Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Əkbər Qalanın şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
İçimdə bir zindan var
İçində mən
Mənlik qandalları, ayaqlarımda
Məncillikdən məncilliyə qoşdururam, xəyallarımda ;
İçimdə bir dustaq var
Sağır birisi
Dinləməz, duymaz, görməz
Çiyinlərində kibir
Ağır birisi;
İçimdə bir məhkum var
İçimdə əsir
Günəşə doğru,
Hər zaman yolumu kəsir...
II.
Arabaların sinir pozan siqnalları
Sərt heykəllər
İsti, tüstü məncilli göydələnlər
Qaraqabaq ağaclar, soyuq baxışlar
Kor olmuş pinarlar
Daşlaşmış könüllər
Və
Robot adamlar;
Sanki!
Cənnətdən qovulan kimi
Sona varmış bir dünyanın
Cəhənnəmində gömülmüşəm...
III.
Bakının havası üşüdür məni
Təbrizə döndükdə donub qalıram.
İstirəm gözlərində qızışım biraz,
Sevgi damosunda yanıb qalıram.
Arxanda köksündə dərin yaralar,
Hələ də görünür, silinməz bu dərd.
Baxma ki, ayığam gözlərim baxır,
Elə yatmışam ki, bilinməz bu dərd.
O tayda sənsizəm qala bilmirəm,
Keçirəm bu taya gözləyir məni.
Bakıda bir cüt kömürü gözlər,
Bilirəm hər zaman özləyir məni.
Bu yanda onsuzam, oyanda sənsiz,
Sən tək ayrılığa dözə bilmirəm.
İllərdir çəkirsən ayrılıq qəmin,
Mən nədən bu dərdi çözə bilmirəm?!
Bakıda yaşamaq, Təbrizdə ölmək,
Yetər ki, vətəndən ayrı qalmayım.
Bu torpaq mənimdir, mənim qalacaq,
Yetər ayrılıqdan sarı qalmayım.
IV.
İçimdə bir arzu var
Dar ayağında Həsrətim
ipini çəkmək istəyir
Səbrim tükənib, ümidlərim də.
Birbəbir, intihar etmək istəyir
Gözlərin!
Nədən məni sürgün edib ki?
Xəyal dünyasında gözləyim səni
Yurdumda sənsiz qürbət yaşayım
Təbriz qapısında özləyim səni?
V.
Xəyalımın
Uzun-uzun yollarında
Sevdanı, düşündüyüm zaman
Həsrətlə
Darısqal küçələrdə
Arxanca süründüyüm zaman
Nə biləydim
Buraxdığım çağlar
Talan imiş?!
Bütün sevgilər
Yalan imiş?!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)