Sərdar Aminin “Qorxma, mən səninləyəm”i UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN növbəti təqdim edəcəyim şeir bu yaxınlarda sosial şəbəkədə rastıma çıxan və məni həqiqətən də gözəlliyi, orijinallığı və coşğun lirizmi ilə ovsunlayan “Qorxma, mən səninləyəm” şeiridir. Şeirin müəllifi Sərdar Amindir.

Sən baxan qara daşlar

çırpınar, leylək olar.

Sən baxmasan, leyləklər

bir topa lələk olar.

Tanrım, necə də gözəl deyir.

Xoş mütaliələr! 

 

 

Qorxma, mən səninləyəm

Həm də burda, yel atım.

Sən çap yarımçıq qalsın

üç misralıq bayatım...

 

Bibimin bişirdiyi

şirin ləzgi qoğalı

Gecəmin Ay işığı,

əlimin portağalı.

 

Sən od-alov qızısan

bir əlcə ürəyində

o sərçə ürəyində

pulemyotların səsi...

Saçlarını oynadır

fərarilik nəğməsi.

 

Sən böyük sevinclərin,

ən böyük sevinclərin,

gülüşlərin qəmzəsi.

Qayıdan durna səsi.

Şəlaləsən, şəlalə

tanrıdan yerə axan...

Bitməyən su sərgisi…

 

Sən baxan qara daşlar

çırpınar, leylək olar.

Sən baxmasan, leyləklər

bir topa lələk olar.

 

Əlini gözünə qoy,

gözünü dik səmaya,

Sən ki müqəddəslərin

saman qoxan ağımtıl

kətan çantalarından,

nar qoxan heybələrdən

doğulmusan dünyaya.

 

Mən də səni süzürəm,

yaşadığın adanı.

Bu tənhalıq, sakitlik,

Məst eləyir adamı.

 

Hər gün susub baxıram,

Səmadakı rənglərə

Yerini göstərməkçün

atdığın fişənglərə.

 

Sən canın, elə baxma

pislik gəlmir əlimdən

Tənha adan gözəldi

mənim miskin gəmimdən.

 

Sənə əlim toxunsa,

Günəş çıxar bir anlıq

İtər uçan fişənglər

Bitər atəşfəşanlıq.

 

Nə olar, əl yelləmə

qaranlığında qalaq.

Portağalsan əlimdə

sıxsam, Günəş doğacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.