“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu dəfə sizi yazıçı, AYB katibi Elçin Hüseynbəyli ilə görüşdürəcəyik. Görüşün bələdçisi İntiqam Yaşardır.
- Elçin müəllim, salam. Azərbaycan Yazıçılar Birliyində yeni təyinatınız münasibəti ilə təbrik edirəm sizi. Önəmli istiqamətlər həvalə olunub sizə, istərdim görüləcək işlərdən danışasınız.
- Əsas mənim nəzarətimdə olacaq, mənim icra edəcəyim, rəhbərlik edəcəyim istiqamət seksiyalarla işdir. Bilirsiniz ki, AYB-də altı seksiya var. Nəsr, poeziya, dramaturgiya, tənqid və ədəbiyyatşunaslıq, publisistika, tərcümə və uşaq ədəbiyyatı seksiyaları. Əsas işim bunlarladır, bundan əlavə, komissiyaların tərkiblərinin yenilənməsi baxımından, həm də ki, komissiyaların işinin davam etdirilməsi baxımınından işlərə də mən nəzarət edəcəyəm. Bundan başqa, hər hansı uzlaşdırılmış layihələr varsa onlara da mən, müəyyən mənada, düzən verəcəyəm.
Bilirsən ki, burda layihələr çoxdur. Beynəlxalq əlaqələr üzrə katib var, onların da öz layihələri olur. Hər hansı, fərdi baxımdan, yenə də kimsə layihə irəli sürür, eyni zamanda kənardan da layihələr gəlir, düşünürəm, onlara dinamika vermək üçün və həmin təklifləri layihələndirmək katibliyin funksiyasına daxil olunduğuna görə, həmin layihələri də dəyərləndirəcəyik. Bir də ki, ümumiyyətlə, AYB katibliyi var, orada mən də təmsil olunuram, katiblikdə təkliflər, cari məsələlər qaldırılır. Katibliyin üzvü kimi belə düşünürəm ki, məsul qərarlar qəbul olunmasında mənim də rolum olacaq. Anar müəllim kifayət qədər müdirk insandır, kifayət qədər qabiliyyətli, bacarıqlı rəhbərdir, onunla işləmək əlbəttə xoşdur. Biz artıq 20 ilə yaxındır ki, bir yerdə işləyirik, bir-birimizi bu məsələlərdə yaxşı anlayırıq və ədəbiyyatımız, xalqımız, millətimiz, dövlətimiz üçün önəmli olan məsələlərdə bir-birimizə dəstək veririk və verməyə də davam edəcəyik.
- Bir yazara ədəbiyyat funksioneri olmaq necə təsir edir?
- Mən deyim ki, AYB yox, hər hansısa bir nazirlik olsaydı, orada mənə hər hansısa başqa bir iş həvalə olunsaydı, mənim üçün çətin olardı. Amma AYB bir başa ədəbiyyatla məşğul olduğuna görə, yazıçılarla, şairlərlə, qələm adamları ilə təmasda olduğuna görə, burda funksionerlik şərti məsələdir. Sadəcə olaraq bu bir görəvdir sənə həvalə olunub, sənin yaradıcılığına ciddi mane olmur. Əsas odur ki, sən insanları tanıyırsan, kimin nəyə qadir olduğunu bilirsən və bu, sənə heç bir əziyyət və çətinlik vermir. Sadəcə olaraq müəyyən zamanını ala bilər. Bu da bizim borcumuzdur. Tutaq ki, bu, mən olum və ya başqası olsun, bizdən əvvəl də katiblər olub, bizdən sonra da katiblər olacaq. Mən düşünürəm ki, bu cür fəaliyyət bir çətinlik yaratmır. Əksinə, həm yaradıcılıqları, həm adamları yenidən tanımaq baxımından, daha da stimullaşdırıcı bir vəzifədir. Yəni, məmur vəzifəsi deyil. Sən istəsən də məmur ola bilməzsən burada.
- Demək, layihələrlə iş məsələsi də sizə həvalə olunub. Ədəbi sferada canlanma yaratmaq üçün yeni layihələrə ehtiyac var, məncə, siz də mənimlə razı olarsınız. Nə kimi layihələr etmək olar? Nə etsək daha dərinə nüfuz edər, daha böyük canlanma olar sizin fikrinizcə?
-Söhbət ondan gedir ki, AYB böyük büdcəsi olmayan bir təşkilatdır. Ona görə də bəzi layihələr var ki, onların icrasına AYB-nin gücü çatmır. Biz onsuz da öz üzərimizə düşən işləri görürük. Tədbirlərin keçirilməsidir, qurultaya hazırlıqdır və s. Dəfələrlə olub, beynəlxalq tədbirlər keçirmişik, elə qurultay da beynəlxalq tədbir kimi bir şeydir. Eyni zamanda yubileylərimiz keçirilib, təbii ki, dövlətin dəstəyi ilə. Mən elə düşünürəm ki, daha çox kənardan gələn təşəbbüslərə dəstək vermək lazımdır. Cavan, gənc yazıçılar, cavan ona görə deyirəm ki, onlar gənc dövrünü keçiblər, daha kreativdirlər, daha təşəbbüskardırlar, onlar, məsəlçün, deyirlər ki, bir tanıtım layihəsi edək. Azərbaycan ədəbiyyatını tanıtım layihəsi. Mən də deyirəm ki, lap yaxşı, siz bu təşəbbüsü layihələndirin, bizə təqdim edin. Mən düşünürəm, bax bu cür ədəbiyyatın təbliği layihəsi, kitabın tanıtımı və oxucuya çatdırılması layihəsi və s. bu kimi təşəbbüsləri bizə təqdim etsinlər. Elə sizin mətbuat vasitəsi ilə səslənirəm gənclərə, bu fikirləri layihələndirin və təqdim edin. Mən də indiyə kimi müxtəlif sahələrdə, müxtəlif istiqəmətlər üzrə bir çox layihələr işləmişəm. Bizə təqdim olunan layihələrə bir yerdə baxaq və müzakirə edək, çıxaraq katibliyə, bizim rəhbər, Anar müəllim də belə təşəbbüslərə dəstək verən adamdır. Sonra lazımi orqanlar, qurumlar qarşısında məsələni qaldıraq və çalışaq ki, həyata keçsin. Sadəcə olaraq, real layihələrə ehtiyac var. Qeyri-real layihələrə yox. Konkret bilirsən ki, bu layihələri ortaya çıxartmaq olar. Ona görə ki, onun yollarını, istiqamətini, ünvanını, hədəfini bilirsən. Mən düşünürəm ki, bax daha çox bu cür layihələrə üstünlük verməliyik.
- İşğaldan azad olunmuş rayonlarımızdan olan Cəbrayıldansınız. İnanırdınızmı Cəbrayılın işğaldan azad olunacağına?
-Açığı, mən deyim ki, son zamanlar məndə bir az məyusluq yaranmışdı. Baxmayaraq ki, mən əsərlərimdə həmişə işıq ucu qoymuşam, həmişə açıq qapı qoymuşam, çünki, Qarabağ məndən ibarət deyil, bir fərddən ibarət deyil, böyük bir toplumdan, icmadan ibarətdir və bu məsələdə insanların ümidlərinə, inamlarına hər hansısa xələl gətirəcək söz demək olmazdı, olmaz və mən bunu heç zaman deməmişəm. Amma, daxilən mən sarsılırdım, ümidim itirdi. Ona görə ki, beynəlxalq güclər bizə müdaxilə edirdilər ki, “bu məsələnin hərbi həlli yoxdur, ancaq sülhlə həlli var”, sülh də olmurdu, ona görə olmurdu ki, beynəlxalq güclər ermənipərəstlərin əlində idi. Elə indi də onların əlindədir. Və ona görə mən düşünürdüm, yaxşı, biz istəmirik hərb olsun, qan tökülsün, cavanlarımız getsinlər həlak olsunlar, çünki onlar bir ailənin, nəslin, yurdun arzusudur, onların məhv olmasını təbii ki, heç kim istəmirdi. Amma belə oldu ki, möhkəm iradəni ali baş komandan, hörmətli prezidentimiz ortaya qoydu və bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın xalqı, ordusu, siyasi rəhbərliyi münaqişəni hərb yolu ilə həll eləməyə qadirdir. Dəfələrlə bunu deyiblər ki, "bəli, biz beynəlxalq hüququn edə bilmədiyini öz gücümüz hesabına etdik". Amma yenə də bəzi qüvvələr bununla razılaşmırlar. Minsk qrupu artıq arxivə enib, “Dağlıq Qarabağ” ifadəsi artıq ümumiyyətlə işlənməli deyil, artıq, sadəcə Qarabağ mövzüsu var. Bunu da biz özümüz həll edirik. Artıq bilirsən ki, cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan 14 iqtisadi zonaya bölünüb ki, bunlardan biri Şərqi Zəngəzur bölgəsi, biri də Qarabağ bölgəsidir. Yəni biz, mesaj veririk ki, öz torpağımızda quruculuq işləri keçirmək istəyirik və təbii ki, bunlar ən yaxşı iqtisadi layihələr əsasında həyata keçiriləcək. İqtisadiyyatın gətirəcəyi bu hüzur, yüksəlmə, dividentlər sonralar insanlar, millətlər arasında barışığa aparan yoldur. Məsələn, Zəngəzur dəhlizinin açılması daha çox Ermənistana lazımdır. Blokadadan çıxırlar, həmçinin böyük layihələrə qoşulurlar. Mən tarixi az-çox bildiyimə görə, tarixi romanlar yazdığıma görə deyirəm ki, həm də ki Ermənistan başa düşməlidir ki, o, elə bir vəziyyətdədir, Azərbaycanla yaxşı qonşu olmağa məhkumdur. Pis qonşu olmaq heç nə vəd etmir ermənilərə. Bizim 30 il qanımızı qaraldıblar, torpaqlarımız işğal altında qalıb, biz bilirik ki, ermənilər bunu kimin əli ilə, necə ediblər. Ancaq indi ermənilər bu olanlardan dərs çıxarmasalar, mənə elə gəlir ki, böyük bədbəxtliklər gözləyir Ermənistanı. Mən bir yazıçı kimi, bir insan kimi, otuz il vətən həsrəti çəkmiş adam kimi istəmirəm ki, müharibə olsun. Ümumiyyətlə, Azərbaycan xalqı müharibə istəyən xalq deyil. Biz artıq göstərdik ki, biz həqiqətən də hər şeyə hazırıq və hər şeyə qadirik. Mən çox istəyərdim ki, biz rahat yaşayaq, övladlarımız dinc yaşasın. Bu, müəyyən mənada Ermənistandan asılıdır. Ermənistanın xəstə düşüncədən nə dərəcədə qopa biləcəyindən asılıdır . Bizdən asılı bir şey var ki, torpaqlarımızı qoruyaq və qoruyacağıq. Hər hansı bir təcavüz olarsa onun qarşısını alacağıq. Cənab prezidentin də dediyi kimi, bizim heç kimin torpaqlarında gözümüz yoxdur, baxmayaraq ki, Ermənistan qədim Azərbaycan torpaqları ərazisində qurulub, amma yenə də 1920-ci ildə biz İrəvanı da onlara güzəştə getdik, düşündük ki, Qafqaz ümumi bir ev olsun, ancaq daima burada qarışıqlıq salan ermənilər oldu. Düşünürəm ki, əvvəl-axır onlar məhkum olacaqlar, başa düşəcəklər ki, onların tutduqları düşmənçilik yolu heç nə vəd etmir. Mən əsərlərimdə də həmişə çalışmışam ki, insanların hisslərinə, düşüncələrinə, millətindən asılı olmayaraq, hörmətlə yanaşım. Ancaq ədalət hissini mən həmişə üstün tutmuşam. Ədalətsizliyə, təcavüzə, itgilərə də məruz qalan otuz il ərzində biz olmuşuq. Mən düşünürəm ki, onlar əvvəl-axır bunu anlamalıdırlar.
- Cəbrayıl azad olunan gün ilk təbriki kimdən aldınız?
- Cəbrayıl azad olunanda mən artıq bunu bilirdim. Müəyyən mənbələrdən məlumatım var idi. Bizim də qohum-əqrabadan döyüşdə olanlar var idi. Hansısa formada xəbərimiz oldu, məlumat bizə çatmışdı ki, Cəbrayıl artıq azad olunub. Ancaq dəqiq deyim ki, ilk təbriki kimdən aldığımı bilmirəm, onu bilirəm ki, xəbərlər hər yerdən gəlirdi, təxminən bilirdik ki, rəsmi səviyyədə xoş xəbərlər olacaq. Cənab prezident çıxış edəndə bilirdik ki, xoş xəbər verməlidir, hamı da onu səbirsizliklə gözləyirdi. Bilmədim, xəbəri quşlar gətirdi, göyərçinlər gətirdi, ağaclar gətirdi (gülür), nə oldusa beynimdə fırlanan xaotik düşüncələrin içində həmin o sevincli xəbər necə gəldi, necə çatdı, onu bilmirəm, bir onu xatırlayıram ki, İTV canlı yayımda zəng vurdu, telefonla əlaqə saxladıq, təbrik etdilər və sevincli hissləri bölüşdük.
- Azərbaycan yazarı Elçin Hüseyinbəylinin 8 noyabr Qələbə gününə kimi və o gündən bu yana hiss etdikləri arasındaki fərq.
- Bilirsən, artıq otuz ilə yaxın müddətdə o hisslər artıq bir az korşalmışdı, haradasa bir az barışmışdıq itki ilə. Ancaq elə gün olmurdu ki, mən kəndimiz haqqında düşünməyim, kəndimiz haqqında nəsə xatırlamayım. Çox nadir gecələr olurdu ki, mən kəndimizi yuxuda görməyim, görməyim ki, Arazın kənarında dayanıb balıq tuturam, ya futbol oynayıram. Daima məndə bu hisslər yaşayıb və mənim əsərlərimi də oxuyanlar bu hissi duya bilir. 8 noyabrdan sonra qələbəni hələ tam həzm edə bilməmişəm. Ona da bir az zaman lazımdır ki, biz nəyə nail olduğumuzu təsəvvür edə bilək. Bu çox möhtəşəm bir qələbədir. Möhtəşəm olduğuna görə də bunu hələ tam həzm eləmək, qəbul eləmək çətin məsələdir. Zaman keçdikcə yavaş- yavaş bu zəfərin möhtəşəmliyi, qələbənin mahiyyəti, bizim gələcəyimiz üçün nələr edəcəyini dərk edəndən sonra biz oturuşmuş şəkildə əsərlər ortaya qoyacağıq. Bir neçə hekayə yazmışam 8 noyabrdan sonra, amma ona qədər Qarabağla bağlı otuza yaxın hekayə, bir neçə roman, publisistik yazılar yazmışam çox sayda. İndilərdə bir böyük publisistik yazı - “Cəbrayılı düşünərkən nifrət, lənət və sevgi” yazısı Anar müəllimin təşəbbüsü ilə “Qarabağın Dastanı” kitabında çap olundu. Böyük bir publisistik yazıdır, etnoqrafik çalarlarla doludur. Hələ ki, bir romanı bitirmişəm, “Vida romanı” adlı. Bu roman da otuz ilin həsrətindən doğan bir romandır. Gələcəkdə, nəzərə alsaq ki, beynəlxalq arenada ermənilər öz həyasızlıqlarını davam etdirəcəklər, kino və ədəbiyyat sahəsində özlərinin güya ki, təcavüzə uğradıqlarını, zülm gördüklərini həyasızcasına, yalandan bütün dünyaya yayacaqlar, bunun müqabilində, düşünürəm ki, biz otuz illik acını, həsrəti unutmamalı və əsərlər yazmalı, kinolar çəkməliyik, tamaşalar qoymalıyıq, bütün dünyaya göstərməliyik ki, bizim belə bir keçmişimiz var. Ermənilər bizim ağrılı-acılı keçmişimizi xatırlatmaq istəmirlər, özlərini əzabkeş kimi göstərmək istəyirlər. Halbuki onlar başa düşməlidilər ki, azərbaycanlılara otuz ildə hansı əzabları veriblər, hansı zülmləri veriblər. Bunu dünya bilməlidir və bu, dünyanın yadında qalmalıdır. Qələbə ilə bağlı təbii ki, bizim çoxlu əsərlərimiz olacaq müxtəlif sahələrdə. İstər nəsr, istər kino, amma mənim dediyim kimi, bax o çadırlarda qalan, ilan-çayana yem olan uşaqların taleyini unutmaq olmaz, dəmir vaqonlarda qalan, çoxlu əzablar çəkmiş uşaqların acısını unutmaq olmaz. Bu məsələ daim bizim ədəbiyyatımızın, sənətimizin gündəmində olmalıdır və daim dünyanın, bütün dünyanın diqqəti, gözü bizim faciəmizdə olmalıdır. Qələbə ilə də bağlı təbii, əsərlər yazılmalıdır, filmlərimiz çəkilməlidir. Bizim qəhrəman şəhərlərimiz, qəhrəman oğullarımız var. Yeri gəlmişkən deyim, bayaq adını çəkdiyim məqalədə təklif etmişəm ki, işğaldan azad olunmuş şəhərlərimizə, həmçinin Tərtər, Bərdə, Gəncə şəhərlərimizə “Qəhrəman şəhər” adı verilsin, çünki müharibə dövründə çox ağrılara, acılara, əzablara məruz qaldılar bizim həmin şəhərlərimiz. Eyni zamanda, mən təklif etmişəm ki, Holokost tipli bir abidə yaradılsın, muzey kompleksi yaradılsın Azərbaycanda. Bizim 1990-cı illərdən bəri, yəni, 20 yanvardan bəri çəkdiyimiz o əzablar əks olunsun orada. Eyni zamanda, böyük bir guşə yaradılsın, bizim zəfərimizlə bağlı sənət əsərləri, canlı eksponatlar nümayiş olunsun orada. Bizdə“Müzəffər müzeyi” var, “Qənimətlər parkı” var. Amma mən dediyim haradasa bunların hamısının bir məcmusunu kompleks kimi ehtiva edir. 1-ci sinfə gedən uşaqlara və ya bir az böyüklərə, olsun ki, hardasa pis təsir edər buradakı eksponatlar, onlar mahiyyəti anlamaya bilərlər, amma müəyyən bir zaman keçdikdən sonra cavanlar, uşaqlar bizim tariximizin əzablı keçmişini görməlidirlər, eyni zamanda turistlər də təbii ki, gəlib oranı ziyarət etməlidirlər. Mənim düşüncəmə görə bu, Şuşada, bəlkə də Xocalıda olmalıdır. Tezliklə yəqin ki, biz Xocalını da tam nəzarətə götürəcəyik.
- "Gözümə gün düşür" hekayəniz var idi, onun qəhrəmanı axırda gedir, yurdunda qəbirə düşür. O hekayənin prototipini bu və ya digər formada müşahidə etmisinizmi həyatda?
- Mən o hekayədəki qəhrəman kimi özümü görürdüm. Onun əsasında mən “Vida” romanını yazdım. Sentyabr ayında çap olunacaq. Düşündüm ki, yayın istisində deyil, sərin vaxtda çap olunsun. Mən düşünürdüm ki, insan yurduna yaşamağa gedə bilmirsə, heç olmasa gedib orada ölməlidir. Ölümə məhkumsansa get elə öz yurdunda öl. Mən həmişə deyirəm ki, əsər düşüncədə yaranır. Artıq o texniki məsələdir ki, sən oturub onu yazıya köçürəcəksən.
- Elçin müəllim, Azərbaycanda kifayət qədər tanınmış yazıçısınız. Ölkədən kənarda əsərlərinizin çapını qənaətbəxş sayırsınızmı?
- Açığı, mən deyim ki, sistematik şəkildə olan bir şey yoxdur. Müəyyən bir maliyyə tələb edən şeydir bu. Ən azından, öz reklamın üçün müəyyən işlər görməlisən , getməlisən, gəlməlisən. Deyək ki, mən burada oturdum və mənim kitabımı, hekayəmi, romanımı kimsə xaricdə götürdü çevirdi, yayımladı, çap etdi, amma mənim də müəyyən bir qatqım olmalıdır. Və ya hansısa konkret qurum olmalıdır bu işləri nizamlamağa. Mən bayaq dedim ki, belə layihələr gözləyirik. Ancaq mən xaricdə kifayət qədər çap olunmuşam. Litvada kitabım tərcümə edilib, çap olunub. Buradakı hekayələrimdən altısı Qarabağ hekayələridir. Ona görə bunu vurğulayıram ki, Qarabağ hekayələrinə xaçpərəst ölkələrdə xüsusi yanaşma var və sən elə yazmalısan ki, onlar bunu qəbul etsinlər. Yəni göstərməlisən ki, bu sadəcə əsərdir. Yazıçının qərəzinin yox, obyektiv yanaşmasının, düşüncəsinin məhsuludur. Tiflisdə kitabım hazırdır, amma hələ ki çap olunmayıb. Açığı naşirlərlə razılığa gəlmədik, qaldı. Çünki mən xoşlayıram ki, naşirlər özləri çap edib, özləri də yayımı ilə məşğul olsunlar. Türkiyədə üç kitabım çap olunub. Bilmirəm, bəlkə daha bir neçəsi də çap olunub, amma onlarda yayım bir az fərqlidir, gah bələdiyyələrdə, gah universitetlərdə olur. İranda iki kitabım çap olunub, amma heç biri hələ ki, mənə gəlib çatmayıb. Birinin üz qabığını görmüşəm. Rusiyada qəzetlərdə, jurnallarda, xüsusən “Literaturnaya qazeta”da hekayələrim çap olunub. Hətta orada jurnalda “Balıq adam” romanım da çap olunub. Bundan başqa, demək olar ki, dünyanın aparıcı ölkələrində dəfələrlə, təkrar-təkrar mənim hekayələrim çap olunub. Hansı reaksialar doğurur bu çap olunmaq? Onu deyə bilərəm ki, bu yaxınlarda Sankt-Peterburq oxucuları ilə, Mayakovski kitabxanası oxucuları ilə biz onlayn görüş keçirdik. "Oxuyan Peterburq" layihəsi çərçivəsində bir görüş baş tutdu. Oxucular hazırlıqlı idilər, hətta Türkiyədən qoşulanlar var idi, rusca danışırdılar. Azərbaycandan, Rusiyanın müxtəlif şəhərlərindən qoşulanlar var idi. Belə məlum oldu ki, mənim əsərlərimdən məlumatlıdırlar. Adicə, girib Google-dan axtarış verəndə, görürsən ki, Rusiyanın bir çox nöqtələrinin kitabxanalarında mənim əsərlərimdən var. “Oxuyan Peterburq” layihəsi çərçivəsində mənim “Don Juan” romanım müsabiqədə iştirak edib, görünür ki, bunun da təsiri var, oxucular əlavə məlumatlar da toplayıblar. Ümumiyyətlə, o çox maraqlı layihədir. Aktyorlar əsərlərdən parçalar səsləndirirlər, müzakirələr edirlər. Düşünürəm ki, bunları bəlkə də sistemli formada eləmək lazımdır. Yazıçı bu məsələlərə soyuq yanaşır. Mən özümü deyirəm, başqalarını deyə bilmərəm. Daha çox yazmaq haqqında düşünürəm, nəinki reklam haqqında. Bunu da təşkil edənlər, məsələn, türkoloq Şahnaz Kamal sağ olsun, Azərbaycan ədəbiyyatını təbliğ edir. Və yaxud Türkiyədə hansısa bizi bəyənən, Azərbaycan ədəbiyyatını sevən insanların xidmətidir, o cümlədən başqa ölkələrdə. Əlbəttə, mən düşünürəm ki, Azərbaycan ədəbiyyatının tanınması vacibdir, amma ədəbiyyatın, kino, teatr və rəsmə nisbətən tanınması çətindir. Çünki vizuallıq ayrıdır. Rəsmi tərcümə etməyə ehtiyac yoxdur, amma ədəbiyyat dil faktorudur, gərək xarici dilə tərcümə olunanda da peşəkarları tapasan, o peşəkarları tapmaq üçün də bir qədər çalışmaq lazımdır.
- Elçin müəllim, bəzən şagirdlər üçün olan dərsliklərdəki, əlavə oxu materiallarındakı yazılar çox ağır tənqidlərlə müzakirə olunur. Sizcə də elədirmi, dərsliklər yaradanda bəzən yaş kateqoriyası nəzərə alınmırmı? Sizcə, bu məsələlər necə tənzimlənməlidir?
-Mənə vaxtı ilə dedilər ki, 5-ci sinif ədəbiyyat dərsliyi üçün hekayə yaz. Məndə bu alınmadı. Çünki, uşaqların psixologiyasını bilmək lazımdır, belə yazıları yazmaq üçün pedaqoq olmaq lazımdır hardasa. Amma dedilər, sənin elə uşaqlardan yazdığın hekayələr var, onların üzərində bir az işləsən kifayətdir. Amma yenə məndə alınmadı. Sonra bir publisistik məqalə verdilər mənə, dedilər bunun əsasında hekayə yaz. Yazdım, “Firuzə qaşlı xəncər” indi 5-ci sinif dərsliyində tədris olunur. Sonra məlum oldu ki, o yazıdakı qəhrəman - Tofiq Milli Qəhrəmanımız Tofiq Hüseynov imiş. Sonra 7-ci sinif üçün hekayə istədilər. Mən soruşdum ki, nə edə bilərəm? Dedilər, sən hekayə göndər, biz işləyək. Onlara hekayələr göndərdim. “Nar” hekayəsi üzərində işləyib “Nəvə” hekayəsini hazırladılar, göndərdilər mənə, oxudum. Uyğunlaşdırmışdılar, pedaqoqlar hazırlamışdılar. Bəzi düzəlişlər etdim. Bir şeyi orda düzəliş etməmişəm, onu da düşünürəm, gələcəkdə etmək olar. Hal-hazırda da tədris olunur 7-ci sinif dərsliyində o hekayə. Uşaqlar üçün yazmaq çətindir. Amma onu deyim ki, bu yaxınlarda uşaqlarıma danışdığım nağılları hekayələrə çevirdim. Səkkiz hekayə yazdım, “Qələm” nəşriyyatına təqdim elədim, onların səkkizi də həm də animasiya filmləri üçün materiallardır. Bu yaxınlarda rejissorlarla danışdım, dedilər, sən niyə bunları müsabiqəyə vermədin? Dedim, ehtiyac yoxdur, elə bu hekayələrin üzərində işləyib cizgi filmi hazırlamaq olar. Uşaqlar üçün yazmaq çox vacibdir, mütləq yazılmalıdır. Oxu vərdişini uşaqlarda cocuq vaxtından yaratmaq lazımdır ki, gələcəkdə daha böyük əsərlər oxuya bilsinlər. Zaman dəyişib, ola bilər, bəlkə kitab başqa forma alır. Məsəlçün, maraqlı nədir? Mən arada Google-a girib axtarış verirəm, görürəm ki, mənim əsərlərim əsasında cizgi filmləri çəkilib. Tam film deyil, ancaq şəkillərdir, amma onun üzərində bir az işləsən cizgi filmi kimi alınar. Elə “Nəvə” hekayəmə müxtəlif cür yanaşmalar, səsləndirmələr var. Nə qədər adamlar uşaqlar üçün səsləndiriblər fərqli-fərqli formada o hekayəni. Mən elə hesab edirəm, indi uşaq poeziyası mənim kurasiyamdadır, uşaq ədəbiyyatı seksiyasını daha da fəallaşdırmaq çox vacibdir.
- Kitab satışı və təbliği məsələsinə toxunmaq istəyərdim. Durumu necə qiymətləndirirsiniz, nə etmək olar?
- Biz kitabı, oxu mədəniyyətini formalaşdıra bilmədik. Kitab kultu olmalıdır. Amerikadakı kimi, Yaponiyadaki kimi, Çindəki kimi, Almaniyadakı kimi. Təəssüf ki, biz bunu edə bilməmişik hələ ki, kitab satışı çox zəifdir, oxucularımız çox azdır. Mən o zamanlar deyirdim ki, hansısa bir normativ olmalıdır, qanun olmalıdır ki, yazıçının əməyindən sui-istifadə etməsinlər. Çoxlu ədəbiyyat portalları yaranır, bu çox yaxşıdır əbəbiyyatımızın təbliği üçün, amma hardasa mənim əsərimi ora daxil edəndə elə etmək lazımdır ki, yazıçı da nəsə qazansın, təkcə oxucu yox. Bu yaranmadığına görə oxucu və yazıçı arasındakı körpülər itir. Həm portal qazanır, həm oxucu, amma yazıçı heç nə qazanmır. Düzdür, indi oxucu qıtlığı şəraitində eşidəndə ki, sənin əsərlərini oxuyanlar var, bu çox xoş olur. Hələ də biləndə ki, hansısa oxucu sənin əsərlərinin vurğunudur, fanat səviyyəsində, bu lap xoş olur. Amma təəssüf ki, yazıçı çox az qazanır. Yazıçı bu baxımdan hüququ pozulan zümrələrdən biridir.
- Ədəbi gənclikdən gözləntiniz və onlar barədə düşüncəniz.
- Dediyim kimi, biz bu kitab kultunu, oxu mədəniyyətini yarada bilməsək gənclər məyus olacaq. Mən indi də oxuyuram, gənclər deyirlər ki, bizim yazdıqlarımız cəmiyyətə lazım deyilsə biz niyə yazaq? Bu çox təhlükəli bir tendensiyadır, bu doğru deyil. Nəsə etmək lazımdır. Hər şey ədəbiyyatdan başlayır, hər şey sözdən başlayır. Kinolar da, dram əsərləri də, rəsm əsərləri də. Niyə rəsm əsəri dedim? Bayaq adını çəkdiyim, “Nifrət, lənət və sevgi” məqaləmi facebook-da paylaşdım və bir rəssam mənə yazdı ki, orada bir epizod məni çox möhkəm tutdu və mən onu tabloya köçürmək istəyirəm, gələcəkdə istəsəniz, bu şəkli əsərlərinizdə də istifadə edərsiniz. Mən ona təşəkkür elədim, dedim ki, orada təbii bir neçə epizod var. Dedi, ümumiyyətlə sizin romanlarınız rəssamlara bolluca material verir, mən çalışacam ki, silsilə formasında işləyim onları. Mən çoxdan istərdim rəssamla şairin və ya rəssamla yazıçının tandemini əks elətdirən bir sərgi olsun. Əgər silsilə tablolar olarsa bir sərgi təşkil etmək olar. Aktyorlar dəvət etmək olar ki, o rəsmdəki epizodu canlandırsın. Eyni epizod çap formasında da tablonun atından vurula bilər. Biz də ədəbi gənclik üçün nəsə etməliyik. Ədəbi gəncliyin palitrası, tərkibi də müxtəlifdir. Çox qarışıq yazırlar bəzən. Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsini qarışdırıb yazırlar. Başa düşürəm, bu pis şey deyil. Türkiyəyə satılır, türk oxucusuna hesablanır. Bir tərəfdən də, bir az yaxşı deyil, gələcək nəsil çaşır, Azərbaycan türkcəsini yaxşı, doğru, düzgün mənimsiyə bilmir. Sabah imtahan verəndə və ya nəsə edəndə ona çətinlik yaradır. Bu düşüncə məni narahat edir, bilmirəm nə dərəcədə geniş düşüncədir, nə dərəcədə dardır. Hər halda ədəbi gəncliyin arasında istedadlı cavanlarımız var. Xüsusən də poeziyada maraqlı gənclər var. Mən oxuyuram. Nəsrdə nəsə etmək istəyənlər var. Amma deyim ki, mən desəm, “bu gözəl nəsrdir, mən bunu qəbul elədim”, onu desəm mən özümü də yanıltmış olaram, oxucuları da. Gənclər çox işləməlidirlər. Bir şeyi mən hiss etdim ki, Azərbaycan ədəbiyyatını gənclər çox az oxuyurlar. Ola bilər ki, klassikanı oxuyublar orta məktəbdə, amma mənim nəslimin oxucuları deyillər. Bu çox pisdir, niyə pisdir? Mən sizə deyim, daha yaxşı yazmaq üçün özündən əvvəlki nəsli oxumalısan. Bəlkə onlar sən yazdıqlarını yazıblar, səndən daha yaxşı yazıblar? Niyə? Bəzən söhbətləşəndə soruşuram ki, kimi oxumusunuz? Onlar ən yaxşı halda Anar müəllimin, bizdən əvvəlki nəslin və klassiklərin adını çəkirlər. Soruşuram, bəs mənim hansısa hekayəmi oxumusunuzmu? Deyirlər, əfsus ki yox. Deyirəm, bəs siz mənim yanıma gəlirsiniz, mənim bir hekayəmi oxuyun, görün necə yazıram. Bəs mənimlə məsləhətləşməyə gəlirsiniz, oxuyun, görün hələ bir məndən məsləhət almağa dəyər ya yox? (Gülür). Bu tənbəllik və ya etinasızlıq gənclərə heç nə vəd etmir. Amma hər halda, bu ədəbiyyatdır, bu bir prosesdir. Kim ələnəcək, kim qalacaq. Mən arada bir “Ulduz” jurnalının redaktorluğunda olanda, jurnalın tikməsini vərəqləyirdim, orda bir neçə yaxşı əsərlər, hekayələr, povestlər var idi. Düşündüm ki, bu müəlliflər niyə sonradan yazmayıblar? Belə qərara gəldim ki, onlar hərəsi başqa-başqa sahələrdə inkişaf etdiriblər özlərini. Ədəbiyyatın başını buraxıblar. Ya da, elə bu qədər yaza bilirmişlər, bu qədər yazmaq istəyirmişlər, bu qədər bacarırmışlar. İndiki nəslin də, gəncliyin də içində belə yazıçılar var və olacaq. Birinin başı pul qazanmağa qarışacaq, birinin başı başqa sahəyə qarışacaq. Amma əsl yazıçıdırsa itən deyil, hansısa formada yenə yazacaq, yaradacaq.
- Təşəkkür edirəm, maraqlı söhbət üçün.
-Var olun, uğurlar arzulayıram.