“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əkbər Qoşalının şeirləri təqdim edilir.
Şabranda və Nabranda yazılanlar...
*
"Hamı hamı ilə savaşır" sanki,
"Hər şey axır, heç nə yerində qalmır";
Yenə də "Karfagen məhv edilməli!"
Yenə də masada "nifaq alması"...
"Çörək və tamaşa" - Batıda söz var;
Biz Gündoğarlıyıq - istiqanlıyıq.
Gün varkən, "Yarasa olmaq, nə ola?"
"Dolabda müqəvva" saxlamamışıq...
Gün batar, ulu Göy yetimmi qalar?
Bu səfər Dolunay ya da Aypara...
Dövlətlər yaradan, dövlətlər yıxan
Əcdaddır onları tuğuna taxan...
Yadlarda işğal var, bizdə fəthlər,
Biz idik onaran şəhəri-kəndi...
Çıxan qan damarda durmaz deyiblər,
Çay coşsa basmazmı bərəni-bəndi?..
"Söz - adam ağzından, köz - qazan altdan",
"Sözümüz - imzamız qədər keçərli!"
Yanıla-yanıla öyrənən dünya,
Yenə də yanılır, yenə, nədəndi?..
Adam öz içindən sıxılır, şair,
Bal olsun, arısı Bağdaddan gəlsin...
Ağac öz səmtinə yıxılır, şair,
Bir arxdan min dəli atlı su içsin...
Şabran, 09.11.2024
*
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Könül qapısı var, pir qapısı var,
Yenə bəslənəsi ümid var, şair.
Bəlkə təkrar olur ömürlər bir-bir?
Biz ki "uzun, incə bir yolda" idik...
Hanı çıra yanan, it hürən səmt? -
Dar gündə Xızıra umudvar idik...
Hələ getmədiyi yol var hər kəsin,
Qanmayan da varar, qanan da varar;
"Ya yol tap, ya yol aç, ya yoldan çəkil",
Yeriyə bilməyən yola yük olar...
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Açıq qapılar var, sirr qapısı var,
Hər kəsi gözləyən biri var, şair.
Yoxsa təkrar olur ömürlər bir-bir?
Biz ki "uzun, incə bir yolda" idik...
Şabran, 10.11.2024
*
İki min il keçib İsa vaxtından
Kim görüb "İlk daş"ı atan adamı?
Yoxsa, balalayıb, çoxalıb o daş,
Mina vadisində yüz illər sonra
"Şeytan daşlama"da işə yaradı?..
Şeytana atılan daşları yığaq -
Evsiz olanların evi tikilsin;
Çiçək tək açılsın çatılan qaşlar,
Hamının ocağı, piri sevinsin...
Hər kəsə əlimiz yetişməsə də,
Beşi sevinməsə, beşi sevinsin...
İlk varsa, sonuncu daş da var, yəqin,
İki daş arası ocaq qalayaq;
Ocağın üstündə qazan asaq biz,
Onu bircə gün də boş qaynatmayaq...
"İki çay arası" başlayan adət,
Yaşasın, yayılsın, heç axsatmayaq...
Fateh İstanbulu alan gün dedi:
Heç kəs acqarına gecələməsin...
İnsanlar ibadət edir-etməyir? -
Tanrı özü bilər - onun işidir.
Müsəlman, xaçpərəst ya da musəvi -
İş olsun, aş olsun - bəndə bəndədir...
Bir də, bir "Ağlaşma divarı" vardır,
Və "Çin səddi" vardır çox-çox uzaqda...
O divar və o sədd arasındakı
Torpaqlar nə zaman dinclik tapacaq?..
Ey, məscid, kilsə və sinaqoqdakı
Eyni sözü deyən,
hardasan, harda?!.
Şabran, 11.11.2024
*
Dəniz üstdən ötür dolmuş buludlar
Kim bilir hirsini hara tökəcək...
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək...
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr...
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək...
Üfüqlər xəyaldı, sahillər gerçək...
Sahillər qocalır, sular gəncləşir,
Görərsən yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək...
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz...
Yerin qulağı var - belə deyiblər -
Yəqin ki buranı görüb deyiblər...
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək...
Nabran, 27.07.2024
*
Nabran...
Dəniz sahili...
O başdan bu başa gəlib-gedirik
Sahildə nə olur? -
Balıqqulaqları, narın qum
bir də
Dənizin qırağa atdığı nəsə...
Nə yaşıl orman var,
nə də göy çəmən
Bəs nədir
bizləri gətirən bura?
O yaşıl ormanlar
göy çəmənliklər
çox gözəl olsa da,
bir gün gəlir də
qaçmaq istəyirsən,
uzaqlaşırsan...
Bəzən özümüzdən qaçmaq istərik
Özgədən, özündən, hər yerdən qaçan
Gəlib soluğunu sahildə alar...
Bəs dəniz olmayan ölkələr neynir?..
Dənizə, sahilə özgələr neynir?..
Ancaq biz...
Və ancaq Xəzər sahili...
Balıqqulaqları, narın qum
bir də
Xəzərin qırağa atdığı nəsə...
Təsadüf olmayır dünyada heç nə...
Balıq tanımayır öz qulağını
Deyirlər balığın yaddaşı olmur;
Amma insanlarçün
bu balıqqulaqlı,
bu narın qumlu
sahillər
sahilsiz xatirə yığnağı olar -
O ya yaşanıbdı ya yaşanacaq...
Heç nə gərək deyil
Nə yaşıl, nə göy...
Boz sahil
boyunca yeriməyimiz,
Dənizi dinlərcə kiriməyimiz
Hopacaq sabahkı xatirələrə -
Bu balıqqulaqlı, bu narın qumlu,
heç yerə getməyən üzüboz sahil
Dünyanın ən əlvan yeri olacaq...
Ən rəngli yuxular qazanacaq o
Həsrətin əlçəkməz süsü olacaq...
Neynək, bu sahildə sadədil olaq,
Balıqqulağına tutunaq duraq;
Bu dəniz, bu sahil, bu qum nə deyir?..
Torpaqla dənizin öpüşdüyü yer,
Nəsə bir hikmətə sahib olmalı...
Gəl, hədiyyə verək bir-birimizə:
Bu bir cüt qızılı balıqqulağı -
Biri sənin olsun, biri də mənim;
Bizi bu sahilə gətirər yenə
Dəniz pıçıltılı balıqqulağı...
Nabran, 25.07.2024
*
Dəniz qovur istini
Öz istim yetər deyir
Nə Günəş yox olacaq,
Nə Xəzər itər - deyir.
Sahildə nə hikmət var? -
Fikirlilər axışar
hər axşam-səhər deyir;
Özüm də darıxıram
Adamdan betər deyir...
Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar -
Qara torpaq, ağ alın,
İzn ver, öpəm deyir...
Dəniz-Torpaq sevgisi
heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də,
O höküm keçər deyir...
Nabran, 26.07.2024
*
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
Mən dağ dili bilirəm
Çöl dilini bilirəm
Çəməndə gül bilirəm
Dəniz dili bilmirəm
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
İnsan bilmədiklərni
Öyrənməyə aşina
Bəlkə ona görə də
Dəniz öyrədən olub
Dağlarsa dərd ortağım
Dağlardan qopan çaylar
Dinləyib dərdimizi
Yuxumuzu dinləyib
Nə ki gizlinimiz var
Sulara danışmışıq
Dərdimiz yüngülləşib
Necə dərdlər yüklənib
Nə yuxular eşidib
Dənizə qaçıb çaylar
Bizim bütün çayların
Son ünvanı Xəzərdi
Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə
Yoxsa öz sirlərinin
yoxsa yuxularının
ardınca at çapıblar
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular
Harda dəniz vardısa
Bir türk at çapıb ora
Bir çay dərd daşıyıbdır
O dənizə əminəm
Yuxumuzun dalınca
gəlmişik dənizlərə
Qabarırsa dənizlər
Yuxunu xeyrə yozub
Sakit ləpələyirsə
qaramatı itirir
Dəniz ana kimidir
Ata Dağlar sussa da
Ana gah layla çalar
Gah əsib-coşub susar
Dənizi dinləyirəm
Dinləyib-öyrənirəm
Yuxumuzun ardınca
sənə gəlmişik, dəniz!
Nabran, 25.07.2024
*
Sahil adam kimi dalıb dənizə,
Arabir qırağa çıxır yosunlar.
Dizini qatlasa sahil bir azca,
Sular bir qıraqda göl-göl balalar...
Hər sahilə gələn sahilmi bilir?..
Hər dənizə girən dənizçi deyil;
Göz torpaqdan doymur, dənizdən bezmir -
Yəqin, Nuhdan qalma bir adət olar...
Kimsə ocaq çatıb - günü ağ olsun,
Bir də ağ çadır var - quran sağ olsun!
Gündüz əlimizdə gur çıraq olsun,
Atalar sözüdür: arayan bular...
Hər su qırağına sahil deyilmir...
Nə dəniz, nə sahil söz bitirməyir...
Odur, könül alır ya könül verir,
Könlün qıt vaxtında
bu,
nə xoş bazar...
Arabir qırağa çıxır yosunlar...
Nabran, 28.07.2024
*
Atamın sözləri düşür yadıma:
Soyuğu yamandı, yaya aldanma...
Baxıram sıxlaşan, dolan buluda,
Yoxsa, göy üzündə qurultaymı var?..
Nabran, 28.07.2024
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)