“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ülvi Babasoyun essesi təqdim edilir.
Dünyanın dörd fərqli bölgəsində eyni anda təyyarə qəzaları baş verir.
Bu qəzalardan yalnız üç uşaq xilas olur.
Özü də burunları belə qanamadan.
Özü də burunları belə qanamadan.
Qəzadan kədərli bir səs yayılır bütün dünyaya.
Pamela Mey Donald ölüm anında bir səs göndərir: "Uşaq... uşağa diqqət yetirin, ölən insanlara baxın. Ay Allah, o qədər çoxdur ki. İndi də mənimçün gəlir ölüm. Hamı gəldi-gedərdi. Hamı".
Hadisələr Sara Lotsun "Üç" romanında baş verir.
Lots romanında mini qiyamət yaradır.
Hadisələrə qarşı fərqli mədəniyyətlər və ölkələrin baxış bucağını göstərir.
İnam və inamsızlıq, ümid və ümidsizlik qəza və bəlalarda üzə çıxır.
25 dekabr 2024-cü ildə Bakı-Qroznı təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı.
Qəzanın görüntüləri sosial mediada ildırım sürətiylə yayıldı.
Çünki bir insanın ölümü bütün insanlığın itkisidir.
Bir insanın xilası isə insan nəslinin davamı və gələcəyidir.
Təyyarə bələdçisi Hökümə Əliyevanın səsi ümidsizlik tunelindən çıxarır sərnişinləri.
Hər şey bitdi deyərkən ürəklərə rahatlıq və dinclik bəxş edir.
Ümidsizlik ən böyük və şiddətli düşmənimizdir.
Qəzada dünyalarını dəyişənlər bizim var olduğumuz həyatda yaşayacaqlar. Ehtiram və hüznlə anırıq onları...
Və unutmayacağıq.
Axı unudulmaq metafiziki ölümü reallaşdırır.
Bu dünyadan köçənləri yaşatmağımızın ən yaxşı yolu onların xatirələrini uca tutmaqdır.
Azərbaycan dövləti və xalqı qəzaya işıq sürətiylə münasibət bildirdi.
Hadisəyə hüquqi və humanist qiymət verildi.
Matəm elan olundu.
"Üç" romanında sağ qalan uşaqlar necə ümid və həyat eşqi aşılayırlarsa, Hökümə xanımın səsindəki heyrətamiz duruluq və güvən məhzun bir xatirə kimi ürəklərdə qalacaq.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)