Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Gəncə təmsilçisi
Gəncədə bir Rəna Teymurqızı vardı... Gözəl şair idi. Gözəl xanım idi. 1953-cü ildə Gəncədə anadan olmuşdu. Ali təhsilini də Gəncədəki AKTİ-də (indiki ADAU) almışdı. Ədəb-ərkanı, bacarığı nəzərə alınaraq institutda saxlanmışdı. Laborantlıqdan addım-addım baş müəllimliyə yüksəlmişdi.
Yaradıcılığı özünəxas idi... AYB üzvü, 5 kitab müəllifi idi. Şeirlərində, rübailərində həm öz sirrini açırdı, həm də, dünyanın-kainatın sirrinə vaqif olmağa can atırdı. Və bir gün köçdü dünyadan... 21 iyul 2014-cü ildə... Bizə gözəl xatirələr, bir də dəfələrlə oxuyub sehrinə düşdüyümüz mətnlər qoydu, getdi...
Bu gün-bu yanvar günəşinin uzaq və soyuq gülümsəməsində Rəna xanımı xatırladım-onunla keçirdiyimiz günləri, etdiyimiz söhbətləri, Mahrasa bağının binaları arasındakı dolanbac cığırları, onun daim kitab qoxan əllərini... Və qayıdıb ondan bir-iki şeir oxudum - onu oxudum...
***
İnsan yaradılışdan daxilindəki inam hissini anlamağa çalışıb. Və özünün təbiətin bir parçası olduğunu dərk edəndən sonra bu inam hissinin bir yönünü də təbiətə tərəf çevirib. Beləcə, təbiətə olan bağlılığını, heyranlığını, onun qarşısında acizliyini müxtəlif cür ifadə etməyə cəhd göstərib.
Rəna xanım da bir qələm sahibi kimi bəşəriyyətin ilkin dünyagörüşlərini şeiriyyətə gətirmişdir. “Şən gəldim” şeirində üzünü dağlara tutub deyir:
A dağlar, könlümə yaman düşdünüz,
Oxşadı ruhumu duman, çən, gəldim.
Çoxdandır qonağın ola bilmirdim,
Qismət oldu yenə, şükür, mən gəldim.
Azərbaycan ədəbiyyatında dağlara aid çox şeir yazılıb, dağların tərənnümünə qoşmalar, gəraylılar, hətta poemalar belə, həsr edilib. Türk dünyasının görkəmli folklorşünası, şair-alimi Sədnik Paşa Pirsultanlı qeyd edirdi ki, “Miskin Abdalın “Dağlar” şeiri Azərbaycan ədəbiyyatında istər şifahi, istərsə də yazılı ədəbiyyatda özündən sonra yaranan bütün dağlar şeirləri üçün nümunə olmuşdur”[1].
Doğrudan da, dağ mövzusu şifahi və yazılı ədəbiyyatımızda yetərincə aktualdır. Nəinki şeirlərdə, nağıl, rəvayət və əfsanələrdə, hətta dastanlarda da dağ mifologiyası açıq-aydın görülməkdədir. Bir növ, insan bədii yaradıcılığında dağı obrazlaşdırmış, öz hisslərini ona bədii yolla köçürməyi bacarmışdır.
Rəna xanımın qələmilə çizdiyi dağ obrazı ilə söhbəti də maraqlıdır:
Gözləmirdin bir də gələm, eləmi?
Əvvəlkitək deyib-güləm, eləmi?
İşə salaq burda kağız qələmi,
Gəl deyişək, bəlkə sənlə tən gəldim.
Şairin yaratdığı dağ obrazı “təəccüblənir”, onun gəlişinə sevinir. Eyni zamanda, ikinci bənddə Rəna xanım dağı ilham sahibi kimi dəyərləndirir, qarşı-qarşıya deyişmək istəyir. Bu da müəllifin dağ haqqındakı qeyri-adi düşüncələrinin məhsuludur. Axı hər qələm tutanla, hər söz deyənlə deyişmək olmaz. Elə dağın özü ilə də deyişmək dağ vüqarı, dağ hünəri istəyir.
Aşıq ədəbiyyatı tarixindən məlumdur ki, deyişmələr ya hərbə-zorba şəklində qurulur, yaxud da qoşma-qıfılbənd kimi deyilir. Şifahi ədəbiyyatda isə daha çox bayatı şəkilli oğlan-qız deyişmələrinə rast gəlinir. Adətən, aşıqlar öz yurd-yuvalarından yol başlayıb uzun məsafələr qət edib o aşığın yanına deyişməyə gedirdilər ki, onun da adı-sanı olsun, saz çalmağı, söz qoşmağı dillərdə söylənsin. Heç bir aşıq öz şəninə sığışdırmazdı ki, deyişdiyi adam savadsız, adi bir adam olsun.
Rəna xanımın dağları deyişməyə çağırması onun xalqın mənəvi sərvəti olan saz sənətinə necə dərindən bələd olduğunun göstəricisidir. Üçüncü bənddə şair dağlarla dərdini bölür, illəri birgə yola saldıqlarını vurğulayır. Dağların geniş ürəkliliyinə bələd olduğuna görə, onların dərdinə şərik çıxacağından əminliyini gizlətmir.
Gen sinə açırsan gələn hər kəsə,
Qıymaram üstündən qara yel əsə.
Zirvənə qalxardım bircə nəfəsə,
İndi nəfəsi təng, saçda dən gəldim.
Düzdür, şair yaşa dolduğunu etiraf edir, dərdini dilinə gətirir. Lakin həmişəki kimi, adətinə sadiq qalaraq dərdin qarşısındakı mərdanəliyini qoruyub saxlayır. Elə buna görə də şeirin möhürbəndində dağlara belə deyir:
Xəbərsizsən dərdlərimdən hələ sən,
Nələr çəkdim bu müddətdə, biləsən.
Rəna qoymaz göz yaşını görəsən,
Unudub kədəri, bura şən gəldim.
Rəna xanımın dözümü də dağa bənzəyir. Bu dağ dözümü ilə o, dərdini dağlardan gizləməyə çalışır, dərdin önündəki mərdanəliyinə sadiq qalaraq dağlarla nikbin görüşür.
***
Rəna Teymurqızının daha bir şeiri isə klassik ədəbiyyat nümunələrindən birinə, təbiətnaməyə bənzəyir. “Təzədən vuruldum” adlı şeirdə şairin yaratdığı lirik obraz təbiətin dilini bilir, onun çağırışını eşidir:
Təbiət “gəl” dedi, görüşə getdim,
Hər çəmən, hər çiçək həmdəmim oldu.
Oxşadı könlümü güllərin ətri,
Dağların havası sinəmə doldu.
Çiçəkləri özünə həmdəm sanan Rəna xanım əsl gözəlliyi duymağı, ona qiymət verməyi bacarır. Düzdür, “dünyanı gözəllik xilas edəcək”-deyirlər, fikrimcə, ən əvvəl bütün dünya gözəlliyin xilasına çalışmalıdır. Biz özümüz yaşadığımız mühitin hər bir nəsnəsində gözəllik axtarmalı, tapmalı, qorumalıyıq ki, dünya da gözəl olsun. Bir sözlə, var olan gözəlliyə vurulmağı bacarmalıyıq... Rəna xanım kimi...
Təzədən vuruldum bu gözəlliyə,
Ahıl olmağım da çıxdı yadımdan.
Qayğılar bir anlıq geridə qaldı,
Şükr etdim Tanrıya yenə adımdan.
Şair təbiətə heyranlığın elə bir zirvəsinə çatır ki, dərdini-qəmini unudur. Yalnız işıqlı gün, nurlu sabah haqda düşünür. Gündəlik qayğılar belə, geridə qalır. Müəllif təbiətin əsrarəngiz fövqündə sanki bu dünyadan qopub bambaşqa bir aləmə düşür. Ordakı sirr, sehr, rəngarənglik Rəna xanımın hisslərinə, öz dünyasının fəsillərinə də sirayət edir:
Mənim də dünyamın təbiəti var,
Orda da neçə qış, neçə yaz olub.
Ardınca da Rəna xanım hisslərinin rəngdən-rəngə düşdüyünü deməklə insan xislətinin dəyişməyindən, həmçinin, ruh halının zaman və məkana uyğun fərqliliyindən danışır:
Dəyişib rəngini bəzən hisslərim,
Gah qara boyanıb, gah bəyaz olub.
Bu beytdə təbiətin daha bir möcüzəsinin izahını oxuyuruq. Diqqət edək, yazda bir gül toxumu əkirik torpağa. İlk cücərtisi göy rəngdə olur. Az keçmir ki, bu göyərmiş zoğ böyüyüb yaşıllaşır. Yayın isti aylarında yaşıl tumurcuqlarından rəngbərəng çiçəklər boylanır. Payıza doğru yaşıl rəng sarıya çevrilməyə başlayır. Sonda payızın sehirli qızılı rənginə boyanıb torpağa baş əyir. Nəhayət, torpağın özü rəngdə olub, onun dənələrinə qarışır. Rəna xanım gülləri-çiçəkləri, ümumiyyətlə, bitkiləri təbiətin hissləri kimi ifadə edir. Necə ki, “təbiətin hissləri” zamana, havaya uyğun belə dəyişir, onun bir parçası olan insanın yaşantıları da şəraitə uyğun formalaşa bilir. Bax, bu mənanı görürük Rəna xanımın yaradıcılıq nümunələrində... Təbiətin öz övladı insanı necə yaşatmasının, onu əzizləməyinin, qorumağının belə, şahidi oluruq:
Qəlbim fərəhlənir baxdıqca göyə,
Çətin ki, yer üzü qəddimi əyə.
Ürəyim istidən bişməsin deyə,
Buludlar yoluma yağış çiləyir.
Təbiət hissimlə yaranıbdır tən,
Kaş ki, mən olaydım çəməndə itən.
Dağların döşündə rəngarəng bitən,
Çiçəklər könlümə sevinc ələyir.
İstər şifahi, istərsə də yazılı ədəbiyyatda əsl aşiqlər həmişə bülbülə bənzədilib. Onun gülə olan sevgisi zirvədə olub, insanların dillərə düşən sevgisi məhz bu quşun sevgisi ilə müqayisə olunub. Saysız-hesabsız bayatı, nağıl, əfsanə, şeir nümunə gətirə bilərik ki, insan bülbülün sevgisinə həsəd aparıb.
Rəna xanım təbiətin ən gözəl sevgi mücəssəməsi bülbülün duyğularını da 2013-cü ildə nəşr olunan “Rübailər” kitabında özünəməxsus tərzdə qeyd edir:
Bülbül gülün budağında gizlənər,
Sevgi könül otağında gizlənər.
Gündüzlərin günəş dolu işığı,
Gecələrin qucağında gizlənər.
Rübainin ilk beytində bülbülün öz sevgisi naminə gülün budağına sığınmasından danışılır. Eyni zamanda, sevginin ülvi olduğu qədər də mübhəmliyi göz önünə gətirilir.
İkinci beytdə isə Rəna xanım göylər qızı Günəşin qaranlıq gecədə gizlənməyini deməklə türk xalqlarının ortaq folklor nümunələrinin başlanğıc nöqtəsi sayılan “Ay və Gün” əfsanəsinə işarə edir. Əfsanəyə görə, Ayla Gün bir-birinə aşiqdirlər. Onlar görüşməyə, vüsala yetişməyə can atırlar. Lakin onlar bir-birinə çataçatda qaranlıq gecə araya düşüb onları bir-birinə qovuşmağa qoymur. Rəna xanımın rübaisində dilinə gətirdiyi bu hikməti açmaq üçün gərək ədəbiyyatın özünə sığınasan...
Güllər, çiçəklər təbiətin ən gözəl, incə övladlarıdır. Qızların ən gözəli də gülə-çiçəyə bənzədilir. Hətta ədəbiyyat nümunələrində lirik qəhrəmanlar, aşiqlər heyran olduğu qızın xarakterində gülə, çiçəyə bənzərlik axtarırlar. Məsələn: gözəlin utancaqlığı bənövşəyə, yanağı qızılgülə, buxağı ağ nəsrinə, xalı lalənin qara xalına, əllərinin xınası xına gülünə bənzədilir. Azərbaycan folklorunda güllərin nə vaxtsa gözəl bir qız olmasına dair nümunələr də çoxdur.
Rəna xanımın kitablarını vərəqlədikcə onun bir misrası yaddaşımızda bütün bildiklərimizi təkrarlamağa açar rolu oynayır. Güllərdən, çiçəklərdən, onların xalq düşüncəsində, ədəbiyyatda obrazlaşdırılmasından danışmağıma da Rəna xanımın bir rübaisi vəsilə oldu:
Güllərin özünəxas ləçəyi var,
Onların çirkini, həm göyçəyi var.
Çəməndə çox sayda çiçəklər bitər,
Amma hər könülün öz çiçəyi var.
Daha bir nümunədə şair təbiətin təzadından danışır. “Təbiətin təzadı” deyəndə, düzdür, ilk öncə göz önünə Bəxtiyar Vahabzadənin şeiri gəlir:
Ey ana təbiət, de neçin, niyə,
Gülün budağında tikan bitirdin?
Bulağın gözünü qotur keçiyə,
Bulanıq suyunu ceyrana verdin.
Burda şairin ana təbiətə üsyanı var, daxili hayqırışı var. Bəxtiyar Vahabzadə qızılgülün tikanıyla razılaşmır. Maralların daim üzləşdiyi təhlükəni qəbul etmir. Ancaq o unudur ki, bu təzadı, qismən də olsa, yaradan insandır. Bulaqları abadlaşdıran, keçini ev heyvanı kimi əhlilləşdirən, maralları ovlayaraq onları yaşayış məskənlərindən uzaqlaşdıran da insandır. Buna görə də, Bəxtiyar Vahabzadənin təbiətə müraciətində yalnız qızılgülün tikanı hadisəsi ilə razılaşmaq olar. Əslində, bu da ana təbiətin “günahı” deyil. Təbiətdə olan hər şey yaradılışdan özünümüdafiə imkanına, az da olsa, malikdir. Bu, bir növ qanunauyğunluqdur. Hər birimiz bununla razılaşmağa məcburuq. Çünki təbiətə üsyan bəşər üçün heç də daim uğurla nəticələnmir.
Rəna xanım burda da öz məntiqini qoruyub saxlamışdır. O, təbiətə üsyan etmir, lakin onun təzadlarını hikmət mənbəyi sayır:
Hər günün öz axşamı var,
Qara şamı, ağ şamı var.
Çəməndə tək çiçək bitmir,
Qanqalı var, yovşanı var.
Burada fəlsəfi fikir yenə insan xislətinə şamil edilib. Həyatda hər cür xasiyyətdə, müxtəlif xarakterdə insana rast gəlmək mümkündür. Bu da bir hikmətdir, əslində. Hər insan öz fərdiliyi ilə həyatda yeni rəng, fərqli çalar yaradır. Eləcə də, bitkilərin müxtəlifliyi təbiətin qəribəliyi, möcüzələri, bəlkə də, haradasa harmoniyasıdır.
Rəna xanım meşələrdən də ürək dolusu danışır:
Meşələrin könlü tox,
Acgözlüyə meyli yox.
Hər an bir əsər yazır,
Qələmi, vərəqi çox.
Bu rübaidə öncəki fikrin əksi olaraq insan xasiyyəti yazar təxəyyülü ilə meşəyə köçürülüb. Onun gözü-könlü tox olması deyimi elə meşənin sərvətlərlə zənginliyidir. Hər an yazılan nəğmələr quşların cəh-cəhi, yarpaqlardakı şehlərin titrəməsi, həşəratların hər birinin özünəməxsus səsi, xəzəllərin xışıltısı, çayların, bulaqların şırıltılı zümzüməsidir.
***
...Bir gün yenə Rəna xanımla söhbət edirdik. Mənə dedi:
-Şairin ümidi odur ki, öləndən sonra da şeirləri oxunsun...
-Şair şeirləri qədər vardır.
İkimiz də gülümsəmişdik və pəncərədən görünən uzaqlara baxmışdıq... Hə, Rəna Teymurqızı hələ var, hələ yaşayır, hələ bizimlədir-şeirləri ürəyimizin üstündədir axı!
"Ədəbiyyat və incəsənət"
(28.01.2025)