Əkilən ağaclar çarmıxlara dönməsin! – CAVİDANIN ŞEİRLƏRİ Featured

Sizləri bilgiləndirmişdik ki, Yeni ildə poçtumuza gələn ilk məktub Cavidan Hacıyevin şeirlərindən ibarət olub. Cavidan fərqli yazır, heç kəsi təqlid etmir. Mövzuları da özünəməxsusdur. Məsələn, indi süjetli şeir demək olar ki, yazılmır. Amma onun “Sansara” şeiri məhz süjetlidir. Oxudun, sanki qısametrajlı bir filmə baxdın.

Şeirlərinin bir hissəsini diqqətinizə çatdırmışdıq, indi də digərlərini ixtiyarınıza veririk.

 

GETDİ

 

“Sevgi Haqqdan gəlir, pakdır əzəldən"-

Deyərək, dastanlar var oldu getdi.

Neçə Qeys olubdur dəli eşqindən:

Leylalar özgəyə yar oldu getdi.

 

Dedilər: ədalət — tərəzi gözü,

Guya göstərirmiş əyrini, düzü.

Dünyada var ikən, dünyanın özü,

Öləndə — yerimiz dar oldu getdi.

 

«Gülümsə, dərd bitsin, dayan» dedilər.

Neçə dost dərdimə hayan dedilər.

Dərddən dərdə düşdüm, «oyan» dedilər.

Üzümdə təbəssüm yoruldu getdi.

 

Həqiqət işıqdır, həqiqət günəş.

Parlasın, yayılsın hər yana atəş.

«Onu gör» -dedilər- «həyatla dirəş».

Baxanda gözlərim kor oldu getdi.

 

Cənnətdən gəlmişik, uşaqtək pakıq.

Saf olub, savablar qazanmalıyıq.

Ümid var- Tanrının dərgahındayıq.

Yaşadım, o ümid gor oldu getdi.

 

 

SANSARA

 

Səhər erkən oyanıb, təraş etdi üzünü,
Güzgüylə söhbətləşib, ruhlandırır özünü:
Həyəcanlanmağa nə var? Hər şey yaxşı olacaq.
Bir qız bir oğlanındır — çaya qənd atılacaq.
Bir də ki, təhsillidir, özü hələ novbahar,
Bir — iki kitab yazıb — bir az şairliyi var.
Güzgüdə gülümsəyib, ürəyində sevgiylə
Yazdığı bir şeirdən dedi bir-iki cümlə:
«Sevgi, bəlkə həyatda ilahi bir sınaqdır.
Sevgi ONUN eşqiylə səhrada yaşamaqdır.
Sevgi həyata qüvvət, sevgi elə həyatdır - 
Yox, həyat fani olur, sevgi — əbədiyyatdır...» 

… Bağlamaq istəsə də, suyu təraşdan sonra,
Birdən ağrı hiss etdi, əli çatmadı ora.
Çırpınsa da dəniz tək, sakitləşdi ürəyi:
Yenə geyindiriblər əyninə dar köynəyi.
Səsə otağa gəldi ağ xalatlı birisi,
Dedi: «Halı pisləşir, qohumları tez gəlsin.»
İkinci ağ xalatlı dedi üçüncü şəxsə:
«Tez zəng edin qəribə adı olan kişiyə.»
İcrası da tez oldu qəfil verilmiş əmrin:
"-Alo, Dispanserdəndir. Müləvvəh bəy tez gəlin."

… Yazıq Müləvvəh kişi yanmağa dərdi nə çox.
Qırx yaşlı xəstə oğlu, qayğıya qalanı yox.
Oğlu çox tez-tez olur konfabulasiyada.
Çox çətindi yaşamaq Adel sindromunda...

Xəstə indi sakitdi, xatırlayır keçmişi:
Neçə il əvvəl bugün olmalı xeyir işi:
Səhər erkən oyanıb, təraş etdi üzünü,
Güzgüylə söhbətləşib, ruhlandırır özünü:
Həyəcanlanmağa nə var? Hər şey yaxşı olacaq.
Bir qız bir oğlanındır — çaya qənd atılacaq.
Bir də ki, təhsillidir, özü hələ novbahar,
Bir — iki kitab yazıb — bir az şairliyi var.
Güzgüdə gülümsəyib, ürəyində sevgiylə
Yazdığı bir şeirdən dedi bir-iki cümlə:
«Sevgi, bəlkə həyatda ilahi bir sınaqdır.
Sevgi ONUN eşqiylə səhrada yaşamaqdır.
Sevgi həyata qüvvət, sevgi elə həyatdır - 
Yox, həyat fani olur, sevgi — əbədiyyatdır...» 
Şeiri tam demədi, şeir yarımçıq qaldı:
Telefona zəng gəldi, sevdiyi ağlayırdı:
«Heç nə demə, qulaq as, bil ki, səni sevirəm.
Mənim atam „hə“ dedi. Artıq özgəsininəm.»
Yüzlərlə şeir yazan, indi tutuldu qaldı:
Sevgi intihar etdi, xəttən asıldı qaldı.

...Üzünü saqqal basmış qırx yaşı olan biri
Əli bağlı köynəkdə ad gününü qeyd edir.

 

 

 QURBAN

 

Yığıb son parasını kişi gedir bazara:
Oğlu döyüşdən gəlir — qurbanlıq qoç almağa.
Bir vaxt yurda gələndən qara donlu kafirlər,
Bir ata qurban deyib, oğul yolunu gözlər.

Döyüşsə çoxdan bitib, keçib üstündən illər:
O vaxtın gənclərinə indi "əmi" deyirlər.
Ata üçünsə zaman donub oğlu gedəli.
Ata ayırd eləmir fəsilləri, günləri.

Oğul gedəndə dedi: "İndi Vətən vəsfiyik.
Düşmən kimdir, ay ata? — Qoç Koroğlu nəsliyik!"
Bir ata qurban deyib, indi əməl etməli.
Bir ata qurban deyib İbrahimtək, kəsməli.

Ata kəsdi ağ qoçu oğlunun qədəminə,
Qoç qanından xal qoydu şəhidin kəfəninə.
Qəribə dinclik tapdı ata oğlu gələli: 
Qucaqlamaq çətindir axı boş qəbirləri.
Boş qəbirdə həsrət var, boş qəbirdə ümid var.
Vətənin şəhidinə Vətən özü darıxar.

Bir ata hüzur tapdı, bir kənddə qəbir artdı.
Bir qadın ruhundasa qız yenidən ağladı.
Qız qəlbi ümid dolu — sevgilisi qayıdar.
Qız qəlbi ümid dolu — alnı isə qırışlar.
Qızın alnı qırışlı, qızın saçı ağappaq:
Qız illərlə yığılan həsrəti edib duvaq.
Müharibə başladı, edənmədi toyunu.
Elçilər gəlib gedir — qızsa gözləyir onu.
Artıq şıltaq qız deyil, alnında qırış çoxlu.
«Nənə» deyilən vaxtda «ana» deyəni yoxdur.
Amma ümidi vardı, bəsləyirdi oğlutək:
Döyüş bitsin, ağ atlı o şahzadə gələcək.
Ağ atda gözləyirdi, ağ kəfəndə qayıtdı:
Qız otuz il gözləyib, bircə anda qocaldı.

Oğul təkçə atanın, şəhid — bütün elindir.
Şəhid nəşi tapılıb — bir kənd yas içindədir.
Geçikmiş məktub kimi, bəlkə, bir-bir gəlirlər
Koroğlu əqidəli itkin düşmüş şəhidlər. 

 

 

SÜPÜRGƏLİ NƏNƏ

 

Hər sübh günəşdən əvvəl, günəş yatarkən hələ,
Çıxırlar küçələrə Süpürgəli Nənələr.
Hər sübh azandan əvvəl, təkcə Tanrı oyaqkən,
Zibildən təmizlənər yuxulamış küçələr.

Təmizlənir sübhçağı- kirlənir axşamadək.
Kirlənsin da, uzağı nənələr süpürəcək.
Görən süpürərdimi yenə nənə sübhçağı?
Nazını çəkən olsa, olsa isti ocağı
?


Yığardı o nənə də başına nəvələri,
Heç Şəhrizad bilməyən nağıllardan deyərdi.
Amma küçə süpürür — olmadı naz çəkəni:
Qarı həmdərd eləyib bir darı süpürgəni.

Nənə bir də Tanrı var, ətrafdasa gecədi:
Deyəsən, Tanrının da yuxusuzluqdu dərdi.
Süpürgəli nənələr nə qədərdi küçədə:
Süpürgənin səsindən heç yatanmır gecə də.


Rəhm gözləmə bizdən, süpür hər gün sübhədək,
İsanı öldürənlər sənəmi rəhm edəcək?
Süpürgədi ən sadiq, dürüst yoldaş nənəyə:
Nənələr də darıyla bəlkə çıxır təpəyə?
Darı dar ağacıdı bəlkə elə nənənin?
Bəlkə nənə İsadır — dəyişib qiyafəsin?


Amma biz kor olmuşuq, görənimiz də yoxdu:
«Hara gedirsən Tanrı?» soranımız da yoxdu.
Görən, nə qədər Tanrı gəlib gedib beləcə?
Sadəcə bir nənə var, bir küçə var, bir gecə.

Kir süpürürsən nənə, kirdən təmiz küçələr.
Bəs bu küçələrdəki günahlar hara gedər?
Neyləyək ki, ay nənə, görək biz də təmizlik?
— Günah artıq kir deyil, günah — biz özümüzük?!

 

 

NƏFƏS

 

«Nəfəsim ol» söyləyir sevgidən yazan şair.
«Nəfəsimsən» yazılır namələr sətir-sətir.
Nəfəslə həyat gəlir...
                               Gedir həyat nəfəslə. 
Nəfəs özü də bitir- yenisi gəlsin deyə.
Yeni nəfəs gələcək — arxayındır insanlar:
Yaman çoxdur unudan — nəfəs sayılı olar.

Nəfəs həyat rəmzidir, nəfəs həyata nədən:
İnsan da ruhun alıb Tanrının nəfəsindən.
Tanrıdan ruhun alıb, ancaq satdı İblisə - 
Nə fərqi var? Bir milyon, ya da otuz qəpiyə?
Əsas odur satıldı. Alan da tapıldı tez.
Görən ruhu satanlar ya alan olur İblis?
Bu suala cavabı, görən heç Şeytan bilər?
Nə fərqi var? Onsuz da çoxdur ruha tacirlər.
Tacirlər ki çoxalıb, açılıb ruh bazarı:
Ruhlar da çeşid-çeşid, təzəsi, saxtaları.
Orda nə pak bir ruh var, sanki satılıq deyil-
"Əşi ruhu ver bura, hər şey puluyla deyil?"
Satdın ya yox, nə farqi lap güc ilə alırlar -
Sonda İsaya dönür «birdəfəlik» qadınlar?
Görəsən göyə qalxıb onların da ruhları
Deyirlərmi Allaha «Bağışla insanları»?

Axı Tanrı neyləsin bizi əfv etmək üçün? 
Axı günah günahın dalıyca olur hər gün.

Aldığı hər nəfəsdə insan yıxır insanı.
Bəlkə Tanrı lütfüdü? Bəlkə rəhm edib Tanrı -
Yığmasın deyə bəndə daha çox günahları,
Sayılı bir nəfəslə yaratdı insanları?

 

 

 AĞAC ƏK

 

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.

Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.


Savaş cəngi vuruldu illər öncə bu yerdə
Torpaq ehtiyac duyur indi qəhrəman mərdə.
Bayağı şeirlərdə bayağı mövzulartək:
Qoca bilirdi onun övladı dönməyəcək.


Yola salıb oğlunu o, örtmədi qapını
«Qayıdıb özü örtsün» — beynindəki xəyalı.
Bir dəfəlik getmir ki, qayıdar üç-beş fəslə.
Sonra yenə də başlar, «ağac — yeni ev — nəvə».


Pafo
slu cümlələrlə bəzəməyək buranı
Onsuz da hamı bilir savaşlarda olanı:
Ürəyi arzu dolu hansısa iki cavan
Edirlər bir-birini al qanlarına qəltan.


Maşınla yola saldı oğlu — dəmir qutuda:
Taxta qutuda aldı təhvil ata — tabutda.
Qoyub tabutu yerə — sadəcə quyu qazdı.
Nə fəryadlar qopardı, nə də gözü yaşardı.


Ölənə ağlayanlar, qayıdana sevinər:
Ata dedi «nə fərqi? — ölənlə ölməyirlər»
Belə də olmalıymış sonda hər şey elə bil.
Dərin bir quyu qazıb bir qoca ağac əkir.


Bu nə təhər həyatdı? — dəyişin bu həyatı:
Yaşamaq da bayağı, ölümlər də bayağı
Düşmən sayılanlara ölüm hökm edildi -
Ölənəsə deyirik «Tanrı lütfünə getdi».


Bu qədər çoxmu insan sevir öz yağısını? -
Onunçün özü açır Cənnətin qapısını.
Ölən balalar üçün analar fəryad edir.
Bəs onda öldürməyə bu eşq haradan gəlir
?

O da balaydı axı, istəmirdi savaşı,
Onun da çatmamışdı ölməkçün hələ yaşı.
Axı yaratmayıbdir Tanrı bu cürə bizi?
Hansı məqamda görən həmkar bildik iblisi?


Həyata keçməsə də bayağı ifadə var:
«Beşikdən məzaracan insan qala insanlar»
Sadəcə ev düzəltsin, övladını böyütsün.
Əsas əkilən ağac — çarmıxlara dönməsin.

 

(davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.