“Ömrüm boyu şax yaşadım!” - Rafiq Yusifoğlunun 75-inə Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

“Yaşadım” şeirində yazır:-

 

“Mən sevdalar diyarında

Olub ulu şah yaşadım!

Bir kimsəyə əyilmədim,

Ömrüm boyu şax yaşadım!

 

Az dodaqdan söz çəkmədim,

Az ocaqdan köz çəkmədim,

Gözəllərdən göz çəkmədim,

Edib yüz günah yaşadım.

 

Yarı yalan, yarı doğru,

Hey can atdım yara doğru.

Ürəyimdə nisgil, ağrı,

Dodağımda ah yaşadım.

 

Danışanda sözüm güldü,

Nəfəsinlə közüm güldü,

Həmişə bir gözüm güldü, –

Gah ağladım, gah yaşadım...

 

Qonaq çağır yar, odana!

Alovlanım yar oduna!

Ömrüm boyu Yaradana

Aparıb pənah yaşadım…”

 

Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.

Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 

2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.

Bu günlərdə Rafiq Yusifoğlunun 75 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.