“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Həmid Herisçinin şeirləri təqdim edilir.
"Emmet Kentli" imzası ilə yazdıqlarımdan
Ruhlar mənim qonşumdur
Masanın bir tərəfi
soyuq divara söykənibsə,
demək,
arxasında oturanların biri ölüb...
Sən bunu görüb
cahanın faniliyini
anlayacaqsan,
incə bir hərəkətinlə
o masanı divardan
aralayacaqsan...
Orda mərhumların ruhunu
oturdacaqsan...
Orda
sənin atan otururdu,
sənin atan!
Geciksə də,
gələcək o, bir gün
o biri dünyadan...
çağıracaq bir gün səni
o biri otaqdan...
Modern Bayatı-şiraz
Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox...
Dənizkənarı bulvardan yox...
Elə bil lay divarlardan
Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
"Tomatsız..."
Axırı lap şahanəydi: "Uzatmayasız".
Sonra qarışdı Nizami küçəsinin nizamsız boz kütləsinə.
Tanış heykəllərinə, yad bütlərinə.
Son izlərini, "Cinema Plus" kinoafişaları tərəfdə itirdim.
Şansızdım.
Bütün seansları, serialları ötürmüşdüm.
Ölü divarların əlvan film anonsları ilə
Kifayətlənməli oldum.
"Qaçdı-Tutdu" Filmi 28 noyabrdan 28 Mall Cinema-da. Axırda bir nəfər sağ qalacaq!" afişasının həyəcanlı elanı deyəsən, elə mənim barəmdəydi.
Şansızdım.
Qadınsızdım.
Kinoafişanın qaçan hərflərində
O qızın adını axtardım,
Tapdım, hətta.
Hollivudda da
Oxşarı vardı
Eyni adda.
Adının son hecası
dilimdə uzandıqca
Həm savaşdım, həm sevişdim bu qızla.
Sonra, bütün radiolarda bu sevgi, bu musiqi davam edirdi.
Eyni avazla.
Eyni cazla.
Hamı qoşuldu
Bu bayatı-şiraza.
Toy günümdə
Toy günümdə
Özümü, üzümü qəfil
görmədim toy güzgümdə.
Sonra gördüm necə divardan silindi,
itdi
Qalın qara kölgəm də.
Məəttəl qaldım...
Məcbur qəzetlərə, "Yeni Müsavat"a baxdım...
Rusca qəzetləri də yoxladım...
Axır, gördüm dünya siyasi xəritəsindən
Silinib doğma ölkəm də!
Toy günümdə - 12 iyun 1993-cü ildə
Hökumət yoxdu Bakıda.
Ay da, günəş də sallanırdı
Dar ağacının yoğun kəndirində
Göydə.
Toy günümdə - 12 iyun 1993-cü ildə
Taxt-tacda, hakimiyyətdə
Bircə məndim.
Vəzifədəydim.
Bir günlük xəlifəydim.
Zay bir ifadə donub qalmışdı hamının sifətində.
Aeroport yolunun sürət zolağı bombalan-boşdu.
Polisləri tamam sərxoşdu,
Bu mənzərə kimə xoşdu?
Qəfil ürəkləndim.
Cürətləndim.
Bildim,
Bu qopuq qəlpələri, zərrələri,
Sınmış mənzərəni
Yenidən yığmalıyam, sığışdırmalıyam
Toy güzgümün tərkibinə!
Toy günümdə Azərbaycanı döymüşdülər
Ölümünə...
Qəfil, bircə fitə, fitimə
İki fərqli ünvandan, bu ölü dünyamdan
bir cüt göyərçin qalxdı,
xeyli aralı uçub, axır birləşdilər
ən uzaq üfüqdə,
barmağımdakı üzük də
Parıldadı həmin saniyədə.
Yığdım, cəmlədim bütün sınıqları,
Qəlpələri, zərbələri,
Sınıq mənzərələri
öz toy güzgümdə
Dirildik qəfil
Bu came-cəmdə.
Mənim toy günümdə.
12 iyun 1993-cü ildə.
Telegüzgüdə.
Qiymətim
1998-ci ildə
Ermənistan-Azərbaycan jurnalistlərinin görüşünü
İrəvanda hazırlamış Kanada hökuməti
Həyatımı 350 min dollar civarında sığortalamışdı.
Razılaşdırmışdı.
Sənədi imzalatdırmışdı
Mənə, Bakı rəsmilərinə,
Ermənilərə...
Həyatımın dəqiq qiymətini o vaxt bildim.
Azca sevindim...
Ancaq bildirmədim,
Özümü kiçiltmədim,
Üzdə göstərmədim
bu sevincimi...
İmzaladım masadakı müqaviləni.
İndi, otuz il sonra
Həmin rəqəmləri,
Müqaviləni,
Bir killerə göstərdim...
Dedim: öldürsən əgər məni...
Məbləği sənlə bölüşərdim...
Dedi: həəə...o əjdahadı...
Bahadı...
Zirehli tısbağadır.
Mən isə, dükanlardakı endirimlərdən
İlhamlandım deyəsən...
Dedim: bəlkə aşağı enəsən?
Bu Həmidi lap ucuz öldürəsən?
Killer, inanmadı sənədə...
Gözlərinə.
Dedi, bu sənsən?
Hələ özünü öldürməyibsən?
məbləği hələ bölüşdürməyibsən?
Səfehsən lap...səfehsən...
İndi sənə nə o yaşı verərsən...
Nə o qiyməti...
Gəl imzala yeni sənədi.
Unut köhnəsini.
Endirimli olacaq bu dəfə qiymət,
Endirimli...
Amerikalı Məlik Məmməd
Çoxseriyalıdır "Məlik Məmməd nağılı"
Bu nağılın lap axırı,
Sonadək qıcqırmış çaxırı,
Həlledici, gizli son kadrı
Amerikadakı məxfi faylları
ABŞ yazarı Stiven Kinqin
"Survivor Type" hekayəsindədir.
Eyni sürətdədir,
eyni müqəddəs surədədir.
Yarıuçuq sərdabədədir.
Qotika xərabəliklərindədir.
Demək, süjet belədir:
Gəmi batıb, yeganə sərnişini - cərrah Richard Pine Pinzetti, təkbaşına kimsəsiz adadır.
Deyirsiz, yamaqlı bir çadırdadır?
Yox. Buludların ağır yükü altındadır.
Acdır.
Nəyi dişinə vurursa, görür, bərkdir,
Qupquru qaxacdır.
Bir müddət aclığa dözür.
Yaxın adaya tərəf uğursuzcasına
bir üzür, iki üzür...
Axır, son həşəratları yeyib,
"Lənət şeytana!" deyib
özündən, acı taleyindən küsür.
Ətrafını gözləriylə yaxşı-yaxşı,
uzun-uzadı süzür...
Baldırından, Məlik Məmməd kimi
bir parça ət qopardıb üzür...
Bütün ağrılara dözür...
Bilmirəm bu kimin beynidir.
Ancaq, süjetlər tam eynidir.
Deməzdim tam yenidir.
Hə... "Məlik Məmməd nağılı"nın sonu,
Bir qolu, çox vacib gizli boyu
İndi day azərbaycanca yox...
təmiz ingiliscədir.
Satmışıq...
Müəllif haqları
Artıq Stiven Kinqdədir.
Hə... Hələ uşaqlıqda hiss etmişdim
Bu Məlik Məmməd ingiliscə də deyəsən, bilir...
Bəlkə də elə ingilisdir.
şlyapalı bir iblisdir.
Ən adi xarici turistdir.
Ağ dünya ilə qara dünyanın arasında.
Yaşayır indi okeanın o tayında.
Amerikada.
İnterpol axtarışındadır.
Dosyesində yazılıb: "Dərin çapıq var baldırında".
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)