Günəş Kərim 1993-cü ildə Şəmkir rayonu Ələsgərli kəndində dünyaya gəlib. Əslən Göyçə mahalı Basarkeçər rayonu Dərə kəndindəndir. Orta təhsilə Ələsgərli kənd Nəsir Nəsirov adına orta məktəbdə başlayıb. Gəncə Humanitar Kollecinin “Maliyyə işi” fakültəsini bitirib. Əməkdar rəssam Nazim Babayevdən rəssamlıq dərsləri alıb. Göyçə həsrətindən bəhs edən “Ana köçünü yığır” hekayəsi sənədli hekayədir. Ona görə də təsiri daha çox, ağrısı daha dərindir. Həm də, sənədli olduğu üçün, ümidi da daha çoxdur.
(Anam Güldərən Vəlinin Göyçə ümidinə ehtiramla... )
Ana yenə balalarını başına yığmışdı.
İş-güc, ailə yükü, ev qayğısı, dolanışıq dərdi deyərkən, yalnız indi - bayram tətilində analarının başına yığılmışdı altı uşaq. Və hamısı da bir ayağı qaçaraq; evlərinin qapısını bağlayıb çıxmışdılar, qış idi, bunun suyunun donması var, bunun yolların buzlaması var, buzlamadan da betər, tıxacda qalmağı var...
Balalarının hamısının ürəyini öz evlərində qoyub gəldiklərini bilsə də, ana sevinməyindən qalmırdı, qalammırdı. Bilirdi ki, ən gec gedəni, cəmi, iki gecə yatacaq onun evində. Sonra yenə qalacaq bu evdə tək... Böyük oğlu da, kiçik oğlu da, bir həyətdə iki evi olan ortancıl qızı da dəfələrlə ona: “Tək yaşamaq səninçün çətindi, gəl, gedək, yanımızda qal!”-demişdilər... Amma o, köçmək istəmirdi. Daha doğrusu, köçməyə heyi qalmadığını anlayırdı. İndən belə, bircə dəfə köç yığa, daşıya bilərdi ki, onda da üzü Göyçəyə... Qoyub gəldiyi yurduna... Qapısını ehmalca çəkib örtdüyü, qıfıl vurmağa belə, ürəyi gəlmədiyi evinə... Basarkeçər rayonunun Dərə kəndindəki ikiotaqlı, bir aynabəndli, əhəng suvaqlı öz evinə... Və o, bu niyyətini balalarına açıqlamırdı...
...Ana yenə balalarını başına yığmışdı. Hərəsi öz evində nə bişirərdi, nə yeyərdi, özləri bilərdi, burada-ananın evində mütləq Göyçə yeməkləri bişməliydi. Motal şoru kərə yağının yanına qoyular, axşamdan qurud islanar, səhər əzilər, kalapıra kəklikotu ovucla tökülər, dovğaya yarpız qurusu ovxalanardı. Bu dadlar, bu qoxular neçə illərdi ki, Göyçədən danışardı altı uşağa; onlardan üçü Göyçədə doğulmasa da...
Ayağı o torpağa dəyməyən, ordakı bulaqların suyunu içməyən üç uşaq da hər yerdə şəstlə sinələrinə döyür, “Göyçədənəm!” deyirdilər. Hə, onlar Göyçədən idilər! Çünki anaları onları əsl göyçəli kimi böyütmüşdü; bunu bacarmışdı...
Göyçədən çıxanda köç yığmamışdı ana. Gecə ilə kəndə hay düşmüşdü: “Dığalar gəlir, arvad-uşağı, qız-gəlini kənddən çıxarın!” Kolxozun yük maşınlarının üstünü çadırlayan kişilər arvadlarını, qızlarını ən birinci yola salmışdılar üzü bəriyə-Odlar Yurduna doğru. Sonrakı maşınlarda uşaqlar, əldən-ayaqdan düşmüş qocalar gəlmişdilər. Günlər sonra olmuşdu hər ailənin başı papaqlısının gəlməyi... Son anadək kəndin dörd yanına ətdən çəpər çəkmiş, ulu yurddan çıxmaq istəməmişdilər. Amma o “son an” yüyrək gəlib çatmışdı... Onlar da yurdlarına bircə dəfə əl eyləyə bilmişdilər....Bu yellənən əl “qayıdacağıq” vədi vermişdi...Vədi verənlərin çoxu dünyasını dəyişmişdi, amma vəd qudsal miras kimi nəsildən-nəsilə ötürülməkdə idi.
...Ana yenə balalarını başına yığmışdı.
-Ana, şəkil albomlarını gətir, bir vərəqləyək!-Qurudlu xəngəlin həliminə soğança qatıb içəndən sonra demişdi böyük oğlu.
Ana ayağa qalxmamış kiçik qızı yerindən sıçramışdı:
-Bu dəqiqə gətirərəm, qaqa!
Hamısı bilirdi albomların yerini... Ananın Göyçədən çıxanda özüylə götürdüyü yeganə əşyada - uşaqlarının dəyişəyini yığdığı qara, dəri çemodanda idi. Dəyişəklərin altında gəlmişdi o albomlar... Uşaqların hərəsi bir ev sahibi olmuşdu, amma albomlar Göyçədə qoyulduqları yerdə idilər hələ - qara çemodanda...
Hər vərəqdə ana bir xatirə danışırdı...Albomun hansı vərəqində hansı şəkil olduğuna baxmağına gərək də yox idi; ana o şəkilləri də xatirələrinə yerləşdirmişdi çoxdan.
-Orda “məntəqəyə” gedirdik əmim oğlanlarıyla. Əmim kolxozda “baş çoban” idi, sürüsünü “məntəqəyə” gətirərdi, biz də ona evdən yemək aparardıq.
Uşaqlar ağ-qara şəklə yenə diqqətlə baxır, həmişəki kimi, indi də, əvvəllər görmədikləri bir nüans tapır, uzun-uzadı müzakirə edirdilər:
-Bax, Müşfiq əminin papağının qabağı əyilibmiş!
-Bəlkə də, özü əyib? Günlük günüydümü, ana?
-Hə...Gün işığında yol elə ağarırdı ki, elə bil əhəng tökmüşdülər, -Ana xəyalən o yolu bir də keçir, o gündə bir də yanırdı...
-Sabah səhər yola çıxacağam mən, gərək, qaçam, bir hörük əvəlik alam bazarın başından. Ay ana, bu bayram günlərində bazarın başına Daşkəsən alverçiləri gəlir? -Ortancıl qızı hörüyəgəlməz saçlarını qarışdıra-qarışdıra dedi.
Hamı susdu... Beş uşağın hamısı ürəyində ortancıl bacıya minnətdar oldular ki, getmək söhbətini ilk olaraq, məhz o, ortalığa atdı. Ana qızına cavab verməyə macal tapmamış, kiçik oğlu baxışlarını aşağı salaraq mızıldandı:
-Mən də sabah günortaya qalmaram, yəqin. O birisi gün işə çıxmalıyam, sabah axşam evdə bir-iki kişi işi var, onları yoluna qoyum, -Sonra da izahata keçdi:-Əlüzyuyanın altından su sızır, onu düzəltməliyəm, darvazanın kilidini dəyişməliyəm, açarı əyir, keyfiyyətsiz çıxıb.
Ana ayağa qalxdı. Artıq bilirdi ki, sabah hərəsi bir ayrı saatda olsa da, balaları başından dağılışacaq... Ayağa qalxması ilə o biri uşaqlarına bildirmək istəyirdi ki, “gedəcəyinizi anlayıram, deməsəniz də olar”.
Anlar keçdi... Ana əmin idi ki, balalarının ürəyi doludu, amma hamısı da onunla tək qalmaq, ürəyini təkcə ona açmaq istəyir. Hə, o, bütün uşaqları üçün “səbir daşı” idi...
Ana qayıdıb yerində oturanda altı uşağın hamısı rahat nəfəs aldı. Sükunətin hökmranlığı altında keçən anlarda hər ürəkdə bir ayrı giley, bir ayrı dərd, bir ayrı narahatlıq baş qaldırdı, amma bütün ürəklərin şükranlığı ortaq idi: “Bu bayramda da anamızın yanında ola bildik!”
-Aid olmaq hissi nədir, bilirsinizmi? -Ana sözə başladı: -Nəyinsə bir parçası olmaq, məsələn... “İnsan keçmişiylə yaşayar” deyirlər. Düz deyirlər... İnsanın bu gün kim olmağı, nə olmağı onun dünəni qədər bilinər. Hər ağac öz topağında bitər. Heç dağ yamacında əncir ağacı görmüsünüzmü? Yox! Dağ yamacının ən gözəl yaraşığı yabanı badamdır, üçbucaq fıstıqdır, əzgildir, quşburnu koludur.
Uşaqlar hələ süfrədən yığışdırılmamış həlim stəkanlarına baxır, analarının sözlərindəki özəyi anlamağa çalışırdılar... Ana danışmağında idi:
-Vətən kimin üçünsə ana, kimin üçünsə doğulduğu yer, yaşadığı yerdir... Mənim üçün isə zorla qoparılıb ayrıldığım, daima xəyalımda gedib gəzdiyim yerdir... Oxuduğum məktəb, barını dərib yediyim ağaclar elə tez-tez yuxuma girir ki!
Ana susdu... Köks ötürdü... Başlarını qaldırıb analarına baxmasalar da, uşaqlar əmin idi ki, bu dəqiqə analarının gözlərində yaş silələnib. Bilirdilər... Onların da qəhəri şahə qalxmışdı axı...
-Mən Göyçədən köçmədim... -Ana sözə pıçıltıyla davam etdi: -Yurdumu qoyub, qaçdım... Hə, qaçdım... Zalımın zülmündən, pis tamahın doymazlığından, qonşusuna xəyanət edənin xainliyindən qaçdım. Hə, köç yığmadım mən Göyçədən çıxanda. Paltarlarım dolabda, qazanım ocaqda, pendirim dələmə qaldı. Bir də, ruhumun bütövlüyü qaldı orada. Mən o gündən bəri yarım ruhla yaşadım hər şeyi. Azərbaycanımın köksündən qoparılan hər qarış torpaq dərd oldu, qalaqlandı Göyçə dərdimin üstünə. Yeni paltarlar, yeni əşyalar aldım, gün gəldi, yeni evim də oldu, amma mən heç yerə sığammadım. Yarım ruhla yaşayan sərgərdan olar... Yarım ruhla yaşayan laməkan olar...
Ana susdu... Sükunət yenə havadan asıldı... Balalardan heç biri sözə başlamağa, nəsə deməyə cürət edəmmədi; halbuki, hamısı öz içində özüylə danışırdı... Ortancıl qız ayağa qalxıb mızıldandı:
-Anamın toxunma nimtənəsini gətirim, kürəyinə atsın...
Onun ananın yataq otağına girməyiylə çıxmağı bir oldu. Əlində nimtənə yox idi, amma çöhrəsində tanıdığı dünya boyda təəccüb vardı:
-Anam köçünü yığır...-deyə bildi çətinliklə.
Uşaqlar bir-birlərinə baxdılar. Əvvəlcə, baxışlarında heyrət göründü, ardınca bu heyrət özünü sevincə təslim etdi:
-Mənimlə gedəcək! -Böyük oğul ayağa qalxdı.
-Mənim oğlum “nənə” deyə ağlayır gecə-gündüz! -Kiçik oğul ayağa durmasa da, belini dikəltdi.
-Mənim evimdə rahat olur anam, -Böyük qız arxayınlıqla dedi.
-Heç birinizlə getmirəm! -Ananın səsindəki qətiyyət uşaqların mübahisəsini başlamamış bitirdi.
Ayağa qalxanlar qayıdıb yerlərində oturdular. Oturmaqdan da ötə, büzüşdülər... Ana albomun açıq səhifəsindəki şəklin üstünə qoydu əlini. Bu, onun gənclik şəkillərindən biri idi... Ayaqyalın, başıaçıq Göyçə gölünün ləpədöyənində durmuşdu.
-Şükür Allaha! Qarabağımıza qovuşduq, yağı əlində bir qarış torpağımız da qalmadı. Baxıram, televizorda tez-tez göstərirlər Füzuliyə, Laçına qayıdanları. Hələ qayıtmayanların hamısı köçünü yığıb, hazır durub, yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Mən də köçümü indidən yığmışam ki, “Göyçəyə qayıdırıq!” deyiləndə gecikməyim.
Ananın səsindəki inam, nəinki, dünyaya, heç kainata da sığası deyildi!
(Bakı, 2024)
Şəkil həmin şəkildir: Ana albomun açıq səhifəsindəki şəklin üstünə qoydu əlini. Bu, onun gənclik şəkillərindən biri idi... Ayaqyalın, başıaçıq Göyçə gölünün ləpədöyənində durmuşdu.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)