BƏXTİYAR VAHABZADƏ – “Qəlb şairi” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi şair Məhəmməd Füzuliyə həsr edilib.

 

 

 

Biz batan günəşin üfüqlərdə yaratdığı əlvan mənzərəyə, rənglərin daxili ahənginə nə qədər baxmış, baxmaqdan doymamışıq. Qürub həmişə qürubdur. Lakin bəzən bizə elə gəlir ki, dünənki qürub bugünkü qədər gözəl deyildi. Bugünkü qürubda nəsə tamam başqa rənglər, başqa çalarlar tapır, buna görə də tamaşasından doymuruq. Təbiətə hər baxanda onda əvvəl görmədiyimiz gözəllikləri tapdığımız kimi, Füzuli şeirini də hər oxuyanda onda yeni hisslər, yeni duyğular, yeni fikirlər tapır və bu böyük sənətdən doya bilmirik. Çünki sözlər mənalı, fikirlər dərin, duyğular səmimidir.

 

Düşünən, duyan, hiss edən, sevən, nifrət edən – bir sözlə, sözün geniş mənasında yaşayan hər kəs Füzuli şeirindən öz sualına cavab tapa bilər.

Füzuli şeiri elə bir mahnıdır ki, biz onu ömrümüz boyu eşitsək, “yoruldum” – demərik. Həyat eşqi ilə dolu bir ürəyin nəğmələri bizi yaşamağa, yaratmağa, özü də ürəklə yaşamağa, ürəklə yaratmağa, duymağa, düşünməyə, dərk etməyə, sevməyə çağırır. Budur Füzuli şeirinin əzəməti!

Xalqımızın zəngin musiqi irsi içərisində bizi düşündürən, arzularımızın qanadında uçuran, yüksəldən, dərindən kədərləndirib, dərindən fərəhləndirən ən təsirli musiqi hansıdır, sualının cavabı hamıya məlumdur:

Muğamat!

Füzuli şeiri də muğamat qədər zəngin, rəngarəng, dərin və mənalıdır. Füzuli şeiri həm formaca, həm də məzmunca muğamatla əkizdir. İndi də Füzuli şeirini muğamatsız, muğamatı Füzulisiz təsəvvür etmək olmaz.

Analarımız bizə beşik başında laylanı muğam üstündə demişlər:

 

Sən yat şirin yuxuda,

Çəkim keşiyin, laylay –

 

sözləri – ana qəlbindən süzülən bu doğma kəlmələr, muğamdakı incə xallar, Vətənimizin zəngin tarixini, mübarizəsini, fərəh və kədərini, nəhayət, onun gözəl təbiətini – quşlarının cəh-cəhini, çaylarının şırıltısını, çiçəklərinin rəngini bizim ruhumuza hopdurmuşdur.

Vətənimizin və xalqımızın doğma ruhunu, təbiətini analarımız südlə bərabər bizim ürəyimizə, mənəviyyatımıza elə hopdurmuşlar ki, heç bir qüvvə onu bizim ruhumuzdan, qəlbimizdən çıxara bilməz. Atalar demişkən, südlə girən, sümüklə çıxar. Elə buna görə də biz hər an eşitdiyimiz muğamatdan doya bilmirik. Biz onu hər dəfə eşidəndə onda yeni duyğular, yeni mənalar tapırıq.

Füzuli şeiri də belədir. Muğamat kimi, Füzuli şeiri də xalqımızın həyatı, mənəvi aləmi, mübarizəsi, ruhu və düşüncəsindən doğmuşdur. Muğamın hər pərdəsi xalq həyatının bir sarsıntısını, bir kədərini, bir sevincini ifadə etdiyi kimi, Füzuli şeirinin hər beyti də xalqın bir sevincini, bir kədərini ifadə edir.

 

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun –

 

beytini oxuyan xanəndə şikayət dolu bu üsyankar sözləri muğamın müəyyən bir pərdəsi üzərində deyərkən babalarımızın müəyyən bir tarixi dövrdən etdiyi şikayəti gözlərimiz önündə canlandırır.

Məhəbbət Füzuli şeirinin özəyi, canıdır. Daha doğrusu, məhəbbət nəinki bir şair kimi, bir insan kimi də Füzuli həyatının mənasıdır, onu yaşadan bir qüvvədir. Bu eşqi yalnız müəllimi Həbibinin qızına yetirdiyi məhəbbətlə məhdudlaşdırmaq olmaz; bu eşq çox böyük üfüqlər fəth edir. “Eşq pirim, nəqdi-can nəzrim” deyən şair üçün eşq hər şeydir. O, eşq pirinin yolunda canını nəzir demişdir. Eşq onu “daxili əhli-kamal” etmişdir. Füzuli eşqin gücü ilə həyatın mənasını, kainatın sirlərini öyrənir. Füzuli bu eşq ilə düşünür, hiss edir, duyur, kədərlənir, sevinir, yaşayır. Buna görə də Füzuli: “Tərki- eşq eylə, dedin, tərki-dili can etdim” deyə eşqsiz həyatı həyat saymır.

 

Xəyal ilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz –

 

deyə eşqi ülviləşdirir.

...Füzuli dili obrazlarla zəngin, poetik bir dildir. O, qələmə aldığı hər bir fikri obrazlı, mübaliğəli şəkildə deməyi üstün tutur... Misal gətirdiyimiz misralar Füzuli eşqinin yalnız böyüklüyünü, yüksəkliyini, təmizliyini və saflığını ifadə edir.

Füzuli qəzəlləri yanıb-yaxılan bir ürəyin alovudur. Bu ürək hiss edir, duyur, sevir, böyük arzular bəsləyir, lakin bu arzulara çatmaq üçün çox böyük maneələrə rast gəlir. Buna görə də kədərlənir, öz içində alışıb-yanır. Bu şeirləri həyatla əlaqəsi olmayan, mücərrəd ideyaların ifadəsi kimi anlamaq düzgün olmaz. Füzuli qəzəlləri həyat eşqindən məhrum olan bir ürəkdən qopa bilməzdi. Bu şeirlərdə adi insani hisslər o qədər səmimi, o qədər incə deyilmişdir ki, hər kəs bunlarda öz hisslərini, öz duyğularını tapır.

 

Bu nə sirdir sirri-eşqi demədən bir kimsəyə

Şəhrə düşmüş mən səni sevdim deyən avazələr –

 

beytində hansı mücərrəd, ilahi mistik fikir ifadə olunmuşdur? Məgər bu, sevən, adi bir insanın ürək çırpıntıları deyilmi? Bəzən Füzuli məhəbbət aləminin elə konkret, elə real, həyati hallarını təsvir edir ki, adam hisslərin reallığına, həyatiliyinə heyrət etməyə bilmir:

 

Ey Füzuli, yar əgər, cövr etsə, bundan incimə,

Yar cövrü aşiqə hərdəm məhəbbət təzələr.

yaxud:

Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,

Çeşmi-ümmidim çirağı vəsldən pürnur idi –

 

beyti vüsaldan sonra ayrılığa düşən bir aşiqin səmimi ürək çırpıntısından başqa bir şey deyildir. Nəhayət, Füzuli yer gözəlini “ilahi qüvvədən” üstün tutaraq, onun mövqeyini ən uca bir mərtəbəyə qaldırır:

 

Bütü növrəsi namazə şəbi-ruz raqib olmuş,

Bu nə dindir, Allah, Allah, bütə səcdə vacib olmuş.

 

Füzuli şeirinin uzun əsrlər boyu yaşamasının ən böyük sirrini də məhz bu şeirin həyatiliyi, təbiiliyi və insaniliyində axtarmaq lazımdır.

Ömrünü qürbətdə keçirən Füzuli vətən həsrəti ilə yanıb-yaxılmışdır. Onun şeirlərində doğma vətəninin adı çəkilməsə də, şeirlərinin ümumi ruhu vətən sevgisi və həsrəti ilə doludur. Ərəb və fars dillərinin hökmran olduğu bir dövrdə Füzulinin öz doğma dilində yazıb-yaratması ən böyük vətənpərvərlik nümunəsi deyildimi? O, bu dildə elə böyük fikirlər, dərin hisslər ifadə etmişdir ki, biz bu şeirin əzəmətinə, böyüklüyünə heyran qaldığımız kimi, doğma dilimizin də böyüklüyünə, qüdrətinə heyran oluruq. Füzuli, özü dediyi kimi, “düşvarı asan edərək”, vaxtilə çoxlarına zəif görünən kəlmələrdən böyük incilər, nadir daş-qaşlar yaratmış və ana dilimizi çox yüksək bir zirvəyə qaldırmışdır.

Füzuli hər beytdən böyük sənət imarəti qurmuşdur. Bu beytləri oxuyarkən sənətin yüksək zirvəsinə qanadlanır, oradan baxırıq, gözümüz qaralır, istər-istəməz deyirik: sözdə də bu qədər qüdrət olarmı? Bəli, olar! Sözün gücü çox böyükdür. Söz “hər ləhzə yoxdan var” yaradır. Burada əsas məsələ sözdən istifadə etmək bacarığında, az söz ilə böyük fikirlər ifadə etmək məharətindədir. Füzuli özü demişkən:

 

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,

Kim çox olmaqdan qalıbdır çox əzizi xar söz.

 

Biz şairlər çox zaman sözün zəifliyindən şikayət edirik. Bəzən bizə elə gəlir ki, hisslərimiz çox güclü, söz isə çox acizdir. Hisslərimizi ifadə etmək üçün söz tapa bilmirik. Lakin Füzuli heç zaman sözün yoxsulluğundan şikayət etməmişdir, sözə bir neçə məna verməyi bacarmışdır. Söz Füzulinin əlində mum kimidir. O, sözə istədiyi şəkli, istədiyi mənanı verir, ondan istədiyi kimi istifadə edir. Sözün bütün mənalarını, həm məcazi, həm lüğəti mənalarının dəyərini, ağırlıq və yüngüllüyünü, çalarlarını bütün dərinlik və incəliyi ilə qavramışdır. Söz Füzuli ürəyində qaynayır, ürəyin bütün tellərindən keçir, sonra şeirə çevrilir. Bu sözlər yanan şair ürəyinin qanından qida alıb lələ, cəvahirə çevrilir. Buna görə də Füzulinin sözləri kağız üzərində alışıb-yanır. Onlar dörd yüz ildir öz hərarətini itirmir, yanır və bizi də öz alovunda qızdırır.

                         (1978)

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.