Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Əziz izləyicilərimiz, bu dəfə " Bir şeirin hekayəti" rubrikasının qonağı BDU-nun SEP- fakültəsinin Fəlsəfə ixtisasının məzunu, AYB-nin üzvü, "Sükutdan asılmış ruh", "Qəfəs darlığı", “Bir sərbəst şeir, iki qafiyə kədər", Türkiyədə dərc olunan "Günüm gecəylə başlar" şeir kitablarının müəllifi , “Zərif kölgələr" antologiyasının və "Vətən mücahidləri" kitabının həmrəhbəri, " Zərif kölgələr" saytının təsisçi redaktoru, sevimli xanım Aysel Nəsirzadədir.
-Xoş gördük, Aysel xanım.
Zaman öz axarında irəliləyir, ömrümüz qum saatındakı qum kimi axır.
Şairlər öz şeirləri ilə zamana meydan oxumağı bacarırlar, zamandan geriyə iz qoyub xatırlanırlar, düşündürürlər.
Vissarion Belinski gözəl söyləyib: "Şairin dühası nə qədər yüksək olarsa, o, təbiəti daha geniş, daha dərindən başa düşər və onun həyatla əlaqəsini bizə uğurla təqdim edər."
Aysel xanım, oxucuların rəylərindən anlaşılır ki, şeirləriniz qəlblərdə yer tutmağı bacarır.
Rubrikamızın şərtlərinə görə oxucularınıza yaradıcılığınızdan bir şeirin hekayətini söyləməlisiniz. Buyurun, Aysel xanım, bizə "Bir şeirin hekayəti"- ni söyləyin.
-Məni rubrikaya qonaq edib bu fürsəti verdiyiniz üçün çox təşəkkür edirəm, əziz Ülviyyə xanım. Bütün şeirlərin mütləq ki bir hekayəsi var. Mənim şeirlərimin çoxunun hekayəsi ağrılıdır. Amma bir şeirimin yazılma tarixini və hekayəsini heç unutmuram.
Biz aprel Şəhidlərinə həsr etdiyimiz "VƏTƏN MÜCAHİDLƏRİ" kitabını yazarkən Şəhid ailələriylə bir- bir görüşüb və ya telefon vasitəsiyə əlaqə saxlayıb onlardan Şəhidlərimiz haqqında məlumat toplayır, məqalə hazırlayırdıq. Şəhidimiz Təbriz Əsgərovun anasıyla da əlaqə saxlamalıydıq. Həmin ərəfədə xəbər gəldi ki, Şəhidimizin anası Kifayət ana dünyasını dəyişib. O gündən əlində oğlunun çəkməsi göz yaşı tökən ananın şəkli gözümün önündən heç getmədi. Bu üç bəndlik şeir həmin vaxtı doğuldu və mübaliğəsiz deyə bilərəm ki, bu şeirin hər misrasında göz yaşı var və hər dəfə oxuyanda və yaxud da hardasa rastıma çıxanda eyni ağrını hiss edirəm.
ŞƏHİD ANASI
(Aprel Şəhidimiz Təbriz Əsgərovun
vəfat edən anasının əziz xatirəsinə)
Oğul acısıyla bitdi bir ömür,
Göynədi qəlbində həsrət yarası,
Paltarından aldın ətrin, qoxusun,
Qovuşdun oğluna, Şəhid anası.
Ruhun rahatlığın tapar yəqin ki,
Qəlbin arzusuna çatar yəqin ki,
Oğlun öz qoynunda yatar yəqin ki,
Qovuşdun oğluna, Şəhid anası.
Dözmədi ürəyin oğul dağına,
Sığındın torpağın buz qucağına,
Basmısan oğlunu indi bağrına,
Qovuşdun oğluna, Şəhid anası.
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)