İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Tanımadıqlarınız” – bu rubrikada söhbət yalnız məhdud dairədə tanınan, amma geniş kütləyə məlum olmayan köhnə dövr sənətkarlarından gedir. Bu gün sizlərə Abdulla bəy Divanbəyoğlu barədə danışacağıq.
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də _"Nəşri-maarif" və "Nicat"_ cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir.
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906)və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül"_əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959).
"Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911)və s. hekayələri, "Parlaq ulduz" (1912)felyetonu və s. kimi əsərləri də vardır.
Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923–1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923–1927). 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir.
Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır.
Dövri mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir.
1934 -cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir.
1936-cı il yanvarın 6-da vəfat etmişdir.
Allah rəhmət eləsin Amin.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)