“Qadın yazıçılarımızın 98%-i sanki qınaqdan qorxur” - MÜSAHİBƏ Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

        

Xanım Anela... Bu imzanı ilk dəfə “Ustad” jurnalından tanımışam.  Yazdığı mətndən mənə bir işıq seli axmışdı sanki... Üzünü görmədən, səsini duymadan çox istəmişdim onu.  Həyatımda Xanım adlı xanımlar çoxdur:  Xanım Aydın - göyçək Xanım, Xanım Həsənova - bacı Xanım,  badımcanlı yumurta bişirməyi öyrəndiyim Xanım - ana Xanımdır. Anelaya da ad tapmışam özümçün - qəşəng Xanım. 

 

Böyüklər üçün yazdığı əsərlərdə dərinliklərə işıq salır, “Əbədi yolun yolçuları”nı xatırladır mənə. “Əbədi yolun yolçuları”nı məktəbliykən oxumuşdum, o vaxtdan da təsirini yaşayıram. Xanım Anela isə həmin dərinliklərdəki insan münasibətlərini göstərir bizə-həm qorxudur, həm düşündürür, həm də utandırır. 

Keçən il  qəşəng Xanımın uşaqlar üçün yazdığı nağıllar da işıq üzü gördü.  Arada şeir səsləndirir;  səsinə qoşulub  görünməzliklərə doğru yola çıxıram. Hərdən köhnə mahnıları yada salır; qayıdıb uşaq oluram, kəndin mərkəzində dayanacaq “arançı maşını”nı gözləyirəm, ya da saatla yanan işığa olan ümidimə sarılıb alaqaranlıqda “Çalıquşu” oxuyuram.  Bir gün də baxıram ki, qəşəng Xanım təzə şəkil paylaşıb.    Onun hər təzə şəklində yadıma bir epizod düşür: həyətimizdə ucadan “Azərbaycan tarixi” kitabını oxuyuram. Küçədən kimya müəllimimin səsi gəlir:

-Şəfa bala, işıq yandı?

-Yox, ay Məhərrəm müəllim! Hələ yarım saat var.

-Televizorunuzu akkumulyatora qoşmusunuz? ( o vaxtlar “Xəbərlər”ə baxmaq üçün televizorları maşın akkumulyatorlarına qoşurdular)

-Yox! Akkumulyator əmimgildədir.

-Bəs o diktor qızın səsi haradan gəlir?

-Mən dərs oxuyuram.

-Hə, oxu, bala, oxu! Oxu ki, biz də gələcəkdə heç olmasa deyək, “filan diktor  şagirdim olub”.

Müəllimimin arzusu yerinə yetmədi....  Ya da, bilmirəm. Hərdən düşünürəm: “Görəsən, Məhərrəm müəllim nə vaxtsa fəxrlə adımı çəkirmi ki, “o yazıçı mənim şagirdim olub?” Yoxsa unudulmuşam?”

Hə, qəşəng Xanımı bir də bu şəffaf xatirəm - qarışıq duyğularım üçün çox istəyirəm... Və bu yanvarın qarışıq-soyuq, amma günəşli əhvalında istədim ki, onunla kəlmə kəsim.

        

***

 

-“Ədəbiyyat və İncəsənət” portalının oxucularına özünüzü necə təqdim edərsiniz?

 

-Talış qızıyam! Özüm haqqında danışarkən hər zaman ilk vurğulamaq istədiyim məqam budur. Atam cənub bölgəsindən, Masallıdandır, anam isə əslən Füzulidəndir, lakin Beyləqanda doğulub. Bəlkə də düşünəcəksiniz: “Beyləqan hara, Masallı hara?” Belə ki, anamla atam qrup yoldaşı olublar. Uşaqlığım hər iki rayonda keçib, ən çox isə Masallıda. Daha sonra ailəmiz Rusiyanın Kalininqrad (Köniqsberq) şəhərinə köçdü və mən orada böyüyüb boya-başa çatdım. Hüquqşünasam və 41 yaşım var. İki övlad anasıyam. 2011-ci ildən etibarən Azərbaycanda yaşayıram.

 

-Nəsr əsərlərinizdə cəmiyyətin bəlalarının insan xislətindən qaynaqlandığını oxuculara bir daha xatırladırsınız. İnsanları bu qədər, bu dərinlikdə tanımaq sizdə xəyal qırıqlığı yaratmır ki?

 

-Yaralı mövzudur... İnsanları tanımaq bacarığım həm həyat təcrübəmdən, həm də insan psixologiyasına olan marağımdan qaynaqlanır. Çox vaxt ilk tanışlıqda bir insanın necə biri olduğunu bədən dilindən təxmin edə bilirəm. Doğrudur, bu, hər zaman müsbət nəticə vermir. İnsanları daha yaxından tanıdıqca, bəzən məyusluq hissi yaşayıram. Buna baxmayaraq, hələ də insanların dəyişə biləcəyinə inanır və sona qədər bu ümidimi qoruyuram. Təəssüf ki, bu inancım nadir hallarda reallaşır. İnsan xarakterinin bəzi xüsusiyyətləri zamanla, həyat tərzi dəyişdikcə, dəyişə bilər, lakin əsas, dərin xüsusiyyətlər, demək olar ki, dəyişməz qalır. Heç kim mükəmməl deyil – mən də daxil. Özümü çətin xarakterli biri hesab edə bilərəm, amma pis biri deyiləm. Əminliklə deyə bilərəm ki, indiyə qədər heç kimə bilərəkdən pislik etməmişəm. Lakin bəzən yaxşılıq etdiyim insanlardan gözlənilməz və mənfi davranışlar görmüşəm. İnsanları qınayırammı? Əsla! Çünki insanın böyüdüyü mühit, ailə və ətrafı onun formalaşmasında çox böyük rol oynayır. Və bir şeyi də vurğulamaq istəyirəm: İnsan, əgər həqiqətən istəyərsə, dəyişə bilər.

 

-"Ürək notu: vanil" nədən bəhs edir? Hələ oxumaq şansım olmayıb...

 

-Yazı dünyasına "Amarna günahkarları" romanı ilə başlasam da, "Ürək notu: vanil" indiyə qədər yazdıqlarım arasında ən önəmli yer tutan əsərdir. "Ürək notu: vanil" Günəş adlı bir qızın 11-ci doğum günündə yaşadığı faciəvi hadisələrlə başlayır. Anasının təcavüzə uğramasına şahid olan Günəş illər sonra istəmədiyi bir adamla evlənməyə məcbur edilir və anasının taleyini təkrarlayır. Lakin Günəş çox güclü xarakterə sahibdir. Həyatın ona gətirdiyi çətinliklərə baxmayaraq, o, anası kimi həyatına son qoymağı deyil, yaşamağı və mübarizə aparmağı seçir. Əsərdə qadınların təcavüz sonrası yaşadıqları travmaları və etdikləri seçimləri dərinliklərinədək təsvir etmişəm. Ən diqqətçəkən məqam isə qoxuların insan həyatına olan təsirləridir. Bu kitabı yazarkən Azərbaycanda birmənalı qarşılanmayacağını hiss edirdim, xüsusilə də, qadınlar tərəfindən. Buna baxmayaraq, kitab Türkiyədə də nəşr olundu və orada bu mövzunun aktual olması, belə mövzulara önəm verilməsi səbəbilə əsər diqqət çəkdi, oxucular tərəfindən maraqla qarşılandı.

 

-Yazar olmağın qadın və ya kişi tərəfi varmı? Bu sualı verməkdə məqsədim var. Mən o tərəflərin olmadığını düşünürəm. Əsas yazmaqdır... Və nəyi necə yazmaqdır...

 

-Mən də sizinlə eyni fikirdəyəm, lakin bəzi məqamları da vurğulamaq istəyirəm. Belə ki, bilirsiniz, mən həm də nəşriyyatda çalışıram və təsəvvür edin, ildə neçə kitab oxuyuram. Buna əsaslanaraq deyə bilərəm ki, bizdə kişi yazıçılar istədikləri mövzunu sərbəst və çəkinmədən yaza bilirlər. Qadın yazıçılarımızın isə 98%-i sanki qınaqdan qorxur. “Belə yazsam, cəmiyyət nə deyər?” düşüncəsi ilə yazdıqlarını məhdudlaşdırırlar. Təəssüf ki, bu, mətnlərin bir qədər süni alınmasına səbəb olur. Yazıçı azad ruhlu olmalıdır. O, özünü qəhrəmanının yerinə qoyaraq, bütün hissləri onunla birgə yaşamalı və bu hissləri mətnə çevirməkdən çəkinməməlidir.

 

-Yazıçı gözəlliyi axtarmalıdır, yoxsa yaratmalıdır?

 

-Yaratmalıdır! Çünki yazıçının beyni, onsuz da, adi insanlardan fərqli işləyir. Onun gözəllik axtarmağa ehtiyacı yoxdur - o, adi şeylərdə belə, gözəlliyi görə bilir (söhbət əsl yazıçıdan gedir). Yazıçı bu gözəllikləri və beynində qurduqlarını əsərə çevirərək yaratmaq məcburiyyətindədir. Axı ədəbiyyat yaradıcılığın bir qoludur!

 

-Uşaq ədəbiyyatından danışaq... Elə sizin qəhrəmanlardan...

 

-Ən sevdiyim! Bilirsiniz, nağıl yazmaq mənim üçün həm əyləncəli bir işdir, həm də bir növ, terapiya kimidir. Düşünün ki, sehirli bir aləmdəsiniz və istədiyiniz hər şeyi uydurmaq imkanınız var. Bu, reallıqdan bir az da olsa qaçmaq və öz xəyal dünyanızda olmaq şansı verir. Nağıl yazmağa övladlarım hələ çox balaca ikən başlamışam. Onlar üçün nağıllar yazır, hər axşam birini oxuyurdum. 2024-cü ildə bu nağılları bir yerə toplayıb “Pıçıltı” adlı nağıllar kitabı yaratdıq. Qəhrəmanlarım arasında həm sehirli varlıqlar, həm özümün uydurduğum obrazlar, həm də real həyatda tanıdığım insanlar var. Ən son iki nağıl kitabım rus dilində çap olunub: “Фа, Фа и Гранатовое Королевство” (“Fə, Fə və Nar Krallığı”) və “Фа и Фа в поисках Деда Мороза” (“Fə və Fə Şaxta Babanın axtarışında”). Bu kitabların əsas qəhrəmanları bacı-qardaş olan Fərəh və Fəxri obrazlarıdır. Onlar dostlarımın övladlarıdır və mən onları çox sevirəm. Əslində, bütün qəhrəmanlarımı və ümumiyyətlə, uşaqları çox sevirəm. Təsəvvür edin, Fərəhlə Fəxri böyüyəcəklər, onların övladları bu nağılları oxuyacaq, dinləyəcək, onlardan sonrakı nəsillər də... Və məni heç vaxt unutmayacaqlar. (Ümid edirəm.)

 

-Nə vaxtsa bir uşaqdan nağıllarınız haqqında rəy almısınızmı?

 

-İlk dəfə Hüseyn və Ömürdən - öz övladlarımdan. Hər axşam təkrar-təkrar ən sevdikləri nağılı, “Acı bibər”i danışmağımı istəyirdilər. Bir də Fərəh... Yəqin ki, nağılın qəhrəmanı özü olduğu üçün bu qədər çox xoşuna gəlir.

 

-2025-ci il üçün yaradıcılıq planlarınız nədir?

 

-Belə bir söz var: “Allahı güldürmək istəyirsənsə, ona planlarını danış”. Buna görə də plan deməyim, niyyət deyim buna. Həm Azərbaycan, həm də rus dilində uşaq kitabları yazmaq istəyirəm. Hal-hazırda rus dilində bir roman üzərində işləyirəm və kitablarımı Rusiyada nəşr etdirmək və ya onlayn platformalara yerləşdirmək niyyətindəyəm.

 

Uğurlar arzulayıram, qəşəng Xanım! Hər uğurunuza sevinirəm!  Sizin, eləcə də, digər qələmdaşlarımızın qazandığı uğurlar Azərbaycan ədəbiyyatının bir qat daha aydınlığa çıxmasıdır! 

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.