“Azadlığa axışımız” – ƏKBƏR QOŞALI YAZIR Featured

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, ictimai xadim Əkbər Qoşalının təqvimin bu gününə həsr edilmiş yazısını təqdim edir. Əlbəttə ki, Şəhidlər ölmədi, Vətən bölünmədi! Və əlbəttə ki, “dövlətimiz zaval görməsin”!

 

20 Yanvar 1990-cı il… - Bu tarix Azərbaycanın milli təqvimində yalnız bir Hüzn Günü deyil, həm də millətimizin əyilməz iradəsinin, azadlıq uğrunda mübarizənin yüksək təcəssümü kimi yaddaşımıza həkk olunub. 20 Yanvarın 35-ci ildönümündə, tarixə bir daha nəzər salmaq və o gecənin milli ruhumuza nəqş etdiklərini (yığcam şəkildə də olsa), incələmək önəmlidir.

 

20 Yanvarın məntiqi zirvəsi: 

Şəhidlərin xatirəsinə ismarlanan Zəfər

 

20 Yanvar hadisələri təkcə xalqımıza qarşı törədilmiş qətliam deyildi. - O, Azərbaycan xalqının öz haqq səsinə sadiqliyini nümayiş etdirdiyi, istiqlal yolunda ən çətin maneələri dəf etməyə hazır olduğunu dünyaya duyurduğu bir gecə idi. O qanlı gecə, hər bir azərbaycanlının yaddaşında həm kədər, həm də qürurla əbədi yaşayır. 1990-cı ilin yanvarında Bakıda və ətraf bölgələrdə sovet qoşunlarının törətdiyi qırğınlar, xalqın qurtuluş idealını boğmağa yönəlmiş aşırı təzyiqlərin ən ağırlarından idi. Lakin həmin qırğınlar bizi sarsıtmadı, əksinə, milli mübarizəmizin mənəvi dayaq nöqtəsinə çevrildi:

 

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi Şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi Şəhidlər…

 

Zalım öyünməsin zülümləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə,

Ölümü kamına çəkdi Şəhidlər…

 

O şənbə gecəsi, o qətl günü,-

Mümkünə döndərdik çox namümkünü,

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü Şəhidlər…

                                  (B.Vahabzadə).

 

Bu gün, bütün dövrlərdəki şəhidlərimizin qanının yerdə qalmadığını qürurla deyə bilərik. Qurtuluş, suverenlik və ərazi bütövlüyü uğrunda şəhidlərimiz, İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbənin əsasını təşkil edən mənəvi irs kimidir. 

2020-ci ildə başlayan 44 günlük müharibə və 2023-cü ilin antiterror əməliyyatı göstərdi ki, Azərbaycan dövləti və xalqı, tarix boyu başımıza gətirilənlərin əvəzini çıxmağa qadirdir.

 

Azadlığa gətirən yollar: 

1990-cı İllərdən bu günə

 

Ermənistanın 90-cı illərdən öncədən başlayan işğalçılıq siyasəti və bunun doğurduğu məcburi köçkünlük problemi, xalqımızın səbr kasasını daşırmışdı. Həmin dönəmdə Azadlıq meydanına axışan və bir yumruq kimi birləşən xalq, öz haqq səsini qaldırırdı. Onlar dədə-baba yurdlarından didərgin salınmış həmvətənlərimizin hüquqlarını müdafiəyə çağırır, Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda qətiyyətli iradə nümayiş etdirirdi. Lakin məhz 1990-cı ilin 20 Yanvar gecəsi bu iradə bir sınaqdan keçdi və xalqımız öz taleyini yazmaq, yazılanları ciddi redaktə etmək hüququnu qanla təsdiqlədi.

 

Bu gün o dönəmdə qaldırılan şüarların ən önəmlilərinin artıq həyata keçdiyini görürük. Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə yetinmədi, həm də beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi. Ən əsası, Azərbaycan xalqı öz gücünə inandı və bu inamı əməldə sübuta yetirdi.

 

Şəhidlərin ruhunu şad edən 

Böyük Qayıdış

 

Bu gün işğaldan qurtulmuş ərazilərimizdə Azərbaycan qutsal dövlət bayrağı dalğalanır. Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlar yenidən abadlaşdırılır, mədəniyyət, insaniyyat, bir sözlə, həyat geri qayıdır. Bu, 20 Yanvar şəhidlərinin ruhunu ən çox sevindirən bir prosesdir. 35 il öncə sovet tanklarının altında, avtomat güllələrinin önündə qalan insanlar, yalnız bir gün üçün deyil, gələcəkdə müstəqil, güclü və sarsılmaz Azərbaycan görmək üçün canlarını fəda etdi. Bu gün həmin arzuların gerçəkləşməsi, yalnız bir rəsmi - dövlət uğuru deyil, eyni zamanda mənəvi Zəfərdir.

 

20 Yanvarın dərsləri və yeni çağırışlar

 

20 Yanvar, yalnız hüzn günü kimi deyil, həm də milli birliyimizin güc mənbəyidir. Biz bu dərsləri gələcək nəsillərə ötürməli, şəhidlərimizin irsini yaşatmalı və daim qabaqcıl olmalıyıq ki, bir daha belə faciələr təkrarlanmasın. Bu gün Azərbaycanın qarşısında duran əsas çağırış, azad edilmiş torpaqları yenidən canlandırmaq, müstəqilliyimizi əbədi etmək və gələcək nəsillər üçün daha güclü bir dövlət miras qoymaqdır.

 

Ruhunuz şad olsun, əziz şəhidlərimiz! Sizin fədakarlığınız, bu gün yaşayan Azərbaycanın möhtəşəmliyində öz əksini tapır.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.