Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bilmirəm yaşamaqmı,
yaş almaqmı mənimkisi
Bir ümmanda gəmi olub
yol almaqmı mənimkisi
Sonsuzluğa yelkən açıb
ayrılmaqmı mənimkisi
Yoxsa baxıb ay-ulduza
dayanmaqmı mənimkisi.
*
Susur dəniz, səma səssiz, fikrim izsiz
Dalğalanır küləklə bir mavi dəniz
Düşüncələr dənizində coşur hərgiz
Nə tufanlar, nə dalğalar, nə də sellər.
Yaşamaqdır bu dünyanın hər bir halı
Yaşadandır həm bugünü, həm sabahı
Yaşladarmı bu quruyan göz yaşımı?
Aylar ötsə, illər keçsə, ömür bitsə....
*
Düşünürəm,
yenə susub ürək
dillənməyir
Səslənirəm,
ürək yenə susur
dillənməyir
Ağlayıram,
“duy səsimi oyan, hay ver mənə” deyirəm,
Gözləyirəm, ürək susur
yenə dillənməyir
*
Günəş batır,
axşam düşür,
hər yer qaralır…
Bu gün də ömrümün
növbəti bir yarpağı saralır
Həyat qatarım
perrondan ayrılıb
son mənzilə yollanır…
Qatarın taqqıltı səsləri isə
Təkrarlayır ki
alışmısan,
sönən deyilsən.
Mən ötən yollara
bir də
dönən deyiləm…
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)