Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı.
Gözlərinə heyranam,
Azərbaycan maralı!..
İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur. O, 1930-1935-ci illərdə kənddə fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində oxumuş, sonra Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirmişdir. Amma 1938-1939-cu illərdə bir neçə tay-tuşu ilə (Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərov) sovet-fin mübaribəsinə yollandığına görə təhsilini yarımçıq qoymuşdur. Müharibədən yaralanıb qayıtdıqdan sonra…
Sonrakı dönəmdə o, daha bir müharibənin iştirakçısına çevrilir: 1941-1945-ci il müharibəsində iştirak edir. Cəbhədə yaralanan İskəndər doğma kəndi Novruzluya qayıdır. Lakin sinəsi poeziya nümunələri ilə dolu olan İsgəndər kəndə sığışmır. Orta boylu, qaşı-gözü qara, yaraşıqlı olan İsgəndərin həm də şaqraq səsi vardı. Şairlik təbi ilə yanaşı gözəl tar çalırdı. Müğənni, tarzən kimi el məclislərində iştirak edirdi.
İskəndərin əsl adı qeyd etdiyimiz kimi, İngilis idi. Neynəmək olar ki, insan özü özünə ad qoymaq ixtiyarına malik deyil. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İskəndər qoydu və vətəndən uzaqlara – Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan (vaxtilə atası, anası oraya Şuşadan gedib) Sona xanımla evləndi. İki oğlu (Rövşən, Nizami), iki qızı (Natella, Nailə) dünyaya gəldi. 1948-ci ildə İskəndər respublikadan kənarda olanda, bədbəxt hadisə – zəlzələ oldu, təcili Aşqabada qayıtdı, şəhəri xarabazar gördü, evini, ailəsini axtarsa da tapmadı. Sən demə, uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparıblarmış.
Sonra isə…
İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə – Novruzluya qayıdır. Onun kəndə gəlişi böyük nisgilə, məyusluğa səbəb olur. Uzun müddət kənddə yas saxlanılır. Başına müsibətlər gələn İskəndər kənddə darıxır. Şair-bəstəkar təbiətin ona vurduğu amansız yaranı unuda bilmirdi. Hamı onun halına acıyır. Eyni zamanda onun istedadını qiymətləndirməyə şərait də olmur.
Deyirlər, dünya yaxşı adamlardan xali deyil. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İskəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir. Günlər, aylar keçsə də İskəndər başına gələn müsibətləri unuda bilmir. O vaxt Ağdam 7 illik musiqi məktəbinin direktoru işləyən Əlipaşa Daşdəmirov və kamança çalan Əli (ayaması Depo idi) tez-tez Novruzluya gəlirdilər. Məqsədləri İskəndərin məlahətli səsinə qulaq asmaq (Əlipaşa müəllim özü yaxşı tarzən idi, təzə şeirlərini dinləmək idi. Qədirbilən adamlar İsgəndəri ovundurur, onu darıxmağa qoymurdular.
Şair-bəstəkar İsgəndər Novruzlu millətinə, torpağına bütün varlığı ilə bağlı bir insandı. Onun bəstələdiyi havalar da xalq ruhunda olduğundan dərhal dillər əzbəri olurdu. Klubdan aldığı maaş əliaçıq, qəlbiaçıq İsgəndəri təmin etmirdi. Buna görə də Qiyaslıdan tarçalan Rüstəmlə, Novruzludan qarmonçalan Məhiş Abdullayevlə toylara gedirdi. Xanəndə Şahmalı Kürdoğlu ilə də dostluq edirdi.
Ətrafı istedadlı şair-bəstəkar İsgəndər Novruzlunu olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində tək idi. Qanadları qırılmış bir quşa bənzəyirdi, çırpınır, vurnuxur, lakin bir çıxış yolu tapa bilmirdi. Ona əl uzadan, dayaq duran demək olar ki, yox idi.
Bir günsə…
Tərslikdən ailəsini itirmiş İsgəndərin şair könlünə eşq odu düşdü. Belə ki, İsgəndər özünün həmyerlisi olan bir qızı dəlicəsinə sevməyə başladı. Lakin müqəddəs bir ailə meyə meyilli, azadlıq sevən, sərbəst hərəkətli İsgəndərə öz qızını rəva bilmədi. Bu uğursuzluqdan sonra İsgəndər bir az da bədbinləşdi. Beləliklə, o, hər kəsdən küsdü, bəzi adamları öz hərəkətləriylə incitdi. Bu incikliyin, istedadı qiymələndirməməyin, paxıllığın nəticəsi faciə ilə bitdi…
Onu tutdular. 1957-si ildə saxta ittihamlarla şərləyərək tutdurdular onu. Gözügötürməyınləri beləcə ondan qisaslarını aldılar.
Keşməkeşli bir ömür sürmüş istedadlı şair-bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınırdı. Səsinə səs verən isə tapılmırdı. Heç kəs fərqində deyildi ki, dillər əzbəri olan “Qarabağın maralı” mahnısının müəllifi Şuşa türməsində xiffətindən gün-gündən saralıb-solur. Dustaq bəstəkarın bəstələdiyi mahnılar isə xalq mahnısı adı ilə toy-düyündə oxunurdu…
Tale həqiqətən də qəza-qədər imiş!
İskəndər Novruzlu 1958-ci ildə Şuşa həbsxanasında vəfat edir. Yaxınları onun cənazəsini gətirib Novruzlu kənd qəbiristanlığında dəfn edirlər. Beləcə, su sənəyi suda sınır.
Əlbəttə, İsgəndər Novruzlunu şərləyib tutduranların adı bizə bəlli deyil, amma onun mahnıları hər kəsə bəllidir.
İskəndər bəyin qardaşı oğlu Hacı bəy 1973-cü ildə atası Məhəmməd bəylə birgə əmisinin yadigarlarını tapmaq niyyəti ilə Aşqabada gedir. Soraqlaşa-soraqlaşa İsgəndər Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük qızı Natella xanımı tapırlar. Sən demə, onları 1948-ci ildə Aşqabadda baş verən zəlzələ vaxtı uçqunun altından salamat çıxarılıb şəhərdən uzaq xəstəxanalara aparıblarmış. İsgəndər Novruzlunun xanımını və qızını Ağdama, Novruzluya gətirmək istəsələr də, onlar şair-bəstəkarın vəfatı xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən daşınırlar.
Yaradıcılığı
İskəndər Novruzlu çoxsaylı şerlər (qoşma, qəzəl və s.) yazmış, yazdığı şeirlərin bir çoxuna mahnı da bəstələmişdir. Bəstələdiyi dillər əzbəri olan mahnılar ("Qarabağın maralı", "Ağdam", "Bakılısan sən" və s.) uzun müddət (hətta indi də) yanlış olaraq xalq mahnısı kimi təqdim olunmuşdur. Yaradıcılığında təbiət gözəlliklərinin tərənnümü xüsusi yer tutur. Yazdığı şerlərin çox az bir qismi günümüzə gəlib çatmışdır. Söyləyirlər ki, İsgəndər Novruzlu həbsdə olanda da çoxlu şeirlər yazıb. Onun şeir dəftərlərinin çoxu, deyilənə görə, Seyidlidən tarçalan Şahmalının əlinə keçib. İskəndər Novruzlunun həyat və yaradıcılığının toplanması və bu günə gəlib çatmasında qardaşı oğlu Hacı bəy Məhəmmədoğlu, əməkdar müəllim Səlim Əzimov, ziyalı Tağı Abdullayev, tədqiqatçı Ənvər Çingizoğlunun xüsusi xidmətləri olmuşdur. Onun yaradıcılığının toplanması istiqamətində axtarışlara bu gün də böyük ehtiyac var.
Və sonda, onun dillər əzbəri olan yaradıcılıq nümunələrindən misal gətirərək yazımı yekunlaşdırıram.
AZƏRBAYCN MARALI
Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı.
Gözlərinə heyranam,
Azərbaycan maralı!..
Nəqərat:
Sən bulaq üstə gələndə,
Qıyğacı baxıb güləndə
Aldın səbrü-qərarımı,
Azərbaycan maralı!..
Gedək Qırxqız yaylağına,
Ceyran, cüyür ovlağına,
Çıxaq İsa bulağına,
Azərbaycan maralı!..
Nəqərat:
Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Qarabağın maralı.
Aldın səbri-qərarımı,
Azərbaycan maralı.
AĞDAM
Ağdam, Qarabağın toy otağısan,
Bülbüllər səyrişən gül yatağısan,
Həmişə baharın gülşən bağısan,
Nə gözəl yaraşır ad sənə, Ağdam!
Baxdıqca oluram şad sənə, Ağdam!
Yenə Şah bulağın sorağı gəlir,
Xaçının axışıb qonağı gəlir,
Elimin nə gözəl növrağı gəlir,
Layiqdir bu gözəl ad sənə, Ağdam!
Baxdıqca oluram şad sənə, Ağdam!
Göylərə sığmayan səadətin var,
Musiqi ocağısan, cəsarətin var,
Tarixi yadigar İmarətin var,
Layiqdir bu gözəl ad sənə, Ağdam!
Baxdıqca oluram şad sənə, Ağdam!
Başının üstündə Qırxqızın da var,
Onun varlığıyla coşanda Qarqar,
Novruzlu İsgəndər yazdı yadigar,
O verdi əbədi ad sənə, Ağdam!
Baxdıqca oluram şad sənə, Ağdam!
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)