“Bircə mənim tənhalığım oyaqdı…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

 HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl  Təranə Dəmirin şeirlərini sizlərə təqdim etməkdədir. Əminik ki, onları bəyənirsiniz. 

 

 

Ayrılıq zərrə-zərrə

Mənim  içimdən qopur.

Mənim əzablarımdan,

Mənim  gücümdən  qopur.

 

Bütün rənglər həsrətdi,

Bütün dadlar ayrılıq.

Bütün sözlər, cümlələr,

Bütün adlar ayrılıq.

 

Bu şəhər, bu adamlar,

Bu küçə ayrılıqdı.

Bu dəniz, bu dalğalar,

Bu gecə ayrlıqdı.

 

Dadı, duzu yerində,

Odu, közü yerində,

Bircə ürəyim bilir

Bu necə ayrılıqdı.

 

Sarılmışam təkliyə,

Bir özüməm, bir hicran.

Ayrılıq adamıyam

Təpədən dırnağacan.

 

Bu günün öz həsrəti,

Sabahın öz dərdi var.

Deyəsən bircə mənim 

Ömrümdən gəlib keçir

Ən saxta məhəbbətlər, 

Ən təmiz ayrılıqlar.

 

 

*

 

Gecə-gecə sarılmışam təkliyə,

Evim təkdi, yuvam təkdi, özüm tək.

Heçnə məni bu zülmətin içində

Şirin-şirin ovudammaz özümtək.

 

Baxıram ki, yuxuludu hər tərəf,

Bircə mənim tənhalığım oyaqdı.

Bu sükutun, sakitliyin içində

Qaranlığı incitmək də günahdı.

 

Səssizliyin küyü düşür başıma,

Kim alacaq  bu gecədən məni, kim?

Xəyalımda  rəngli-rəngli nağıllar

Dolanıram  dörd  yanına  təkliyin.

 

Yanağımı  döyəcləyir  kölgələr,

Kipriklərim yuvasında  qırpınır.

Ürəyimdə haray  salır  bəlkələr,

Gözlərimdə  xatirələr  çırpınır.

 

 

*

 

Yuxuyla  gerçəyin arasında,

Qaranlıqla  işığın kəsişdiyi nöqtədə 

Kimsə adımı pıçıldayır,

O dünyadan bu dünyaya qayıdıram. 

Kirpiyimin kölgəsi düşür alatoranlığa.

Adım çiliklənir səssizliyin içində

Tavan-tavan, divar-divar.

Dinşəyirəm sükutu,

Qulağım sakitlikdən,

Baxışlarım heyrətdən asılır.

Bayırda yel əsir deyəsən,

yarpaqlar yerini dəyişir budaqda.

Yavaş-yavaş işıq keçir pəncərəmdən,

Dünya gərnəşib oyanır yuxudan, 

Bu da Dan!

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.