SONUNCU MƏCNUN - 20-ci əsrdə Gəncədə yazılmış “Leyli və Məcnun” əsəri və onun müəllifi, ədib Səlman Əhmədli haqda Featured

Zakir Muradov, “Ədəbiyyat və incəsənət” portalının Gəncə təmsilçisi

 

Azərbaycan romantizminin doğan günəşi Mikayıl Müşfiq 1938-ci ildə, ölkəni bürümüş qaba inkvizisiya tərəfindən məhv edildi. Nəşinin yeri belə ilim-ilim itirilləcək incə qəlbli oğlunun güllələnməsi xalqın qəlbini göynətsə də nadanların ritorikası ilə hipnoza düşmüş cəmiyyətdə neçə-neçə işıqlı zəkaların qeyb olması kimi, bu itki də müti bir sakitliklə qarşılandı.

Belə bir mühitdə Gəncədə, ədəbiyyat və poeziya ilə bağlı olan bir nəfər Muşfiqin başına gətirilənlərə dözməyərək, qəlbinin üsyanını şeirə köçürdü. Üstəlik, aşkar etirazının öz başına bəla gətirəcəyini billə-bilə şeiri «Ədəbiyyat qəzeti»nə göndərdi.

 

Müşfiq – nə qədər də mənalı, dərin,

Adi şeriyyət tək incə, nazənin.

Əbəd yolçusudur, yol verin ona,

İlhamdan düşmüşdür od buluduna.

Həyat atəşi var nəşidəsində,

Müşfiq yaşayacaq xalqın səsində!

 

Aydındır ki, «Ədəbiyyat qəzeti» bu misraların sahibi kimi «şir ürəyi yemək» fikrində deyildi və hər bir sətri Müşfiq kimi əbədiyyət yolçularını “dənləyənlərə”  etiraz olan şeiri də əlbəttə ki, çap etmədi.

«Ədəbiyyat qəzeti» əvəzinə müəllifə NKVD cavab verdi. Onsuz da xeyli müddətdir «Hüseyn Cavid, Əhməd Cavad kimi pantürkistləri yamsılayan arzuolunmaz element» kimi «tənqid» olunduğundan onu - Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsi sədrinin müavini Səlman Əhmədlini ailəsi ilə birlikdə dörd illiyinə Türkmənistana, Krasnovodska sürdülər. Vətənə dönəndən sonra da məhrumiyyətlər davam etdi. Çünki Səlman Əhmədli «palaza bürünüb, ellikcə sürünənlərdən» deyildi.

 Səlman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu «Difai» milli təşkilatının üzvü idi və 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak olmuşdu. Anası Münəvvər Saleh bəy qızı Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.

Cümhuriyyət qurularkən Səlman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların məsləkdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, eləcə də Gəncədə Şeyxzamanlıların evində məskunlaşan Nuri Paşanın, ondan qabaq isə Hüsaməddin Tuğacın (gəncəlilər tərəfindən Sibir sürgünündən qaçırılmış bu türk ordusu zabitinin yaralarını Səlman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyətləri gənc Səlmanın formalaşmasında dərin izlər buraxmışdı.

O, 1920-ci il bolşevik istilasının əzabını hər mənada öz üzərində hiss edənlərdən olub. Atasını, dayısı Məmmədbağır bəyi və digər yaxınlarının itirilməsi  bir yana, özü də Gəncə üsyançılarına yemək apararkən, düşmən topunun mərmisinə tuş gəldi. Bədəninin sol tərəfi mərmi qəlpələri ilə dolu, ağır yaralı, huşunu itirmiş Səlmanı qaçhaqaç düşmüş küçələrdən çıxararaq məscidə qoymaq mümkün oldu. Amma əsgərlər məscidə də soxuldular. Səlmanı xilas edən onun başının altına qoyulmuş «Quran» oldu. Bir tatar əsgər bu kitaba görə onu güllələnməyə qoymadı. Bir neçə gün məsciddə, daha 10-12 gün isə evdə huşsuz qaldıqdan sonra Səlmanda birdən-birə həyat əlamətləri hiss olundu. Ona damcı-damcı bəhməz verməyə başladılar. Məşhur gəncəli həkim Polyakov (köhnə gəncəlilər ona Balyaqov deyirdilər) Səlmanın bədənindəki qəlpələrin bəzisini çıxardı. Amma bu mərmi parçalarının bir qismi Gəncə üsyanından yadigar kimi ömrünün sonunadək onun bədənində qaldı.

Beləcə, Səlman Əhmədli həm hərfi, həm də məcazi mənada, ürək tərəfi «ovulmuş» halda Sovet dövrünə qədəm qoydu.

Amma o, sınanlardan deyildi. Əksinə, qurbanlara baxmayaraq, yeni, daha tərəqqipərvər cəmiyyət qurulacağı ümidi ona güc verirdi.

Səlman Əhmədli 1923-cü ildə Bakı Dövlət Universitetinin ədəbiyyat fakultəsinə daxil olur. Burada İsmayıl Hikmət, Bəkir Çobanzadə, Hüseyin Cavid və digər işıqlı zəkalardan dərs alır. 1926-cı ildə Türkiyədən Bakıya, Birinci Türkoloji Qurultaya gələn və bir müddət universitetdə mühazirə oxuyan Əli bəy Hüseynzadə ilə tanışlıq yaradır (Səlman Əhmədli  bir neçə tələbə dostu ilə birgə texniki yardımçılar heyətində qurultayda iştirak etmək şərəfinə də layiq görülür). Əli bəy gənc Səlmanın Azərbaycan Cümhuriyətinin sabiq təhlükəsizlik naziri, mühacirətdən tanıdığı Nağı bəy Şeyxzamanlının bacısı oğlu olduğunu bildikdən sonra ona xüsusi rəğbət göstərir. Hətta Səlman böyük türkşünasın yaşadığı, Hüseyn Cavidin BDU-nin həyətində olan evində Əlibəy Hüseynzadə, İsmayıl Hikmət, eləcə də gənc şairlərdən Almas Yıldırm, Əmin Abid və başqalarının iştirak etdiyi görüşlərə də qatılır.

Universitetdə “türk yelləri”ni  duyan Sovet hökuməti Ə.Hüseynzadə və  İ.Hikməti geriyə, Türkiyəyə göndərir, Universitet isə bir neçə yerə parçalanır. Ədəbiyyat fakultəsi də yeni yaradılmış Ali Pedaqoji İnstitutun tərkibinə qatılır.

Buranı 1927-ci ildə bitirən Səlman Əhmədli Gəncə Pedaqoji Texnikumunda dərs deyir. Texnikumda Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun kimi şəxsiyyətlər bir müddət onunla həmkar olublar. Müşfiq və Cavadla dostluğu Səlman Əhmədlinin yaradıcılıq yönünə də təsirini buraxmışdı. Onun 20-30-cu illərdə  Azərbaycan mətbuatında çap olunmuş şer və poemalarında bu ruh yaxınlığını hiss etmək olur.

 

 

 Şəkildə: S.Əhmədli (oturub) Gəncə Pedaqoji Texnikumunun müəllim həmkarları ilə. Sağdan birinci Səməd Vurğundur. 1928-ci il.

 

1932-ci ildə  Mikayıl Müşfiqin Dilbər xanımla nişan mərasimində öz həyat yoldaşı Xuraman və bir yaşlı oğlu Müqbillə iştirak edən S.Əhmədli, mətbuatda yenicə çap olunmuş «Leyla» poyemasını məclisdəkilər (Əhməd Cavad, S.Vurğun, R.Rza, N.Rəfibəyli, Cahanbaxş və b.) üçün oxuyur. Buradaca Səlmana yarızarafat, yarıgerçək «Leyli ilə Məcnunun əhvalatını ilk dəfə Nizami Gəncədə qələmə alıb, bəlkə sən də bu işə girişəsən, bir «Leyli və Məcnun» yazmaqla bu əsəri Gəncədə də bitirəsən» deyə, məsləhət verirlər.

Əslində, Səlman Əhmədli bu ideyanı yaradıcılıqla məşğul olmağı qət edən andan daşıyırdı. Və o, 1934-cü ildən başlayaraq, 33 il ərzində (!) öz yaradıcılığının ən mükəmməl işini, «Leyli və Məcnun» əhvalatının fəlsəfi-sufi motivlərlə dolu olan öz versiyasını, eyni adlı böyük nəzm əsərini yaratdı.

Bu əsər həm də onun təmənnasız, «sufi», «məcnun» ömrünün manifesti idi. Maraqlıdır ki, xüsusən Müşfiq və digər könül həmdəmləri dünyadan qoparılandan sonra Səlman Əhmədli «Leyli və Məcnun»u çap etdirmək fikrində də olmamışdı. O, onillər ərzində yazdıqlarını yalnız sadiq dostlara, bir də «Leyli və Məcnun»nun beytlərinin sayı ilə birgə böyüyən oğulları – Müqbil və Bəşirə oxuyardı. Müqbil - Azərbaycanda hamının tanıdığı, Respublikanın xalq artisti mərhum Mobil Əhmədovdur.

İkinci oğul, hazırki Aqrar Universitetdə uzun müddət işləmiş mərhum Bəşir Əhmədov atasının mənəvi dünyası haqda bunları danışardı:

«Biz gözümüzü açandan sovet dövrünü görmüşük. Ancaq atamın sovet standartlarına girməyən şəxsiyyətinin özü elə bil adama anladırdı ki, biz həqiqətə qulluq edən cəmiyyətdə yaşamırıq. O, dayıları və onların ideyaları haqda hərdən danışsa da, çoxdan rüşvət və ikiüzlülük relslərinə düşmüş sovet cəmiyyətini heç vaxt söyməzdi. Amma söysə, bəlkə bundan yaxşı idi. Çünki onun öz dünyagörüşü, ətrafdakı hadisələrə baxışı, hər hansı təmənna naminə heç kimsəyə hətta süni gülümsəməyi belə şəxsiyyətinə sığışdırmaması yaltaqlıq və yalanın başa çıxdığı cəmiyyətə «sakit üsyan» idi. Atam ərəb və fars dillərini mükəmməl bilən, universtet təhsilli, istənilən vəzifəyə  yetişə bilmək bacarığına malik bir adam idi. Amma yuxarıda dediyim dəyərlərə görə, buna heç cəhd  də göstərmirdi. Sürgündən qayıtdıqdan sonra ömrünün axırınadək o, orta məktəbdə müəllim və kitabxanaçı, muzey əməkdaşı kimi işlərdə çalışdı. O, tanınmış zərgər Ağamirzənin yeganə kürəkəni idi. İstəsəydi əli qızılla oynayardı. Amma dünya malına gözucu da baxmırdı. O, doğrudan da əsl sufi, ədalət və düzgünlükdən başqa heç nəyi qəbul etməyən bir Məcnun idi.  Yadımdadır, biz uşaq olarkən, o, gecələr yatağımızın başına gələr, gözləri nəmli, üzündə təsviredilməz bir işıq, titrək, lakin avazlı bir səslə bizə nəyisə anladırmış kimi, öz «Leyli-Məcnun»undan oxuyardı:

 

Əhd bağlayaraq can ilə könül,

Həmdastan oldular bülbül ilə gül.

Bu gün açılacaq əzəlin razı,

Gözdə qalmayacaq ƏBƏD murazı.

Bu gün açılacaq möhürlənmiş mey,

Bu gün faş olacaq dünyada hər şey.

Bu gün kainatın doğar gündüzü,

Baxar Böyük Nura, Günəşin özü,

Qəribə bir qurğu qurular bu gün,

Eşq özü, özünə vurular bu gün.

 

Mənə elə gəlirdi ki, «Leyli-Məcnu»nun melodiyası evimizdə nəsə xüsusi bir aura yaradırdı».

S.Əhmədli ömrünün mənasına çevrilən əsərini də təvəzökar bir etirafla başlayır:

 

... Tarix qədəhimə tökübmüş əfyun

Ki, mənə dedirtsin: yaz «Leyli-Məcnun»!

Bu arzu adamı hansı məvayə

Çıxarıb, salarmış ahə, nəvaya.

Üz tutub deyirəm əziz xalqıma,

Bu könül işidir, məni qınama.

Əhv eylə bu haqda olub-keçəni,

Şahin fəzasına qalxan sərçəni.

 

Gəncədə yazılmış bu son «Leyli və Məcnun»da qəhrəmanların qarşılıqlı məhəbbəti HƏQİQƏT adlı vahid, ilahi eşqə qovuşmağa xidmət edir. Odur ki, təsəvvüf əhvalatları, hikmət və simvolları əsərin acarı rolunu oynayır.

Əsərin ilk fəsillərinin birində belə bir səhnə təsvir olunur: Aramsız coşub tufan qoparan Dəclə çayına bir nəfər qoca səyyah, dəsmalını açaraq içərisindən götürdüyü küldən bir çimdik atınca, çay sakitləşir və suyun üzündə «HƏQİQƏT» kəlməsi yazılır. Mədrəsədən evə yollanan Leyli və Qeys bu halın şahidi olurlar. Sən demə, bu gün «Sevgi günü» imiş və Dəclə də «Mənsur külü» istəyirmiş. Məşhur  Mənsur Həllacın  külünün əhvalatını isə səyyah belə açır:

 

Keçmiş zamanlarda, Mənsur adında

Yaşarmış çox fazil bir əhli-sevda.

Həqq-Həqiqətin çılğın aşiqi,

Açarmış əqlilə hər dolaşığı.

Hücum eylərmiş hər saxta sözə,

Mövhum hökmləri çırparmış üzə.

Deyərmiş: qulaq yum «bayquş» səsinə,

Xalqı çağırarmış Həqq qüvvəsinə.

Bu rindilər rindi, bu irmiş insan

Şərqin üfüqündə parlayan zaman

«Bayquşlar» çığrışır--«vaşəriata»!

«Kafiri məhv etmək!» deyərək, fitva

Verir, leş üstünə qonan quzğunlar.

Ona ölüm hökmü yazdırır onlar.

Bu zaman baxaraq Mənsur vüqarla,

Dünyaya sığmayan bir iftixarla,

Söyləyir: «Qəbuldur nə eyləsəniz,

Yalnız bircə bunu unutmayın, siz

Məni «haqdan ayrı düşmüsən» deyə,

Ölümlə alırsız qorxu, hədəyə,

Oda atırsınız kül etmək üçün.

Bircə xahişim var sizlərdən bu gün:

Mən yanandan sonra toplayın külü,

Saxlayın dəsmalda onu bükülü.

Nə zaman gurlasa, Dəclə biaram,

Salaraq haraylar, qəlbində məram,

O zaman bu küldən bir çimdik atın

Dərhal dayanacaq həyəcan, daşqın».

İndi haman küldür, görünüz hazır

Dalğalar qoynuna HƏQİQƏT yazır.

Demək, bildirirmiş o böyük insan:

- Mən uzaq deyiləm Haqdan bircə an.

Min kərə yakılsam Həqq naminə gər,

Külüm də HƏQQ söylər, HƏQİQƏT deyər.

 

Şübhəsiz, hər bir əsərdə onun müəllifinin ruhu var. Bu mənada, oxuduğumuz misralarda, HƏQİQƏTi göstərmək üçün insanlara öz külünü təklif edən Mənsur da Səlman Əhmədlinin dünyasını əks etdirib.

Səlman Əhmədli öz dünyasına hər adamı buraxmazdı. Çox az adamla təmasda olurdu. Bu adamlardan biri də böyük rəssam Səttar Bəhlulzadə idi. Öz rəsmlərində Füzuli, Məcnun mövzusunun dərinliklərinə girə bilən Səttar Gəncədəki «Leyli-Məcnun» təəssübkeşi üçün arzuolunan bir həmsöhbət idi.

 

Gəncəli rəssam Nazim Babayev xatırlayır:

«60-cı illərin ortalarında Səttar Bəhlulzadə Gəncəyə, xüsusən Göy Gölü çəkmək üçün, tez-tez gəlirdi. Onun burada ünsiyyətdə olduğu adamlar sırasında Səlman Əhmədli də vardı. Onların həm bir-birinin fikirlərini təsdiq edən söhbətlərinin, həm də məsələn, Füzulinin hansısa beytini mənası üstündə qızğın mübahisələrinin şahidi olmuşam. Ustad Səttar hətta Səlman müəllimin öz yazdıqlarını ona oxumasının təsiri ilə bir neçə «Məcnun» da çəkmişdi».

Səttarın adi albom kağızlarında yaratdığı bu «Məcnun»lar Gəncə sənətsevərlərinin şəxsi kolleksiyalarındadır.

 

Şəkildə: S.Bəhlulzadə, “Məcnun”. Qrafika, 1964-cü il.

 

«Atam 1972-ci ildə vəfat etdi. Həmid Araslının, Mirəli Qaşqayın, Ədil İsgəndərovun, Məmmədrza Şeyxzamanovun, Ələkbər Ziyatayın onun matəm mərasiminə gəlməsi bizdə bir şərəf hissi yaratdı. Deməli, o qədər də görüşməsələr də bu adamlar atamı daim ürəklərinə yaxın biliblərmiş»-deyə, Bəşir Əhmədli sanki, atasının portretinin son cizgilərini tamalayır.

Salman Əhmədli sovet dövründə hökm sürən yarımhəqiqət mühütinə yovuşmadan dünyadan köçdü. Çünki, cavanlığında daddığı HƏQİQƏT üçün darıxırdı. Onun «Sakit davası»nın da məzği bu idi.

Əslində Səlman Əhmədli həyatda adi, vicdanlı bir insan kimi yaşayırdı. Sadəcə, cəmiyyətdə bu, «qəribəlik» kimi qarşılanırdı. Çünki, cəmiyyətin həqiqət meyarları aşınmışdı.

Maraqlıdır, indi HƏQİQƏTƏ nəzərən hansı məsafədəyik? Bəlkə bunu «Mənsur külü» bilə.

Böyük dühalarımız Nizami və Füzulinin mənəvi məktəbini keçmiş bir gəncəli ədibin  klassik ənənələri gözləyərək, məsnəvi üslubunda ustalıqla qələmə aldığı, həm də yeri gəldikcə, qoşma, bayatı, nəğmə, qəzəl, hətta rəcəz, müxəmməs, müsəddəs və d. bu kimi poetik nümunələrlə də bəzədiyi, orijinallığı və dərin fəlsəfi məzmunu ilə seçilən, bütün dövrlər üçün ümumbəşəri ideallara xidmət edə biləcək sonuncu  “Leyli-Məcnun”unu diqqətə çatdırarkən, əsər haqda yuxarıda deyilənlərin məs’uliyyətini tam dərk edir, həmçinin ədəbiyyatşünas və qələm sahiblərimizin rəylərini də gözləyirik.

Onu da deyək ki, Səlman Əhmədlinin “Leyli və Məcnun” mənzum romanını 2012-ci ildə oğlu Bəşir müəllimlə birgə necə deyərlər, bir “möhlət” diləyi altında çap etdirdik. O “möhlət” Bəşir müəllimə yazılmış ömrün son məqamları ilə bağlı idi. Sonuncu Məcnun tələssə də onun vəfatının ancaq 3-cü gününə yetişdi. 

 Qapaq şəklində Səlman Əhmədli 1967-ci ildə

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.