“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nazim Əhmədlinin şeirləri təqdim edilir.
Bütün günahları yıxın üstümə
Göydə bir buludun beli bükülüb,
ətəyi sallanıb dağın üstünə;
ildırım qıcayıb alov dilini,
bağçada çəmkirir tağın üstünə;
göy üzü uzaqdı,obalar yaxın,
hər yana uzadır fələk barmağın;
yazıq dəyirmançı itirib aglın,
bir qanlı sel gəlir, çarxın üstünə;
niyə çox dəyişib bu sonuncu yaz,
qarışıq düşübdü siyahla bəyaz;
deyirlər, qütblər də yellənib bir az,
Yer üzü əyilib oxun üstünə;
hər yanı bürüyür müharibə, şər
ədalət yox olsa, insanlıq düşər;
dünyanı kor qoyub bu dəli bəşər,
yenə qorxu gəlir, qorxum üstünə;
laxlayır dünyanın dayaq yerləri,
gözümün, könlümün oyaq yerləri;
qar tutub saçımın siyah yerləri,
həsrət darışıbdı, ağın üstünə;
çöldən üz-gözümə qaranlıq baxır,
içimi-çölümü ağrılar yaxır;
çağırın, ruhumu dindirin, axır
bütün günahları yıxın üstümə.
Dünya bir uzun yuxudu
Bir də görürəm ki, gecə,
gəlib keçibdi yarıdan;
ulduzlar hələ yatmayıb,
ölürəm, yuxu sarıdan;
yuxularım harda azıb,
alnımda bir qərib yazı;
sevə bilmədim payızı,
gözüm səyriyir sarıdan;
göyün üzü açıq qalıb,
pəncərəmdə işıq qalıb;
çoxlu ağrı-acı qalıb,
ötən ömrün hasarından;
ayı-ili sapa düzdüm,
yandım, ərşə qalxdı tüstüm;
bir az bezdim, bir az küsdüm,
bu dünyanın rüzgarından;
əlini qoy kür üzümə,
buludları hör, üzümə;
hardan gəldik Yer üzünə,
ömür istədik Tanrıdan.
Üzüm qarışıq düşür
Hərdən solan yarpaqlar,
sonda qırışıb düşür;
bəzən bəxt də insana,
dərdə bulaşıb düşür;
hardadı, ötən ağlım,
kim dəli, kim ağıllı;
xoşbəxtlik kimə çoxlu,
kimə bir qaşıq düşür;
çiçək açır ağrılar,
sular hardan axırlar;
ot tutubdu cığırlar,
yollar dolaşıq düşür;
yanım, baxma tüstümə,
alışarsan istimə;
yarpaqların üstünə
sap-sarı işıq düşür;
ağca bulud nə sində,
yoğrulur kündə-kündə;
kölgələrin içində,
üzüm qarışıq düşür.
Harda itirdim baharı
Ocaq tamam qaralmayıb,
sönməyib közün yarısı;
hələ, dilimin altında,
qalıbdı sözün yarısı;
buludlar sökülüb gedir,
ömür-gün bükülüb gedir;
suları çəkilib gedir,
boşdu, dənizin yarısı;
yarpaqlar ucundan solur,
sümbüllər saçından solur;
ağrıdan-acıdan solur,
bətin-bənizin yarısı;
haram çörək çörək deyil,
zalım ürək ürək deyil;
var-dövlət də gərək deyil,
bəs elər, azın yarısı;
harda itirdim baharı,
getmir könlümün qubarı;
saçımda payızın qarı,
içimdə yazın yarısı.
Hər gün ömür sovrulur
Günəş alışıb yanır,
uzaq Yerdən o yana;
bir ipək axşam gəlir,
hər səhərdən o yana;
axşam gəlir, şər düşür,
könlümə səhər düşür;
saçlarıma vər düşür,
nə var, vərdən o yana;
hər gün ömür sovrulur,
gözümdə od qovrulur;
dərd əlindən qıvrılır,
Araz Kürdən o yana;
həsrət bir ürküm idi,
yuxum bir büküm idi;
hər yan qürbət kimidi,
bu şəhərdən o yana;
buludlar xonça-xonça,
dönüb yağış olunca;
yavaş danış, bir azca,
ruhum qəfil oyanar.
Buludlar enib aşağı
Buludlar enib aşağı,
göy üzü az-maz görünür;
meşənin tən ortasında,
bircə tala yaz görünür;
gizlicə gəldi sonbahar,
nə bir ləpir, nə də iz var;
aşağıda bir dəniz var,
suları dayaz görünür;
ocaq yanır, köz çəkilir,
ürəyimdən söz çəkilir;
qaranlıqlar tez çəkilir,
saçlarım bəyaz görünür;
payız həsrətin beşiyi,
hərdən ürəyim tövşüyür;
tənha ulduzlar üşüyür,
göy üzü ayaz görünür;
xəyallarım harda gəzir,
əllərim divarda gəzir;
ruhum uzaqlarda gəzir,
buralarda az görünür.
Şair doğulandan vergili olur
Əlimi qoymuşam bir daş altına,
hər daşın ağırı, yüngülu olur;
gecələr gözlərim çimir eləmir,
səhər açılanda mürgülü olur;
bilmirəm, bəxtimə daha nə düşə,
onsuz da əyilmir zaman gərdişə;
təkcə yazda açmır nərgiz, bənövşə,
payızın, qışın da tər gülü olur;
ürəyi çırpınır, közdən od tutur,
həsrəti, duyğusu sözdən od tutur;
könüldən alışır, gözdən od tutur,
şair doğulandan vergili olur;
qanımız qaynayır yaz aylarında,
sözün coşub daşan öz aylarında;
alnımıza düşən yazıların da,
nöqtəsi, sualı, vergülü olur;
dünyanın əvvəlki baharı yoxdu,
ağrının-acının nübarı çoxdu;
indi ürəyimin qubarı çoxdu,
həsrətin yolları bürkülü olur.
Ruhum harda yaşayır
Hərdən bir fikir gəlir,
ağlımın boş yerinə;
göydən ulduz yağacaq,
deyəsən, daş yerinə;
həsrət necə uzanır,
ömür heçə uzanır;
yuxum gecə uzanır,
payızın qış yerinə;
hər yana yol açıxdı,
qarşıma qala çıxdı;
cığırlar yola çıxdı,
sular axış yerinə;
ağca bulud bürüşür,
yay payıza sürüşür;
hərdən güzarım düşür,
yolun yoxuş yerinə;
ruhum harda yaşayır,
çiynim ağrı daşıyır;
saçım qara oxşayır,
alnım naxış yerinə.
Hardadı, gerçəy üzüm
Nədən baxıram sənə,
gecə-günüz, göy üzü;
min ildi axtarıram,
hardadı, gerçəy üzüm;
ötən bir anı nədən,
qaytarmaq olmur, axı;
çırpınır quş qəlbi tək,
ürəyimin qapağı;
hər şey mənə yaxındı,
hər şey mənə çox uzaq;
göy üzündə ulduzlar
görünür, sızaq-sızaq;
axı, mən bu deyiləm,
üzüm də bu üz deyil;
biz hələ biz deyilik,
deyilənlər düz deyil;
hərdən dilim dolaşır,
sözüm tərs gəlir mənə;
adımı unutmuşam,
üzüm tərs gəlir mənə;
Payızın bir ağrısı
Hər gün bir naxış gəlir,
ömrün varağ üzünə;
nə yazılıb görəsən,
alnımın ağ üzünə;
göy üzündə Ay üzür,
bahar üzür, yay üzür;
acı sular hey süzür,
dərdin bulağ üzünə;
ağca bulud səyriyir,
duman dağı bürüyür;
qaranlıqlar əriyir,
gecə çırağ üzünə;
payız həsrət ayıdı,
ömür Tanrı payıdı;
sonda hər şey qayıdır,
Yerin torpağ üzünə;
çiçəklərin sarısı,
yarı bulud, yarı su;
payızın bir ağrısın,
yazdım, yarpağ üzünə.
Axşam dua oxudum
Axşam dua oxudum,
Ayın bəri üzünə;
ağca duman çökmüşdü
səhər, yerin üzünə;
harasa yellənirdi,
göydə bulud sürüsü;
bir az işıqlanırdı,
Ayın qaranlıq üzü;
qısır qalan ağaclar,
ötən qışdan quruyub;
ağrıları ötməyib,
ağrılar da qarıyıb;
içim qaynar ocaqdı,
əllərim buz parçası;
saçıma sığal çəkib
ötən qışın fırçası;
hərdən göz önündəki
yarpaqlar ölür, qəfil;
canımdakı ağrılar
gözümdə gülür qəfil;
hava soyuq da deyil,
məni üşüdür, nəsə;
Ayın bəri üzündən
kimsə baxır, deyəsən.
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)