POETİK QİRAƏTdə Əlizadə Nuri “Özünü yüksəkdən atan qızcığaz...” şeiri ilə Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.

 

Həyat bir quyuymuş- çoxmuş qatları...

Bu həyat yolunda diz də qatlanır.

Sən kimdən almışdın o qanadları-

Özünü yüksəkdən atan qızcığaz?

 

deyə şair sual edir.

Xoş mütaliələr!

 

Özünü yüksəkdən atan qızcığaz

 

Ölüm sərgisinə bir  can çıxartdın...

Öldün, ölümü də haldan çıxartdın.

Hansı mələk səni yoldan çıxartdı-

Özünü yüksəkdən atan qızcığaz?

 

Biz  necə ovudaq bu boyda yası?

Su da soyutmazmış, ay su sonası.

Nə azmış yer ilə göyün arası-

Özünü yüksəkdən atan qızcığaz?

 

Tanrının tikdiyi köynəyi seçdin,

Nəyi seçməliydin, gör nəyi seçdin...

Seçdin, ölməyə də göyləri seçdin-

Özünü yüksəkdən atan qızcığaz.

 

Bu gün gəlincikdin, sabah gəlindin,

Ölüm, canın yansın, gəlhagəlindi...

...Bəlkə yaxamdakı sənin əlindi-

Özünü yüksəkdən atan qızcığaz?!

 

Həyat bir quyuymuş- çoxmuş qatları...

Bu həyat yolunda diz də qatlanır.

Sən kimdən almışdın o qanadları-

Özünü yüksəkdən atan qızcığaz?

 

Çapdı öz atını, şeytan düşmədi,

Sənə bu girdiyin meydan düşmədi.

Dünyada nə varsa, göydəndüşmədi-

Özünü yüksəkdən atan qızcığaz.

 

Duz yükü var imiş düz ilqarın da,

Rəngi qaralarmış yerdə qarın da.

Bir kaman ağlayır yuxularımda

Özünü yüksəkdən atan qızcığaz.

 

Sənə kim toxundu-niyə yıxıldın?

Çiçək üstündəki şehə yıxıldın...

Göydən yıxılmadın, göyə yıxıldın-

Özünü yüksəkdən atan qızcığaz.

 

Səbəb soruşsalar- "lalam" deyərsən,

Ayın yanağında xalam, deyərsən.

Məndən də tanrıya salam deyərsən

Özünü yüksəkdən atan qızcığaz.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.