Yamacın alnının qırışı bir yol... Orada bir şair... Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

Yolçu yolla gedər... Şairsə ya yolu uğurlayar, ya da yol önünə düşər onun.  Gecə bir dağ... Təb sərt yamac... Yamacın alnının qırışı bir yol... Orada bir şair... Şairin zehnində bir xatirə... Xatirənin bətnində sancı çəkən ruh... Doğulan şeir... Oxunan şeir... Oxuyan da şair...

 

Hardasa istidən yanan səhrada

Solğun bir çiçək var, yağışa həsrət.

Hardasa soyuqdan donan quşcuğaz

Günəşdən süzülən baxışa həsrət.

 

Dənizin üstündə hey acı-acı,

Ey bulud, boş yerə tökmə göz yaşı.

Dəryanın damlaya yox ehtiyacı

Yükünü bir az da səhraya daşı.

 

Əsl Şəki havası - hər an yağış ehtimalı, səmanın bir küncündə də olsa, bulud özünəinamı... Əsl Şuşa havası - dağların başının dumanlı olmaq ehtimalı yüksək...  Əsl şair əhvalı-anlaşılmaz, sirri açılmaz, dili bilinməz...

 

Və mən bu şeiri yazandan - Şəkidə yaşayan şuşalı şair Mərhəmət Əliyevdən soruşuram: “Buluda deyirsiniz ha, “Dəryanın damlaya yox ehtiyacı, / Yükünü bir az da səhraya daşı”, müraciətdir, xahişdir, tələbdir, yoxsa şair ərkidir?”   “Zərurət!”-deyə cavab verir.  Sonra da gəlmiş-keçmiş və gələcək-keçəcək bütün şairlər kimi zəmanədən gileylənir: “Müasir dünyamızda qeyri-bərabər və ədalətsiz bölgü mövcuddur. Bu, həyatın hər anında belədir...”

        

***

“Ömrüm sənin olsun....” hekayəsini heç unutmuram Mərhəmət müəllimin.  Uzun illər əvvəl yazılıb o hekayə... Onda  hələ Qarabağ ağrımız idi... Onda hələ məktəbdə uşaqlara “işğal tarixləri” əzbərlədirdi müəllimlər. Onda hələ evdə analarından: “Ana,  Qarabağ haradadır axı? Niyə gedib çıxa bilmirik?”-deyə soruşurdu uşaqlar. O ağrıyla yazmışdı “Ömrüm sənin olsun...”u ilk məktəb xatirələrini Şuşada qoyub gələn Mərhəmət Əliyev.

Tələbə ikən dialektologiya dərsində “Yaşadığınız bölgənin dialektinə aid sözlər yazıb gətirin”-deyən  müəllimə şeirlə cavab verən Mərhəmət Əliyev...

 

İnsanın varlığı məhv olur tamam,
Elə ki, elindən didərgin düşür.
Bülbül də qəfəsdə yaşaya bilmir,
Çünki, o, gülündən didərgin düşür.

 

İşlər nəhs gətirir fələk buranda,
İnsan çarəsizdi bəxti duranda...
Qarlar da əriyir isti vuranda-
-Dağların başından didərgin düşür.

 

Ağrılar qəlbini deşən insanın,
Həsrət alovunda bişən insanın,
Elindən didərgin düşən insanın,
Ləhcəsi dilindən didərgin düşür.

 

         ***

Əliyev Mərhəmət Qaryağdı oğlu 3 mart 1980-ci ildə Şuşa rayonunun Şırlan kəndində anadan olub. 1988-ci ildə Əliyevlər ailəsi Şuşa şəhərinə köçüb. Şuşa işğal olunana qədər Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təhsil alır Mərhəmət Əliyev.  Sonra gəlir o gün - Şuşa işğal olunur... Ondan sonra şair ömrü, sözün həqiqi mənasında, tanıyır dərbədərliyi. Füzuli rayonunda, Ağcəbədi rayonunun bir neçə kəndində, Mingəçevir şəhərində keçir yeniyetməliyi. Nəhayət, Şəki rayonunda məskunlaşır Əliyevlər ailəsi. Mingəçevir şəhərində yerləşən Azərbaycan Maliyyə İqtisad Kollecinin Xocalı filialında və Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsində təhsil alan Mərhəmət Əliyev hazırda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Azad olunandan sonra Şuşaya gedib-getmədiyini də soruşdum ondan. “Şuşaya düz 30 ildən sonra dönə bildim. İlk dəfə Şuşaya Zəfər yolu ilə getdim. Bu yolu gedərkən ordumuzun misilsiz qəhrəmanlığına heyrət etməmək olmur. Doğrudan da, əsgərlərimiz mümkünsüzü mümkün etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onlara əbədi olaraq borcluyuq.

Şuşada keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Dilimizdə belə bir ifadə var: “həyatını itirmək”.Təsəvvür edin ki, 12 yaşında itirdiyin həyatını 42 yaşında tapırsan. Oxuduğun məktəbi, yaşadığın evi yerində görmürsən, amma yenidən var olacağına mütləq şəkildə inanırsan”-dedi  şair...

Mən onda - o söz qarşısındakı acizliyində daha yaxşı anladım şairin niyə “Qorxunun adını qoymuşam səbir, /Çərləyib ölübdü söz ürəyimdə” yazdığını. Dünyanı “kasıbın çiynində şələ” bilən Mərhəmət Əliyev “8-ci dərman” hekayəsində  oxucuya, ümumiyyətlə, bütün dünyaya anlatmaq istəyir ki, “məhəbbət ömür boyu qəbul edilməlidir”. Klassik ədəbiyyat, ondan öncə də əfsanələr, nağıllar bizə öyrədir ki, məhəbbət birfədəlikdir - gəldisə, özünə yer etdisə, vəssalam! Amma elə eyni ədəbi nümunələr də  dönə-dönə  ayrılığı mədh edir.  Demək ki, məhəbbət, həqiqətən, ömrü boyu qəbul ediləcək dərmanmış... Mərhəmət Əliyevə təşəkkür düşür bu gerçəkliyi  tərənnüm ədəbiyyatının  şəlləyindən çıxarıb  qozqara kötüyünün üstünə qoyduğu üçün... Məhəbbət elə gözümüzün önündə olsun ki, cəmiyyət, dünya olaraq onu  unutmayaq, ya da nəyinsə xatirinə unutduğumuzu deməyək...

Müəllif də mənimlə həmfikirdir: “İndi daha çox ehtiyacı var dünyanın məhəbbətə... “8-ci dərman”ı-məhəbbəti bir an belə, qəbul etməsək, dərhal yerini nifrət, qəzəb, ən azı,  biganəlik tutacaq. Onu da qeyd edim ki, biganəlik nifrətdən daha ağır mərəzdir. Fəsadları daha ağır olur. Bütün bağlar qopur və hər şey pərən-pərən olur. Ən ali dəyərlər adiləşir. Beləliklə, insan əşyaya çevrilir. İnsan qalmaq üçün  “8-ci dərman”a ehtiyacımız daimidir...”

 

***

 

Hər kişinin öləndən sonra  onu ağlayacaq bir qadına ümidi var. Ümidi işgəncə bilibmi deyirsiniz ki: “Kəfənə bükülüb qəbrə düşəndə, / Nə anam ağlasın, nə yar ağlasın”? Yoxsa, “siz çəkəni çəkən qadın”a qıymırsınız?”-deyə də soruşdum  şairdən.   Cavidi xatırladı: “Hüseyn Cavid yazır: “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, / Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” Cavid dühası ilə razılaşmamaq mümkün deyil. Ən böyük işgəncə qadın göz yaşını görməkdir. İstər yar olsun, istər ana olsun. Heç bir qadının göz yaşına qıymıram”.

Bir sükut axdı o an şairin önünə düşən yola Ay işığından...  Br çiçək açdı yanvarın bu ayazında başını qar altından qaldırıb. Adına “qardələn” deyəmmədik... “Ana ümidi” dedik... Yığışdıq dünyanın tüm şairləri onun başına.  Çiçək gülümsədi bizə, pıçıldadı üzünü yola tutub: “Yolları çəkən atalar, yolların müəllimi analardır...” 

...Bu dövrdə müəllim-şagird münasibətlərində nə var, nə yox, onu da  soruşdum Mərhəmət müəllimdən. “Müəllim olmaq çox şərəfli peşəyə sahib olmaq deməkdir. Əlbəttə, şablon kimi səslənə bilər. Ancaq bu, həqiqətdir. Müasir dövrdə müəllimlik sənətinin özünəməxsus çətinlikləri var. Buna müəllim-şagird, müəllim-valideyn, valideyn-məktəb, ümumiyyətlə, cəmiyyətin münasibətlərində təzahür edən bir çox məsələlər daxildir. Mən şagirdlərimi çox sevirəm. Əminəm ki, onlar da mənə qarşı eyni münasibətdədirlər. Düzgün müəllim-şagird münasibəti olmayan yerdə keyfiyyətli təhsildən söhbət gedə bilməz”.

 

...Mərhəmət Əliyevin şeir yaradıcılığından, hekayələrindən  bir ktablıq danışmaq olar-sözün əsl mənasında.  Ən yaxşısı isə,  o əsərlərin oxucuyla həmdərd, həmsöhbət olmasıdır...

 

Ömrüm sənin olsun...

 

(Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara)

 

Yarası yüngül olmasa da, ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi...

Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış və mühasirəyə düşmüşdü.  Ancaq yaxşı döyüşçüydü. Xeyli düşmən məhv edərək xilas olmuşdu. Bir az da getsə, təpəni aşacaqdı. Birdən ayağı altında nəsə xırçıldadı. Dərhal bunun mina olduğunu anladı. Ayağını qaldırdığı anda partlayacaqdı.

Süngü bıçağı çıxardı. Ətrafa göz gəzdirdi. İri bir daş axtarırdı. Belə vəziyyətə əvvəllər də düşmüşdü. Bıçağı ayağı ilə minanın arasına keçirir, sonra bıçağın sapı üzərinə ağır daş qoyaraq ayağını çəkirdi.

Mina basılı qaldığından partlamırdı. İndi də belə edəcəkdi. Lakin yaxınlıqda daş yox idi. Çıxış yolu fikirləşdi. Alt tərəfdə dərin xəndək vardı. Qərara gəldi ki, qəflətən xəndəyə sıçrasın. Belədə xilas olmaq şansı vardı. Birdən gözü cığırın kənarındakı çiçəyə sataşdı.

Xarı bülbül idi....

Düşündü...Bütün həyatı kino lenti kimi gözləri önündən keçdi..

...Bir dəfə dərsdən qaçaraq parta yoldaşı uzun hörüklü qız üçün bir dəstə dərmişdi bu çiçəkdən. Onun sevinəcəyini düşünmüşdü. Lakin hörüklü qız ona yalvararaq daha Xarı bülbülü dərməməyi xahiş etmişdi.  Demişdi ki: “Onsuz da, kədərlidir bu çiçəyin taleyi. Qurban olum, dərmə bir də Xarı bülbülü. Harda görsən, qoru. Qoy yaşasın. Bizim dağların gözəlidir Xarı bülbül!”

Nə etməli!?! Xəndəyə sıçrasa, mina partlayacaqdı, Xarı bülbül də məhv olacaqdı! Aşağı əyildi. Bıçağı ayağı ilə minanın arasına keçirdi. Sonra əli ilə sapından möhkəm basaraq sinəsi üstə minanın üzərinə çökdü.  Ehmalca qıvrılaraq sol əlini uzadıb yarasının sarğısını açdı. Qan axmağa başladı... Xeyli beləcə davam etdi. Göz qapaqları qapandı.

 Gülümsündü. Zorla gözlərini açaraq:

- Sən yaşa, dağlar gözəli! Ömrüm sənin olsun! - dedi.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)        

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.