Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Xalq şairi Camal Kamalla görüşüb, şairə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı və onun vəsiqəsini təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsəri Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi C.Kamal Azərbaycanın mədəniyyət naziri Anar Kərimov tərəfindən bu mükafata layiq görülüb.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov özbək şairə dünya şöhrətli Azərbaycan klassiklərinin əsərlərinin özbək dilinə tərcümə etməsi və oxuculara öz ana dillərində çatdırılmasında xidmətlərinə görə təşəkkürünü bildirib. Diplomat 2021-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nizami Gəncəvi ili” elan olunduğunu və şairin “Xəmsə”sinin özbək dilinə çevrilməsinin bu ilə gözəl bir töhfə olduğunu vurğulayıb.
C.Kamal çıxışında dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə etməsi və Azərbaycan dövləti tərəfindən belə yüksək mükafata layiq görüldüyü üçün özünü xoşbəxt saydığını qeyd edərək, gələcəkdə də sağlamlığı imkan verərsə Azərbaycanın korifey şairlərinin yaradıcılığına müraciət edəcəyini bildirib.
Sonra C.Kamala Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Nizami Gəncəvi” döş nişanı təqdim edilib.