Hüseyn Cavidin kamera yoldaşı - ƏNVƏR YUSİFOĞLUNUN DOĞUM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qasımov Ənvər Yusif oğlu 1914-cü il yanvarın 15-də Yevlax rayonunda poçt işçisinin ailəsində anadan olmuşdur.

Əslən Ordubadlı olan yazıçı İbtidai təhsil aldıqdan sonra Tiflisdə pedaqoji texnikumda təhsil almışdır.

1929-cu ildə texnikumu bitirmiş, 1930-cu ildə əmək fəaliyyətinə Gürcüstan KP MK-nın orqanı “Yeni kənd” qəzeti redaksiyasında ədəbi işçilikdən başlamışdır.

“Bir matrosun xatirələri” adlı ilk hekayəsi 1930-cu ildə  “Ədəbiyyat cəbhəsində” jurnalında çap olunmuşdur.

O, Tiflisdə yaşayıb işlədiyi dövrdə yazılarını Ənvər Ülvi təxəllüsü ilə dərc etdirmişdir. 

1932-ci ildə Gürcüstan Proletar Yazıçılar İttifaqına üzv olmuşdur. Bakıya köçdükdən sonra “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan təsviri incəsənət muzeyində kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1937-ci il repressiyası dövründə yazıçı həbs edilmiş, 6 ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. O, 9 aydan sonra buraxılmış, daha sonra yenidən tutularaq 10 il müddətinə Sibirə sürgün edilmişdir. 

Sürgündən qayıtdıqdan sonra 1950-1956-cı illərdə Balakən rayonunda taxta emalı zavodunda mühəndis-normaçı olmuşdur.

Sonralar Bakıya köçüb 1957-1965-ci illərdə  burada “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında, 1965-1976-cı illərdə  “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.

1976-cı ildə təqaüdə  çıxıb fərdi yaradıcılıqla məşğul olmuşdur. 

O, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1964-cü ildən Rəssamlar Birliyinin üzvü seçilmiş, 1976-cı ildə əmək veteranı olmuşdur.

 Ənvər Yusifoğlu 1989-cu il martın 4-də Bakıda vəfat etmişdir.

O, "Gənclik illərinə  səyahət" (“Hamballar") povestinin, "Düşmənimin düşməni" və "Cərrahlar" romanlarının, "Göyərçin qanadları" hekayələr kitabının, 

"Maral Rəhmanzadə" monoqrafiyasının,

"Vətəndaş", "Veysəl və dostları", "Məzəli adam", "Gecə qardaşları" kimi yaddaqalan hekayələrin, və başqa hekayə kitablarının müəllifidir.  

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.