Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam əziz izləyicilərimiz, bu dəfə “Əbülfəzqızının 10 sualı” rubrikasının qonağı ömrünün 40 ilindən çoxunu tələbələrin işıqlı zəkası üçün xərcləyən, ADPU-nun professoru, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim, Əməkdar müəllim, AYB-nin və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində mövcud olan Dissertasiya Şurasının üzvü Yaqub Babayevdir.
-Salam dəyərli müəllimim, bu cümlələrin davamı olaraq söyləmək istərdim ki, tələbələrinizin yaddaşında söylədiyiniz şeirlər illərə meydan oxuyaraq qorunub saxlanılır. Adınız gələn kimi “saysız şeirləri əzbər bilib və xüsusi məlahətlə söyləyən müəllim ifadəsi" işlədirlər, mən də çox xoşbəxtəm ki, o tələbələrin siyahısındayam.
Xoş gördük, dəyərli alimimiz!
Sizinlə görüşmək üçün səbirsizlənən, "10 sualımızı" gözlətmək istəmirəm.
Beləliklə, birinci sırada yer alan sualımızı səsləyirəm.
1)Ədəbiyyatşünaslıq nədir və onun cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir?
—Bəllidir ki, ədəbiyyatşünasılıq üç sahədən ibarətdir; Ədəbiyyat tarixi, Ədəbiyyat nəzəriyyəsi və Ədəbi tənqid. Bunların hər üçü bir- biri ilə əlaqədardı və əhəmiyyətlidir. Başqa sözlə desək, ədəbiyyatşünasılığın cəmiyyət üçün əhəmiyyətindən danışarkən bu hər üç sahənin cəmiyyətə əhəmiyyəti prizmasından yanaşmaq lazımdır. Bəllidir ki, hər bir xalqın ədəbiyyatı təkcə söz sənəti deyil, xalqın ədəbiyyatı həm də onun dilidir, mənəviyyatıdır, məişətidir, arzularıdır, ideallarıdır, düşüncələridir, həyata baxışıdır. Bunların hamısı - xalqın, millətin, insanların düşüncələri, istəkləri, arzuları, həyatı, məişəti, dili ədəbiyyatda öz əksini tapır.
Ədəbiyyat tarixi isə ədəbiyyatın bu inkişaf yolunu öyrənir. Ədəbiyyat tarixi olmasaydı, onda yaranan söz sənəti itib- batardı, yox olub gedərdi və biz xalqın dilini, mənəviyyatını, mədəniyyətini onun arzu və istəklərinin tarixini öyrənə bilməzdik. Deyək ki, biz 14- cü əsrdəki dilimizin səviyyəsi, mənzərəsi barədə Nəsiminin, 16- cı əsrdə Füzulinin və ya Xətainin, 18- ci əsrdə Vaqifin, 20- ci əsrdə Səməd Vurğunun yaradıcılığına müraciət edirik. Bilirik ki, 14-cü əsrdə xalqımızın dilinin səviyyəsi necə imiş- onun estetikası, onun zənginliyi, poetikliyi Nəsiminin şeirlərində öz əksini tapır. Deməli, başqa sözlə ədəbiyyat tarixinin əhəmiyyəti ondan ibarətdir ki, o, xalqın Ədəbiyyatını ölüb itməkdən, yox olmaqdan xilas edir, bugünki və sonrakı nəsillərə ötürür.
Ədəbiyyat nəzəriyyəsinə gəkdikdə isə daha çox qələm sahiblərinə, söz sahiblərinə- yazıçıya, şairə lazımdır və eyni zamanda ədəbiyyatşünasılıqla məşğul olanlara, ədəbiyyat xadimlərinə ədəbiyyat nəzəriyyəsi ona görə lazımdır ki, ədəbiyyatın nəzəri məsələlərini dərindən bilsinlər. Ədəbiyyat nəzəriyyəsi əslində ədəbiyyatın elmidir. Elmli ədəbiyyat isə daha gözəl olur, daha məzmunlu, dəyərli olur.
Füzulinin məşhur bir kəlamı var:
"Elmsiz şeir əsassız divar olur,
Əsassız divar qayətdə bietibar olur".
Böyük sənətkarların hamısı bir qayda olaraq ədəbiyyatın nəzəri məsələlərini də yaxşı biliblər və yaxşı mənada faydalanıblar.
Ədəbi tənqid isə Müasir Ədəbiyyatla bağlı olub onun inkişafına istiqamət verir, ədəbiyyatı düzgün yola yönəldir, başqa sözlə xalqla Ədəbiyyatın qaynayıb- qarışmasına, xalqın istək və arzularından, həyatından, məişətindən gerçək həyatına ədəbiyyatın qaynayayıb qovuşmasına səbəb olur. Əlbəttə, söhbət sağlam tənqiddən gedir. Yaltaq, mənasız, çürük tənqiddən danışılmır. Ədəbi tənqid ədəbiyyatın düzgün istiqamətə yönəlməsi və onun sağlam məcrada inkişafında çox böyük rola malikdir. Nəticə etibari ilə ədəbiyyatşünaslıq cəmiyyət üçün xüsusi bir dəyərə malikdir və ona görə ki, ədəbiyyatın inkişafına yön vermək, onu unudulmaqdan xilas etmək, sağlam inkişafı üçün vacibdir. Ədəbiyyat olmadan cəmiyyətin mənəvi, estetik cəhətdən düzgün inkişafa yönləndirilməsi çox çətindir. O xalqlar həmişə böyük ideallar uğrunda mübarizə aparıblar ki, onların həm də böyük ədəbiyyatları olub, istər şifahi, istərsə də yazılı şəkildə olsun, bunun heç bir fərqi yoxdur.
2. Klassik ədəbiyyat əsərlərinin müasir dövrdə aktuallığını necə qorumaq olar?
-- Klassik ədəbiyyat nümunələrinin müasir dövrdə aktuallığını qorumaq üçün ilk növbədə bu əsərlərin təbliği lazımdır. Bizim klassik sənətkarların əsərlərini çap etmək bu işin ən zəruri tərəfidir. Eyni zamanda çap olunandan sonra həm də təbliğ etmək, müxtəlif kanallar vasitəsilə, müxtəlif təbliğat vasitələri ilə- radioda, televizorda, mətbuatda, sosial şəbəkələrdə təbliğ etmək, əhəmiyyətini anlatmaq, Ədəbiyyatın dəyərini başa salmaq lazımdır. Bununla yanaşı sənətkarın yaradıcılığını oxucuya, dinləyiciyə çatdırmaq- anlatmaq lazımdır. Məsələn, deyək ki, Nəsimini, ya Füzulini bugünkü oxucu tam anlaya bilmir, onların əsərləri o qədər dərindir ki, onların dərin fəlsəfi qatları, böyük tərbiyəvi əhəmiyyəti var, lakin onların dili və fəlsəfi, dini görüşləri, müxtəlif təriqət baxışları onların əsərlərinin bugünkü dərkini çətinləşdirir. Onların əsərlərini təhlil edib oxuculara başa salmaq və təbliğ etmək lazımdır. Çox təəssüf ki, bu gün onların təbliğatı o qədər də belə səviyyədə aparılmır. Biz klassiklərimizi böyüməkdə olan nəslə tanıtmadan xalqımızın tarixini, dilini, onun keçdiyi inkişaf yolunu, mənəviyyatını, ruhunu gənclərə anlada bilmərik. Təəssüf ki, son dövrlərdə bu məsələyə az diqqət yetirilir.
Nəsimidə, Füzulidə, Saib Təbrizidə, Qövsi Təbrizidə, Xətaidə və b. klassik sənətkarlarımızda, Mirzə Cəlil, H. Cavid, S. Vurğun kimi dəyərli sənətkarların əsərlərində insan və insana münasibət mərkəzdə dayanır. Orta əsrlər klassik ədəbiyyatında daha çox insan və Tanrı münasibətləridir, son dövr ədəbiyyatında isə daha çox insan mərkəzdə dayanır. Sovet dövründə ateist ruhun mövcudluğuna görə daha çox insana münasibət ön planda olub. Bunun fərqi yox, istər insan-Tanrı münasibətləri, istərsə də, ümumiyyətlə, insana münasibət ədəbiyyatda başlıca yer tutur. Bütün demokratik, ədalətli cəmiyyətlərdə insan faktoru öndədir. Bizim klassiklərin təbliğ etdiyi məqsədlər nədən ibarətdir? İnsanı sevmək lazımdır, insan sevgiyə möhtacdır, insanla ədalətli davranmaq lazımdır, onun haqlarına, hüquqlarına hörmətlə yanaşmaq lazımdır. İstər qadın, istərsə kişi olsun fərqi yox, Allahın yaratdığı hər kəsə ədalətlə yanaşıb haqqını, hüququnu müdafiə etmək lazımdır. Bizim klassiklər də bunu təbliğ edirdi. İnsan irqindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq qayğıya möhtacdır, hamının hüquqları qorunmalıdır.
Bu klassik ədəbiyyat nümayandələrinin təbliğ etdiyi xususiyyətlər, ideyalar dünən də gərəkli idi, bu gün də gərəklidir, sabah da gərəkli olacaq.
3)Sizin yaddaşınızda ən çox təsir buraxan klassik əsərlər hansılardır və niyə?
-- Mənə daha çox təsir edib və yaddaşımda iz buraxan əsərlərə gəldikdə deyərdim ki, klassik sənətkarları iki yerə ayırardım; Azərbaycan sənətkarları və xarici ölkə yazıçı, şair, dramaturqları.
Azərbaycan ədəbiyyatında mənim ən çox sevdiyim sənətkarlar ruhi, dili, məzmunu, mövzusu ideyası etibarilə, şeirin poetik gözəlliyi və yaxud nəsr, dram əsərləri olsun və orada siqlət, mahiyyət, məzmun obrazların gözəlliyi etibarilə daha çox mənə xoş gələn Nəsimi, Füzuli, 20- ci əsr ədəbiyyatında Mirzə Cəlil, H. Cavid, S. Vurğundur. Son dövr poeziyamızda Bəxtiyar Vahabzadə, Musa Yaqubu daha çox sevirəm. Əlbəttə, burada şəxsi zövq məsələsi də var, ola bilsin ki, mən Musa Yaqubu daha çox sevirəm, lakin bir başqası Musa Yaqubu çox sevməyib soyuq münasibət bəsləyə bilər. Demək istədiyim odur ki, sənətkara münasibətdə sənətkarın böyüklüyü ilə yanaşı, oxucunun öz şəxsi zövqü də var. O ki qaldı xarici ədəbiyyat yazarlarına, mənim daha çox Balzak, Şekspir, Viktor Hüqo, Gete, rus ədəbiyyatında Dostoyevski, Tolstoy, türk ədəbiyyatında Tofiq Fikrət, Əbdülhak Hamid kimi sənətkarları çox sevir və mütaliə edirəm.
Müasir dövr xarici yazıçılardan daha çox Çingiz Aytmatovun yaradıcılığını çox sevirəm. Onun əsərlərinin əksəriyyətini böyük məftunluqla oxumuşam. Çingiz Aytmatovun yaradıcılığında- "Gün var əsrə bərabər" Manqurt əhvalatının yaratdığı təsir yüzlərcə romanın mövzusudur. Oğurlanmış yaddaş...
Sovet dövründə bu şəkildə folklordan istifadə edib Sovet imperiyasının, rus imperiyasının millətlərin, xalqların yaddaşını, keçmişini necə oğurlaması məsələsini Çingiz Aytmatov dahiyanə bir şəkildə əsərində əks etdirmişdir. Çingiz Aytmatovun bu əsəri SSRİ xalqlarında milli fikir intibahında əvəzsiz rol oynamışdır. Albert Kamyunu da çox sevirəm.
4)Müasir texnologiyalar ədəbiyyatın inkişafına necə təsir edir? Siz dəmi düşünürsünüz, bədii ədəbiyyata olan maraq əvvəllər daha çox idi?
-- Müasir texnologiyalar ədəbiyyatın inkişafına kifayət qədər mənfi təsir göstərir. Belə demək mümkünsə, sosial şəbəkələrin artması təkcə radio, televiziya yox, kiçik sosial kanallar ki, var başqa sözlə desək, ədəbiyyatı “yeyir, didib dağıdır". Ədəbiyyatın tərbiyəvi əhəmiyyətini kifayət qədər azaldır, ona görə də son onilliklərdə ədəbiyyata meyil, maraq azalıb. Ədəbiyyat öz tərbiyəvi gücünü xeyli dərəcədə itirməyə başlayıb. Müasir oxucu Füzulini, Səməd Vurğunu, ya Mirzə Cəlili oxumaqdan daha çox sosial şəbəkələrdə dedi- qodulara, " laqqırtılara", boş, mənasız söhbətlərə vaxtını xərcləməklə məşğuldur. Çox təəssüf ki, bu Azərbaycan cəmiyyətində də belədir. Füzulidən danışsaq, 100 tamaşaçadan üçü qulaq asar ya yox... Lakin Zaur və Xoşqədəmin verilişini, yaxud telekanallarda şou, boş, cəfəngiyyat dolu verilişləri çox sayda adamlar izləyir. Bu təəssüf doğuran bir haldır, ədəbiyyat öz gücünü, enerjisini müasir sosial şəbəkələrə, müasir texnologiyalara və onun yaratdığı fəsadlara uduzur. Ədəbiyyat bu texnologiyaların qarşısında acizləşib. Əlbəttə ki, bu hal yaxşı hal sayıla bilməz. Ona görə də insanların mənəviyyatında "üyünmə" baş verir. Elə bil ki, dəyirmanda insan mənəviyyatının üyütmə prosesi bu müasir texnologiyaların vasitəsilə həyata keçirilir. Bu bütün dünyada baş verən mənfi prosesdir.
5)Müasir yazarlarla klassik yazarları fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
-- Müasir yazarlarla klassik yazarlar arasında fərq qoymağı qəbul etmirəm. Bütün tarixi dövrlərdə həmişə böyük sənət də olub, orta səviyyəli sənət də olub və kiçik sənət də olub. Dünən də elə olub, bu gün də belədir və sabah da belə olacaq. Məsələn, Nəsiminin, Füzulinin, Vaqifin də yaşadığı dövrdə kifayət qədər zəif sənətkarlar da vardı, orta səviyyədə yazanlar da vardı. Eləcə də Axundovun, Mirzə Cəlilin, H. Cavidin yaşadığı dövrdə, yaxud Sovet dövründə S. Vurğunun, R. Rzanın, B. Vahabzadənin yaşadığı dövrdə onlarla aşağı səviyyəli sənətkarlar da vardı və adını çəkdiyimiz bu böyük korifeylər də vardı.
Bütün xalqlarda bu belədir. Sənətkarın köhnəsi və müasiri olmur. Sadəcə olaraq dəyişən nədir? Dəyişən zaman və həyata baxışdır. Cəmiyyət inkişaf etdikcə ictimai mühitdə, cəmiyyətdə dəyişikliklər baş verir və sənətkar həmin dəyişikliklərə uyğun cəmiyyətin inkişafına uyğunlaşmalı, cəmiyyətin həyatına bağlı şəkildə dövrün tələblərinə uzlaşaraq yazmalıdır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında daha çox dini meyillər, təriqət meyilləri, sufizm, Allah eşqi, Tanrı həqiqəti mövzuları ön planda idi. " Xosrov və Şirin", "Leyli və Məcnun", “İsgəndərnamə" - bu tipli mövzuların önə çıxmasının səbəbi də onunla bağlı idi. Lirik poeziyada xalqın həyatından daha çox İlahi eşq, təsəvvüf eşqi, irfani fikirlər öndə idi, buna görə də bizim klassik yazarlar Nəsimi, Füzuli daha çox bu mövzuda yazırdı. Lakin zaman inkişaf etdikcə, zaman dəyişdikcə 18- 19- cu əsrlərdə realist meyillər irəli çıxdı. Nəticə etibarilə böyük sənət ictimai mühitlə və cəmiyyətlə uyğunlaşmalıdır. Əgər uyğunlaşa bilmirsə, o artıq enməyə başlayır. Böyük sənət deyəndə böyük sənətkarların yaratdığı sənətdən söhbət gedir. Böyük sənətkar o zaman böyük sənətkar olur ki, birinci, onun böyük istedadı olmalıdır, ikinci, o dövrün Ədəbiyyatının tələblərini anlamalıdır və ictimai mühitlə, ictimai mühitin arzu, ideal, istəkləri ilə öz qələmini uyğunlaşdırmalı və uzlaşdırmağı bacarmalıdır.
14- cü əsrdə Nəsimi böyük sənətkar idi, dövrün tələblərinə əsasən yazırdı.
20- ci əsrdə də Səməd Vurğun böyük şair idi və cəmiyyətin diktələri ilə qələmini uzlaşdırırdı. Səməd Vurğunun kifayət qədər dövrün ideologiyasına uyğun əsərləri var, amma biz Səməd Vurğuna o ideoloji əsərlərlə yox, həmişəyaşar əsərləri ilə qiymət, dəyər veririk. Nəticə etibarilə ədəbiyyatın “klassik sənətkarlar böyükdür, müasir sənətkarlar kiçikdir” anlayışını qəbul etmirəm. Böyük sənət həmişə böyükdür, gələcəkdə də böyük sənətkarlarımız olacaq. Bu dünya ədəbiyyatında da belədir. Şekspir 16- cı əsrdə böyük sənətkardı, 20- ci əsrdə də ingilisdilli ədəbiyyatda kifayət qədər böyük sənətkarlar yetişdi.
6) Müasir dövrdə ədəbi tənqidin rolu nə qədərdir, tənqidçi hansı bilik və keyfiyyətlərə malik olmalıdır?
-- Ülviyyə xanım, siz mənim yaralı yerimə toxundunuz. Ədəbi tənqidin ədəbiyyatın inkişafında çox böyük rolu var, birinci sualın cavabında bunu söylədim. Sağlam ədəbi tənqid ədəbiyyatı sağlam məcraya yönəldir, yəni xalqa yönəldir. Xalqın dərdlərinə, arzularına, ideallarına, mənəviyyatına, ruhuna, cəmiyyətin tələblərinə yönəldir. Ədəbi tənqidin ədəbiyyatın sağlamlaşmasında, xalqla qaynayıb- qovuşmasında kifayət qədər rolu böyükdür.
Çox təəssüf ki, müasir dövrdə bu belə deyil. Müasir dövrdə yaltaq və məddah bir tənqid peyda olub. Şəxsi münasibət, tanışlığa, vəzifəyə( cəmiyyətdəki statusa əsaslanan bir ədəbi tənqid meydana gəlib. Kimsə kimin dostudur, onun əsəri haqqında elə bəlağətli yazır ki, səviyyəsiz adam sanki Füzulidir. Yaxud "çılpaq" desək, vəzifə sahibi olan birinə, yaxud ona maddi dəstək olan birinə onun əsəri haqqında elə bəlağətlə yazır ki, adam oxuyanda xəcalət çəkir. Bunun saxta, yalan olduğu aydın olur. Bu adamları da hamımız tanıyırıq. Bəzən elə istedadsız, elə səviyyəsiz bir şairin yaradıcılığı haqqında təmtəraqlı, dəbdəli epitetlərlə tərif deyilir ki, onu heç Füzuli, Nizami, Şekspir, Geta haqqında demirlər. Əlbəttə ki, ədəbi tənqid belə gülünc vəziyyətə düşüb kəsərsiz olur, öz təsir gücünü itirir. Oxucu ədəbi tənqiddəki bu səmimiyyətsizliyi, yaltaqlığı görür və ədəbi tənqiddən uzaqlaşır. Müasir dövrdə ədəbi tənqid öz funksiyasını yerinə yetirə bilmir və tənqidçilər də tənqidçi olmaq- tənqidçi şəxsiyyətini qorumaq vəzifəsini yerinə yetirə bilmirlər.
7) Bu an üçün Sizdən şeir söyləməyinizi xahiş etsək, bizə hansı şeiri söyləyərsiniz?
--Elə bu an şeir söyləməli olsam, mütləq Musa Yaqubun yaradıcılığına müraciət edərəm. Onun “Öyrətmə özünə öyrətmə məni" şeirini söyləyərəm, ya da:
“Bir günah sənin, bir günah mənim”
Bir gözünü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq,
O mətah sənindir, bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.
Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bir əl gah sənindir, bir əl gah mənim.
Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.
Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda,
Bir silah sənindir, bir silah mənim.
Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nikahdı,
Bir nikah sənindir, bir nikah mənim.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
İzahat üçün, fəlsəfi mənada isə Füzulinin, ya Nəsiminin qəzəllərindən söyləyərəm.
Amma birbaşa şeir söyləməli olsam, sevdiyim sənətkar Musa Yaqubun şeirlərindən söyləyərəm.
8) Yaqub müəllim, məlumdur ki, 1989-cu ildə professor Məmməd Məmmədovun elmi rəhbərliyi ilə “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almısınız.
Hal- hazırda Uşaq ədəbiyyatı Sizi qane edirmi?
-- Mən deyə bilməzdim ki, müasir dövrdə Uşaq Ədəbiyyatımız acınacaqlı vəziyyətdədir. Uşaq Ədəbiyyatı ilə bağlı müəyyən səviyyəli əsərlər yaranır. Daha çox poeziya sahəsində, amma nəsr, dramaturgiya sahəsində elə bir uğur görə bilmirəm. Müəyyən uşaq şeirlərinə rast gəlirəm, amma ədəbiyyatımızın ümumi səviyyəsi aşağı endiyi üçün Uşaq Ədəbiyyatının da səviyyəsi xeyli aşağı enib.
Deyərəm ki, Abdulla Şaiqin, Abbas Səhhətin, S. S. Axundovun, Mikayıl Rzaquluzadənin, Teymur Elçinin, İlyas Tapdığın yaratdığı əsərlər kimi əsərlər yaranmır. Bunu iki səbəblə bağlayıram. Birincisi, ədəbiyyata marağın azalmasıdır. Oxucu tələbatı, eləcə də uşaqların da ədəbiyyata marağı azalıb. Tələb azaldığı üçün yazarların özündə də Uşaq Ədəbiyyatına maraq azalıb.
İkinci səbəbi isə istedadda görürürəm. Çünki Uşaq Ədəbiyyatı sahəsində Abdulla Şaiqin, Abbas Səhhətin, S. S. Axundovun, Mikayıl Rzaquluzadənin, Teymur Elçinin, İlyas Tapdığın istedadı səviyyəsində bir istedad görə bilmirəm. Ona görə də təəssüf ki, Uşaq Ədəbiyyatının da səviyyəsi müəyyən qədər aşağı enib.
9) Dəyərli alimimiz, bu yaxınlarda Füzuli yaradıcılığından bəhs olunan tədbirdə çox gözəl çıxış etdiniz.
Füzuli yaradıcılığının bənzərsizliyi nədədir?
-- Füzuli yaradıcılığına bənzərsizdir deməyim, mən yalnız Allahın lütfü- ərmağanı kimi izah edə bilərəm. Böyük sənətkarlar ki, var, bu sənətkarların özündən asılı olmayaraq Tanrının verdiyi bir istedad- bacarıq, Tanrı lütfü, Tanrı ərmağanı deyək. Deyək ki, Firdovsiyə, qədim yunan ədəbiyyatında Esxilə, ingilis ədəbiyyatında, Şekspirə, fransızda Viktor Huqoya, Balzaka, alman ədəbiyyatında Geteyə, rus ədəbiyyatında Tolstoya, Dostoyevskiyə, M. Şoloxova, türk ədəbiyyatında Y. Əmrəyə, C. Rumiyə, bizim ədəbiyyatımızda Füzuliyə, H. Cavidə, S. Vurğuna verilən istedad Tanrının lütfüdür. Tanrı elə böyük istedadı verib ki, bu istedadın gücü ilə əbədiyaşar əsərlər yarada biliblər.
Füzuli mübaliğəsiz deyirəm ki, dünya poeziyasında ən böyük lirik şairdir. Bunu Azərbaycan türkü kimi deyil, bir oxucu kimi söyləyirəm. Bu da Azərbaycan xalqının qismətinə, taleyidş
inə yazılıb və bu Füzulinin işi deyil, Allahın gücüdür ki, belə böyük istedadı, qabiliyyəti Füzuliyə bəxş edib.
Mən bu məsələni yalnız teoloji mənada izah edə bilərəm.
10) Gənc yazarlara nə tövsiyə edərdiniz?
--Gənc yazarlara məsləhətim bundan ibarət ola bilər ki, birinci növbədə onlar böyük və çoxlu əsərlər oxumalıdırlar. Ədəbiyyatın qayda- qanunlarını, mövzu, ideya, obrazlar aləmini anlamaq üçün mütləq mütaliə qabiliyyətinə yiyələnməlidirlər. İkinci, xalqın dərdi, arzuları, idealları, arzu- istəyindən yazmalıdırlar, xalqa baxmalıdırlar. Ədəbiyyat o zaman böyük olur ki, xalqın həyatı ilə qaynayıb qarışır. Üçüncü tövsiyəm budur ki, məddahlıq, yaltaqlıqdan uzaq olsunlar. Məddahlıq, yaltaqlıq müvəqqəti bir şeydir, kimdənsə nəsə ummaq xatirinə yaranan əsərlər ötəridir.
Məni narahat edən bir şey də son dövr ədəbiyyatımızda kədər, qəm, ağrı motivinin çox olmasıdır. Bu artıq gənc yazarların da günahı deyil, ictimai mühitin- cəmiyyət həyatında baş verən erroziyanın nəticəsidir. Mümkün qədər istərdim qəm-kədəri təbliğ etməsinlər, çünki Füzuli qədər bunu təbliğ edə bilməzlər. Xalqa nikbin əhval- ruhiyyədə əsərlər də lazımdır, xalqın tarixindən, müasir gerçəkliyin həqiqətlərindən yazsınlar.
-Ümümmilli Liderimiz Heydər Əliyevin Təhsil haqqında kəlamlarının birində deyilir ki:
"Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq".
İllər keçsə də, Sizin kimi müəllimlərimiz, ziyalılarımız unudulmur və Sizin sayənizdə aldığımız bilikləri biz gənc müəllimlər də öz şagirdlərimizə ötürürük. Rubrikamıza dəyərli zamanınızdan vaxt ayırdığınız üçün Sizə minnətdarıq, siz bizlərin həyat yolunu işıqlandıran daimi nursunuz!
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)