“Darıxırsan, yaşayırsan, deməli…” - Xatirə Fərəclinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xatirə Fərəclinin şeirləri  təqdim edilir. 

 

Şeirlər - Xatirə FƏRƏCLİ

 

 

İçərişəhər

 

İçərişəhər -

            məhdudiyyət

                        və ümid...

Bitirdim deyib nöqtə qoymaq istərkən

təzədən başladığın sevgi kimidir

            dar

                        dalanlar,

hisslər arasında qalmış kimi

            qalırsan iki divar arasında.

Təzə həyat, təzə eradır sanki

hər bitən və təzədən başlayan dalan,

çox şeyə əl yelləyib boş verməyi öyrədir,

ələklənib ələkdə qalan dostlara

oxunan fatihə kimidir

            arxada qoyduğun küçə.

Küçəyə sığmayan ürəklər görüb,

içində ürək olmayan tənlər

            bu dər-divar,

təpiklər, tapdaqlar görüb,

məhəbbətlə basılan addımlar,

meh sığalı,

            külək öpüşü,

                        günəş təbəssümü görüb

                                    bu daşlar,

soyuq sifəti ilə neçə-neçə

qar, çovğun çöküb sinəsinə.

            Kəpənək yuxulu,

köhnəlik qoxulu,

İçərişəhər, İçərişəhər...

 

 

Yanardağ

 

İçindən od alıb yanan

            Yanardağ,

Yanmağın

və bu yanğı ilə əzəmətin,

            möhtəşəmliyin.

Varlığın, fərqliliyin sönməməyində.

Yanğın ağrıdır,

yoxsa, şövq, həvəs,

kim bilir...

Bəlkə, elə

küləklərin hücumudur səni bərkidən?!

Kimin atəşinə yanırsan,

kimə görksən,

sinə gərib ruzigara

kimin inadına sönmürsən?

 

İçindən od alıb yanan

            Yanardağ.

 

 

Darıxmaq

 

Bilirsənmi,

            nədir darıxmaq?

- yaşadığın, qavradığın bir məqamın

            ayağına getmək,

özünü unutmaq,

ürəyini didmək.

Rəngi-ruhu

oturub ölümünü gözləyən qocanın

gözündən tökülən ətalət rəngində.

Bir ovuc həsrətin

bir dünya hayqırtısı,

            ölümün yarısı.

Bir az da doğmalıqdır

            darıxmaq,

                        bir misqal həzdir.

Darıxırsan,

            yaşayırsan, deməli,

itməyib dünyanın dadı.

Bu acının,

            belə həzzin

elə darıxmaqdır adı.

 

 

Söz oyununda

 

İçimə çəkilib daldalanmışam,

Dəli duyğularım öz oyununda.

Təpədən dırnağa misralanmışam

Çarpışan fikirlər söz oyununda.

 

İntizarım bilmir nə hədd, nə hüdud,

İtir, güman itir, üzülür umud,

Yüklənən kirpiklər - toqquşan bulud,

Yaşlar qıraq gedir göz oyununda.

 

Sən qutsal sandığın kimində oyun,

Aşkarında oyun, sirrində oyun,

Ömrümüz illərin əlində oyun,

Özümüz taleyin boz oyununda.

 

 

Bu sükut

 

Bu sükut nə soyuqdur,

Dondurur ruhu belə?!

Nə qədər sarmaşsa da,

İnsana yaddır elə.

 

Ünvansız vahimədir

Bir kölgə tərpənişi.

Bir sərçə uçuşunda

Ürəyin ürpənişi.

 

Az qalır uda səni,

Hünərin var, yarıb keç.

Sazağın sırsıratək

Boynundan asdınmı heç?

 

Bunun əfkarı zillət,

Dili ilan dilidir.

Niyə ölü deyiblər?

Bu sükut dipdiridir.

 

 

Anam dəniz

 

Laylamı dəniz çaldı bu gecə,

anam oldu dəniz:

            dalğa-dalğa,

                        xırçın-xırçın,

                                    həzin-həzin.

Bir başqa olur dəniz gecələr:

            nəhəng,

                        zəhmli,

                                    romantik,

yer-göy eyni rəngdə,

dənizdir sanki göy də

            qatlanıb gəlib başım üstünə,

səsi şirin,

            nəfəsi şirin,

anam dəniz

            bu gecə mənimdir

arzularım kimi,

            həsrətim kimi...

                                                             

*

Elə çox bənzərimiz var ki dənizlə;

o da havalı, mən də.

Dəlidir, dəlisovdur dəniz,

sıxılır olduğu yerdən mənim kimi,

əl-qol atır,

uzanır sahilə,

çırpır özünü ora-bura.

Dərindir, vahiməlidir dəniz,

amansızdır,

Bəzən içində basdırmağı var

içinə girənləri,

boğub lazımsız əşya kimi

sahilə tullamağı var.

Bəzən həlim, saf, məsum,

nə yükləsən, götürən

Nələri, nələri gizlədib

içinə çəkməyi var,

Etina etmir,

qımışır

ona daş atanlara,

gülür,

kimin kimə daş atmağına gülür.

Adaları

sinəsindəki dağlar

gözlərdən boy verən kədər kimi...

 

Elə çox bənzərimiz var ki dənizlə.

 

 

Qış ağacları

 

Ümidləri yaza, günəşə,

            talanıb yaşılı,

Rəngi, ruhu bomboz.

Yolub saçlarını sərxoş küləklər,

Döyür təpəsinə

            dünyanın qışının dolusu, qarı,

Pəjmürdə görkəmin düzəltmək üçün

            yağış damlasından sırğalar taxıb

                        bu çör-çöp ağaclar -

Qış ağacları...

 

 

Qar yağıb dünyaya

 

Qar yağıb dünyaya,

dünyaya qar yağıb,

hər tərəf ağappaq, tərtəmiz.

Baxır

ilk dəfə qar görən körpə,

o körpənin ruhu,

dünyası rəngdədir hər yer.

Qalsa,

qalıb çirklənəcək,

ləkələr düşəcək bu qara.

Böyüyəcək uşaq

baxa-baxa

            belə yağan, əriyən qarlara,

böyüdükcə bozaracaq,

bozaracaq dünyası,

hər dəfə naxələflik,

saxtalıq görəndə

            eybəcərləşəcək o dünya.

 

 

Ağ üzlü afət

 

Qar yağır...

sevdalı çağıdır təbiətin,

göydən yerə endirib

nazı ilə oynayır

ağ üzlü afətin.

 

Baxıram

            lopa-lopa yağan qara,

qar şələli budaqlar üstündə

ayaqları üşüyən,

bəyaz qardan günü qara quşlara.

 

Kiminə qayğı bu qar,

kiminə göz eşqidir.

Can töküb,

            canlar alan

bu bəyaz zər, bu afət

dünyanın təmiz üzü,

göylərin qız eşqidir.

 

 

Bəkləntisi bəllidir

 

Gedir

payız ilə dərdləşə-dərdləşə

ömrünü payızlara

            paylayan qoca.

Bu dünyanın günəşində isinib,

            yağışında islanıb,

sevinc görüb,

            qəm yeyib doyunca.

Sinəsi xatirələr məskəni,

bəlli edir görünüşü,

            görkəmi.

Daha

ayağı altda yer titrəmir,

əli titrəyir bu qocanın,

birtəhər hərləyir canın.

Gedir,

dəstələyib əllərində illəri,

kim bilir, nə düşünür...

Bir ömür yola verib,

bəllimi görən ona

ömür adlı bu nəsnənin sirləri?!

Sönükən gözlərində

bu dünyaya etiraz,

bəkləntisi

bəllidir,

geci-tezi var bir az.

Durub gözünə yollar

enin, uzunun ölçür,

tapdalamır xəzəli,

dönüb yanından keçir,

            uzanır yolu.

Gedir,

            gedir qüruba doğru.

 

 

Ürək şəkli çəkən qız

 

Ürəklərlə oynayıb,

ürək şəkli çəkən qız,

çəkdiyin o ürəkdə sevinc,

            səadət nə rəng?

Kövrəlməyi göstər, görüm,

            baş ürəklə,

ürək başla yollaşmasa yaman olur,

darıxmağı göstər, görüm.

Yaşantılar rəng-rəng, xal-xal,

ordan nələr ötüb keçdi, orda nə var?

Baş vurub çıxanlar kimlər,

başa çəkilən kim olub?

Neçə arzu, istəklərə

əsim-əsim əsib gedib,

hansı əzab o ürəyi

öz içindən söküb, didib?

Ürəkli qız,

ay dünyası, özü göyçək,

sən

qırmızı qələminlə

qanla yaşayan ürəyi

qan rəngində çəkirsən,

çək!

 

 

Bu duman

 

Udacaq bu duman,

            udacaq məni.

Udacaq

üstünə qonanları udan

            ingilis şehçiçəyitək.

İtəcəm, batacam bu dumanda mən.

 

Ağrı, xiffət kimi gəldi,

            fikrimdə, halımda

                        az imiş kimi,

başımın üstünü də aldı,

düşdüm bu dumanın ovcuna.

 

Bu dumanda təklik, tənhalıq xofu

sarıb sarmaladı hər yeri yenə,

Bu duman

            dünyanın gözünə enən yuxu.

 

Eyni açılmayan insan kimidir

            dilsiz, ağızsız təbiət bu gün,

                        çəkir duman yükün...

 

Həvəsi azdırıb, sozaldır burda

            belə süst, mürgülü,

belə boz duman.

            Yönsüz-yöndəmsiz,

                        tutqun, toz duman.

 

Udacaq bu duman,

udacaq məni,

İtəcəm,

batacam

bu dumanda mən...

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.