"İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" –BU GÜN ŞAİRİN 75 YAŞI TAMAM OLUR Featured

Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün

                                                                                                         

 (Azər Turanın “Əzəl axır dünya Türkün dünyası” kitabının işığında)

                                                                                     

 Elə bil dünən olumuşdu... 2002-ci il idi. May ayının 4-ü. O vaxtlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhəbbət Qarabağlının təşəbbüsü və yerıl rəssam Elman Lələyevin layihəsi əsasında Mİngəçevirdə “Ana dili” abidəsinin açılışı tədbirinə yaxından, uzaqdan xeyli qonaqlar gəlmişdi. Qonaqların arasında dilimizin böyük təəssübkeşi akademik Nizami Cəfərovla bir yerdə Zəlimxan Yaqub da var idi.

 

Çox təntənəli keçən mərasimdə  Zəlimxan Yaqub möhtəşəm bir çıxış etdi. Ana dilimizə həsr olunmuş həmin çıxış, aradan 23 il keçməsinə baxmayaraq, öz qeyri-adiliyi, təkrarsızlığı və poetikliyi ilə hələ də qulaqlarımda səslənir... Həmin gün axşam şəhər əhalisinin nümayəndələrinin təklifi ilə Zəlimxan Yaqubla görüş keçirildi. Görüş Mərziyə Davudova adına Mingəçevir Dram Teatrının böyük salonunda təşkil olunmuşdu. Tədbirin aparıcısı bu yazının müəllifi idi. Salonda iynə atsan, yerə düşməzdi. Zəlimxan Yaquba el məhəbbətinin, sevgisinin böyük olduğunu bilirdim, lakin bu qədər yox.

İştirakçılar tədbiri bitirməyə qoymurdu...

Onda Zəlimxan Yqubun 52 yaşı vardı.... Bu gün isə 75 illik yubileyini qeyd edirik.

Tədbirdən bir neçə gün sonra, o vaxtlar indiki Mingəçevir  Dövlət Universitetində kafedra müdiri işləyən ədəbiyyatşünas alim, dostum Rüstəm Kamallın təklifi ilə Zəlimxan Yaqubun Mingəçevirdəki görüşləri fonunda bir kitab yazmaq ideyası yarandı. Beləcə, Zəlimxan Yaqubun yaradıcılığı haqqında, dastan janrında on iki söyləmədən ibarət ilk kitab- “Sazla havalıyam, sözlə diriyəm” kitabı yarandı. Kitabın yazılması və nəşri haqqında Zəlimxan Yaqubun heç bir məlumatı yox idi. Şairin ad günü həmin kitabı Rüstəm müəllimlə birlikdə ona təqdim edəndə çox sevinmişdi... 

Zəlimxan Yaqub haqqında çox yazılıb. Ulu öndər Heydər Əliyevdən tutmuş, görkəmli elm və mədəniyyət xadimləri, məşhur ədəbiyyat adamları Zəlimxan Yaqubun söz sənəti haqqında dəyərli fikirlər söyləmişlər.

 

Bu il Xalq şairinin 75 yaşı ərəfəsində Azər Turanın “Əzəl axır dünya türkün dünyası” kitabını xatırladım və yenidən oxudum. Çağdaş ədəbi-bədii fikrinin dəyərli nümayəndəsi Azər Turan bir tədqiqatçı, tənqidçi, yazıçı və filoloq kimi çox geniş yaradıcılıq diapazonuna malikdir. Ədəbi cameədə əsasən Əli bəy Hüseynzadə, Hüseyn Cavid və Cavidlər irsinin görkəmlin tədqiqatçısı kimi tanınan Azər Turan, dövrümüzün çox gərəkli mövzusu olan türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Onun Mahmud Kaşqarlı, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Mehmet Akif Ərsoy, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Alp Ər Tonqan, Nihal Atsız, Fazil Kısakürək, Nazim Hikmət, Orxan Vəli, Çingiz Aytmatov və diqər görkəmli simaları barədə, silsilə araşdırmaları Azərbaycanda və xarici ölkələrdə dərc olunub və bu tədqiqatlar geniş oxucu kütləsinin diqqətini özünə cəlb etməklə, həm də müəllifinə böyük hörmət və nüfuz gətirir, onun kifayət qədər ciddi bir yolda olduğunu sübut edir.  

Azər Turan Azərbaycanda və onun hüdudlarından kənarda kifayət qədər yaxşı tanınan, böyük nüfuz sahibi olan görkəmli bir ziyalının - İmamverdi Əbilovun ailəsində, Azərbaycan ədəbiyyatına və ictimai fikir tarixinə çox görkəmli şəxsiyyətlər bəxş etmiş Səlyan torpağında dünyaya göz açıb, böyüyüb, pərvazlanıb və bu gün, atasının məfkurəsini davam etdirən, lakin öz müstəqil yolu, öz dəst-xətti, öz mövqeyi və imzası  olan bir ziyalı kimi tanınır.Təbii ki, soyadı ölkədə kifayət qədər tanınan Azər Əbilov elə öz soyadı ilə yazıb-yaratsaydı bu soyadla bəlkə də indikindən daha çox imtiyaz əldə edə, məşhurlaşa bilərdi. lakin Azər müəllim “Turan” ifadəsini özünə təxəllüs seçdi və bu gün ölkə ictimaiyyəti onu məhz Azər Turan kimi tanıyır.

Daha bir maraqlı məqam da ondan ibarətdir ki, Azər və Turan ifadəsinin qoşa işlənməsi özü özlüyündə hər şeyi deyir. Mən deyə bilmərəm ki, “Turan” adını özünə təxəllüs götürməsi hansı məqamda baş verib. Lakin əminəm ki, bu təxəllüsü götürməsi onun Turan sevdalısı, böyük Turan təəssübkeşi olmasından, türklüyə, türkçülüyə böyük önəm verməsindən, bu məqsədi həyat amalına çevirməsindən irəli gəlir və bu sevgi onun bütün yaradıcılığında, fəaliyyətində qabarıq şəkildə görünür. Bu fikirləri deməkdə məqsədim Azər Turanın “Əzəl axır dünya Türkün dünyası” kitabından söhbət açmaqdır. Niyə müəllif bu kitabı yazmaq qərarına gəldi? Düşünürəm ki, bu ilk növbədə onun Xalq şairi Zəlimxan Yaquba, onun şəxsiyyət və yaradıcılığına olan məhəbbətindən irəli gəlirdi. Zəlimxan Yaquba olan münasibətini müəllif şair haqqında məqalələrindən birində belə nəql edir: ”Zəlimxan Yaqubla xatirələrim qalaq-qalaqdır. Bakıda ya onun evində, ya bizim evdə, Borçalıda - Kəpənəkçidə onun ata yurdunda, Neftçalada, Səlyanda - mənim ata yurdumda, Şəkidə, Gəncədə, Basqalda, Qusarda, Tiflisdə, İstanbulda, Afyon Karahisarda... Ya Məmməd Aslanla, ya Nizami Cəfərovla, ya Nizaməddin Şəmsizadə ilə, ya Şakir Acalovla, ya Rüstəm Kamalla... Çox vaxt da ikimiz baş-başa vermişik... Bizi 1980-ci ildə Xəlil Rza tanış etmişdi. Onda mən tələbə idim. Xəlil bəy: "İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" - demişdi. Ulutürkün əmrinə Zəlimxanın son nəfəsinə qədər əməl etdim”.

Bəs kitab necə yaranıb?  Kitabın yazılmasının“səbəbi” həm də onun əsas ideyasıdır. Bu haqda Azər müəllimin öz açıqlamaları da var: ”Zəlimxan Yaqub barədə ”Əzəl-axır dünya türkün dünysı” kitabımı yazdım. Onu yazmaya bilmədim. Məni Zəlimxanla bağlayan tək səbəb onun öz ruhuna Qurandan və Turandan qanad taxmasıdır”. 

Kitabı oxuduqüca müəllifin və Zəlimxan Yaqubun türkçülüyə, turançilğa bağlılığına və sevgisinə heyran qalmaya bilmirsən. Müəllifin  fikirləri o qədər aydın, o qədər səlis, şairdən gətirdiyi nümunələr o qədər heyrətamizdir ki, bu ifadələr adamın içində bu məfkurəyə qarşı bir sevgi aşılamaqla, qürur hissi yaradır və sən türk olmağənla fəxarət hissi keçirirsən. Düşünürəm ki, bu kitab Zəlimxan Yaqub və Azər Turanın Azərbaycançılıq və Türkologiya elminə verdiyi böyük bir töhvə kimi dəyərləndirilməli və təbliğ edilməlidir. 

Kitaba ön söz yazmış görkəmli ictimi-siyasi və dövlət  xadimi Həsən Həsənov haqlı olaraq qeyd edir ki: “Zəlimxan haqqında çox söz deyilib, lakin Azər Turanın təqdim olunan əsərindəki yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq Z.Yaqubun yaradıcılığı belə geniş diapozonla təhlil olunur. Zəlimxanın zamanını və sözünü türklük, islam və müasirlik işığında təhlil edən Azər Turanın qənaəti dəqiqdir.”

Bu gün, müstəqil Azərbaycanın əsas məfkurəsi olan türklük, islam və müasirliyə, əgər bu üç məfhuma müasir anlamda  bütövlükdə Azərbaycançılıq desək, bunlar Azər Turanın əslində havası, suyu və çörəyidir. Azər Turanın məfkurəsi ailəsindən, ailə tərbiyəsindən və böyük  Əli bəy Hüseynzadədən gəlir. Sonradan oxuduqca öyrəndikcə, eşitdikcə bu üçlüyün, məna və mahiyyətini getdukcə daha dərindən dərk etməyə başalyır, özünün əsas fəaliyyətini bu amal üstündə qurmağa çalışır, ömrünün ən qiymətli vaxtını bu idealların gerçəkləşməsinə sərf etməkdən doymur. Böyük istiqlal şairi Xəlil Rza onu  Zəlimxanla tanış etdiyi ilk məqamdan anladı ki, o özünə bir məslək , amal dostu tapıb, böyük bir türkçünü, turan sevdalısını tapıb. Və onunla münasibətlərinin sonrakı illərində qənaətində yanılmadığına əmin oldu. Bildi ki, Zəlimxanla “... nə yozulsa xeyirə yozum olacaq” ...Və belə qənaətə gəldi ki: ”Zəlimxan Yaqubun milli əhvalı diri saxlayan təlqinləri cəmiyyətimizə çox-çox gərəkdir. Dadaloğluna ünvanladığı şeirindəki təlqinlər kimi:

 

Yaranı vurdular yaranın üstə,

Yeriş elədilər Turanın üstə.

Başım nələr çəkdi Quranın üstə,

Qənimim xaç oldu ay Dadaloğlu!

 

...İnanaıram ki, üslublar, iqlimlər və dəyərlər... dəyişsə də, əvvəl-axır dünya bizim olacaq, Turanın və Quranın olacaq dünya...” deyir Zəlimxan Yaqub da, Azər Turan da.

Azər Turan Zəlimxan Yaquba, onun yaradıcılığına, onun müasirlərindən fərqli bucaqdan baxır Bu, Xalq şairinin söykəndiyi və  vəsf etdiyi milli dəyərlər, türkçülük düşüncə sisteminə söykənməsi ilə bağlıdır. Azər Turanın qənaətincə Onun (Zəlimxan Yaqubun-R.G.) mənəvi, fiziki və ideoloji gücü “Saza və İrfana, Məkkəyə və Təkyəyə, Qurana və Turana, Ruha və Yaddaşa bütövlükdə istinad etməsidir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas qaynaqlarından biri Zəlimxanın düşüncə sitemində iştirak etməsəydi...indi biz bildiyimiz, tanıdığımız Zəlimxan Yaqub hadisəsinə yəqin ki, şahid olmazdıq “. Azər müəllimin qənaətinin təsdiqi üçün Zəlimxan Yaqubun “Ruhum” şeirindən nümunə gətirmək istədim:

                                             

Turi Sinada Musadır,

Çarmıxda Həzrət İsadır.

Həra dağda Məhəmməddir,

Dolaşır Quranda ruhum.

 

Ləhni Davud avazıdır,

Vaqif, Ələsgər sazıdır.

Ölümə meydan oxuyar, 

Yaşar Zəlimxanda ruhum.

 

Kitabın hər başlığı Azərbaycan, ümumən türk poeziyasında Zəlimxan Yaqub fenomeninin xüsusuiyyətlərini müəllif ustalıqla açmağa çalışıb və buna bacarıqla nail olub. Azər Turanın təhlil məharətinin biri də ondan ibarətdir ki, O, Zəimxan Yaqub fenomenini oxucuya və ümumilikdə gələcək nəsillərə çatdırmaq üçün öz qənaətini görkəmli elm və ədəbiyyat adamlarının Zəlimxan haqqında hikmətləri ilə tamamlayaraq təsbit və təqdim edir və elə bu priyomdan istifadə etməklə həm də Zəlimxan Yaqub fenomeninin möhtəşəmliyini açmağa müvəffəq olur, bütün təhlil istiqaməti türkçülük, turançılıq və islamçılıq kontekstində aparılır. Məşhur dilçi, türkoloq alim akademik Tofiq Hacıyev deyirdi: ”Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyəndə də onun dünyasından xəbər verirsən”. Bu fikri kitabdakı “ Səddi parçalayan şairin yaddaşıdır” bölümünə  epiqraf seçən müəllif yazır: ” ...Tariximizin və mənəviyyatımızın bütün köşələrində Zəlimxan Yaqub ilhamını dindirən vəsilələr çoxdur. Türkün cahan hakimiyyətinə bağlı və heç vaxt utopik olmayan düşüncəsi  bu gün həm də Zəlimxan yaradıcılığında  cərəyan etməkdədir”.  Fikirlərini davam edərək müəllif, şairin “Döyüşən türk, oyanan türk, qalxan türk” şeiri haqqında yazır: Zəlimxan Yaqubun “Döyüşən türk, oyanan türk, qalxan türk” şeiri Azərbaycan poeziyasında  türkçülük idelogiyasını diri saxlayan, türkçülük əxlaqını, türk tarixinin həssas məqamlarını, türkün savaş arealını, Qızıl Alma bağlarımızın hədəflərini parlaq şəkildə ifadə edən klassik şeir nümunəsidir”. Şairin ideya, ruh dünyasını bu şeirinin nümunəsində bir cümlə ilə ifadə etmək məharəti budur. 

Təbii ki, Zəlimxan Yaqub yaradıcılığının hər bir bəndinə, hər sətrinə, hər kəlməsinə son dərəcə həssas olan müəllif, kitaba daxil etdiyi nümunələrin hər biri möhtəşəmdir. Lakin bu şeir müəlifin təqdimatında sanki türk amalının himni, manifesti kimi səsələnir. Bu təkcə himn deyil bütün türk dünyasına , türk gənclərinə bir çağırış kimi ünvanlanır və mən bu yazıda  həmin şeirdən nümunə gətirməyə bilmərəm:

                                                 

Əriməsin əriyən tək qar suda,

Romanı da, Bizansı da, Farsı da.

Qala kimi təzədən qur Qarsı da,

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk.

 

... Yaddaşında sıralansın, anılsın,

Ərtoğrul bəy, Osman qazi, Orxan türk.

Yenə Tanrı dağlarını qucaqla,

Dağlar olsun səngərin türk, arxan türk!

Döyüşən türk, oyanan türk, qalxan türk.

 

Azər Turanın bir uğurlu priyomunu da qeyd etmək istərdim. Şeirin məna və mahiyyətini daha da qabartmaq üçün  Türk dünyasının, türkçülüyün daha bir möhtəşəm simalarından olan Nihal Atsızın elə Zəlimaxn  Yaqubun yuxarıda nümunə gətirdiyim şeiri qədər əhəmiyyət kəsb edən “Adalar dənizindən Altayların ötəsinə qədər bütün türk gəncliyinə” şeirini də kitaba daxil etmək və Zəlimxan Yaqubun şeiri ilə qoşalaşdırmaqla hər iki şeiri həmahəng, həmnəfəs  səsləndirir:

                                                 

...Əzilməkdən  çəkinmə ...Geriləməkdən sakın!

İradənlə olmalı bütün uzaqlar yaxın.

Dolu dizgin yaparkən ülkünə doğru axın,

Atəşə atılmalı, dənizə dalmalısan.

 

Ölümlərdən sakınma, məyus olmaqdan utan,

Bir kərə düşün nədir səni dünyada tutan?

Məfkurəsindən başqa hər varlığı unudan,

Qəhrəmanlar kimi sən, əbədi qalmalısan.

 

Ktabda hər bir yazı,  bir dastanın boyu kimi təqdim olunur. Mətnin təhkiyəsi o qədər maraqlı və oxunaqlıdır ki, sanki dastan oxuyursan. Yazılar epik və lirik formada təqdim olunur. Azər Turanın təhkiyəsi ilə Zəlimxan Yaqubun şeiri bir birini əvəz edir.  Boylar o qədər  bir-birindən maraqlıdır ki, bilimirsən, hansını nümunə gətirəsən. Hər bir başlıq altında verilmiş yazı barədə bir fikir yürütmüş olsan elə həmin kitab həcmində bir kitab alınardı. Lakin bu yazıda  mən Zəlimxan Yaqubun Xəlil Rza Ulutürklə dostluğundan, onların  münasibətindən, məfkurə birliyindən və bununla bağlı Azər Turanın qənaətlərindən yazmaya bilməzdim. Kitabda bu münasibətləri, müəllif “Onun Mürşidi-Kamili Xəlil Bəydi...” başlığı altında verilmişdir. Müəllif yazıya Xəlil Bəyin Zəlimxan haqqında fikirlərini epiqraf kimi təqdim edir: ”Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete dilə gəlir, Türküstan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın guşədaşı türklükdür...Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik”. 

Özünə Ulutürk adını təxəllüs götürən, az qala bütün yaradıcılığını istiqlalımıza, müstəqilliyimizə, imperiyanın istibdadına, zülmünə qarşı üsyana, türkçülüyə, Turana  həsr edən böyük istiqlal şairi Xəlil Rza Ulutürkün bu fikirlərinin hər kəlməsində bir hikmət var, bir məna var.Və bu hikməti, bu mənanı açmağa çalışır Azər Turan: “Ulutürkün Azərbaycanın guşədaşı adlandırdığı türklük təkcə Xəlil bəyin deyil bu  uğurda şəhid olmuş bütün milliyyətçi aydınlarımızın ədəbi-məfkurəvi qayəsi olub...Türklük düşüncəsinin elliklə, bütün şairlərimiz tərəfindən sabaha daşındığını desək, tapındıqları məfkurəyə görə əzablar çəkmiş, böyük salonlara, kürsülərə yaxın buraxılmayan insanlarımızın ruhunu incitmiş olarıq. 37-ci ildən sonra bunu hayqıranların ən dəli-dolusu Xəlil Rza Ukutürk oldu. Ulutürkün ətrafında  olanlar isə barmaqla  sayılacaq dərəcədə azdı və həmin adamların sırasında  Zəlimxan Yaqub da  vardı... Çox gənc bir Zəlimxan Yaqub. Hələ 1982-ci ildə Xəlil bəy bu sətirlərin müəllifinə (Azər Turana -R. G.)” Sənə əmr edirəm ki, Zəlimxan Yaqubu oxuyasan və onu sevəsən”- demişdi. 

 Yazının çox maraqlı və təsirli olmasının bir səbəbi də, həm də kövrək notlarla köklənməsidir. Xüsusilə Xəlil Rza Ulutürkün İstanbulda xəstəxanada yatdığı günlər: “Xəlil bəy İstanbulda Cərrahpaşada xəstə yartdığı günlərdə Zəlimxan “Açın ürəyimi həkimlər, açın” adlı poema yazdı... Zəlimxan Xəlil bəyin səhhəti ilə bağlı böyük şairin İstanbul hekayətini yenə də türklük düşüncəsinin çevrəsində və təhkiyəsində söylədi... Xəlil bəyin  dərdi də, dərmanı da Turandı və Turan Xəlil bəyə  görə yerdən çıxan od, göydən nazil olan “Qurandı”.

 

Sarğını, məlhəmi bir kənara qoy,

Dərdimin dərmanı Turandı, qardaş!

Turan mənim üçün yerdən çıxan od,

Göydən nazil olan Qurandı,  qardaş!

Tibetdən Altaya, Anadoluya,

Təbrizə, Bakıya, Qarsa, Boluya,

Mənim ürəyimin nurunu saçın.

Doğuyla Batının arası boyda

Açın ürəyimi, həkimlər, açın.

       

Azər Turan Zəlimxan Yaqub - Xəlil Rza Ulutürk ruh birliyindən elə incə məqamlara, xatirələrə toxunur ki, həmin xatirələr son dərəcə maraqlı olmaqla bərabər həm də çox təsirlidir və mən bu xatirədən bəzi məqamları yazıya daxil etmək istədim. Zəlimxan Yaqub  deyirdi: “...Xəlil Rzanın şeirlərini yadddaşımda gəzdirirdim. Zəlimxanın yaddaşında Xəlil  uçurdu. Od kimi , qığılcım kimi yanırdı. Xəlil Rzanın qarşısında heç kəs dayana bilmirdi. Xəlil Rza ilə mən məclislərə fateh kimi girirdik”... Və xatirənin sonu: “ Caviddən gələn ənənə ancaq Xəlil Rzada davam elədi. Heç bir şairimizdə Caviddən sonra türkçülük Xəlil Rzada olduğu qədər olmadı”. Mən də Zəlimxan Yaqubun fikrini davam edərək cəsarət edib deyirəm: “Xəlil Rza Ulutürkdən sonra türkçülük, turançılıq Zəlimxan Yaqubda olduğu qədər heç bir şairimizdə olmadı”. 

Və mən kitabı təkrara-təkrar oxuduqca onun kökündə, məğzində Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və Azər Turan ruhunun vəhdətinin parlaq təzahürünü duydum.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.