Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Həmin gecə yaşlı adam yanımda oturmuşdu. Mən pivə içirdim, o isə viski kokteyli sifariş vermişdi. “Dərd” sözünü o qədər təkrarlamışdım ki, mənası özünü itirmişdi, yalnız bir səs olaraq qalırdı.
Sanki dərd bir insanın üzərinə qoyulan, amma heç vaxt həqiqətən anlaya bilmədiyi bir yükdür. Dərd – həyatın özüdür. İnsan dərdlə doğulur, onunla nəfəs alır, onunla böyüyür. Amma dərd həqiqətən nədən ibarətdir? O, bir hissdir, yoxsa bir xatirə? Məncə, dərd bir insanın öz içində yaratdığı və özündən başqa heç kimin paylaşmadığı bir yalandır. Amma mən bu yalanı yaşamağa davam edirəm.
Mənim dərdim bitməz ki. Çünki dərd bir hal deyil, bir varlıqdır. Onu saymaq olmaz, o, nə başlanğıcı, nə də sonu olan bir boşluqdur. Mənim dərdim yalnız bədənimin aclığı deyil, ruhumun doymayan əzabıdır. Ac qala bilərəm, amma dərdim yemək deyil, dərdim tox ola-ola boşluğun çarəsizliyini hiss etməkdir. Mənim dərdim geyindiyimlə deyil, geyinə bilmədiklərimlədir. Geyinə bilmədiklərim də deyil, o paltarların altında həmişə çılpaq qalan mənim özümlədir. Mənim dərdim içimdə həmişə üşüyən bir hissdir – heç vaxt istilməyən, heç vaxt tamamlanmayan bir boşluq.
Mənim dərdim ölkəm deyil, ölkəmin sükutudur. İnsanların danışmağa qorxduğu, amma içində boğulduğu səslərdir. Mənim dərdim televiziyalarda parlayan saxta dünyadır – yalançı xoşbəxtliklərin, parıltılı maskaların ekranıdır.
Hər yerdə zorakılıq, qətl, ağrı. Mənim dərdim coğrafiya deyil, dünya deyil. Mənim dərdim insanın öz içində itirdiyi dünyadır. Biz torpağı zəhərlədik, suları çirkləndirdik, havanı öldürdük. Amma ən çox özümüzü çirkləndirdik. Mənim dərdim insanın öz əlləri ilə yaratdığı fəlakətdir – həm özünü məhv edən, həm də onu yaradan paradoks.
Mənim dərdim tək mənim deyil. İnsanların içində böyütdüyü, amma heç vaxt qəbul etmədiyi bir kölgədir. Biz dərdimizi boynumuza almadıqca, o bizi ağırlaşdırır. Mən deyirəm ki, dərdim, qanadlan və uç. Amma dərd təkcə uçub getmir. O, kölgə kimi ardınca gəlir, nəfəsin kimi içində qalır. Mənim dərdim, bəlkə də, heç bir insanın başa düşməyəcəyi bir axtarışdır. Çünki mənim dərdim insanın öz varlığını anlamamaq qorxusudur. Bu qorxu bizi dağıdır, bizi özü-özümüzdən qoparır.
Mənim dərdim həqiqət axtarışıdır. Həqiqət isə insana rahatlıq deyil, yanan bir od gətirir. Mənim dərdim yalnız dərd deyil, mənim dərdim insanlıqdır – onun ən gözəl və ən fəlakətli yaratdığı şey. Bu dərd, mənim bir hissəmdir. Ondan qurtulmaq mənim varlığımdan qurtulmaqdır. Və bəlkə də, insan həqiqətən ancaq öz dərdi ilə yaşayır
Dərd… dərd… dərd…
Bu sözləri içimdə deyirdim ki, birdən yanımdakı dayday yadıma düşdü. Geri döndüm ona:
– Dayday, hələ də danışmağımı istəyirsən?
– Hə, sən danış, mən dinləyəcəyəm.
- Mən çox varlı, imkanlı və dövlətli ailədə doğulmuşam. Bilmirəm, bəlkə də bu, mənim qanımdadır. Qanımda var ki, yenə pul qazanım. Kiməsə boyun əyməyim və həmişə dik gəzim. Pul hər şeyi həll edirmi həyatda? Pul? Pul əl çirkidir? Pul əl çirkidir deyənlərin artıq əlləri çürüyüb. Pulla xoşbəxtliyi almaq belə mümkündür. Nə isə, qayıdaq mənim dərdimə...
– Dayan, gənc adam, pulla necə xoşbəxtlik alırsan?
– Danışacağam, səbrli ol. Dediyim kimi, mən varlı ailədə doğulmuşam. Təbii ki, nəsə məndə fərqli bir şeylərin olduğunu sezirdim içimdə. Çünki bacım-qardaşım həmişə rahat yola qaçanda, mən elə etməmişəm. Atam sadəcə bir sürücü olsa da, bir deputatdan çox qazanırdı. Amma günlərcə evdə görmürdük onu, xaricdə olurdu. Xülasə, mən atamdan və ya anamdan pul istəməyə həmişə utanırdım, çəkinirdim. Onu da qeyd edim ki, atam çox əzazil biri idi. Necə ki, Ağa Məhəmməd Şah Qacar, elə də mənim atam. Bir gün dərsə gedəndə məktəbin yanındakı çayxananı gördüm. "Ofisiant axtarılır" elanı vardı. Mən isə balaca uşaq idim, 11-12 yaşım olardı, ya olmazdı. Orada işləməyə başladım.
– Bəs bu qədər deyirsən, imkanlısınız, falan. Niyə işləyirdin? Atan elə biri idisə, nə yaxşı icazə verirdi?
– Mən pul almağa utanırdım və atam-anam bilmirdi. Bir gün anam öyrəndi. Təbii ki, mənimlə bacara bilməyəcəyini bildiyi üçün susdu. Amma atam bilsəydi, evdə dava olacaqdı. Ona görə də atam evdə olan vaxtlar işdən icazə alırdım, evdə olurdum.
-….
– Pivə sifariş verirəm, içirsən?
– Çox sağ ol.
-Oktyabr ayları idi. Möhkəm yağış yağırdı. Mən işdən çıxmışdım, qaça-qaça evə gedirdim. Yağışın suyu bizim tam təmirli hamamımızın duşuna oxşamırdı. Hər damcı iliyimə qədər işləyirdi. Külək az qala yıxırdı məni. Təbii ki, oktyabr ayı idi – payızın ən gözəl vaxtları. Gündüzlər sanki bir cənnət idi. Ağaclardakı hər yarpağa günəş şüası bir rəng bəxş edirdi. Həmişəyaşıl ağaclar saralmış, qızarmış ağaclara istehza ilə baxırdı. Gecəsi isə tam başqa bir aləm idi. Şairlərin soyuq Sibirdə təsvir etdikləri bir mənzərəni andırırdı. Evə gəlib çatanda atam evdə idi.
– Evdən qovdular səni? – deyə soruşdu.
-Yox, əşi… Atam evdə idi və mən yalan danışmağı bacarmırdım. Ümumiyyətlə, millətimin heç bir nurüzlü körpəsi yalan danışa bilmir. Ta ki, sistemin əlinə düşənə kimi. Atam sual etdi:
– Haradan gəlirsən?
-Eee… şey...
– Dedim sənə, haradan gəlirsən?
-Ata, bir işə düzəlmişəm…
– İşə düzəlmisən? Çıx bayıra! Mən buna görə əlləşim, vuruşum, sən isə işlə?! Çıx, rədd ol bayıra!
(Arxadan səs gəlir: "Arağımı gətir!")
Çıxdım balkona. Ayaqqabılarım yay üçün idi, içi su idi. Aclıq hissi isə sanki öz barmaqlarımı yeməyə məcbur edirdi. Soyuq və aclıq insanın bir-birinə düşmən olduğu anları yaşadır. Həyatda ən sadə şeylərdən biri olan isti, bir tikə yemək bəzən insan üçün nə qədər əlçatmaz olur! Mənim də o anda tək arzularımdan biri idi. Elə bu vaxt əmim qızı məni səslədi:
– Gəl, bir şey ye.
Mən gedə bilməzdim. Qorxurdum. Əmim qızının evdə olması isə sanki bir xilas idi mənim üçün. Yaxınlaşdı, isti yemək gətirdi. Yeməyin qoxusunu bütün damarlarımla hiss edirdim. Atam isə qışqırdı:
– Ya sən onunla balkonda qalacaqsan, ya da o küçəyə gedəcək!
Bu vəziyyəti qəbul edə bilməzdim. Yeməyi qaytardım və küçəyə çıxdım. Yağış sanki mənimlə müharibəyə başlamışdı. Ayaqlarım donurdu, yağış isə qəlbimdəki acıları yuyurmuş kimi gəlirdi. Soyuq və aclıq birləşib sanki məni təslim olmağa çağırırdı. Amma mən dözürdüm. O an düşündüm: müharibə zamanı insanlar bu iki düşmənlə necə mübarizə aparıb?
Birdən uzaqdan bir qaraltı yaxınlaşdı. Soyuqdan titrəyə-titrəyə qorxmağa da başlamışdım. Gecə saat birdə bu kim ola bilərdi? Cin? Şeytan? Qaraltı yaxınlaşdıqca qəlbim daha sürətlə döyünürdü. Səsimi çıxara bilmirdim.
– Bəs o qaraltı nə idi?
-Qaraltı... O mənim qonşum Turqut idi, məndən üç yaş böyük. Dükana gedirdi. Yanıma yaxınlaşıb soruşdu:
– Ala, burda nöş dayanmısan, bu soyuqda?
Soyuqdan titrəyərək cavab verdim:
-Heç, evdə çox isti idi, çıxdım bir az hava alım. Bilirsən də, peçə xod verirlər, dözülməz olur.
Sanki nəfəsimin qoxusunu hiss etdi. Dedi:
– Dükana gedirəm, nəsə istəyirsən alım?
Mən, özümü sındırmamaq üçün, heç nə istəmədim. O isə gedib yarım saat sonra qayıtdı. Üst-başı islanmışdı, saçlarını əli ilə gözlərindən çəkərək soruşdu:
– Gəlirsənsə, gedək bizə, həm mən də darıxıram.
-Yox, bir azdan evə keçərəm.
– Yaxşı, gecən xeyrə.
-Xeyrə qarşı.
O, yola düşdü, mən isə hələ də qapıda dayanmışdım. Necə uzun dayanacağımı bilmirdim. Üşüyürdüm. Onun getdiyi tərəfdən qəfil qışqırıq gəldi. Heç düşünmədən ora qaçdım. Gördüm ki, əlində bir qazan yarpaq dolması, dəsmal və quru paltar tutub:
– Gəlmirsənsə, ikimiz də məscidə gedərik.
Məni birtəhər sürüyüb ora apardı. O gecə məsciddə həyatımın ən rahat yuxusunu yatdım. Elə bil bu yaşıma qədər belə rahatlıq görməmişdim. Amma o gecədən sonra ayaqlarım heç vaxt isinmədi, həmişə üşüdü. Turqut isə o gecə baş verənləri heç vaxt soruşmadı.
– Maraqlı əhvalatdır. Hesabın nədirsə, mən ödəyəcəyəm.
-Çox sağ ol, dayı. Bəlkə sən də danışasan? Gecə üçdə dərdsiz adam gəlməz bura.
– Gələn dəfəyə qalsın.
-İxtiyar sahibi sənsən.
– Amma bir sual: xoşbəxtliyi pulla necə alırsan? Axı bu mümkünsüzdür.
-Dayı, neçə yaşın var?
– Qırx altı.
Başımı yelləyib cavab verdim:
-Sizi nə xoşbəxt edir?
– Ailəm.
-Çox gözəl. Bəs pulu necə qazanırsınız?
– İşləyərək.
-İşləyib nə itirirsiniz?
– Enerji. Yaş. Güc.
-Vaxtı deməyi unutdunuz.
– Hə, doğrudur, vaxt.
-Deməli, siz öz enerjinizi, gücünüzü və ən əsası vaxtınızı satıb pul alırsınız, düzdür?
– Tamamilə doğrudur.
-Əgər pulunuz olsaydı, işləməz, vaxtınızı ailənizlə keçirərdiniz və xoşbəxt olardınız, elə deyilmi?
Son sözlərimi deyib stəkandakı içkinin son damlasını da içdim. Artıq saat 6-nı keçmişdi. Bir ağırlıqdan, bir çətinlikdən qurtulmuşdum sanki. 28 May metrosunun yaxınlığında, mayın öz gözəlliyini açan təbiətində idim. Narın yağış, həm incə, həm də sərt, hər şeyə toxunaraq öz həyatını davam etdirirdi. Siqaretimi yandırıb, dərin bir qullab aldım və üzüaşağı Dağüstü Parka doğru addımladım. Günəş, sanki boğulmaq üzrə olan şəhəri qurtarmaq istəyirmiş kimi, göy qurşağını yaratmağa çalışırdı. Dənizə çatdım. Qayalara çırpılan dalğalar, bir tərəfdən həyatın mürəkkəbliyini, digər tərəfdən isə boşluğun sonluğunu göstərirdi. Qağayılar nəğmələrini oxuyarkən, yağış daha da güclənirdi, sanki hər damla mənim içimi oxumağa, mənim varlığımı dərk etməyə çalışırdı. Yağışla bir olmaq, sadəcə bədənimlə əlaqə qurmaq deyil, ruhumla təbiət arasında bir harmoniyanı tapmaqdır. Bu an, var olmanın ən dərin həqiqətini anlamam üçün bir imkan idi. Hər damla bir həyat, hər yağışda bir varlıq tapır, mən də həmin anın içində əriyirdim. Yağışla bir olmaq – bu, insanın təbiətlə sonsuz bir dövrə daxil olmasıdır, orada heç bir sərhəd, heç bir limit yoxdur. Bəlkə də, bu, ən böyük azadlıqdır: özünü təbiətin ritminə buraxmaq, onun sonsuzluğunda sükunət tapmaq.
Yağışla bir olmaq, sanki varlığın ən dərin təzahürünə çatmaqdır – doğrudan da, hər damla içində bir dünya saxlayır. Bəlkə də, bu, təbiətin və insanın təkrarlanan dövranı arasında bir harmoniyanın qurulmasıdır. Yağışın altında sükutla əritdiyim hər bir düşüncə, bir çöküş və ya yüksəliş kimi duyğuların qəlbimdə atdığı hər döyüntü – hamısı bir mövcudluq səyahətidir. Yağış mənim içimi oxuyur, mən isə özümü onda tapıram. Belə bir əlaqə yalnız təbiət və insanın qarşılıqlı gizli anlaşması ilə mümkündür, hər damla bir mürəkkəb, hər damla bir məna daşıyır. Varlığın yükünü yüngülləşdirmək üçün bəzən heç bir sözə ehtiyac yoxdur – sadəcə yağışa qulaq asmaq kifayətdir. Bu anın içində hər şeyin bir səbəbi olduğunu hiss edərsən, amma hər şeydən çox, var olmanın özünü dərk edərsən..
Artıq evə getməli idim..
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)