“Qəbrini qazıram arzularımın” – CAVİDANIN ŞEİRLƏRİ Featured

Sizləri bilgiləndirmişdik ki, Yeni ildə poçtumuza gələn ilk məktub Cavidan Hacıyevin şeirlərindən ibarət olub. Cavidan fərqli yazır, heç kəsi təqlid etmir. Mövzuları da özünəməxsusdur. Məsələn, indi süjetli şeir demək olar ki, yazılmır. Amma onun əksər şeiri məhz süjetlidir. Oxudun, sanki qısametrajlı bir filmə baxdın.

Şeirlərinin bir hissəsini diqqətinizə çatdırmışdıq, indi də digərlərini ixtiyarınıza veririk.

 

Şaxta Baba

 

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü həyat bu yerdə.
Səssizcə yataqda qısılıb küncə
Nəsə pıçıldayır Fidan gizlində.

Böyük bir qız olub, var altı yaşı.
Ancaq, nağıllara inanır hələ.
Bayram gecəsində səssiz danışır,
O, Şaxta Babadan umur hədiyyə.

Bir Şaxta Babaya inanır Fidan -
Bir Şaxta Baba ki yanıltmır heç vaxt.
Keçən il söylədi — «Gələn qışacan».
Deyibsə, deməli O qayıdacaq.

Deyəsən, bu işin sirrini bilir. 
Bir Şaxta Babaya inanır Fidan.
Libası geyəndə «baba» deyilir -
Qalan günlər isə söyləyir — «ata»

Atası dedi ki, məskəni dağlar.
Gedir, qarlı dağda qurmaqçün dəyə.
İlahi, hamının gözləyəni var.
Şaxta Babaları özün hifz elə.

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü qış da — titrədi.
Fidançün bir nağıl bitdi indicə -
Üç alma yerinə — ata həsrəti.

Kimin ahı tutub, kim edib qarğış?
Çaylarda su donur, damarda qanlar.
Nə yaman sərt keçir gecələr bu qış.
Atasız üşüyür neçə fidanlar.

Atan nağıllara oldu qəhrəman.
Atan bir həsrəti sona yetirdi.
Uçulmaz bir dəyə qurubdur — dağdan
Canıyla bizlərə Vətən gətirdi.

 

 

Nifrət

 

Burda bir qız sevinir
Özünə nifrət dolu.
Burda bir qız sevinir
Qəlbində ancaq. Solur
Səssizcə burda bir qız
Solur hamıdan gizli,

solur hamıdan yalqız.
Solur burada bir qız,
Solur hər gündüz-gecə,
Solur burada bir qız
Diksinərək hər səsə.

İndi sevinməliydi axı fişəng səsinə, 
Deyilən sağlıqlara, dəyən qədəh səsinə.
İndi sevinməliydi burda toy olacaqdır -
Əri ərənə döndü, dağda toya yollandı.
Bura vəhşət çökübdür. «Ay nazəndə sürməli,
Toy nədir? — Qayalarda indi mamır bitməli»
Deyib getdi səngərə, Ondan yoxdur soraqlar,
Burada bir qız sevir, Onun gözləyəni var...

Əcəl zəngi yorulmur, susmur bircə dəqiqə.
İndi çox tanış adda bir meyit gəlir kəndə.
Gözü yaşlarla dolu, qəlbində kinli hənir
«Nə yaxşı ki O deyil» — deyib, bir qız sevinir...

Orda bir qız sevilir
Güllə boran altında,
Orda bir qız sevilir -
Sevilməyəcək daha.
Kəndə yenə gedəcək, al-siyahlı cənazə -
Ölüm axı gələndə, soruşmur ki icazə....

Nə yaman qış sərt keçir, niyə ərimir bu qar?
Qana doymuş torpaqlar, qara bağlı qapılar.
Gedənə ölüm düşdü, qalana itim qaldı.
İnsan cüdaya döndü — Vətəndən yetim qaldı.

Bu dərd zamanla itməz, zaman bu dərddə itir.
Birdə göstərmə Allah, bizə vətən həsrəti

 

 

Qəbir

 

Qəbrini qazıram arzularımın.

Özüm öz arzuma qatil olmuşam.
“Xoşbəxtlik” adında bir xəyalımın,
Sən demə, sadəcə, qurbanıymışam.

Qəhrəman sayırdım mən də özümü
“Həyat” ismi olan qəddar savaşda.
Uduzub, açaraq ona gözümü,
Gördüm, düşmən olub doğma qardaş da.

Görünür, qəribə döyüşdü həyat.
“Vur ki, vurmasınlar” – olub tək qayda.
Məğlubsan, nə qədər etsən ehtiyat:
Öldürsən – qatilsən, ölsən – nə fayda?

Sanarıq, baxırıq diqqətlə ona,
Həyata dörd açıb gözlərimizi.
Tək göz yox, qəlb baxsa həyat yoluna,
Görərik, nə sirlər gözləyir bizi.

Bəlkə da, savaşa başladım erkən,
Bəlkə, başlamadan məğlub olmuşam.
Bir daşmı vururdu sinəmdə, görən,
Bir kora hədiyyə güzgü almışam.

Kor adam alaraq güzgünü ələ,
Gətirdi aynanı gözünə sarı.
Baxsa da, görmürdü aynada heç nə,
Gülüşlə boğurdu göz yaşlarını.

Döyünə bilərmi, görən, daş ürək?
Almazmı gücünü ürək duyğudan?
Duyaraq yaşasın insanlar gərək:
Yaşamaq fərqlənir mövcudiyyatdan.

Qəbrini qazıram arzularımın.
Bəlkə arzumun da yaşam haqqı var.
Ölməsin görərək xəyallarının,
Yaşayır arzuya qəbirqazanlar.

 

 

...

 

Yazılmayan şeirlərdən kağız çiçək dəstələri.
Bəmbəyazdı bu güllərin mürəkkəbsiz ləçəkləri.
Sadə bəyaz vərəqlərdi, yox mürəkkəb, yoxdur sətir,
Nə gözyaşı yağışı var, nə yolda qız, nə də çətir.
Bircə O var. Həsrət ilə baxıb çölə pəncərədən,
Ürəyində şeir deyir yazılmamış sətrlərdən.
Həsrət ilə baxıb çölə gözləyir O, həmin qızı:
Yeriməyi bacarmayan lal birinin baxıcısı.
Həsrət gedir — o qız gəlir, verir Ona dərmanını,
Adət üzrə sorur yenə cavabsız Ondan halını.
Dodağında təbəssümlə tərk edərkən palatanı,
İlk dəfə O əllərindən yapışdı tibb bacısının.
Çətinliklə öz üzünə verib O da təbəssümü
Qıza verdi düzəltdiyi bəyaz kağız qızılgülü.
Tək nəfərlik sevgi ilə sürüb həyatın çağını,
Kağız güllə qaldırmışdır O da bəyaz bayrağını.
Alıb gülü gülüş ilə çıxdı çölə tibb bacısı.
Boğulurdu sükut ilə lalın sevgi çığırtısı....

...Əri sordu həmşirədən haradan almış bu gülü?
Qızsa dedi, bu sadəcə bir xəstənin təşəkkürü.
Anlayanda tibb bacısı görünməyən şeirləri.
Tez qayıdıb palataya — tapdı Onun cəsədini...

...Anlatmışdır həmin qıza deyilməyən şeir səsi:
Hər əlilin mütləq vardır sevdiyi bir həmşirəsi.
Əlil əza eybi deyil, ruhumuzun nöqsanısa,
Onda həyat nərdivandır, biz əlil arabasında.

 

 

Sürünən qartala.

 

Xəyalı qalsa da o ulu dağda,
Qazırdı torpağı bir qoca qartal.
Qayadan tayaya düşüb bu çağda
Nə yaman alçaldın, ay uca qartal?

 

Niyə tərk elədin ulu zirvəni?
Düşüb utandınmı qartal adından?
Daşları qoparan, çılğın, sərsəri
Külək doğulurdu qanadlarından.

Küləksiz qalıbdır neçə zirvələr.
Qalıbdır kimsəsiz qayalarıyla.
Axı çox olsa da uca zirvələr
Onlar da öyünüb qartal adıyla.

Qazırsan torpağı qarğalar kimi.
Sən hansı günahı gizlədirsən ki?*
Bir vaxt ov etdiyin, şikar bildiyin
İlanlar içində bezməmisən ki?

Sürünmə, ay qartal, tez ol, aç qanad.
Uç ulu zirvənə, uç elə indi.
İtirmə zirvəni, çünki bu həyat
Qartalı ilantək süründürəndi..

 

 

Təmsildəki kimi

 

 

 

Bantını saçlarına bağlayıb bu balaca
Tez-tələsik gedirdi məktəbə qaça-qaça.
Güzgününsə önündə bir balaca yubanır,
Yenə bantına baxır, saçını tumarlayır.
Fevralda alınıbdır — ad günü hədiyyəsi,
Üstündə də vurulub «balıqlar» işarəsi.
Anası gülüb dedi: " Get, dərsə gec qalmamış,
Evə də geri gəlmə dərsindən «beş» almamış."
Alaraq çantasını o qızcığaz belinə,
Qaça-qaça yollandı öz doğma məktəbinə.
Qaçaraq bərk tuturdu qızcığaz çantasını,
Ağ lentsə bəzəyirdi onun qara saçını...
...Əlində dərman ilə girərək palataya
Həmşirə söyləyirdi «oyan» kiçik Sonaya

 

“Ədəbiyyatvə incəsənət

(24.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.