İslanmış məktub - EPİTAFİYA Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Bir qədəh şərab alıb keçdim masamın arxasına, aldım qələmimi əlimə. Pəncərədən baxıram meşəyə baxan mənzərəmə. Məktubuma necə başlayım, haradan başlayım, planlamamışdım əslində. Amma qəlbim o qədər doluydu ki, qələm sanki özü-özünə tərpənərək qəlbimdən keçənləri köçürdü yazıya.

 

"Salam, necəsən? Yaxşısan deyə ümid edirəm. Mən yaxşıyam. Sənsiz hər gün biraz daha yaxşıyam. Səs-küyün yox, içkin yox,  sözlərin yox. Əlbəttə ki yaxşıyam.

Vərdişlərimi dəyişmişəm. Daha əvvəlki kimi kitablar marağımı çəkmir. Sənlə nə çox oxuyardıq halbu ki... O kitabxananı yandırmaq belə keçdi ağlımdan, axı səndən geriyə qalan kitablar nəyimə lazım? Elə bil yadlaşıb səhifələr mənə. Sonra vaz keçdim, camaatın əziyyətini sənə görə niyə yandırım axı?

Piano çalmağı buraxmışam. Amma "Vals" çalanda xoşbəxt oluram. Sən sevərdin dinləsəydin o melodiyanı. Bir gəlib mənim ifamda dinləyəsən hələ, öz aramızdı, elə bil bəstəkarı mənəm, o qədər ruh verirəm mahnıya. 

Qidalanmağıma da diqqət edirəm. Hər şey yaxşıdı. Ordakılara salam de. Bir gün görüşsək əgər bol-bol dərdləşərik."

 

Qoydum qələmi yerə. Yenə bir ton yalan. Yenə bir ton gözyaşıyıa islanmış bir kağız parçası. Aldım əlimə kağızı, çıxdım evdən. Budur, qapındayam. Qapının ağzındayam, amma yanına gələ bilmirəm, qorxuram, ayaqlarım tərpənmir. 

Bu sənə yazdığım, amma sənin heç vaxt oxumayacağın 12-ci məktubdur. Gözyaşlarım o qədər isladıb ki vərəqi. Yazılar da oxunmayacaq birazdan. 

 

Sənsiz yaxşı deyiləm. Kitabxanadan çıxmıram. Sənin qoxun gəlir oradan. Yeni kitablar oxumaq gəlmir içimdən. Ancaq sonunu bildiyim, əzbər bildiyim o yeganə kitabi artıq 3-cü dəfədir bitirdim sən gedəndən.

Piano yaxşı çala bilmirəm, yalan dedim. Sən bəlkə dönərsən deyə. Bəlkə gələrsən deyə... Amma öyrənərəm. Sən istəsən, öyrənərəm. 

Yemək-içmək heç yadıma da düşmür. Bax, necə arıqlamışam, halbuki sən nə çox sevərdin yanaqlarımı. Yoxdular artıq. 

Artıq ayaqda duracaq gücüm yoxdur, çökürəm sənin həyətində yerə. 

Oyan, qalx o soyuq məzardan. Bax yenə sənə məktub gətirmişəm. Bir dəfə saçımı sığallasan, hər şey düzələr əslində.

Üşüyürəm... 

Yağış altında səni gözləyirəm, adam da heç yağışın altında yatar?

 

Qızın çox darıxıb sənsiz. Şərab başımı döndürür. Mənə bir cavab ver. Hər şey yaxşı olacaq de. Düzələcək de. Ya da, əl çək daha məndən de. Ümidini kəs de. Hamı mənə qəribə baxır. Sanki mən təkmişəm, heç kimim yoxmuş kimi. Əslində, sən varkən də mən tək idim, ata. Onda səni yaxşı bilsinlər deyə hər yerdə nağıllar danışırdım. Bəs indi? İndi...

Nəysə. Bu vərəq də islandı, məhv oldu getdi. Bəlkə gələn məktubu oxuyaram sənə. İslatmadan gətirə bilsəm, hökmən oxuyaram. 

Sən yenə öpmədən yola salırsan məni... 

Sağ ol, ata. Sağ ol...

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.