həyat bizə hər addımda kəfən adlı don biçir.
Mən küsmərəm,
İncimərəm, bilirsən,
Bilirsən ki, bu şeirim
Susdurduğum dərdimdir.
Bir zəng gələ, mən açam ki, səsindir,
İnan mənə,inan, Atam, bəsimdir.
ÖZÜMƏ NOT
Bitirməlisən beynində, ruhunda qanqren olmuş
Yarım hekayələri.
Ayağına dolaşmalı deyil düşüncəni sərsəmlədən,
Donuq baxışlardan qalan son vidalar.
Xumarlı bir sevginin 18 yaşlı qadını deyilsən,
Sən o sən deyilsən...
Əllərin taleyini yazır,
Ağ bayraq qaldır keçmişinlə arandakı neytral zonada.
Bir qızcığaz nimdaş ayıcığını basıb bağrına,
Döyüşdən sağ çıxmış və gülümsər sənə.
Qanadların yaralı,
Sancılı xatirələrin qundaq gecələrini bəslərdi göz yaşların.
Sevgilər başdöndürücü, gözəlliyin sərsəm mərmi,
Bir qucaq boyda təkliyin məsum oyuncağı qadın.
Günəş boylanır ruhunda,
Ətəyi süd bəyazı buludlara köklə duyğularını,
Öpsün dodaqlarından uzaqdan qonaq düşən dəli külək.
Çəkil məbədinə,
Bütün ötəri sevgilərin günahını çıxar,
Sonunu gətir vidasız ayrılıqların,
Matəmsiz ölənlərin,
Sənsiz gedənlərin.
Bağrına bas atılmış sevgini, yasını tut.
Tut əllərindən içindəki məsumun!
Şaçlarında bəyaz,
Gözlərin dibini gizləyən dəniz.
Əllərin vəfasız bir əlin məzar yeri.
Dik dur, qadın,
Dik dur!
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)