ƏDƏBİ DEBÜT - Müqəddəs Salahlı, “Köhnə radio” Featured

“Ədəbiyyat və incəsənət” portalı BDU tələbəsi Müqəddəs Salahlının ilk qələm təcrübəsi olan hekayəsini Ədəbi debüt rubrikasında təqdim edir. 

 

Tut ağacı boyunca

Tut yemədim doyunca

Yarı xəlvətdə gördüm,ay gülüm

Danışmadım doyunca

 

Seymur kişinin Sovetdən qalmış bu böyük radiosunda İslam Rzayev məlahətli səsi ilə oxuyurdu.  Seymur kişi bu səsi eşitcək əlindəki pomidor yeşiyini  yerə qoydu. Məchul bir nöqtəyə baxıb müğənniylə birlikdə oxumağa başladı.

“Mənim balam kimə neylər"... 

Gözləri doldu, bu mahnı ona həmişə rəhmətlik həyat yoldaşı Qəməri xatırladırdı.  Elə bu köhnə radionun özü də. 

Övladları dəfələrlə ona yeni radio almağı təklif etmişdilər, amma o razılaşmamışdı. Hətta nəvələri onun bu nəhəng radiosuna gülürdü. Qəmər ilə evlənəndə Seymur kişinin heç nəyi yox idi, istixanada pomidor yetişdirib bazarda satan kasıb cavan idi. Atasının var-dövlətli olmağına baxmayaraq Qəmər Seymurla evləndi. Elə Qəmərin atası Seyfullah Seymurun mərd, sözübütöv oğlan olduğunu bildiyinə görə bu izdivaca razı oldu. Seymurun evlərinə aldığı ilk əşya bu radio idi, yanında da bir dəstə kala çiçəyi. Radionu ilk dəfə qoşanda da bu mahnı səslənmişdi. Seymur Qəmərin gözlərinin içinə baxa-baxa bu mahnını oxumuşdu. Hətta Qəmər ona gülərək “lap xanəndə imişsən ki” demişdi. 

Qəmərin şaqraq gülüşü  Seymur kişinin  qulağında səsləndi. Damarları görünən qırışmış titrəyən əlləri ilə göz yaşını sildi. Və işinə davam etdi. 

Qəmərin ölümündən 7 il ötürdü Qəmər dünyadan köçəndən sonra Seymur kişi istixanaya heç girməmiş,heç pomidor yetişdirib bazara aparmamışdı. Çünki hər zaman ona dəstək olub kömək edən Qəmər yanında yox idi. 

 

…Bu il 82 yaşı olmasına baxmayaraq qərara gəldi ki, yenə istixanada pomidor əksin. Oğlanları ona bu işin çətin olacağını dəfələrlə dedi, amma o, öz inadından dönmədi. İndi də pomidorları yetişmişdi. Sabah aparıb bazarda satacaqdı. Pomidorları yeşiklərə yığıb bir kənara düzəndən sonra evə çıxdı, çimdi, gəlinin bişirdiyi yeməkdən yeyib yatdı.

 

*

Səhər hamı oyanmışdı Seymur kişidən isə səs çıxmırdı, kişi həmişə hamıdan əvvəl oyanıb həyətə düşərdi, amma bu sabah nədənsə Seymur kişi həyətdə deyildi. 

Oğlu Bədir narahatlıqla atasının otağının qapısını açdı. Seymur baba güzgünün qarşısında saçlarını darayırdı. Əynində qara boğazlı göynəyi, qara şalvarı və qara pencəyi. Saçlarını darayıb bitirəndən sonra havanın isti olmağına baxmayaraq qara buxara papağını başına qoydu. 

Oğlu atasının bazara tək gedəcəyini bilirdi, amma niyə bu qədər geyinib keçindiyini anlamırdı. Amma gəlini anlamışdı, Seymur kişi Qəmər sağlığında onu bəyəndiyi kimi geyinmişdi.

 

*

Artıq 5 saat idiki Seymur kişi evdən çıxmışdı, bu qədər gecikə bilməzdi axı. İşi 3 saatdan artıq çəkə bilməzdi.

Bədir elə qapıdan çıxırdı ki, gedib atasından xəbər bilsin, telefonu zəng çaldı, zəng edən kəndin cavanlarından Camal idi. O söylədi:

-Salam Bədir əmi, heç bilmirəm necə deyim, Seymur əmi rəhmətə gedib... 

Bədir heç Camalın sonra dediklərini eşitmədi... 

Seymur kişi bazardan birbaşa Qəmərin məzarına gəlmişdi, elə məzarın yanındaca vəfat etmişdi, əlində də bir dəstə kala çiçəyi…

 

*

Balaca Seymur yuxudan oyanıb ağlamışdı, amma anasının başı gələn qonaqlara qarışdığı üçün onu eşitməmişdi... 

Böyük babasının adını daşıyan körpə Seymur iməkləyərək nəhəng radionun qarşına gəldi. Bunun nə olduğu balacaya maraqlı idi. 

Balaca, ağ, yumru əlləri ilə radionun düyməsini basdı. 

Radioda İslam Rzayev oxuyurdu:

Tut ağacı boyunca

Tut yemədim doyunca...

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.