Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Dostoyevski... Oxuyan da peşman, oxumayan da... Oxuyan da özünü şanslı sayır, oxumayan da... Oxuduqlarımı unutmağa tələsirəm, oxumadıqlarımı tez oxumağa.
Dostoyevski... İradə Aytel yazıçının ev-muzeyinə getmişdi bir neçə il qabaq, şəkillər paylaşmışdı, xeyli baxmışdım. “Başqasının arvadı və ya yataq altında bir ər”i oxuyub gülmüş, “Bəyaz gecələr”i oxuyub depressiyaya düşmüşdüm. “Dürüst oğru” isə Herman Melvillin “Katib Bartlebi”sindən 5 yaş böyükdür, amma ikisi də məni “döydü”. “Döyüldüyüm” yerlərdən ağrımadım, ağladım...
Xanım Aydın Anna Qriqoryevnanın yazıçı haqqında xatirələrini tərcümə edib. Sağ olsun, bir gün oxuyacağıma söz verirəm. Və Dostoyevki haqqında söhbət edə biləcəyim yeganə insana - Kəmalə xanım Umudovaya söhbətimizi hissə-hissə portalımızda yayımlamağa icazə verdiyi üçün mütəşəkkirəm.
***
-Kəmalə xanım, özünüzü “Ədəbiyyat və İncəsənət” portalının oxucularına necə təqdim edərdiniz?
-Umudova Kəmalə Aydın qızı, Bakı Slavyan Universitetinin dosenti. Müəllim və filoloq. Höte deyirdi: “Əgər insan hər hansı bir peşəyə (lap dərzi olsun!) əsl ustalıq səviyyəsində yiyələnibsə, o zaman o, Kainatı dərk etmişdir”. Yəni məşğul olduğun işin dərinliyinə getməyi təklif edirdi. Ətrafdakılar üçün kim olduğumu soruşursunuz - müəllimlik məsləyimdir, ana tərəfdən və çox keçmişlərdən gələn ənənəni daşıyıram, filoloq kimi bu sahədə müəyyən dərinliyə nüfuz etməyə can atıram. Və hansı dərinliyə nüfuz edə bilirimsə, özümlə birgə oxucunu da mətnin dərinliyinə çəkməyə cəhd edirəm. Filoloq kimi düşüncəm və niyyətim budur. Bir kitabımla bunu etməyə çalışdım: “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı monoqrafiyamla.
Ədəbiyyatın Dostoyevski ümmanına qərq olacağıq sizinlə, oxucularla birgə. Güman edirəm, maraqlı olacaq. Onun adı ilə bağlı yubiley medalım da qəlbimi isindirir.
-Bəzi insanların Dostoyevskini oxuyanda depressiyaya düşməsinin səbəbi nədir?
-Bu sual oxucularda tez-tez yaranır. Dostoyevskinin bu cür təsir etməsi anlaşılandır. Buna pis cəhət kimi deyil, əksinə, müsbət hal kimi yanaşmaq lazımdır (şəfqətlə gülümsəyir). Deməli, yazıçı əsas məqsədinə nail ola bilib: onu bu cür qəbul edən oxucunu öz tənhalığından çıxararaq, ona başqa bir “mən”də yaşamalı olduğu barədə müjdə verir, refleks oyadır. Oyanmaq istəyirikmi? Bizə var olduğumuz çərçivə, büründüyümüz qılaf bəs edir bəlkə... Lakin Dostoyevski həyatın sınaq meydanı olduğunu daim düşünən, İblisin Tanrı ilə savaşdığını və bu savaşın məqsədini bilən, yaradıcılığını bu fəlsəfə üzərindən şəkilləndirən sənətkardır. O, əslində, qaranlıqdan deyil, qaranlığın bağrını dəlib insanı sabaha çıxaran işıqdan yazır. 2000-ci illərin əvvəllərində “İşıqlı, həyatsevər Dostoyevski” adlı kitabça da dərc olunub. Oskar Şults adlı alman əsilli alim 1931-1932-ci illərdə Helsinki Universitetində oxuduğu mühazirələrdən belə nəticəyə gəlmişdir ki, “Dostoyevskidən işıqlı və həyatsevər yazıçı yoxdur”. Dostoyevski işığa, ahəngə və həyatsevərliyə bağlılığı ilə Puşkinin yeganə birbaşa varisidir.
-Bu həyat eşqi haradadır?
-Bu həyat eşqi Dostoyevskinin qəlbinin dərinliyindədir. Bu eşqi, bəlkə də, ən yaxşı Mitya Karamazov ifadə edib: “Yüzlərlə əzabın içində, bütün bədbəxtliklərdə mən varam”. Yəni nə olursa-olsun, mən hər zaman varam; varlığın hiss olunmasının özü həyat sevincidir, fərəhdir. Varlığın məhv olduğu yerdə dəhşət yaranır. Bu zaman Dostoyevskidə, doğrudan da, qaranlıq və qorxu başlayır; kim olsa, bu situasiyada onu üzərində hiss edəcək, əlbəttə. Lakin Dostoyevskidə “mən varam” sahəsi başqa yazıçılardan daha genişdir. Dostoyevski bütün qara qüvvələri, əcinnələri, cinləri insana yaxınlaşdrmaqdan qorxmur, çünki onları dəf edəcək gücün özü də elə insandadır. Qəlb, könül başqa aləmlərlə bağlı deyilsə, o zaman ölüm başlayır, həyat mənasını itirir. “Qara rəng” yəqin, həm də, qavrayış formasıdır, qavrayanın baxışıdır. Mən Dostoyevskini işıqlı və həyatı təsdiq edən, işığı axtaran yazıçı kimi görmüşəm. Bir də, İsa Məsihin hekayəsi də olduqca ağır, kədərlidir axı. Xristianlar üçün bu, dünyada baş verə biləcək ən işıqlı hadisədir. Dostoyevskinin dörd ili ancaq İncil oxumaqla keçib, çünki katorqada digər kitablar əlçatmaz idi. Katorqadan sonra o, İncil üslubuna uyğun olaraq yazmağa başlayıb. Məhz həyatın qaranlığında, cahillikdə, qaranlığın və cahilliyin dərinliyində o, parlayan şəfəqi görə bilirdi. Yəni Dostoyevskinin həyatsevərliyi məsələsi bir çox halda bizim baxış bucağımıza, gözümüzə bağlı məsələdir. Dostoyevskinin ardınca gedə bilərikmi? Bu zülmətdə işıq görə bilərikmi, işığın zülmətə qalib gəldiyini, cahillikdən üstün olduğunu görə bilərikmi? Yoxsa bizim buna gücümüz, yetmir, biz buna qadir deyilik? Qadir deyiliksə, hər şey bizə qaranlıq görünəcək. Dostoyevski bütün əsərlərində,-ilk romanından sonuncusuna qədər,-bütün gücünü sərf edir ki, biz onun ardınca gedək.
-Dostoyevskini doğru anlamaq üçün onu necə oxumalıyıq?
-Dostoyevskidə hadisələr və obrazlar düz xətt boyunca oxunmamalıdır. Onun əsərlərinə çəkilən filmlərin, tamaşaların uğursuzluğu da bununla bağlıdır. Fabulanı gözləmək, məzmuna sadiq qalmaqla doğru nəticə almaq mümkün deyil. Çünki Dostoyevskinin həqiqəti, insanla bağlı çözmüş olduğu ən böyük sirr görünənlərdə deyil, arxa planda, üst mənada, başqa aləmlərdədir. “Cinayət və cəza” romanında Sonya kimdir? Zahirən qədim peşə sahibi. Bəs əslində? İblisə qəlbini satmamış, Tanrıdan başqa təzahürə inanmayan, hər an qarşısında başqa, işıqlı yolun açılacağına inanan, müəllifə ən doğma obraz. Romanın ilk dəfə dərc olunduğu “Russki vestnik” jurnalının redaktoru Mixail Katkovun bütün etirazları, romanı çap etmək istəməməsinin səbəbi də Sonya obrazı ilə bağlı idi. Əlində İncil, dilində Raskolnikova qarşı ittiham, onu düşdüyü yanlış yoldan çəkindirmək istəyən, onun məhv olmuş qəlbini diriltməyi, ruhunu Tanrı ilə birləşdirməyi özünə borc bilən Sonyanın eyni zamanda öz bədənini satan qadın olması yazıçı üçün problem kəsb edən məsələ deyildi. Unutmaq olmaz ki, çox çətin ömür yollarından keçmiş, epilepsiya xəstəliyindən əziyyət çəkən, ölüm hökmü və əvf qərarı arasında yaşadığı beş dəqiqədə əbədiyyəti qazanmış yazıçının əzabları həyatı şərtsiz sevməklə, sevginin qaçılmazlığının etirafı ilə bağlıdır. 29 yaşlı yazıçının bu dünyanın başqa aləmlərlə qarşılıqlı bağlılığını hansı əzablarla qazandığını bilsək, onun zülmətin arxasında gizlənən işığa həsrətini də anlamış olarıq. Bilirsiniz, Dostoyevskinin “Karamazov qardaşları” romanının konsepsiyası niyə Alyoşa obrazı ilə bağlıdır? Çünki bu obrazda o, 3 yaşında vəfat etmiş oğlu Alekseyin gələcəyini, həyat amalını, tutduğu, gedəcəyi yolu göstərmək istəmişdi. Bu, İsa peyğəmbər nümunəsi ilə işıqlanmış yol idi. Övlad itkisinin acısını ancaq belə ovuda bilmişdi. Optina Pustın abidi Amvrosi Atanın verdiyi məsləhət-roman yazmaq və oğlunu baş qəhrəman obrazında canlandırmaq-yazıçını həyata belə qaytarmışdı. Baxın, budur Dostoyevskinin əsl üzü. Ruhun uca aləmlərlə bağlılığını, Tanrının simasının insanların simasında necə təcəllə tapdığını bədii əsərdə təsvir etmək, adi sözlə anlaşılması çətin mətləblərin bədii ifadəsi məsələsinin həllini tapmaq Dostoyevskinin tale yazısı idi. 17 ya 18 yaşı vardı, onu narahat edən düşüncəni qardaşına məktubda dilə gətirəndə: “İnsan sirri-xudadır. Onu açmaq lazımdır. Və əgər bütün ömrün boyu bu sirri açmağa çalışsan, zamanın hədər getməyib, deyə bilərsən; mən bu sirlə əlləşirəm, çünki insan olmaq istəyirəm”. Yaradıcılığının iki böyük, şərti olaraq, mərhələsində Dostoyevski insan ruhunun axtarışlarını fərqli bədii şəkildə həyata keçirir. Bu haqda başqa söhbətimiz başqa vaxta qalsın.
Söhbətin ardı olacaq
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)