“Bir gün Təbrizim də intiqam deyə…” - BİR DAHA MƏDİNƏ GÜLGÜN BARƏDƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Bu gün tanınmış Azərbaycan şairəsi, Güney Azərbaycanla bağlı olan Mədinə Gülgünün doğum günüdür, bu barədə səhər saatlarında portalımlzda artıq xatirə yazısı paylaşılıb. Amma mən də bu mübariz, həsrətli, nisgilli qadın barədə yazmağı özümə borc bildim. 

 

Bir gün Təbrizim də intiqam deyə,

Enə xalqın səsi ucalar göyə 

Qələmi çevirib mən də süngüyə

Eyləyərəm yurdumu gülüstan o gün!

 

Azərbaycan şairəsi Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir. 

Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir. 

 

Uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmşdir. O, şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. İlk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. 

 

Kitablarının siyahısı:

 

Təbrizin baharı

Savalanın ətəklərində

Sülhün səsi 

Yadigar üzük 

Təbriz qızı

Firudin (poema)

Dünyamızın sabahı

Durnalar qayıdanda

Dünya şirin dünyadır

Çinar olaydı

Arzu bir ömürdür

Yora bilməz yollar məni

Pərvanə 

Günlər və xatirələr 

Seçilmiş əsərləri: Şerlər və poemalar.

Dünyamızın sabahı. 

Arzu da bir ömürdür: (şerlər və poemalar)

 

O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin, Amin!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.