İki düşmən-iki dost - HEKAYƏ Featured

“Ədəbiyyat və incəsənət” portalına Rusiyada yaşayan istedadlı yazar həmyerlimiz Yaşar Süleymanlı yeni hekayəsini göndərib. Onu məmnuniyyətlə dərc edirik. 

 

Həyat qəribə şeydir, harada başına nə gələcək, sənə nə sürprizlər hazırlayacaq, nələrdən keçəcəksən, təxmin belə edə bilməzsən.

Bu fikirlərlə Zaur, sağ tərəfində ona qısılaraq əlindəki avtomatla üstlərinə hücum edən düşmənə atəş açan Aşota baxırdı.

Dünənə qədər qatı düşmən idilər. Hələ bir neçə il əvvəl ikinci Qarabağ savaşında qarşı səngərlərdə bir-birinə silah tuşlayan, bir-birinin qanını içməyə hazır olan iki adam bu gün başqa bir dövlətdə, başqa bir səngərdə başqa bir düşmənə qarşı ölüm-qalım savaşı verirdi.

İkinci Qarabağ müharibəsi bitəndən bir müddət sonra Zaur Rusiyaya köçmüş, orada kiçik bir bizneslə məşğul olmağa başlamışdı. Sonralar tanış olduğu Rus gözəli Alyona ilə ailə həyatı qurmuş və Rusiya vətəndaşlığı almışdı.

Rusiya-Ukrayna savaşı başlayanda, savaşın elə ilk günlərindəncə könüllü olaraq orduya yazılmış və müharibəyə getmişdi.

Zaur üçün artıq Rusiya da vətən idi və o, bu ölkənin vətəndaşı kimi öz borcunu yerinə yetirməyi müqəddəs sayırdı.

Amma Aşotun tarixçəsi bir az fərqli idi.

Aşot da Qarabağ savaşından sonra Rusiyaya köç etmiş, burada özünə yeni bir həyat qurmağa çalışmışdı. Amma bir müddət sonra, restoranların birində düşən davada adam bıçaqladığı üçün həbs olunmuş və 12 il həbsə məhkum edilmişdi.

Rusiya-Ukrayna savaşı başlayanda müqavilə əsasında döyüşə getmiş və həbsdən azad olunmuşdu. Amma müqaviləsi bitəndən sonra da yenidən müqavilə əsasında cəbhəyə qayıtmış və həyatın ironik oyunu nəticəsində Zaurla bir cəbhəyə düşmüşdü.  

İlk günlər, onlar kim olduqlarını biləndə, al qana batana qədər dalaşmışdılar. Hər ikisi bir-birinə nifrət edirdi. Hər ikisi bir-birindən qorxur, arxadan vurar deyə ehtiyat edirdi.

Amma bir gün hər şey dəyişdi, hər şey başqa bir məcrada cərəyan etdi…

Qəfil raket zərbəsindən gizləndikləri blindaj göyə sovrulmuşdu. Fəryad səsləri göyə ucalmışdı. Parça-parça olmuş bədənlər, üst-üstə qalanmış cəsədlər…

Zaurun qulağında zərbənin təsirindən elə bir uğultu var idi ki, elə bil beyninin içində reaktiv təyyarə uçurdu. 

Gözü yanında ilan kimi qıvrılan Aşota sataşdı – o, qan içində idi.

Bir anlıq bütün nifrəti yox oldu, özünü Aşota yetirdi. O, bir neçə yerindən qəlpə yarası almışdı. Zaurun beyni uğuldayırdı, özünə gəlmək üçün başını silkələdi. Sonra çantasından çıxartdığı jqutla Aşotun ayağını sıxdı. Sinəsindən və çiynindən gələn qanı dayandırmaq üçün bintlərdən və yapışqan lentlərdən istifadə etdi.

“Aşot, Aşot! Məni eşidirsən?” – deyərək üzünü ehmalca sillələdi. Aşot gözünü zorla açdı. 

–Ölürəm, Zaur, daha sevinə bilərsən, –deyib yenə gözlərini qapadı.

Az keçməmiş həkim briqadası özünü yetirdi. Səhra qospitalında Zaur da Aşotun yanında idi. Onu əməliyyat edirdilər.

Həkimin səsi eşidildi:

–Lənətə gələsən, bunun qan qrupu AB mənfidir. Çox az təsadüf edilən bir qan qrupudur. Təcili qan köçürülməsə, yaşamaq şansı yoxdur, çox qan itirib...

Həkimin sözləri Zaurun qulaqlarında cingildədi. AB mənfi, AB mənfi…

Bu da həyatın bir ironiyası...

–Mən, mən, məndə AB mənfidir, – deyə həkimə sarı getdi.

Budur, qan düşməninə indi onu yaşatmaq üçün qan verir Zaur. Bir neçə il əvvəl qarşı səngərlərdə bir-birinə güllə atdığı düşməninin indi həyatını xilas edir…

 

Aşot qısa müddətdə özünə gəlmişdi, toparlanmışdı. Tam sağalandan sonra ordudan təxris olmaq istəməmiş, yenidən cəbhəyə - Zaurun yanına dönmüşdü.

Aşot Zauru görən kimi boynunu qucaqlamış, təşəkkür edərək uşaq kimi ağlamışdı. “Düzü, mənə deyiləndə ki, sənin həyatını Zaur xilas edib, mən əvvəl inanmamışdım”, – demişdi.

–Niyə? 

–Axı biz düşmənik, – deyə Aşot cavab vermişdi.

–Bilirsən, Aşot, biz Qarabağda düşmən idik, orda savaş bitib, amma indi biz burada hər ikimiz başqa bir ölkənin vətəndaşı kimi onun uğrunda savaşırıq. Bu mənim borcum idi və mən sənə öz qanımı verərək öz borcumdan çıxdım. Yeri gəlmişkən, sən indi artıq azərbaycanlı qanı daşıyırsan, deməli yarı azərbaycanlısan, -deyə Zaur gülərək Aşota söz atmışdı.

–Hə, axbercan, indən belə sənə qardaş deyəcəm, – deyərək Aşot onun boynunu bir daha qucaqlamışdı.

O gündən sonra Zaurla Aşot sözün əsl mənasında qardaş olmuşdular. Onların briqadasında demək olar ki, hər millətdən əsgər var idi: rus, azərbaycanlı, erməni, çeçen, inquş, belarus, yakut, başqırd, kalmık, tatar, çuvaş, hətta ukraynalı...

Necə ki, babaları 41-45-ci illərdə Böyük Vətən Müharibəsində bir olub faşizmə qarşı döyüşürdülərsə, bu gün də onlar bir çətir altında birləşib Rusiyanın müdafiəsinə qalxmışdılar.

Onlara Rusiya ordusunun siyasi təbliğatçıları  təlqin edirdi ki, bu gün də qarşı tərəfdə faşistlərin nəvələri – avropadan olan muzdlular, alman, rumın, polyak, fransız, ingilis və sair millətlər onlara qarşı döyüşürdü. Tarix təkrar olurdu…

Rusiya paqonluları onları ruhlandırırdı ki, siz haqq işi uğrunda savaşırsınız! 

Bu ölüm-qalım savaşında hər bir millətin nümayəndəsi inamla savaşır və yalnız bir şüarla döyüşə atılırdılar: “İrəli! Faşizmin son əsgərinə qədər irəli!”

 

Qanlı-qadalı bir ili Aşotla birlikdə neçə cəbhədən keçmişdi Zaur. Nələr görməmişdilər, nələr yaşamamışdılar bu bir ildə... İndi də ən ağır günləri, ən ağır anları idi. Dörd tərəfdən düşmənin mühasirəsində, başlarına mərmilər yağış kimi yağırdı. Yalnız ikisi sağ qalmışdı, bütün yoldaşları qəhrəmancasına həlak olmuşdular.

Zaur da yaralı idi və Aşota baxaraq düşünürdü: “Dünənə kimi biz düşmən idik, indi isə bir səngərdə bir-birimizin canı uğurunda döyüşürük”.

–Zaur, özünü necə hiss edirsən, yaran çox incidir? – Aşot əlindəki avtomatdan bir neçə dəfə atəş açıb soruşdu.

–Ağrıkəsici iynədən sonra demək olar ki, ağrı hiss etmirəm, – deyə Zaur güclə cavab verdi. 

Çiynindən, ayağından və qolundan ağır güllə yarası almışdı Zaur. 

– Aşot, belə görürəm, bizim burdan sağ çıxmaq şansımız yoxdur. Bu qaniçən faşistlərə təslim olmaqdansa ölmək daha yaxşıdır. 

–Narahat olma, Zaur, təslim olan deyilik, sona qədər, son damla qanımıza qədər döyüşəcəyik. Bu torpaqlar bizim babalarımızın qanı ilə sulanıb. Sona iki patron saxlamışam, biri sənin, biri mənim, – deyərək Aşot cibindəki patronları çıxardıb göstərdi.

Düşmən dayanmır, güllələri yağış kimi yağdırırdı. Aşot da bir neçə yerindən yüngül yaralanmışdı.

Qaranlıq düşmüşdü artıq. Göz-gözü görmürdü. Amma düşmən susmur, onların mövqeyini atəş altında saxlayırdı.

Aşot da arada bir atəş açaraq, düşmənə cavab verirdi.

–Zaur, Zaur, aç gözünü, – deyərək Aşot onu ehmalca şillələdi.

–Nə olub, vaxt yetişdi? – deyə Zaur güclə soruşdu.

–Nə vaxtı, nə sayaqlayırsan? – deyə Aşot mızıldandı.

–Demədin sona iki patron...

–Yox, hələ sona var, indi səni çiynimə alıb bu cəhənəmdən çıxmağa çalışacam, – deyə Aşot bildirdi.

–Sən get, mənsiz şansın daha çox olar, – deyərək inildədi Zaur.

–Yox, yox, elə şey ola bilməz, ölsək də, qalsaq da ancaq bir yerdə, – deyə Aşot qəzəblə dilləndi.

Yaraları sızıldayırdı Zaurun. Aşotun çiynində leş kimi qalmışdı. Zaurun ağırlığı altında əzilsə də, Aşot dayanmır, aram-aram sürünürdü. Artıq güllə səsləri eşidilmirdi, mühasirədən çıxıb meşə zolağına keçə bilmişdilər.

Beş dəqiqə nəfəsini dərmək üçün Aşot dayanıb səsləndi:

–Zaur, Zaur, eşidirsən, çıxdıq mühasirədən, artıq təhlükə yoxdur, eşidirsən?

Zaur zorla gözlərini açıb “Aşot, məni burda qoy get. Çox qan itirmişəm, sabahı çətin görəm”, – deyərək güclə cavab verdi.

–Yox, elə şey ola bilməz, sən ölməyəcəksən, söz ver ki, ölməyəcəksən. Eşidirsən, Zaur, söz ver, – deyə Aşot əsəbi halda dilləndi və birdən qışqırdı. –Zaur, Zaur, ay Zaur, eşidirsən, bizimkilər, bizimkilər, xilas olduq!

Zaur gözlərini güclə açaraq gülümsədi, amma nəsə deməyə taqəti yox idi.

Aşot kürəyindəki Zauru yerə uzadıb “Həkim, təcili həkim!” – deyə onlara tərəf gələn əsgərlərə bağırırdı...

 

Nəhayət ki, Zaur gözlərini açdı.

Xəstəxana otağında idi. Otağa nəzər yetirdi: dörd tərəfdə çarpayılarda sarıqlı əsgərlər, ora-bura qaçan tibb bacıları.

O, “Aşot, Aşot!” – deyə pıçıldadı.

Bir az sonra tibb bacısı ona yaxınlaşıb nəbzini yoxladı, gözünə işıq salıb baxdı və həkimi səslədi. Həkim də eyni qaydada onu müayinə edərək güldü:

–Təbriklər, cavan oğlan, sizi deyəsən o dünyada qəbul etmək istəməyiblər.

“Aşot, Aşot...” – deyə yenə pıçıldadı Zaur.

–Hə, sənə qan verən dostunu deyirsən? – deyə həkim soruşdu. – Çox nadir qan qrupunuz var, yaxşı ki, dostunuzla eyni qrupdur, yoxsa sənin həyatını xilas etmək mümkün olmazdı.

“Aşot, hanı?” – deyə Zaur yenə pıçıldadı.

Həkim tibb bacısına səsləndi:

–Çağırın, dostu gəlsin.

Və Zaura tərəf döndü:

–O da yaralıdır, yan otaqda müalicə alır.

Az sonra Aşot içəri girdi, gülərək Zaura baxıb: -Ara, nə ölməz şeysən sən, ara! – deyərək zarafat elədi.

–Aşot, həyatımı xilas etdiyin üçün sağ ol, minnətdaram, – deyə Zaur zorla dilləndi.

–Ara, sən mənə demişdin ki, bu mənim borcumdur. Yadındadır? Bax indi, mənim də borcumdur. Nə deyirsən, sənə borclu qalaydım? – deyə Aşot yenə güldü. –Sağal, tez sağal, hələ cəbhə, düşmənlər bizi gözləyir. Az qalıb, lap az qalıb, tezliklə babalarımız kimi biz də qələbə çalacağıq!

Zaur sual dolu baxışlarla Aşota baxır və düşünürdü ki, həyatın ironiyasına bax, dünənki düşmən bu gün ən yaxın dosta çevrilib, dünən bir-birinə güllə atırdılar, bu gün bir səngərdə döyüşürlər. Dünən bir-birinin qanını tökürdülər, bu gün bir-birinin həyatını xilas etmək üçün qan verirlər. 

Aşot əl-qolunu ölçə-ölçə, gülə-gülə nəsə deyirdi.

Zaur Aşota baxıb, gülümsəyərək pıçıldadı:

–Ey həyat, sən nə qəribəsən!..

 

REDAKSİYADAN: Təbii ki, müəllif Rusiya vətəndaşı olduğundan, onun Rusiya-Ukrayna müharibəsinə baxışı bir başqadır, bizimki bir başqa. Əsas hekayədir, onun bədii məziyyətləridir. 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.