Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Xatırlayıram ki, mən uşaq olanda bütün ad günlərimdə həyəcandan gecəni yata bilmirdim. Qorxumdan səsimi də çıxarmırdım ki, anam yatmadığımı anlayıb əsəbləşməsin. Doğum günüm əslində ayın iyirmisi olmasına baxmayaraq həmin il on doqquzu axşamı bütün ailə toplaşmağı qərarlaşdırmışdıq. Çünki atamın sabah işi ilə bağlı səfəri var idi. Yenə anamın dadlı yeməklərinin qoxusu evi öz ağuşuna almışdı. Birdən anamın narahatlıqla səksəndiyini duydum. Mətbəxə doğru qaçdım və onun əlinin qırmızı rəngə boyandığını gördüm. Ondan nə baş verdiyini soruşanda isə gilas mürəbbəsini səhvən əlinə tökdüyünü bildirdi. İndi anlayıram ki, həqiqətən də, uşaq ağlının inana biləcəyi ən böyük doğru doğmalarının yalanıdır.
Atamın evə gəlməsinə artıq iki saat qalmışdı. Mən isə pəncərədən onun gələcəyi yola göz dikirdim. Xəyal edirdim ki, bir müddət sonra bu yol atamın addımları ilə lərzəyə gələcək.Xəyal edirdim ki, iki saat sonra tortumun şamlarını ailəmin alqış sədaları altında söndürəcəyəm və diləklərimi sönən şamdan deyil, atamdan istəyəcəyəm. Ondan gələn dəfə səfərə gedərkən məni də özü ilə bərabər aparmasını söyləyəcəyəm.
Vaxt və zaman yetişdikcə daha da həyəcanlanır, özümə yer tapa bilmirdim. Fəqət kövrək qəlbim hər şeyin bu dəfə bir az fərqli olacağını mənə sanki söyləməyə çalışırdı. Atam bizim zənglərimizin heç birinə cavab vermirdi. Mənim həyəcanım isə yerini təşviş və kədərə təslim edirdi. Küçələrin üsyanı, insanların fəryadları, anamın gözlərimin içinə baxaraq hələ də mənə, "Hər şey yaxşı olacaq"-yalanını danışması və s. Hiss edirdim, bir şeylər ömür xəzinəmdən oğurlanır, unudulur, yeri viran qalırdı. Heç nəyi anlamasam da, zamanın ən qəddar düşmən olduğunu və artıq saatın 00:00 olduğunu anlayırdım. İndi mənim üçün ən inandırıcı yalanları bir-biri ardınca söyləyən anamın belə doğruların arxasına gizlənməkdən başqa çarəsi yox idi. Küçənin fəryadı, ahı-naləsi şiddətləndikcə anamın da qorxusu qollarına güc qatırdı və o güclə məni bağrında yoxa çıxarırdı.Hiss edirdim ki, bu gecənin qaranlığı məni öldürməsə belə, anamın bağrı mənə məzar olacaq. Onun əli yenə qıpqırmızı idi. Gözümü gözünə dikərək,-"Deyəsən, mürəbbəni yaxşı təmizləməmisən"-dedim. Sonra ikimiz də susduq.
Bu qara gecənin səhəri üçün buludlar səmada dövrə vurur, nalədən bezən şəhər küçələri vaxtsız-vədəsiz öz yasını elan etmişdi. Səhər saat 11:00 radələrində atamın mərkəzi xəstəxanada olduğu xəbərini aldıq və qonşumuzun köməyi ilə oraya getməyi bacardıq.
Bəzi anlara yetişə bilmədiyimiz təqdirdə nəticədə qazanılan hər ağrı-acı ölüm gücündədir. Həmin gün bunu anlamışdım. Anam məni qapının ardında qoyaraq otağa daxil oldu. Mən isə pərdənin örtməyi bacarmadığı pəncərə kənarından atamın cansız bədənini seyr edirdim. Hər zaman onu pəncərə kənarından əzəmətli yerişinin heyranı olaraq seyr etsəm də, bu gün həmin o əzəmətin varlığına özümü inandırmaq üçün seyr edirdim. Sonra öz-özümə səslənirdim ki, artıq sadəcə atanla deyil, incə qəlbinlə də vidalaşmağın vaxtı gəlib çatıb.
Anam otaqdan çıxdığı zaman gözlərimlə onun yorğun simasını süzərək soruşmuşdum:
-Ana, atamın üzərinə gilas mürəbbəsi tökülüb?
Bu vaxt həkim otaqdan çıxaraq tibb bacısına səsləndi:
-Qeyd et, ölüm saatı 12.00.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)