Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Bu gün çağdaş Azərbaycan poeziyasının seçilən simalarından biri, yazılı və şifahi ədəbiyyatın bənzərsiz vəhdətindən təşkil olunmuş, geniş bir yaradıcılığa malik olan xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun doğum günüdür. Özü də yibileyidir, 75 illiyidir.
Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra şair Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.
1973-1978-ci illərdə "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-1985-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-1994-cü illlərdə "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub, 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
Zəlimxan Yaqub ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” adlı Bolinisi rayon qəzetində dərc olunan “Şota Rustaveli” adlı şeiri ilə başlayıb.
Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda - Birinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)