Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatının türk dünyasında təbliğində, eləcə də türk dünyası yazarlarının ölkəmizdə tanıdılmasında müstəsna işlər görən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) get-gedə öz fəaliiyət coğrafiyasını genişləndirməkdə, yeni layihələr reallaşdırmaqdadır. Qədəm qoyduğumuz 2025-ci ildə təşkilatın iş planı yenə də geniş və rəngarəngdir.
Ötən il təşkilat özünün 25 illiyini qeyd etdi. Təşkilatın qurucusu, tanınmış şair, publisist və ictimai xadim Əkbər Qoşalıdan estafeti qəbul edən gənc şair İntiqam Yaşar türk dünyası yazarlarının həqiqətən də bir ortamını yaratmağa müvəffəq olub.
Yanvarın 17-də DGTB başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid DGTYB-nin yerli və beynəxalq fəaliyyəti ilə bağlı danışıb.
Daha sonra İntiqam Yaşar yeni layihələr haqqında ətraflı məlumat verib. Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley tədbirləri ilə bağlı söz açan İntiqam Yaşar bu münasibətlə yubiley meadlı təsis etdiklərini və görkəmli qələm adamlarını təltif etdiklərini bildirib. Sonra DGTYB-nin yubiley medalı Xalq yazıçısı Anara təqdim edilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Dünya Gənc Türk Yazarlar Birliyinə təşəkkür edib və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(19.01.2025)