POEZİYAMIZIN QIZIL FONDUNDAN - Bəxtiyar Vahabzadə, “Şəhidlər” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının məşhur “Poeziyamızın Qızıl Fondundan” rubrikasında əlbəttə ki, bu hüznlü günlərdə şəhidlərdən bəhs edən ən yaxşı şeiri paylaşmaq lazımdır və vacibdir. Xalq şairimiz, böyük Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini təqdim edirəm.

 

Qatil gülləsinə qurban gedərkən,


Gözünü sabaha dikdi şəhidlər.


Üçrəngli bayrağı öz qanlarıyla


Vətən torpağına çəkdi şəhidlər.



 

Zalım öyünməsin zülmləriylə,


Min bir böhtanıyla, min bir şəriylə.


Həqiqət uğrunda ölümləriylə


Ölümü kamına çəkdi şəhidlər.



 

O şənbə gecəsi, o qətl günü, –


Mümkünə döndərdik çox namümkünü.


Xalqın qəlbindəki qorxu mülkünü,


O gecə dağıdıb sökdü şəhidlər.


 

Tarixi yaşadıb diləyimizdə,


Bir yumruğa döndük o gecə biz də.


Yıxıb köləliyi ürəyimizdə


Cəsarət mülkünü tikdi şəhidlər.



 

Onlar susdurulan haqqı dindirər,


Qaraca torpağı qiymətləndirər.


Donan vicdanları qeyrətləndirər,


Axı, el qeyrəti çəkdi şəhidlər.



 

Bilirik, bu bəla nə ilkdi, nə son,


Ölürkən uğrunda bu ana yurdun.


Quzu cildindəki o qoca qurdun,


Doğru, düz cildini çəkdi şəhidlər.



 

Dözdü hər zillətə, dözdü hər şeyə,


"Dünyada mənim də haqqım var”, – deyə


Kütləni xalq edən müqaviləyə


Qanıyla qolunu çəkdi şəhidlər.



 

İnsan insan olur öz hünəriylə,


Millət, millət olur xeyri, şəriylə.


Torpağın bağrına cəsədləriylə,


Azadlıq tumunu əkdi şəhidlər.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.