Güney Azərbaycan Poeziyası Antologiyasında İsmayıl Pilpayənin “Xatirə” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan İsmayıl Pilpayədir.

 

 

İsmayıl Pilpayə

Muğan

 

 

Xatirə

Çıxmaz bir küçədir

Diş ağrısından da ağrılı, xatirədir.

 

Xatirə

Arazın o tayından gedən tirendir

Son görüşü

Bitirəndir.

 

Xatirə

İlk müəllimdir

Və mənlə oturan bir qız.

Ayaqlanmış bir güldür

Uşaqlıq bağında

Yeyilməmiş bir alma

Və alınmamış öpüşün həsrəti

Anların payızlığında.

 

Xatirə

Həsrətlə qarışıb

Axşam çağı pəncərədən qalxan

Hər səhər adamı yuxudan çağıran

Titrəməkdir küçə başında

Sevməkdir qorxa-qorxa

İlk “Alo”-dur telefonda.

 

Xatirə

Uduzmaq dəyəridir

Susqun və bom-boş əllərlə

Enməkdir dərəyə.

 

Xatirə

Bağlanmış bir pəncərədir

Gün çıxana

Bir ulduzdur, sönməyəcək

Düşməyəcək bu eyvana.

 

Xatirə

Açılmayan bir boğçadır

Damcı-damcı

Gözlərindən aslanır

Yavaş-yavaş boy atır.

 

Xatirə

Daşlar arasında cücərir

Ağrı doğan bir fəhlədir

Həm gündüzdür,

Həm gecədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.